Məhkəmə qərarları › İş №e-2-2(119)-99/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-99/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-99/2023 09.03.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “kredit limitinin ayrılmasına dair razılaşmanın ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit limitinin ayrılmasına dair razılaşmanın ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmanın ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 20 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 16461,04 (on altı min dörd yüz altmış bir manat 04 qəpik) manat əsas borc, 2007,71 (iki min yeddi manat 71 qəpik) manat faiz borcu və 190,88 (yüz doxsan manat 88 qəpik) manat cərimə olmaqla, cəmi 18659,63 (on səkkiz min altı yüz əlli doqquz manat 63 qəpik) manat borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 204 (iki yüz dörd) manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 sentyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərə 4 nömrəli əlavəyə əsasən İddiaçı ASCnin Sumqayıt filialı tərəfindən Cavabdeh2 illik 30% olmaqla 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq Cavabdeh1 ilə 20 sentyabr 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərə 5 nömrəli əlavəyə əsasən Cavabdeh2 İddiaçı ASCdən illik 20%-lə 24 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. 30 sentyabr 2022-ci il tarixədək Cavabdeh2 banka 20 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 16461,04 manat əsas borc, 2007,71 manat faiz borcu və 763,51 manat cərimə olmaqla, ümumilikdə cəmi 19232,26 manat borcu vardır. Cavabdeh2 20 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 763,51 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%- i miqdarında olmaqla, yəni 190,88 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışlar. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabadehlər Cavabdeh2 və Cavabdeh1 ilə aralarında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin cavabdehlər iştirak etmədiyindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - 20 sentyabr 2021-ci il tarixli 4-MCR-1-1728-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya (Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərə 4 nömrəli əlavə) əsasən Cavabdeh2 İddiaçı ASC-nin Sumqayıt Filialı tərəfindən illik 30% olmaqla 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. - 20 sentyabr 2021-ci il tarixli 4-MCR-1-1728-21/1 nömrəli kreditin verilməsinə dair razılaşmaya (Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərə 5 nömrəli əlavə) əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 20% olmaqla 24 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. - 20 sentyabr 2021-ci il tarixli Z/08323/21 nömrəli zaminlik müqaviləsindən görünür ki, bankdan kredit götürmüş borcalan Cavabdeh2 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh1 öz üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsinin tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 4-MCR-1-1728-21/1 nömrəli kredit müqaviləsinə 20 sentyabr 2021-ci il tarixli 1 saylı Əlavəyə əsasən borcalan Cavabdeh2 banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan Cavabdeh2 imza etmişdir. Həmin ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 20 sentyabr 2023-cü il müəyyən olunmuşdur. - 30 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 16461,04 manat məbləğində əsas borcu, 2007,71 manat məbləğində faiz borcu, 763,51 manat məbləğində cərimə olmaqla, cəmi 19232,26 manat məbləğində borcu vardır. -16 noyabr 2022-ci il tarixli, MŞB/5-03509 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı ASC ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya prosesinin keçirilməsi ilə əlaqədar olaraq 200 manat məbləğində mediasiya ödənişini həyata keçirmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 hissədən ibarətdir: - tərəflər arasında bağlanmış kredit limitinin ayrılmasına dair razılaşmanın ləğv edilməsi; - razılaşma üzrə yaranmış borcun ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh2 kredit razılaşmasına əsasən iddiaçı qarşısında üzərinə götürdükləri öhdəliklərə tam əməl etməmiş və razılaşmanın şərtlərini əsaslı dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia kredit limitinin ayrılmasına dair razılaşmanın ləğv olunması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh2 kreditin verilməsinə dair razılaşmaya əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli 4-MCR-1-1728-21/1 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 16461,04 (on altı min dörd yüz altmış bir manat 04 qəpik) manat əsas borc, 2007,71 (iki min yeddi manat 71 qəpik) manat faiz borcu və 190,88 (yüz doxsan manat 88 qəpik) manat cərimə olmaqla, ümumilikdə 18659,63 (on səkkiz min altı yüz əlli doqquz manat 63 qəpik) manat məbləğində borc iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 20 sentyabr 2021-ci il tarixli Z/08323/21 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 bankdan kredit götürmüş Cavabdeh2 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddianın Cavabdeh1 münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli 4-MCR-1-1728- 21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma ləğv edilməli, iddiaçının xeyrinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 16461,04 manat məbləğində əsas bоrc, 2007,71 manat məbləğində faiz borcu, 190,88 manat məbləğində cərimə olmaqla, cəmi 18659,63 manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğlundan müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, cavabdehlər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 145,98 (yüz qırx beş manat 98 qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat +10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasıya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasıya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli 4-MCR-1-1728-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 16461,04 (on altı min dörd yüz altmış bir manat 04 qəpik) manat məbləğində əsas borc, 2007,71 (iki min yeddi manat 71 qəpik) manat məbləğində faiz borcu, 190,88 (yüz doxsan manat 88 qəpik) manat cərimə və mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş mediasiya xərcinin əvəzi qismində 200 (iki yüz) manat olmaqla, ümumilikdə 18859,63 (on səkkiz min səkkiz yüz əlli doqquz manat 63 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə 145,98 (yüz qırx beş manat 98 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar