Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-999/2025 03.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və X2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 11795,64 (on bir min yeddi yüz doxsan beş manat altmış dörd qəpik) manat məbləğində əsas borcun, 293,96 (iki yüz doxsan üç manat doxsan altı qəpik) manat məbləğində faiz borcunun, 59,54 (əlli doqquz manat əlli dörd qəpik) manat məbləğində cərimənin və 126,45 (yüz iyirmi altı manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 sentyabr 2023-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 120 ay müddətinə 30000 manat kredit limiti ayrılmışdır. Cavabdeh1 19 sentyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 21 faizlə 30 ay müddətinə 20000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 19 sentyabr 2023-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. 2025-ci ilin fevralın 28-dək Cavabdeh1 banka 19 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 11795,64 manat əsas borcu, 293,96 manat faiz borcu, 238,14 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 12327,74 manat borcu vardır. Cavabdeh1 19 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 238,14 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 59,54 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 02 iyul 2025-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edilərək iş həcminin çoxluğunu nəzərə alıb məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. 12 iyun 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və X3 izahatlarında iddia tələbini qəbul etdiklərini bildirmişlər. Cavabdehlər Cavabdeh1 və X3 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 sentyabr 2023-cü il tarixli, 22-MCR-2-826-23 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 120 ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 sentyabr 2023-cü il tarixli, 22-MCR-2-826-23/1 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 1,75% olmaqla 30 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 19 sentyabr 2023-cü il tarixli, 22-MCR-2-826-23/1 nömrəli kredit verilməsinə dair razılaşmaya 19 sentyabr 2023-cü il tarixli 1 saylı Əlavəyə əsasən borcalan Cavabdeh1 banka olan borcunun sonuncu ödəniş tarixi 19 mart 2026-cı il olmaqla müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəlini borcalan Cavabdeh1 imza etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış 19 sentyabr 2023-cü il tarixli, Z/15721/23 nömrəli zaminlik müqaviləsinə əsasən 19 sentyabr 2023-cü il tarixli, 22-MCR-2-826-23 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh1 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin X3 öz üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsinin tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1 19 sentyabr 2023-cü il tarixli, 22-MCR-2-826-23/1 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 28 fevral 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 11795,64 (on bir min yeddi yüz doxsan beş manat altmış dörd qəpik) manat məbləğində əsas borcu, 293,96 (iki yüz doxsan üç manat doxsan altı qəpik) manat məbləğində faiz borcu və 238,14 (iki yüz otuz səkkiz manat on dörd qəpik) manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan 28 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh1 19 sentyabr 2023-cü il tarixli 22- MCR-2-826-23/1 nömrəli kredit verilməsinə dair razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 sentyabr 2023-cü il tarixli 22-MCR-2-826-23/1 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 11795,64 (on bir min yeddi yüz doxsan beş manat altmış dörd qəpik) manat məbləğində əsas borc, 293,96 (iki yüz doxsan üç manat doxsan altı qəpik) manat məbləğində faiz borcu və 59,54 (əlli doqquz manat əlli dörd qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 19 sentyabr 2023-cü il tarixli Z/15721/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin X3 bankdan kredit götürmüş borc alan Cavabdeh1 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “126,45 (yüz iyirmi altı manat qırx beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 126,45 (yüz iyirmi altı manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 126,45 (yüz iyirmi altı manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 11795,64 (on bir min yeddi yüz doxsan beş manat altmış dörd qəpik) manat məbləğində əsas borc, 293,96 (iki yüz doxsan üç manat doxsan altı qəpik) manat məbləğində faiz borcu, 59,54 (əlli doqquz manat əlli dörd qəpik) manat məbləğində cərimə və 126,45 (yüz iyirmi altı manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 12275,59 (on iki min iki yüz yetmiş beş manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh1 və X1 müştərək qaydada 11795,64 (on bir min yeddi yüz doxsan beş manat altmış dörd qəpik) manat məbləğində əsas borc, 293,96 (iki yüz doxsan üç manat doxsan altı qəpik) manat məbləğində faiz borcu, 59,54 (əlli doqquz manat əlli dörd qəpik) manat məbləğində cərimə və 126,45 (yüz iyirmi altı manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 12275,59 (on iki min iki yüz yetmiş beş manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-999/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-999/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver