Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-99/2025 08.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 30 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 14030,17 (on dörd min otuz manat, on yeddi qəpik) manat məbləğində əsas borc, 1054,22 (min əlli dörd manat, iyirmi iki qəpik) manat məbləğində faiz borcu, 101,97 (yüz bir manat, doxsan yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 15186,36 (on beş min yüz səksən altı manat, otuz altı qəpik) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 135,56 (yüz otuz beş manat, əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 dekabr 2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-dən 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. 30 dekabr 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 21%-lə 24 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 30 dekabr 2022-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin cavabdeh (borclu) Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini lazımınca icra etməmişdir. 30 iyul 2024-cü il tarixədək Cavabdeh1 30 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 14030,17 manat məbləğində əsas, 1054,22 manat məbləğində faiz, 407,89 manat məbləğində cərimə olmaqla, ümumilikdə 15492,28 manat məbləğində borcu vardır. Həmin kredit müqaviləsi üzrə 407,89 manat məbləğində cərimə hesablanmasına baxmayaraq həmin məbləğin 25 %-i miqdarında olmaqla, yəni 101,97 manat məbləğində tələb edilməkdədir. Cavabdehlərlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh1 10 oktyabr 2024-cü il tarixində vəsatətlə məhkəməyə müraciət edərək, iddia ərizəsi ilə kredit müqaviləsi üzrə ondan tələb edilən borc məbləğləri ilə razı olmadığını və həmin borc məbləğlərinin reallığı əks etdirmədiyini bildirmiş, məhkəmədən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, cavabdehlərə yazılı qaydada xəbərdarlıq məktubu göndərildiyi zamandan etibarən faizlərin hesablanması dayandırılmışdır. Hesabdan çıxarış sənədində cavabdeh tərəfindən edilən ödənişlərin hər biri öz əksini tapmışdır. Cavabdeh ödəniş qrafikinə əsasən hazırkı vaxta olan borcunu hesablayaraq borcunun iddia ərizəsində olan borcla üst-üstə düşmədiyini bildirir. Lakin ödəniş cədvəli cavabdehin hazırkı borcunu əks etdirən sənəd deyildir. Həmin cədvələ uyğun cavabdeh ödəniş etsəydi, işin məhkəməyə qədər gəlib çıxmasına onsuz da zərurət qalmayacaqdı. Ödəniş cədvəlinə əsasən, ödənişin hər ayın 5-də edilməsi nəzərdə tutulmuşdur, lakin cavabdehin sonuncu ödənişi 23 may 2024-cü il tarixində olmuşdur. Yəni cavabdeh tərəfindən ödənişlər ya vaxtında ödənilməmiş, ya da ödəniş qrafikində nəzərdə tutulmuş məbləğdən az ödəniş edilmişdir. Bu səbəbdən cavabdehin ödənişlərdə gecikməsi olmuş və hazırda iddia ərizəsində tələb edilən məbləğdə borc yaranmışdır. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında Cavabdeh1 izahatlarında bildirmişdir ki, əsas və faiz borcunun, ümumilikdə 13000 manat məbləğində olduğunu düşünür. Borc barədə xəbərdarlıq bildirişi göndərilən gündən sonra hesablanmış faiz borcunu qəbul etmir. O, 2000 manat məbləğində ödəniş etdikdən sonra iş problemli kreditlərlə iş şöbəsinə getmişdir. 2024-cü ilin təxminən iyun, iyul aylarında ona bankın əməkdaşı ona zəng edərək, ümumilikdə 13000 manat məbləğində borcunun olduğunu bildirmişdir. Hazırda iddia tələbində qeyd edilən məbləğlər isə çoxdur. Ödəniş cədvəlinə əsasən, 1 aylıq borc üzrə hesablanan fazilər 200 manat məbləğində olduğundan, iyun və iyul ayları üzrə hesablanan faizlər təxminən 500 manat məbləğində olmalı idi, lakin faizlər 1000 manatdan artıq hesablanmışdır. Cavabdeh1 göstərilənlərin nəzərə alınaraq faiz məbləğlərinin silinməsi və əsas məbləğin yeni qrafik açılaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli 4-MCR-1-1510-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən həmin cavabdehə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 30 dekabr 2022-ci il tarixli 4-MCR-1-1510-22/1 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 aylıq 1,75 % dərəcəsi ilə 24 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin “Kredit barədə məlumat” bölməsinin 7-ci bəndində cərimə məbləğinin gündəlik 0,2 faiz olduğu qeyd edilmişdir. İş materiallarındakı həmin kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 30 dekabr 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış 30 dekbar 2022-ci il tariхli Z/21374/22 nömrəli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalanla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən, kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər,dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan 30 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 14030,17 manat məbləğində əsas borcu, 1054,22 manat məbləğində faiz borcu vardır və 407,89 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 28 yanvar 2025-ci il tarixli 9/9625 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan ödənişləri özündə əks etdirən çıxarış məlumatları, tərəflər arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli 4-MCR-1-1510-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə və həmin müqaviləyə dair eynitarixli 4-MCR-1-1510-22/1 nömrəli kredit razılaşmasına əsasən Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə olan borcu: əsas borc üzrə 14181,05 manat, faiz borcu üzrə 1447,65 manat, xx.xx.2024-cü il tarixə olan borcu: əsas borc üzrə 14181,05 manat, faiz borcu üzrə 225,03 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci tarixədək olan dövrü əhatə edən, iddiaçı tərəfindən isə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci tarixədək olan dövrü əhatə edən hesabdan çıxarış sənədləri əlavə edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında 30 dekabr 2022ci il tarixli 4-MCR-1-1510-22/1 nömrəli kredit verilməsinə dair razılaşma bağlanmış, həmin razılaşma ilə iddiaçı tərəfindən Cavabdeh1 aylıq 1,75 % dərəcəsi ilə 24 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onun sözügedən kredit müqaviləsi üzrə borcu yaranmışdır. Cavabdeh1 öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, onunla birlikdə, həmçinin zamin Cavabdeh2 də iddiaçı ilə aralarında bağlanmış zaminlik müqaviləsinin şərtlərinə əsasən, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyətləri yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2022ci il tarixli 4-MCR-1-1510-22/1 nömrəli kredit verilməsinə dair razılaşma üzrə tutulmalı olan əsas və faiz borcunun məbləği müəyyən edilərkən 28 yanvar 2025-ci il tarixli 9/9625 nömrəli ekspert rəyinə əsasən deyil, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 28 yanvar 2025-ci il tarixli 9/9625 nömrəli ekspert rəyində iddiaçı və Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli kredit verilməsinə dair razılaşma üzrə 30 iyul 2024-cü il tarixə 14181,05 manat məbləğində əsas, 1447,65 manat məbləğində faiz borcu, 04 noyabr 2024-cü il tarixə 14181,05 manat məbləğində əsas, 2225,03 manat məbləğində faiz borcu olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən 14030,17 manat məbləğində əsas, 1054,22 manat məbləğində faiz borcunun tutulması xahiş edilir. Ona görə də Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada iddia tələbində göstərilən məbləğdə, yəni 14030,17 manat məbləğində əsas borc və 1054,22 manat məbləğində faiz borcu tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 30 dekabr 2022-ci il tarixli kredit verilməsinə dair razılaşma üzrə cavabdehlərdən müştərək qaydada 14030,17 manat məbləğində əsas borc və 1054,22 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh1 izahatında əsas və faiz borcunun, ümumilikdə 13000 manat məbləğində olduğunu hesab etdiyini, borc barədə xəbərdarlıq bildirişi göndərilən gündən sonra hesablanmış faiz borcunu qəbul etmədiyini, 2024-cü ilin təxminən iyun-iyul aylarında bankın əməkdaşının ona zəng edərək, ümumilikdə 13000 manat məbləğində borcunun olduğunu bildirdiyini, hazırda iddia tələbində qeyd edilən məbləğlərin isə daha çox olduğunu qeyd etmişdir. Məhkəmə cavabdehin izahatında əsas və faiz borcunun məbləği barədə göstərdikləri isə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əsas borcla bağlı Tərəflər arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli 4-MCR-1- 1510-22/1 nömrəli kredit verilməsinə dair razılaşmaya 1 saylı Əlavə olan Ödəniş cədvəlinə əsasən, müqavilə üzrə son ödəniş tarixinin 30 dekabr 2024-cü il olması, qaytarılacaq əsas borcun 30000 (kredit məbləği) manat, faiz borcunun isə 7080,77 manat məbləğində olması tərəflər arasında razılaşdırılmışdır. Cavabdeh1 özü tərəfindən təqdim edilmiş 30 dekabr 2022-ci il tarixdən 04 mart 2025-ci tarixədək olan dövrü əhatə edən hesabdan çıxarışa əsasən onun götürülmüş kredit üzrə etdiyi ödənişlərin əsas borca silinən məbləğlər, ödənişlərin tarixi və onların cəm məbləği aşağıdakı kimidir: 1016,57 manat (xx.xx.2023) + 1034,36 manat (xx.xx.2023) + 512,25 manat (xx.xx.2023) + 540,21 manat (xx.xx.2023) + 1070,88 manat (xx.xx.2023) + 89,62 manat (xx.xx.2023) + 1000 manat (xx.xx.2023) + 1108,69 manat (xx.xx.2023) + 1128,09 manat (xx.xx.2023) + 1147,83 manat (xx.xx.2023) + 1167,92 manat (xx.xx.2023) + 1188,36 manat (xx.xx.2023) + 609,15 mamat (xx.xx.2023) + 600 manat (xx.xx.2023) + 730,24 manat (xx.xx.2024) + 0,07 manat (xx.xx.2024) + 100 manat (xx.xx.2024) + 400 manat (xx.xx.2024) + 594 manat (xx.xx.2024) + 247,55 manat (xx.xx.2024) + 396 manat (xx.xx.2024) + 14,29 manat (xx.xx.2024) + 1273,75 manat (xx.xx.2024) = 15969,83 manat. Verilmiş kreditin, yəni əsas borcun məbləği olan 30000 manatla əsas borca silinən məbləğlərin cəmi olan 15969,83 manatın fərqini tapdıqda isə, iddia ərizəsində tutulması xahiş edilən əsas borc məbləği olan 14030,17 manat əldə edilir (30000 manat - 15969,83 manat = 14030,17 manat). Faiz borcu ilə bağlı İş materiallarında olan 30 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehlərə kredit müqaviləsi ilə bağlı öhdəliyin pozulduğunu, borcun bu məktubu aldıqları vaxtdan 5 gün müddətində ödənilməsini, əks halda borcun məhkəmə qaydasında tələb ediləcəyini bildirmişdir. Tərəflər arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli 4-MCR-1-1510-22/1 nömrəli kredit verilməsinə dair razılaşmaya 1 saylı Əlavə olan Ödəniş cədvəlinə əsasən, Cavabdeh1 05 fevral 2023-cü il tarixdən yuxarıda qeyd edilən xəbərdarlıq məktubunun (30 iyul 2024) göndərildiyi 2024-cü ilin iyul ayı daxil olmaqla həmin ayadək ödəməli olduğu faiz məbləğlərinin cəmi 6544,09 manatdır. Cavabdeh1 özü tərəfindən təqdim edilmiş 30 dekabr 2022-ci il tarixdən 04 mart 2025-ci tarixədək olan dövrü əhatə edən hesabdan çıxarışa əsasən onun götürülmüş kredit üzrə etdiyi ödənişlərin faiz borcuna silinən məbləğlər və ödəmə tarixləri və onların cəm məbləği aşağıdakı kimidir (gecikmiş faiz ödəmələri nəzərə alınmadan): 612.5 manat (xx.xx.2023) + 0,93 manat (xx.xx.2023) + 506.23 manat (xx.xx.2023) + 1.36 manat (xx.xx.2023) + 487.75 manat (xx.xx.2023) + 470.69 manat (xx.xx.2023) + 451.95 manat (xx.xx.2023) + 432.88 manat (xx.xx.2023) + 413.48 manat (xx.xx.2023) + 393.74 manat (xx.xx.2023) + 373.65 manat (xx.xx.2023) + 353.21 manat (xx.xx.2023) + 332.42 manat (xx.xx.2023) + 269.76 manat (xx.xx.2024) + 41.5 manat (xx.xx.2024) + 288.6 manat (xx.xx.2024) + 1,12 manat (xx.xx.2024) = 5431,77 manat. Göründüyü kimi, iddiaçı tərəfindən Cavabdeh1 xəbərdarlıq məktubunun göndərildiyi 2024-cü ilin iyul ayındadək onun ödəməli olduğu faiz məbləğlərinin cəmi 6544,09 manat, onun gecikmiş faiz ödəmələri nəzərə alınmadan faktiki ödədiyi faiz məbləğlərinin cəmi 5431,77 manat təşkil edir. Ödəməli olduğu faiz məbləğinin faktiki ödədiyi faiz məbləğinin fərqini tapdıqda isə 1112,32 manat əldə edilir (6544,09 manat - 5431,77 manat = 1112,32). İddia ərizəsində cavabdehlərdən tutulması xahiş edilən faiz borcunun məbləği isə bu məbləğdən az - 1054,22 manat təşkil edir. İddia tələbinin cavabdehlərdən 101,97 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit verilməsinə dair razılaşma üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit müqaviləsinin “Kredit haqqında məlumat” bölməsinin 7-ci bəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 135,56 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 03 sentyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 135,56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq hazırkı iddia təmin edildiyindən 135,56 məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2025-ci il tarixli 9/9625 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 14030,17 manat məbləğində əsas bоrc, 1054,22 manat məbləğində faiz borcu, 101,97 manat məbləğində cərimə və 135,56 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15321,92 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14030,17 (on dörd min otuz manat, on yeddi qəpik) manat məbləğində əsas bоrc, 1054,22 (min əlli dörd manat, iyirmi iki qəpik) manat məbləğində faiz borcu, 101,97 (yüz bir manat, doxsan yeddi qəpik) manat məbləğində cərimə və 135,56 (yüz otuz beş manat, əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15321,92 (on beş min üç yüz iyirmi bir manat, doxsan iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-99/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-99/2025
08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver