Məhkəmə qərarları › İş №e-2-2(121)-10/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-10/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-10/2021 16.02.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı cavabdehdən kredit öhdəliyi üzrə qalan 2.751,18 manat əsas borc, 3,37 manat faiz borcu, 184,38 cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 437,58 manat borc olmaqla, cəmi 3.376,51 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, Masallı rayonu, Həsənli kəndində olan 0.07 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12.04.2013-cü il tarixli, 364 saylı kredit müqaviləsinə əsasən cavabdehə biznesin inkişafı məqsədilə 36 ay müddətinə, illik faiz dərəcəsi 6% ödənilmək şərtilə 15.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh ilə 12.04.2013-cü il tarixli, 364/1 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, Masallı rayonu, Həsənli kəndində olan 0.07 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun Banka ödənilməmiş 2.751,18 manat əsas borc, 3,37 manat faiz borcu, 184,38 cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 437,58 manat borc olmaqla, cəmi 3.376,51 manat borcu mövcuddur. Borc ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək əsas və faiz borcunu qəbul etdiyini, digər hissələrdə iddianı qəbul etmədiyini, qeyd olunanlara əsasən məhkəmədən qanunamüvafiq qaydada qətnamə qəbul edilməsini, həmçinin 16.02.2021-ci il tarixdə Milliön elektron ödəmə sistemi vasitəsilə Ləğv prosesində olan İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondunun hesabına 55 manat məbləğində ödəniş etdiyini və nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2013-cü il tarixli, 364 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 15.000 (on beş min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 17.04.2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 15.000 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Masallı filialı ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2013-cü il tarixli, 364/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, 12 aprel 2013-cü il tarixli, 364/1 saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh məxsus, Masallı rayonu, Həsənli kəndində mülkiyyətində olan 0.07 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55,3 m2 yaşayış, 43,2 m2 köməkçi sahəsindən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 19.04.2013-cü il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh məxsus Masallı rayonu, Həsənli kəndində yerləşən fərdi yaşayış evi 0,07 hektar torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin Masallı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin arayışından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2013-cü il tarixli, 364 saylı kredit müqaviləsi üzrə cavabdehin 24.05.2019-ci il tarixə banka 2.751,18 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 3,37 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 184,38 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 437,58 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 3.376,51 manat təşkil edir. İş materialında olan, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” 26.10.2018-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 12 aprel 2013-cü il tarixli, 364 saylı kredit müqaviləsi əsasında aldığı 15.000 manat kreditə görə 2.751,18 manat əsas və 22,47 manat faiz borcunun olması, qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə ünvanlanmış 30 oktyabr 2018-ci il tarixli, **********829 saylı ərizədən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. İşdə olan ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə ünvanladığı müraciətindən və portaldan çıxarışdan görünür ki, cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür. İş materiallarında olan Cavabdeh 16.02.2021-ci il tarixli ərizəsində qeyd olunur ki, iş üzrə cavabdehin mülkiyyətində olan ipotekaya qoyulmuş Masallı rayonu, Həsənli kəndində, 0,07 hektar torpaq sahəsində yerləşən, bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evinin hazırkı likvid dəyərinin iyirmi min manat qiymətləndirilməsi ilə razıdır, həmin ipoteka predmetinin əlavə qiymətləndirilməsinə ehtiyac yoxdur. Həmçinin cavabdeh tələb olunan 2.751,18 manat əsas borcu və 3,37 manat faiz borcunu qəbul edir, lakin, 437,38 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunu və 184,38 manat cərimə borcunu qəbul etmir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə 16.02.2021-ci il tarixli ərizəsində qeyd olunur ki, Cavabdeh məxsus olan və bank qarşısında ipoteka ilə yüklü edilən əmlakın ipoteka müqaviləsində qeyd olunan qiyməti ilə razıdır, əmlakın yenidən qiymətləndirilməsinə zərurət yoxdur. İş materiallarında olan 16.02.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 16.02.2021-ci il tarixdə Milliön elektron ödəmə sistemi vasitəsilə Ləğv prosesində olan İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondunun hesabına 55 manat məbləğində ödəniş etmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında 12 aprel 2013-cü il tarixli, 364 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh arasında 12 aprel 2013-cü il tarixli, 364/1 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh məxsus, Masallı rayonu, Həsənli kəndində mülkiyyətində olan 0,07 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55,3 m2 yaşayış, 43,2 m2 köməkçi sahəsindən ibarət fərdi yaşayış evi sözügedən kredit müqaviləsinin təminatı kimi, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 12 aprel 2013-cü il tarixli, 364 saylı kredit müqaviləsi üzrə tələb olunan 2.751,18 manat əsas borcdan cavabdeh tərəfindən 55 manat ödənildiyi nəzərə alınmaqla, cavabdehin 2.696,18 manat əsas və 3,37 manat faiz borcunun olması iş materialları ilə sübut olunduğundan, həmçinin Cavabdeh da həmin hissədə iddianı qəbul etdiyindən, iddia həmin hissədə qismən (əsas borca münasibətdə 2.696,18 manat) təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Ləğv prosesində olan İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondu Cavabdeh kredit öhdəliyi üzrə qalan 2.751,18 manat əsas borcu və 3.37 manat faiz borcu tələb etmiş, lakin Cavabdeh 16.02.2021-ci il tarixdə 55 manat ödəniş etməsi iş materialları ilə sübut olunduğundan əsas borc hissəsində iddia qismən təmin edilməlidir. Buna görə də iddianın 2.751,18 manat məbləğində əsas borcun ödənilməsinə dair hissəsində 2.696,18 manat məbləğində əsas borcun olması iş materialları ilə sübut olunduğundan həmin hissədə iddia qismən əsaslıdır və qismən təmin edilməli, hesablanmış 3,37 manat məbləğində faiz borcunun ödənilməsinə dair hissəsi əsaslıdır və həmin hissədə iddia təmin edilməlidir. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla 437,58 manat faiz borcunun tutulması tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyan qarşılamaq üçün dəbbə pulu nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Bundan başqa dəbbə pulundan əlavə dəymiş ziyanla əlaqədar məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, məhkəmə həmin tələbi əsassız hesab edir. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.8-ci bəndinə əsasən, əgər borcalan tərəfindən kreditin və ona hesablanmış faizlərin ödənilməsi pozulduqda, borcalan vaxtı ötmüş borc məbləği üçün illik 12% cərimə ödəyir. İddiaçı 1.84,38 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının cərimə borcu hissəsində tələbi qismən təmin edilməli, cavabdehdən 10 manat dəbbə pulu (cərimə) tutulmalıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında 12 aprel 2013-cü il tarixli, 364/1 saylı ipoteka müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Tərəflər arasında bağlanılmış 12 aprel 2013-cü il tarixli, 364/1 saylı ipoteka müqaviləsində Cavabdeh məxsus İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Masallı rayonu, Həsənli kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55,3 m2 yaşayış sahəsi, 43,2 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin dəyəri 20.000 manat müəyyən edilmişdir. Həmçinin tərəflər məhkəməyə ünvanladıqları ərizələrdə ipoteka predmetinin likvid dəyərinin (ilkin satış qiymətinin) 20.000 manat olması ilə razılaşmış, əlavə qiymətləndirmə həyata keçirilməsinə zərurət olmadığını bildirmişlər. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin yəni, Cavabdeh məxsus İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, Masallı rayonu, Həsənli kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55,3 m2 yaşayış sahəsi, 43,2 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 20.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 5,50 manatı iddiaçıya aid edilməli, 24,50 manatı isə Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2.696,18 manat əsas borc, 3,37 manat faiz borcu, 10 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24,50 manat olmaqla, cəmi 2.734,05 (iki min yeddi yüz otuz dörd, beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, ipoteka predmetinin ilkin satış qiyməti 20.000 (iyirmi min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh məxsus İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Masallı rayonu, Həsənli kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55,3 m2 yaşayış sahəsi, 43,2 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli həmin əmlak açıq hərrac yolu ilə satılmalı, satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilməli, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2.696,18 manat əsas borc, 3,37 manat faiz borcu, 10 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24,50 manat olmaqla, cəmi 2.734,05 (iki min yeddi yüz otuz dörd, beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 20.000 (iyirmi min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh məxsus Masallı rayonu, Həsənli kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55,3 m2 yaşayış sahəsi, 43,2 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar