Məhkəmə qərarları › İş №e-2-2(121)-1003/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1003/2023

31.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Malın, işin və xidmətlərin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1003/2023 31.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh UE55RU7140UXRU model Smart TV 4K Samsung markalı televizorun yararsız hala salınması nəticəsində 2000 manat, əldə çıxmış fayda kimi 300 manat, 50 manat mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 43 manat olmaqla, ümumilikdə 2393 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Hacıqabul şəhəri, ünvan 1 ünvanında yaşayır. Mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi vardır. Qeyd edilən obyektdə istifadədə olan VÖEN-lə internet klub kimi fəaliyyət göstərilir. Qeyd edilən obyekt üzrə istifadədə 20 dəst kompyuter dəsti və 3 (play-station) oyun dəsti olmaqla, televizor dəsti fəaliyyət göstərir. Televizorlardan bir ədəd UE55RU7140UXRU model Smart TV 4K Samsung markalı televizor gün ərzində işləməsinə (qaralmasına) müştəri tərəfindən narazılıq olduğundan qeyd edilən televizoru təmir üçün Şirvan şəhəri, H.Əliyev prospektində Cavabdeh fəaliyyət göstərdiyi təmir sexinə xx.xx.2023-cü il tarixdə istifadədə olan televizorun nasazlığı və təmiri üçün müraciət edilmişdir. UE55RU7140UXRU model Smart TV 4K Samsung markalı televizorun led lampası istismar üçün yararsız olduğundan təmir edilməsi üçün aparılmışdır. İddiaçıya ekranın sınıq olması halında təmirə yararsız olması bildirilmişdir. Təmir sexində ilk olaraq televizorun cərəyan yuvasına qoşulmaqla led lampanın dəyişdirilməsi müəyyənləşdirilmişdir. Televizor qoşulmuş, laylar yoxlanılmış və led lampanın əvəz edilməsinin lazım olduğu bildirilmişdir. Led lampanın təmir edilməsi üçün 120 manat təmir xərclərinin qarşılığında razılaşılmışdır. Daha sonra təmir sexinin ustası Cavabdeh 4 nəfər köməkçisi ilə iddiaçıya məxsus televizoru müəyyən hissələrə ayırmağa başlamışlar. Televizoru sökməklə ekranın ön hissədən ibarət olan laylarını ayrılmaqla şaquli vəziyyətdə kənara qoymuşlar. Led lampanın baxışı zamanı sol lampaların 20 sm hissəsinin zəif işləməsi, bir lampanın sıradan çıxması məlum olmuşdur. Lampalar əvəz edildikdən sonra qoşulmuş, işlək vəziyyətdə ön hissənin layları yerinə yığılmağa başlanmışdır. Yığılma ərəfəsində layların ağ qatı masanın üzərinə aşmış, masanın üzərində olan əl alətləri layın üzərinə ləkə salmışdır. İddiaçı iradını bildirmişdir. Sonradan təmir edilən televizoru elektrik yuvasına qoşarkən ekranın sınması məlum olmuşdur. Ekranın sınmasını bildirməklə Cavabdeh tərəfindən ilkin olaraq 660 manat pul təklif edilmişdir. Sonradan razılıq əldə edilmədiyindən cavabdeh 20 fevral 2023-cü il tarixədək vaxt istəmişdir. Tərəflər xx.xx.2023-cü il tarixədək razılaşmışlar. Hazırda təmir üçün aparılmış televizor cavabdeh tərəfindən təmir edilməmişdir. İddiaçı televizoru gətirdikdən sonra led lampalarının dəyişdirilməsi müəyyənləşdirilmişdir. İddiaçı təmir prosesində iştirak etməklə layların aşması və zədələnməsinin şahidi olmuşdur. Hazırda televizor cavabdeh tərəfindən təmir edilməmişdir, cavabdeh televizorun ekranını sındırdığı üçün iddiaçı ona vurulmuş ziyanı tələb etmək məcburiyyətində qalmışdır. İddiaçı mübahisənin Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun olaraq məhkəməyədək razılaşma yolu ilə həll edilməsi üçün cavabdehə pretenziya qaydasında müraciət etmişdir və bununla yanaşı mübahisənin mediasiya sesiyasında həll edilməsi üçün cavabdehə mediasiyaya dəvət məktubu göndərmişdir. Lakin cavabdeh nə pretenziya məktubuna, nə mediasiya məktubuna nə də mediatorun çağırışına heç bir cavab verməmişdir. Sonradan iddiaçı məhkəməyə elektron qaydada xx.xx.2023-cü il tarixli yazılı məlumat təqdim edərək əlavə olaraq bildirmişdir ki, 8 fevral 2023-cü il tarixində səhər saat 10-12 radələrində Şirvan şəhərindəki Etibar adlı ustanın mağazasına gedərək orada ona 55 dyumlu 4k Samsung UE55RU7140UXRU (versiya FA04/URU7100) model televizorunun markasına aid led lampa quraşdırılması haqqında məlumat alıb qiyməti razılaşdırmışlar. Cavabdeh ona həmin led lampanın 80 manata öz qiymətinin olmasını bildirmiş və təmir haqqının da 50 manat olduğunu söyləmişdir. Cavabdeh ona ekranın sınıq olub-olmaması haqqında sual vermiş və o da, ekranın sınıq ,eləcə də digər problemlərin olmadığını və yalnız led lampa dəyişəcəyini bildirmişdir. Etibar adlı ustayla 120 manata razı ola biləcəyini vurğulamış və Etibar usta onunla 120 manata led lampanın quraşdırılmasını razılaşmışlar. O da, “gedirəm televizorumu gətirməyə” sözünü deyib oradan ayrılıb birbaşa Hacıqabula oz internet klub mağazasından televizoru götürməyə getmişdir. Gələrkən yolda tanışı Mayıs adlı taksi sürücüsünə zəng edib onu da kluba çağırmış, nəhayət klubdan televizoru götürüb Etibar adlı ustanın yanına getmişdir. O, televizoru özü şəxsən maşından düşürüb Etibar ustanın mağazasındakı mərkəzdə olan iri stolun üstünə qoyaraq ona ekranın yoxlanmasını tələb etmişdir. O da öz növbəsində həmin stolda televizoru cərəyana qoşaraq yoxlamağa başlamış və özünün dediyi kimi televizorun doğurdan da tək led lampasında problem olduğunu bilmiş və ekranda heç bir zədə olmadığını görüb onunla 120 manata led lampanın yenilənməsinə razılaşmışdır. Bu vaxt cavabdehin yanında digər tələbə və kollegaları var idi. Bunlar usta ilə birlikdə xeyli müddətdən sonra ekranın arxa qapağını açmışlar. Bu arada usta Vahid adlı tələbəsini bu işdə köməyə dəvət etmişdir. Televizorun arxa dəmiri söküldükdən sonra növbə ekran hissələrinə gəlmiş və usta Etibar ekranı şəxsən əliylə televizorun üstündən sökməyə başlayanda, iddiaçı ona əl ilə sökməmək barədə etirazını bildirmiş, bunu cavabdehin taxçasında olan yapışqanlı ləvazımatla etməyi məsləhət etmişdir. Cavabdeh isə öz növbəsində iddiaçıya narahat olmamağını bildirərək, öz bildiyi kimi əli ilə televizorun ekranını və onun lay qatlarını sökərək kənarda bir oturacağın üstünə dik formada qoymuşdur. Bu işlər görülən zaman ekran və onun lay qatları usta tərəfdən yoxlanılmış və ideal vəziyyətdə olduğu bildirilmişdir. Bunu da cavabdehin ətrafındakı kollegaları da görüb, eşitmişlər. Ekran hissələri sağ-salamat olaraq kənardakı stola yığıldıqdan sonra onlar yenə qrup şəklində televizorun led lampasına gedən yolları sökməyə davam etmişlər. Nəhayət led lampaya çatdıqdan sonra onlar televizorun led lampasını yenidən qoşub yoxlamışlar və led lampanın sol tərəfindən hardasa 15-20 sm-lik hissəsinin zəif yandığını, soldan ortaya yaxın tərəfdən isə 1 led lampanın yanmadığını və xarab olduğunu görərək, ona da göstərmişlər. Qalan ortadan sağ tərəfə bütün led lampaların ideal vəziyyətdə olduğunu hamı görmüşdür. Usta bu lampaların sökülməsini tələbələrinə tapşırandan sonra lampalar sökülüb yeri təmizlənmiş və yeniləri o yerə quraşdırılmışdır. Led lampalar quraşdırıldıqdan sonra ekran və arxa layları yenidən həmin beş nəfər ustanın iştirakı ilə televizora yığılmağa başlanılmışdır. Televizor dik halda və üzü onların mağazasının qapısı tərəfə idi, iddiaçı isə televizorun arxası tərəfdə stolda kənarda oturmuşdur. Bu 5 usta da televizorun qarşısında hamısı iş gördükləri zaman televizorun arxasını tutmağı unutduqlarını görmüşdür və daxilində etiraz etmişdir ki, birdə görmüşdür ki, ekranın layları arxa tərəfdən arxadakı stolun üzərinə aşdılar. Bu stolun üzərində payalnik, digər ləvazimat və hissələr də olduğuna görə ekranın onların üzərinə düşdüyünü görüb narahat olmuşdur. Lakin bunların səhlənkarlığını və payalnikin üzərinə düşən hissələri anında qaldırmadıqlarını görüb yaxınlaşıb payalnikin üzərinə düşən hisssələri onun üzərindən götürüb onlara etirazını bildirmişdir. Usta Etibar ekran laylarını yenidən yerinə yığmağa başlamışdır. O da, ekran laylarından olan ağ kağız materialda payalnikin dəyən yerinin 2 yerdən qaraldığını görüb ustaya bildirmişdir ki, artıq bura zədələndi. Usta və onun Vahid adlı tələbəsi oradakı kollegaları onu narahat olmamağa çağırmış və bunun boş şey olduğunu bildirmişlər. O, yenə susaraq onsuzda artıq iş bitir deyə işin sonunu gözləməyə başlamış və geri çəkilib yenə öz yerində oturub bunlara nəzarət etməyə başlamışdır. Bundan sonra televizoru onlar üzü üstə yerə yıxıb yenidən işə qrup halında davam etmişlər. Bu dəfə televizorun qarşısından yuxarıda sağ tərəfində Vahid adlı ustanın nəyi isə bağlaya bilmədiyinin şahidi olmuşdur. Bu işin nədənsə çox çəkdiyini görən usta sonda özü həmin sahəyə gəlib nə isə o da xeyli qurcaladığdan sonra nəhayət televizorun ekranını yığmışlar və sonra televizoru dikəldib cərəyana qoşub yoxlamışlar. Ekrana baxdıqdan sonra bunların bir-birlərinə baxaraq təəccübləndiyini görmüş və anlamışdır ki, bunlar artıq ekranı səhlənkarlıq edərək sındırmışlar. O, televizorun arxa tərəfində oturduğuna görə ekranı görməmişdir və yenə də özünü ekranın sınmağına inandırmamağa çalışıb səbrlə gözləmişdir. Bu vaxt usta Etibar tələbələrindən onun maşınından kartını, şəxsiyyət vəsiqəsini axtarıb tapıb gətirmələrini tələb etmişdir və bu vaxt çox narahat olduğu müşahidə olunmuşdur. Etibar usta çölə çıxıb kimlərləsə telefonda xeyli danışdıqdan sonra mağazaya qayıdıb televizoru yenidən qaldırıb ekrana baxanda iddiaçı da orada nə baş verdiyini görmək üçün ekrana baxmağa yaxınlaşmışdır və ekranın sol aşağıdan sağ yuxarı tərəfə tamamilə sındığını və ekranın sağ yuxarı tərəfində xeyli əziklərin olduğunu görmüşdür. Bundan bir az əvvəl bu mağazaya tanıdığı Nahid adlı Hacıqabul sakini olan bir şəxs də gəlmişdi ki, o da ekranın sınığını görmüşdür. Biraz keçdikdən sonra usta ona yaxınlaşıb belə hallar olur deyə onu sakitləşdirmək üçün şirin dilə tutub ona ekranı sındırdığını və özünün də tezliklə düzəldəcəyini və yaxut da ekranın 660 manata olduğunu bildirib istərsə ona 660 manatdan 120 manat öz quraşdırıb təmir etdiyi led lampanın pulunu çıxıb yerdə qalan 540 manatı əlbə-əl ona verməyi və televizoru aparıb başqa yerdə düzətdirməyi təklif etmişdir. O da öz növbəmdə ekranın dəqiq harda və neçəyə olub-olmamasını bilmədiyi üçün onun bu şirin sozlərinə inanmayıb onun bu televizoru elə özünün düzəldib ona təhvil verməsini söyləmişdir. Bundan sonra o,Bakıya aparıb gətirmək üçün taksi pulunu da özü tərəfindən veriləcəyini bildirmişdir. O, cavabdehə “Şirvanda hazır bunu 100-120 manata düzəldəcək usta vardı, elə ona aparıb düzəltdirə bilərdim. Sadəcə olaraq Siz ustaya 1 dəfə qida bloku düzəltdirmişdim deyə istədim elə bunu da siz təmir edəsiniz. Siz sındırmısınız siz də bu əziyyəti özünüz çəkin, məni bu işə qatmayın və bu hadisə sizin öz səhlənkarlığınızdan baş verdiyi üçün özünüz cəzasını çəkin. Mən zatən bu televizorun işləməməsinə görə gündəlik xeyli ziyan çəkəcəm” demişdir. Ustanın çox hay-küy saldığını görüb nəhayət o, ilk öncə razı olmasa da sonda məcbur olub taksilərin necəyə aparacağını onun yanında tanışı Nahidin köməkliyi ilə öyrənmişdir ki, taksilərdən biri 70 manata digəri isə 50 manata Sumqayıtda Etibar ustanın dediyi məkana aparıb gətirə bilir. Buna görə də məcbur olub ustayla razılaşmışdır ki, 50 manat taksi pulunu da özü versin, amma bir şərtləki o, Sumqayıt Samsung servis mağazasında dediyi kimi ekran hissələrinin yenisini qoyacaqdır, daha işlənmişini yox. Usta da öz növbəsində ona 18-20 fevralda həmin servisin gömrükdən məhsulları gəlib ordan çıxmasını gözlədikləri üçün hazırda olmadığını və həmin vaxtı gözləməyi ona bildirmişdir Ustanın istəyi ona ekranın pulunu verib özünün gedib alıb təmir elətdirmək idi ki, buna da iddiaçı razı olmamışdır. O, bu aralarda bir neçə ustaya zəng edərək həmin məhsulun olub-olmamasını maraqlanmış və məhsulun fakt olaraq hec kimin əlində olmadığını bildiyindən ustaya bu işi özünün görəcəyini bildirmişdir. Ona ekranı sındırdığını öz tərəfindən xərc çəkiləcəyini və bu hadisənin məsuliyyətini özü tərəfindən baş verdiyini və belə halların olduğunu bildirərək eləcə də onun maqnitofon ustası olan şəxsdə mənə ekranımın onlar tərəfdən qoyulub təhvil veriləcəyini və heç bir problem olmayacağını söz verdikləri üçün o, bu şəxslərə fevralın 20-si yox, lap 21-inə kimi möhlət verib onlarla razılaşıb mağazadan çıxmışdır. Çıxarkan usta Etibar ondan led lampanın 120 manat borcunu istəmiş, o isə həmin pulu verməmişdir və televizoru hazırlayıb ona təhvil verəndə, ona bu borcu verəcəyini bildirmişdir. Bu aralarda özü də saytlardan servislərlə əlaqə saxlayıb lazım olan detalları maraqlanmış və bu hissələrin Azərbaycanda heç ***-**** manata hazırda tapıla bilməyəcəyini görmüşdür. Narahat olsa da ustanın özünün ona bildirdiyi tanıdığı Sumqayıt Samsung servisinin məhsulun gəlib Azərbaycan gömrüyündə 18-20 fevralda ordan çıxacağı sözünü xatırlayıb, ustanın variantının gözləməyə qərar vermişdir. Söhbətin üstündən 8-9 gün keçmişdi ki, bir gün Etibar usta ona mənə zəng edərək, sabah yağış yağmazsa Bakıya gedib televizorun ekranını düzəltdirəcyini bildirərək ondan led lampanı dəyişdirdiyinə görə 120 manat borcu istəmişdir ki, guya sındırdığı ekranın yerinə yenisini almaqı üçün pulu çatışmır. O, ustaya etibar etmədiyi üçün onunla razılaşmanı nəzərinə çatdıraraq bildirmişdir ki, televizoru danışdıqları kimi tamam hazır edəndə ona 120 manatını verib televizoru götürəcəkdir. 12 gün sonra, 18 fevral tarixində ustaya birdə zəng etmişdir. Bu dəfə usta onun yanına gəlməyini xahiş etmişdir. Səhərisi gün 19 fevralda cavabdehin yanında getmiş, mağazaya daxil olduqdan sonra usta onu yuxarı mərtəbəyə dəvət edib televizoru göstərərək ondan ekrana baxmağını istəmişdir. O da, ekranın şübhəli göründüyünü görüb ustadan televizorun hazır olub-olmadığını soruşmuşdur. Usta isə ona televizorun guya elə sınıq vəziyyətdə gətirdiyini bildirmişdir. O da, aşağı enib ustanın digər yoldaşlarının yanında bu söhbəti etməyi tələb etmiş və dərhal ondan ayrılıb aşağı mərtəbəyə enmişdir. Ustanın aşağıdakı kollegalarından söhbətin necə olduğunu soruşsa da hamısı onun üzünə duraraq ustalarının dediyi sözləri təsdiqləyib onun tərəfini tutmuşlar. Usta Etibar ona bu söhbətin 2- 3 gündür baş verdiyini bildirmiş və bu az müddət olduğu üçün ekranın sınığının görünməsinin 10 gündən sonra ortaya çıxacağını və yaxut da yalnız led lampanı dəyişdikdən sonra görsənə biləcəyini söyləmişdir. O da, ustaya ekranın heç cərəyana qoşulmadan belə ekran çatının sınığının elə üzdən görünməsini bildirmiş və bundan savayı ona ekranı elə ilk oncə özünün yoxlayıb salamat gördüyünü xatırlatmış və birdə bildirmişdir ki, əgər ekran sınıq olsa idi ekran söküləndə bu görünərdi. İddiaçı “necə olur ki, ekran sökülür, amma sınıq görünmür, əvəzində isə yeni led lampa dəyişildikdən sonra ekranı geri bir də qaytarıb yığırsız, o ekranın zədəsini görmürsüz?” sualını verib söhbətinə davam etmiş və qeyd etmişdir ki, ekran sınıq olsaydı cavabdeh bir usta kimi onu heç qəbul etməzdi və ekranın sınıqları elə söküləndə üzərlərinə aşardı. Xeyli müzakirələr və mübahisələrdən sonra cavabdeh öz kollega və tələbələri ilə özlərinin düz, iddiaçının isə səhv olduğunu bildirməklərindən sonra iddiaçı onlara bu işlə bağlı polisə müraciət edəcəyini bildirərək oradan uzaqlaşmışdır. Sonda iddiaçı nəzərə alınmasını xahiş edmişdir ki, televizorun led lampasını dəyişməzdən əvvəl hər bir usta öz biliyinə və qaydalara əsasən ekranı və digər hissələri yoxladığdan sonra led lampaları yeniləri ilə dəyişir. Televizorun ekranı yoxlanılmadan led lampalar təmir edilməz. Ekranın hər bir zədəsinin onu açmadan yoxlanması mümkündür. Bunun üçün hər bir özünə usta deyən şəxslərin bildiyi qaydalar vardır ki, bu işdə usta onu nədənsə etiraf etməyir. Televizorda bu şəxslərin əl izləri də olmalıdır. Odur ki, işin tam ədalətli baxılması xahiş olunur. Cavabdeh məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli etiraz ərizəsində bildirilmişdir ki, iddiaçı ona məxsus 1 ədəd televizoru xx.xx.2023-cü il tarixdə cavabdehin fəaliyyət göstərdiyi sexin qarşısına avtomobillə aparmış və televizoru tək özü avtomobildən endirərək qucağında sexə aparmışdır. İddiaçı televizoru gətirərkən açıq vəziyyətdə bağlama olunmadan gətirmiş və gətirərkən iddiaçıya məxsus Smart TV 4K Samsung markalı televizor olduğu müəyyən edilmişdir. Televizor gətirildikdən sonra televizoru müayinə edərkən televizorun yuxarı hissəsinin sol tərəfində əl barmaq ləkə formasında basılması müəyyən edilmiş və bunun iddiaçıdan izahı soruşulduqda iddiaçı gətirilərkən ola bilsin ki, onun tərəfindən olduğunu, lakin əhəmiyyət vermədiyini, lakin iddiaçı cavabdehdən niyə görə soruşduğunu bildirdikdə, cavabdeh iddiaçıya irad tutaraq televizorun ekran hissəsinə toxunmaq olmazlığını və götürərkən yalnız yan hissələrindən götürülməsinin yol verildiyini, belə olan halda televizorun ekranın zədələnməsi ehtimalının olduğunu izah etmişdir. Cavabdeh sonra televizoru cərəyan yuvasına qoşaraq ümumi vəziyyəti nəzərdən keçirtmək istəmiş, lakin televizor qoşulduğda led lampanın istismar üçün yararsız olduğu və led lampanın dəyişdirilməsinə zərurət olduğu iddiaçıya bildirilmişdir. Led lampanın dəyişdirilməsi üçün 120 manat təmir xərcinin tələb edildiyi iddiaçıya bildirilmiş, iddiaçı etiraz etməyərək razılaşdığını və lampanın dəyişdirilməsini bildirmişdir. Beləliklə, cavabdeh tərəfindən televizorun led lampası dəyişdirildikdən və televizor cərəyan yuvasına qoşulduqdan sonra televizorun ekranının ağarması halında ekranın yuxarı hissəsində, yuxarıda qeyd edildiyi kimi iddiaçı tərəfindən sexə gətirilərkən ekranın yuxarı hissəsinin sol nahiyəsində əl barmaq ləkə formasında basılması hissəsindən aşağı tərəfə doğru ləkələrin olduğu müəyyən edilmişdir. Bu isə ekranın həmin nahiyədən əl barmağın sərt basılması nəticəsində zədələnməsindən və iddiaçı tərəfindən televizor sexə gətirilərkən səhlənkarcasına yanaşıldığından ekranın zədələndiyindən xəbər verir. İddiaçı isə zədənin onun tərəfindən edilmədiyini və televizorun cərəyan yuvasına qoşulduqdan sonra baş verdiyini bildirərək etiraz etdi. Lakin cavabdeh iddiaçıya hər şeyin onun müşahidəsi ilə aparıldığını və iradının əsassız olduğunu bildirmişdir. İddiaçı cavabdehdən bunun nə qədər xərcinin olduğunu soruşduqda 660 manat olduğunu və razı olduğu halda iki-üç günə öyrənib deyə biləcəyini söyləmişdir. Lakin iddiaçı yenidən razılaşmayaraq televizorun ekranının onun deyil, cavabdehin səhvindən sındığını bildirərək razılaşmadığını və etiraz etməklə televizoru aparmaqdan imtina edərək cavabdeh tərəfindən xərcini çəkməklə düzəlməsini, zəhmət haqqının nə olacağı təqdirdə ödəyəcəyini bildirərək uca səslə sexdə hay-küy salmağa başlamışdır. Cavabdeh iddiaçıya öz etirazını bildirərək xərci onun çəkməli olmadığını, lakin təmirində zəhmət haqqını nəzərə alacağını bildirmişdir. İddiaçı razılaşmayaraq sexi tərk etmiş və sonradan ərazi üzrə polis şöbəsinə ərizə ilə müraciət etmiş və sahə üzrə sahə müvəkkili tərəfindən cavabdeh dəvət edilərək vəziyyəti anlatmağını bildirmişdir. Cavabdeh tərəfindən şifahi olaraq təfsilatı ilə sahə müvəkkilinə bildirilmişdir və sahə müvəkkili şikayətin əsassız olduğunu və bu barədə iddiaçıya cavab verəcəyini bildirmişdir. Belə ki, söhbət əsnasında sahə müvəkkili cavabdehə bildirmişdir ki, iddiaçı tərəfindən televizorun görüntüsünü göstərərək televizorun guya sexə gətirilərkən tam saz vəziyyətdə olduğunu, lakin sonradan sexdə guya cavabdeh tərəfindən sonradan ekranın sındığını sübut etməyə çalışdığını, amma telefonda görüntünü nəzərdən keçirtdikdə çəkilişin sonradan çəkildiyini və xx.xx.2023-cü il tarixə təsadüf etdiyini müəyyən etməklə etirazını iddiaçıya bildirmişdi. Lakin iddiaçı sonradan dəfələrlə cavabdehin işlədiyi sexin qarşısına gələrək mobil telefonla çəkilişlər etmiş və yüksək səslə müxtəlif sözləri cavabdehin ünvanına səsləndirirək bilərəkdən müştərilər arasında usta kimi olan nüfuzuna xələl gətirməyə çalışmışdır. Həmçinin dəfələrlə istifadə etdiyi mobil telefondan cavabdehin istifadə etdiyi mobil nömrəyə zəng edərək müxtəlif formada təkidlər əsasında 2000 manat xərcin alacağını bildirmişdir. Cavabdeh isə iddiaçıya niyə görə 2000 manat tələb etdiyini soruşduqda, əvəzində iddiaçı cavabdehə televizoru alarkən qiymətinin 2000 manat olduğunu və yeni televizor alacağını bildirmişdir. Lakin cavabdeh iddiaçıya əvvəla televizorun niyə görə aldığı qiyməti və həmçinin yenisinin alacağını bildirirək cavabdehdən 2000 manat istədiyini, halbuki, 2019-cu il tarixdə alındığını və həmin tarixdən sonra işlətdiyini, həmçinin də televizorun ekranının dəyişdirilməsi üçün 660 manat vəsaitin lazım olduğu və dəyişdiriləcəyi halda yenidən işlək vəziyyətdə olacağını və cavabdeh tərəfindən zəhmət haqqı alınmadan yerdə qalan məbləğin ödəniləcəyi təqdirdə televizorun yenidən işlək vəziyyətdə olmasının mümkünlüyünü bildirmişdir. Bütün bunlara baxmayaraq iddiaçı təkidlə cavabdehdən 2000 manat pulu istədiyini və cavabdeh isə ona etiraz etdiyini və artıq bütün bunlardan yorulduğundan mübahisəni sivil yolla həll edilməsini bildirmişdir. İddiaçı iddia ərizəsində cavabdehə pretenziya məktubunun göndərildiyini və həmçinin mediasiya sessiyasına gəlmədiyini əsas gətirməklə guya cavabdehin mübahisənin sivil yolla həllindən yayındığını qeyd edir. Lakin cavabdehə gələn məktubda ilk olaraq Lənkəran rayon 1 saylı Mediasiya şurasına gəlməyi göstərildiyindən, cavabdeh Lənkəran rayonununa getmişdir, amma oradan cavabdehə belə bir mübahisə predmeti üzrə icraatda işin olmadığı bildirilmişdir. İkinci dəfə cavabdehə gələn məktubda isə Sabirabad 1 saylı Mediasiya Şurasına getməyi bildirilmişdir, lakin bu dəfə də yanlışlıq olduğunu düşünən cavabdeh mediasiya sessiyasında üzürlü səbəblərdən iştirak edə bilməmişdir. Bu isə ona əsas vermir ki, cavabdeh iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi iddia tələbi üzrə göstərilən hallara görə günahkar hesab edilməlidir. İddiaçının bu tələbi tamamilə əsassızdır və sübut növü kimi qəbul edilməməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, mübahisə obyekti olan televizoru xx.xx.2020-ci il tarixdə almışdır, televizorun led lampasında əvvəlcədən nasazlıq var idi, lakin 2023-cü ilin fevral ayında televizorun ekranında qaralma çoxaldığına görə, əvvəllər bir dəfə xidmətlərindən istifadə etdiyi cavabdehə televizoru düzəltmək üçün müraciət etmək qərarına gəlmişdir. Ona məxsus olan televizorun ekranının sındırılmasında tək Cavabdeh deyil, orada olan digər şəxslər də cavabdehdirlər və onlar da məsuliyyət daşıyırlar. Hesab edir ki, televizor yaxşı təmir olunarsa yararlı vəziyyətə gələ bilər, lakin televizorun cavabdeh tərəfindən təmir olunmasını istəmir. Sonda İddiaçı iddia tələbinin tam təmin olunmasını, əlavə olaraq qətnamə çıxarılan günədək hər gün üçün 5 manat hesablanmaqla əldən çıxmış fayda şəklində ona vurulmuş zərərin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etdi. Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında, xx.xx.2023-cü il tarixdə iddiaçının onun sexinə gəldiyini, daha əvvəl də iddiaçının ona bir dəfə təmirlə bağlı müraciət etdiyini, iddiaçı televizoru ona təqdim edərkən televizorun ekranında qırığın olduğunu görmədiyini, qırığın olduğunu televizora led lampa taxılandan sonra, ekran yerinə qoyulub, televizor işə salındıqdan, işıqlanma yarandıqdan sonra gördüyünü, iddiaçıya led lampaları dəyişdirmək üçün tələb olunan 120 manat haqqı verməsini, özünün isə əvəzində yeni ekran alaraq televizoru düzəldəcəyini vəd etdiyini, iddiaçı isə pulunun olmadığını bildirərək onun təklifindən imtina etdiyini, daha sonra iddiaçıya led lampaları dəyişdirdiyi üçün ona çatası 120 manat pulu çıxaraq televizorun ekranının pulunu verməsini, iddiaçının özünün televizoru başqa yerdə təmir etdirməsini təklif etməsinə baxmayaraq iddiaçının bu təkliflə də razılaşmadığını bildirmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, televizorun ekranını o sındırmamışdır, televizor təmir üçün ona verilərkən ekranı artıq sınmış vəziyyətdə olmuşdur. Bir təcrübəli usta kimi bildirir ki, televizora yeni ekran quraşdırılarsa, televizor tam işlək vəziyyətə gətirilə bilər. Sonda Cavabdeh iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxs haqqında məlumatdan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə, Cavabdeh xx.xx.2004-cü il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışlar. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, yararsız hala salınmış UE55RU7140UXRU model Smart TV 4K Samsung markalı televizorun dəyəri və digər ödənişlər olmaqla, cəmi 2.393 manat məbləğində pulun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “ödəniş qəbzi”nin surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına 50 manat vəsait ödəmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(121)-1003/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-texniki ekspertizasının 3/1374 və 10/6529 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş UE55RU7140UXRU model Smart TV 4K Samsung markalı televizorun arxa qapağının, örtüyünün aralanması hər hansı kənar müdaxilə nəticəsində yaranması istisna edilmədiyi, həmin televizorun səthində kənar predmetin təsirindən yarana bilən mexaniki zədə, iz aşkar edilmədiyi müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 210 manat təşkil edir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia tələbinə kommersiya mübahisələrinə dair iş kimi kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, tərəflərin hər ikisi sahibkarlıq subyektləridirlər, mübahisənin predmeti tərəflər arasında şifahi qaydada bağlanmış iş görülməsi müqaviləsi üzrə vurulmuş zərərin ödənilməsinə dair iddiaçının subyektiv hüququnun müdafiəsindən ibarətdir və tərəflər arasında yaranmış hüquq münasibətinin xarakteri də tərəflərin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətləri ilə əlaqədardır. Məhkəmə müəyyən edir ki, mübahisənin əsasında bir tərəfin (cavabdehin) digər tərəfin (iddiaçının) sifarişi ilə sonuncuya məxsus televizorun təmiri və yeni led lampaların quraşdırılmasına dair işin görülməsi haqqında tərəflər arasında baş tutan razılaşma dayanır. Bu razılaşma hər iki tərəf üçün mahiyyət etibarı ilə gəlir (mənfəət) əldə edilməsi məqsədi ilə bağlandığına görə həmin razılaşmadan yaranan münasibətin iqtisadi xarakterli olması şübhəsizdir. Belə ki, cavabdeh müxtəlif növ texnikaların təmiri fəaliyyətini həyata keçirərək, həmin fəaliyyətindən gəlir əldə edir, iddiaçının isə təmir üçün təqdim etdiyi televizor onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar istifadə etdiyi məişət texnikasıdır. Hazırki mübahisənin kommersiya xarakterli olmasını şərtləndirən başqa bir əsas da odur ki, mübahisəyə tətbiq olunan maddi hüquq normaları iş görülməsi müqaviləsindən irəli gələn sahibkarlıq fəaliyyəti ilə əlaqəli normalardır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını iş görülməsi (podrat) müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 752.1-ci maddəsində nəzərdə tutulan podrat müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə, iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsi ilə bağlı əlavə olaraq qeyd edir ki, tərəflər arasında baş tutan razılaşmanın məzmunundan və şərtlərindən, eləcə də işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında iş görülməsi (podrat) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, işin mübahisəsiz hallarından (cavabdeh tərəfindən iddiaçının sifarişi ilə sonuncuya məxsus olan televizorun təmiri və yeni hissələrin quraşdırılmasından ibarət olan işin görülməsi, iddiaçının isə görülən işlərin qarşılığında müvafiq haqqın (muzdun) cavabdehə ödənilməsi) görünür ki, tərəflərin iradə ifadəsi məhz podrat müqaviləsinin bağlanmasına yönəlmişdir. Məhkəmə tərəflərin daxil olduqları hüquq münasibətinin xarakterinin müəyyən edilməsi zamanı nəzərə aldığı əsas məqamları ümumiləşdirərək qeyd edir ki, cavabdeh tərəfindən təmir işləri ilə yanaşı sıradan çıxmış led lampaların əvəzinə yeni lampaların quraşdırılması cavabdeh tərəfindən görülən işin (təmirin) tərkib hissəsi kimi qəbul edilməlidir. Başqa ifadə ilə cavabdeh tərəfindən iddiaçıya məxsus televizora yeni lampaları quraşdırılması tərəflər arasında buna dair ayrıca alqı-satqı münasibətlərinin yaranması məqsədini daşımamışdır, həmin ehtiyat hissələri məhz aparılan təmir işləri üçün nəzərdə tutulmuş, həmin işlərə sərf edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlərin xarakterini müəyyən edən zaman əlavə olaraq alqı-satqı haqqında müddəalara istinad etməyə əsas yoxdur. Məhkəmə qeyd edir ki, mübahisə obyekti olan televizorda ekranın sınması ilə bağlı qüsurun olması işin mübahisəsiz halını təşkil edir və hər iki tərəf bu faktı təsdiq edirlər. İşin mübahisəli halı, televizorda olan qüsurun nə zaman baş verməsi və həmin qüsura səbəb olan zərərin kim tərəfindən yetirilməsinin müəyyən edilməsidir. Belə ki, iddiaçı iddia edir ki, cavabdeh təmir üçün ona verilmiş televizorun ekranını təmir zamanı səhlənkarlıq nəticəsində ehtiyatsızlıqdan sındırmış və televizoru yararsız vəziyyət salmışdır. Bundan dərhal sonra televizorun ekranını yenisi ilə əvəz edərək televizorda yaranmış qüsuru tam aradan qaldıracağına dair söz versə də, sonradan televizorun ekranının sınmış vəziyyətdə ona verildiyini bildirərək, təmirlə bağlı vədinə əməl etməmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək televizorun ekranının ona təhvil verilərkən artıq sınmış vəziyyətdə olduğunu iddia edir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, baxılan iş üzrə mübahisənin predmetini mübahisənin obyekti olan televizorda aşkar edilən qüsurun nə zaman baş verməsi və həmin qüsura səbəb olan zərərin kim tərəfindən yetirilməsinin müəyyən edilməsi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə tərəflərinin dəlilləri sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə vəzifəsinin, yükünün tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir. Məhkəmə baxılan iş üzrə sübutların əsasən mübahisə tərəflərinin yazılı və şifahi izahatlarına əsasən müəyyən edilən işin faktiki hallarının təşkil etdiyini nəzərə alaraq, bu qənaətə gəlir ki, qeyd edilən işin faktiki hallarına ağlabatanlıq və podrat münasibətlərinə dair normaların təhlili meyarlarına əsasən hüquqi qiymət verilməlidir. Məhkəmə ilk olaraq tərəflərin yazılı və şifahi izahatlarına, onların qarşılıqlı təhlili əsasında qiymət verərək qeyd edir ki, iş üzrə cavabdehin məhkəmə iclaslarında verdiyi izahatlarla, onun etirazının əsası kimi istinad etdiyi hallar arasında uyğunsuzluq onu deməyə əsas verir ki, cavabdeh mübahisə obyekti televizorun ekranının təmir üçün ona verilərkən artıq sınmış vəziyyyətdə olması barədə etirazını sübut edə bilməmişdir. Belə ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında verdiyi izahatında, iddiaçı televizoru ona təqdim edərkən televizorun ekranında sınıq olduğunu görmədiyini, ekranın sınıq olduğunun aşkar edilməsindən sonra iddiaçıya həmin qüsuru yeni ekran alaraq aradan qaldıracağını və ya yeni ekranın alınması üçün iddiaçıya pul ödəməyə razı olduğunu qeyd etməsinə baxmayaraq, məhkəmə baxış iclasında qəti olaraq televizorun ekranının iddiaçı tərəfindən avtomobildən düşürərkən ekrana barmaqları ilə basması nəticəsində sınmasını bildirmişdir. Halbuki, cavabdeh xx.xx.2023cü il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında, iddiaçının televizoru avtomobilindən onun obyektinə hansı şəkildə gətirdiyini görmədiyini, əlavə olaraq televizoru sökəndə ekranın lay qatlarını açarkən laylarda problem olduğunu görmədiyini, lakin ekranda qara ləkə müşahidə etdiyini bildirmişdir. Bundan başqa ekspert rəyində də mübahisə obyekti televizorun səthində hər hansı kənar predmetin təsirindən yarana bilən mexaniki zədə, iz aşkar edilmədiyi qeyd olunmuşdur. Beləliklə məhkəmə, cavabdehin özünün izahatına əsasən görmədiyi halda iddiaçının televizoru onun obyektinə gətirərkən ekranı zədələməsini iddia etməsinə, uzun müddət məişət texnikalarının təmiri sahəsində işləyən şəxs kimi televizoru sökərkən onun ekranında sınıq olmasını görməməsinə, özünü təqsirli bilmədiyi halda yeni ekran alaraq qüsuru özünün aradan qaldırmasına və ya yeni ekranın alınması üçün iddiaçıya pul təklif etməsinə dair işin müəyyən edilmiş hallarına əsasən bu qənaətə gəlir ki, cavabdehin etirazının əsası kimi istinad etdiyi halların mövcudluğu ağlabatan mühakiməyə əsasən təkzib olunur. Məhkəmə, tərəflər arasında iş görülməsi (podrat) müqaviləsindən yaranan münasibətlər mövcud olduğuna görə, sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsinin müəyyən edilməsi zamanı mülki qanunvericiliyin podrat münasibətlərini tənzimləyən normalarının da tələblərinin nəzərə alınmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 772.1-ci maddəsinə əsasən, görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Qeyd olunan maddi hüququ normasının məzmunundan görünür ki, görülmüş işin təsadüfən məhv və ya zədələnməsi risqini həmin işin (obyektin) podratçıya verildiyi andan işin nəticəsinin sifarişçiyə verildiyi anadək podratçı daşıyır. Buradan belə nəticə hasil olur ki, podrat obyekti podratçıda, onun sahibliyində, nəzarətində olduğu müddətdə, həmçinin podrat obyektinin podratçıya təhvil verildiyi zaman həmin obyektin məhv olmasının və ya zədələnməsinin digər şəxslərin təqsiri nəticəsində baş verməsini sübut etmə yükü podratçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi qarşılıqlı (sinallaqmatik) müqavilə olduğuna görə, müqavilənin iştirakçıları olan sifarişçi və podratçı bir-birlərinə qarşı həm kreditor, həm də borclu kmi çıxış edirlər. Yuxarıda şərh olunanlardan aydın olur ki, podrat obyektinin zədələnmədən, qüsurlardan və üçüncü şəxslərin hüquqlarından azad şəkildə təhvil verilməsi baxımından podratçı müqavilə üzrə borclunun vəzifələrinin daşıyıcısıdır. Buna görə də, podrat obyektinin salamatlığının təmin edilməsi borclunun (baxılan işdə cavabdehin) risk dairəsinə daxil olan öhdəliklərə daxildir. Belə ki, Azərbaycan Respuiblikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, baxılan işdə mübahisə obyektinin kimin təqsiri nəticəsində zədələnməsinin sübut edilməsində Mülki Məcəllənin yuxarıda qeyd olunan 448.4-cü maddəsi mərkəzi rol oynayır. Belə ki, cavabdeh daxil olduğu müqavilə münasibətlərinin qanunvericilik normalarına əsasən müəyyən edilmiş şərtlərinə görə, podratçı qismində podrat obyektinə dəyən zərərlə bağlı riskin daşıyıcısı olduğu üçün, yalnız o halda məsuliyyətdən azad edilə bilər ki, zərərin onun təqsiri olmadan vurulduğunu sübut etsin. Həmçinin, yenə cavabdehin vəzifəsi olaraq müəyyən olunmuşdur ki, əgər podrat obyekti ona təhvil verilən zaman zədəlidirsə, o, bu barədə dərhal sifarişçiyə məlumat verməli idi. Əks halda podratçı sifarişçinin düşdüyü zərər üçün məsuliyyət daşıyacaqdır. Məhkəmə, podrat obyekti olan televizorun ekranının sınmasının cavabdehin təqsiri (ehtiyatsızlığı) nəticəsində baş verməsinin tam sübut olunduğu qənaətinə gələrək hesab edir ki, bu iddia ilə əlaqədar iddiaçı öz tələbində haqlıdır. Məhkəmə, iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun olduğunu və həmin hüququn cavabdehin təqsirli hərəkətləri nəticəsində pozulduğunu müəyyən etməklə yanaşı hesab edir ki, iddia tələbi iddia ərizəsində qeyd olunduğu məzmunda təmin edilə bilməz. Belə ki, iddia ərizəsində əsas tələb kimi Cavabdeh UE55RU7140UXRU model Smart TV 4K Samsung markalı televizorun yararsız hala salınması nəticəsində 2000 manat pulun və əldən çıxmış fayda kimi 300 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi irəli sürülmüşdür. Məhkəmə, iddia tələbinin televizorun yararsız hala salınması nəticəsində 2000 manat pulun tutulmasına dair hissəsinin əsassız olduğu qənaətinə gələrək qeyd edir ki, əvvəla işin halları ilə mübahisə obyekti olan televizorun yararsız hala gəlməsi faktı öz təsdini tapmır. Belə ki, həm iddiaçı, həm də cavabdeh öz izahatlarında televizorun təmirə gətirilərkən led lampalarının nasaz olduğunu, sonradan isə iddiaçının iddiasına əsasən ekranının sındırıldığını, cavabdehin etirazına əsasən isə sınıq olmasının aşkar edildiyini, həmin qüsurların aradan qaldırılacağı təqdirdə televizorun tam işlək vəziyyətə gətirilməsinin mümkün ola biləcəyini bildirmişlər. Bu isə televizorun tamamilə yararsız vəziyyətdə olmasını, televizorun qüsurunun təmir işləri ilə aradan qaldırılmasının mümkün olmamasını təkzib edir. Buna görə də məhkəmə hesab edir ki, televizorda olan qüsurların aradan qaldırılaraq tam işlək vəziyyətə gətirilməsi mümkün olduğuna görə, iddiaçının televizorun tam yararsız hala salınmasını iddia edərək yeni televizorun dəyərini təşkil edən məbləği tələb etməsi əsassızdır. Məhkəmə bu qənaətə gəlir ki, mübahisənin qanuni və ədalətli həlli üçün mübahisə obyekti olan televizorun cavabdeh tərəfindən təmir edilərək tam işlək vəziyyətdə iddiaçıya təhvil verilməsi daha məqbul hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, bu nəticəyə gələrkən, prosessual hüququn “yalnız tələb üzrə qərar qəbul edilməlidir” ümumi prinsipinin pozuntusuna yol verilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilən prosessual hüquq norması, mülki məhkəmə icraatının əsas prinsiplərindən biri olan dispozitivlik prinsipinin mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş normativ tənzimləmələrindən biri kimi tələb edir ki, məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar qəbul etməlidir. Məhkəmə qərar qəbul edərkən yalnız qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunan normanın tələblərini baxılan işin hallarına tətbiq edərək məhkəmə hesab edir ki, mübahisə obyekti olan televizorda olan qüsurun aradan qaldırılaraq tam işlək vəziyyətdə iddiaçıya təhvil verilməsinə dair nəticəyə gəlməklə iddia tələbində kənara çıxılmamışdır. Belə ki, iddiaçının hazırki tələbi irəli sürməsində hüquqi marağı ona məxsus olan əşyanın zədələnməsi nəticəsində ona dəymiş ziyanın aradan qaldırılmasından ibarətdir. Mülki qanunvericilik ziyanın aradan qaldırılmasının bir neçə üsulunu müəyyən etmişdir. Bunlar əsasən, əvvəlki vəziyyətin bərpa edilməsi, eyni keyfiyyətdə əşyanın verilməsi və zərərin ödənilməsi üsullarıdır. Məhkəmə qeyd edir ki, mülki hüququn əsas vəzifə və prinsiplərinə görə, mülki dövriyyənin stabilliyini, sabitliyini, davamlılığını təmin etməyin başlıca və ilk tətbiq olunması tələb edilən üsullarından biri, istər öhdəlik hüququnda öhdəliyin pozulması nəticəsində dəymiş ziyanın, istərsə də qeyri-müqavilə münasibətləri nəticəsində vurulmuş zərərin aradan qaldırılmasında ilkin vəziyyətin bərpa edilməsidir. Digər üsullar isə ilkin vəziyyətin bərpa edilə bilinmədiyi və ya ilkin vəziyyətin bərpa edilməsinin tənasübsüz şəkildə xərclər tələb etdiyi hallarda tətbiq edilə bilər. Məhkəmə vurğulayır ki, iqtisadi həyatın hüquqi tənzimlənməsində mühüm rol oynayan mülki qanunvericilik sistemi ilk növbədə əmtəə-mal dövriyyəsinin qorunmasını hədəf alıq. Buna görə də mülki qanunvericilik ilkin vəziyyətin bərpasını əsas prioritet kimi qəbul edir. Qeyd olunan normativ qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq olaraq öhdəlik və delikt münasibətləri üzrə vurulmuş ziyanın aradan qaldırılmasının üsullarını nəzərdə tutan 459.1, 459.5-ci və 1115-ci maddələrində əks olunmuşdur. Belə ki, Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 459.5-ci maddəsinə görə isə, əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. “Zərərin əvəzinin ödənilməsi üsulları” adlanan Mülki Məcəllənin 1115-ci maddəsində nəzərdə tutulur ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə, şərh olunanları baxılan işin hallarına tətbiq edərək hesab edir ki, mübahisə obyekti olan televizorda olan qüsurun aradan qaldırılaraq tam işlək vəziyyətdə iddiaçıya təhvil verilməsinə dair gəlinən nəticə iddiaçının hüquqi marağına uyğun olmaqla, iddia tələbinin mahiyyəti və məqsədi ilə əhatə olunur. Buna görə də həmin nəticə iddia tələblərindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında şifahi şəkildə bağlanmış podrat müqaviləsi üzrə sifarişçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərinin ümumi qaydalarını tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 436-cı maddəsinə əsasən, əgər icranın keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə, borclu ən azı orta keyfiyyətli iş görməli və orta keyfiyyətli əşya verməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci, 443.2-ci və 443.9-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Yenə həmin Məcəllənin 771-ci maddəsinə əsasən, podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Məhkəmə, iddia tələbini əldən çıxmış fayda kimi 300 manat vəsaitin cavabdehdən tutulması hissəsində əsassız hesab edərək qeyd edir ki, iddiaçı həmin tələbini onunla əsaslandırır ki, mübahisə obyekti olan televizorun istismarından gündəlik olaraq 5 manat məbləğində gəlir əldə edirdi və cavabdehin təqsiri nəticəsində televizor yararsız hala düşdüyü üçün həmin gəlirdən məhrum olmuşdur. Məhkəmə qeyd edir ki, əldən çıxmış fayda şəklində zərərin ödənilməsinə dair tələbin hüquqi əsası Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi zərərçəkmiş şəxsin əmlakında mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərlə əmələ gələn ziyanın aradan qaldırılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq pozuntusu nəticəsində mülki məsuliyyətin əsaslarını müəyyən edən maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin yaranması və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki hüquq məsuliyyətinin yaranması üçün vacib ünsürlərdən birini təşkil edir. Əgər mülki hüquq məsuliyyətinin müəyyən edilməsi zamanı, mülki hüququn təqsir prezumpsiyasına görə hüquqa zidd əməlin törədilməməsini sübut etmək yükü borclunun üzərinə düşürsə, zərərçəkən zərər vurulması faktını, həmin faktla zərər formasında nəticə arasında səbəbli əlaqənin olmasını və zərərin həcmini (miqdarını, məbləğini) sübuta yetirməyə borcludur. Məhkəmə qeyd edir ki, baxılan işdə iddiaçı cavabdehin hüquqa zidd əməli nəticəsində əldən çıxmış fayda şəklində zərərə məruz qalmasına, həmin zərərin həcminə dair halları sübut etməklə mükəlləf olmasına baxmayaraq, həmin sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddia tələbi əldən çıxmış fayda şəklində zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə, iddia tələbini mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı hesab edir. Belə ki, Cavabdeh hüquqa zidd əməl törətdiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 43 manat dövlət rüsumu tam şəkildə cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya verilməlidir, həmçinin ekspertiza tədqiqatının dəyərini təşkil edən 210 manat məbləğində vəsait cavabdehdən tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı məxsus UE55RU7140UXRU model Smart TV 4K Samsung markalı televizorda olan qüsurun aradan qaldırılması və həmin televizorun tam işlək vəziyyətdə iddiaçıya təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərci və 43 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 210 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar