Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-102/2021 03.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Mütəxəssis Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Şirvan filialının aparıcı müfəttişi X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və cərimənin silinməsi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı – cavabdehin Salyan Qaz İdarəsi tərəfindən ona məxsus fərdi istixanaya yazılmış ******* saylı 11.01.2019-cu il tarixli aktın və həmin akta əsasən hesablanmış 3240 manat cərimənin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ünvanda yaşamaqla yanaşı həyətyanı sahəsində kiçik bir fərdi istixanası mövcuddur. İstixana 2017-ci ildə onun adına qeydə alınmışdır. İstixanaya aid bütün sənədləşmə qaydasındadır. Fəaliyyətə başladığı müddətdə hər ay qazdan istifadəyə görə ödəniş etmişdir. İsitmə mövsümü boyu Şirvan qaz idarəsinin işçiləri hər ay 2 dəfə ona qaz sərfi barədə bildiriş vermiş, həmin bildirişə görə ödənişlərini etmişdir. Bundan başqa, mövsüm boyu demək olar ki, hər gün onların əməkdaşları gecə reydləri edib, tez-tez istixananın qaz təsərrüfatına baxış keçirilib, kənar xətt və digər qanunsuz hallar axtarılmışdır. Onun təsərrüfatında heç bir kənarlaşma aşkar olunmamışdır. 11.01.2019ci il tarixdə X7 İdarəsinin əməkdaşları gəlmiş, istixanaya baxarkən heç bir əsas olmadan, qanunsuz olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı 11.01.2019-cu il tarixli akt tərtib edilmişdir. Aktda qüsur kimi “abonentə məxsus istixanaya quraşdırılmış 28024773 nömrəli qaz sayğacı quraşdırılmış cihazların qaz sərfiyyatına uyğun deyil” qeyd edilmişdir. Belə ki, həmin sayğac Cavabdeh tərəfindən tərtib edilmiş lahiyə-smeta və texniki icra sənədlərinin tələbləri əsasında quraşdırılmışdır. Bundan başqa, o, 09.01.2018-ci il tarixli qazın qoşulması üçün ərizə ilə qaz idarəsinə müraciət edərkən, idarənin əməkdaşları yoxlama keçirmiş və 12.01.2018-ci il tarixli akt tərtib etmişlər. Həmin aktda nəzarət ölçü cihazlarının texniki vəziyyəti qənaətbəxş olması qeyd edilmişdir. İstixana qurulan gündən bu günədək orada yalnız bir növ qızdırıcı cihaz quraşdırılmışdır. Akt yazan şəxslərin dediyi ilə razılaşmayaraq iradlarını bildirmişdir. O, istixananın ilk gündən eyni sayğacla işlədiyini, istixananı istismara özlərinin qəbul etdiyini, mövsüm boyu müxtəlif komissiyalar tərəfindən yoxlanıldığını bildirmişdir. Əməkdaşlar onun sözünə məhəl qoymayaraq aktı tərtib etmişlər. Akt əsasında tərtib edilmiş “dəymiş ziyanın bərpasına dair” tələbnamədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.20110-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə və tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-ci bəndinə istinad edilmişdir. Lakin, bu qanunsuzdur. Belə ki, həmin bənddə qeyd edilmişdir ki, “istehlakçının təqsirli hərəkətləri nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüquq vardır”. Lakin, həmin sayğac Cavabdeh İB tərəfindən tərtib edilmiş lahiyə-smeta və texniki icra sənədləri əsasında yenə də, Cavabdeh İB-nin əməkdaşları tərəfindən quraşdırılmışdır. Cavabdehin nümayəndələri tərəfindən onun həyətində heç bir qazdan oğurluq faktı aşkar edilməmiş, cavabdehin nümayəndələri ona məlum olmayan səbəbdən əsassız bir akt tərtib etmiş, cərimə yazmışdırlar. O, heç vaxt oğurluq qaz işlətməmiş, sayğacla qaz işlətdiyini qeyd etmişdir. Buna görə də “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı 11.01.2019-cu il tarixli aktın qanunsuz olmasını və ləğv edilməsini bildirmişdir. Qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi məqsədilə o, 31.08.2020-ci il tarixli pretenziya ilə cavabdeh təşkilata müraciət etmişdir. Lakin, cavabdeh təşkilat heç bir tədbir görməmişdir. Odur ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. X7 İdarəsi tərəfindən ona yazılmış 11.01.2019-cu il tarixli ******* nömrəli akt və hesablanmış 3240 manat borc qanunsuzdur. Belə ki, onun fərdi istixanası onların mütəxəssisləri tərəfindən istismara qəbul edilmişdir. Kənarlaşma mövcud olan, cihazlarda və yaxud sayğacda uyğunsuzluq olan obyekt isə istismara qəbul edilə bilməz. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının Xİİ fəslinin 79-cu bəndinəəsasən aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yer və tarixinə uyğun gəlməlidir. Akt isə onun ünvanında və iştirakı ilə yazılmamışdır. Həmin Fərmanın Xİİ fəslinin 81-ci bəndinə əsasən akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanmalıdır. Bu zaman imza etmiş şəxslərin vəzifələri göstərilməlidir. Aktda isə fərdi istixanaya baxış zamanı orda iştirak etməyən şəxsin hal şahidi kimi adı yazılsa da, onun imza etməkdən imtina etdiyi qeyd edilsə də, akt nə həmin şəxs, nə də onun tərəfindən imzalanmamışdır. Heç ona bu günədək aktın əslini göstərib, imza atmağı təklif edən də olmamışdır. Cavabdeh X4 Qaz İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.2; 1.4; 3.4.11; 6.1.3-cü maddələrinin tələbləri pozulmuşdur. X7 İdarəsi tərəfindən aktın hesablanması barədə tərtib olunmuş sənədlərdə guya sayğacın çıxarılaraq dövət yoxlamasından keçirilməsi barədə aidiyyatı işçilərə tapşırıqlar verilmişdir. Lakin bu günədək qaz sayğacını çıxartmamışlar. Deməli aktın hesabatı sadəcə formal xarakter daşıyır. Hər hansı bir təsərrüfat xronometraj edilərkən onun qaz sayğacı yerində qalmalı, qaz xəttinin başlanğıcına digər qaz sayğacı quraşdırılmalıdır ki, istismarda olan qaz sayğacının hesabatı düzgün aparıb-aparmaması bəlli olsun. Sadəcə onun sayğacına baxıb getmişlər. İddiaçı tələbini dəqiqləşdirərək, Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı 11.01.2019-cu il tarixli akt ləğv edilərək, ona hesablanmış 3240 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və mütəxəssisin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iş üzrə tərəflər arasında AMX-S037/20 saylı, 04.12.2020-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” bağlanmışdır. Müqaviləyə əsasən paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunan ******* nömrəli, 11.01.2019-cu il tarixli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, İddiaçı məxsus istixanada quraşdırılmış qaz qurğusunun sayğacın saatlıq qaz sərfinə uyğun olmaması, işlədicinin maksimum saatlıq qaz sərfinin 25 m3/saat olduğu qeyd olunmuşdur. İşə əlavə edilən “dəymiş ziyanın bərpasına dair” 31.01.2019-cu il tarixli tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı qaz işlədicilərindən maksimal saatlıq qaz sərfi 25 m3/saat, mövcud sayğacın maksimal ölçmə həddi 10 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış 16200 m3 ((25-10)=15x18x60=16200 m3) məbləğin ödənilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Şirvan filialının aparıcı müfəttişi X5 tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, yerində baxış zamanı məlum olmuşdur ki, İddiaçı məxsus istixananın qaz xətti orta təzyiqli yeraltı qaz xəttinin d32 mm-lik qaz çıxışından qidalanır. Qaz xəttinin birləşmə yerində qazın təzyiqini tənzimləmək üçün qaz tənzimləyici və G-6 tipli 28024773 nömrəli qaz sayğacı 22.12.2017-ci il tarixində quraşdırılmışdır. Qaz sayğacının qayka birləşmələrinə vurulmuş 05518528 nömrəli və sayğacının işlək vəziyyətdə olduğunu təsdiq edən 18006463 nömrəli plomblar normal vəziyyətdədir. Qaz sayğacının göstəricisi 21144 m3 təşkil edir. Hal-hazırda mövsümlə əlaqədar istixanada qazdan istifadə olunmur. Obyektin qaz qurğusu 1 ədəd “Selsan” markalı standart su qızdırıcı qazandan ibarətdir. Su qızdırıcı qazanın istilik gücü, 200000 kkal (saatlıq qaz sərfi 25 m3/saat) üzərindəki Gasburner markalı odluğun istilik gücü isə min 46 kw (qaz sərfi 4,95 m3/saat), max 93 kw (qaz sərfi 9.99 m3/saat) təşkil edir. İddiaçı tərəfindən istixananın qazlaşması üçün paylayıcının verdiyi texniki şərt, qazlaşma layihəsi, qazlaşmanın aparılması barədə texniki icra sənədləri, qazın alqısatqı müqaviləsi və digər texniki sənədlər təqdim olunmuşdur. Texniki sənədlərinə baxış keçirərkən müəyyən olunmuşdur ki, istixananın qazlaşdırılması üçün vətəndaş tərəfindən Cavabdeh İB-nə 101728 nömrəli 16.09.2017-ci il tarixli ərizədə 1 ədəd su qızdırıcı göstərilməklə müraciət olunmuşdur. Cavabdeh İB tərəfindən qazlaşdırılma üçün 4887 nömrəli 16.10.2017-ci il tarixli texniki şərt verilmiş, saatlıq qaz sərfiyyatı 9,8 m3/saat müəyyən olunmuşdur. Texniki şərtin sorğu blankında 1 ədəd qaz sərfi 9,8 m3/saat olan su qızdırıcı qazan göstərilmişdir. İşlər yekunlaşdıqdan sonra istixananın qaz xəttinin üzərində hazırda xəttin üzərində olan G-6 tipli 28024773 nömrəli qaz sayğacı quraşdırılmış və “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 22.12.2017-ci il tarixli ******* nömrəli akt tərtib olunmuş, aktda istismarda olan cihaz, 1 ədəd Qazanxana tipli su qızdırıcı göstərilmişdir. Bundan sonra vətəndaş, Salyan RQİİ-yə istixananın qaz xəttinin qaz şəbəkəsinə birləşdirilməsi üçün 09.01.2018-ci il tarixində ərizə ilə müraciət etmişdir. 12.01.2018-ci il tarixində istixananın qaz qurğularına Salyan RQİİ-nin nümayəndələri tərəfindən baxış keçirilmiş və İstehlakçının qaz təsərrüfatının inventar aktı tərtib olunmuş, aktda qaz işlədici avadanlıq olaraq 1 ədəd, saatlıq qaz sərfi 9,9 m3/saat odluq göstərilmişdir. Həmçinin 12.01.2018-ci il tarixində Salyan RQİİ-nin nümayəndələri tərəfindən digər bir akt tərtib olunaraq istixananın qaz qurğularının qənaətbəxş və istismara yararlı olması barədə qeydlər aparılmışdır. 24.01.2018-ci il tarixində Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında Qazın alqı-satqısı barədə ASX-1/569. nömrəli müqavilə bağlanılmışdır. Müqavilədə qaz qurğusu olaraq gücü qeyd olunmayan odluq göstərilmişdir. Eləcə də istixananın fərdi qaz hesabında qaz qurğusu 1 ədəd odluq göstərilmişdir. Sonradan, istixananın qaz sayğacı 23.05.2018-ci il tarixli ******* nömrəli akta əsasən açılaraq növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. Sayğac istismara yararlı olduğu üçün 17.12.2018-ci il tarixli ******* nömrəli akt tərtib olunaraq istixananın qaz xəttinin üzərinə bağlanmışdır. Abonent saldosuna əsasən sayğac olmadığı müddətdə istixanada qazdan istifadə olunmamışdır. Salyan RQİİ-nin nümayəndələri tərəfindən 11.01.2019-cu il tarixində istixananın qaz təsərrüfatına baxış keçirilmiş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib olunmuşdur. Akta istixanada quraşdırılmış qaz qurğusunun sayğacın saatlıq qaz sərfinə uyğun olmaması, yəni quraşdırılmış qaz sayğacının ölçmə həddinin 10 m3/saat olduğu, işlədicinin isə maksimum saatlıq qaz sərfinin 25 m3/saat olduğu qeyd olunmuşdur. Akta əsasən 31.01.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə hesabat aparılmış və 16200 m3 itirilmiş qaz, dəyəri 3240 manat olmaqla borc hesablanaraq istehlakçıya məxsus istixananın qaz hesabına daxil edilmişdir. Tələbnamədə mövcud qaz sayğacının yeni sayğacla əvəz olunaraq dövlət yoxlamasına göndərilməli olduğu qeyd olunmuşdur. 04.12.2020-ci il tarixində Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında Qazın alqı-satqısı barədə müqavilə yenilənmiş, AMX-5037/20 nömrəli müqavilə bağlanılmışdır. Müqavilədə qaz qurğusu olaraq gücü qeyd olunmayan odluq göstərilmişdir. 19.12.2020-ci il tarixində vətəndaş yeni mövsümlə əlaqədar qaz təchizatının bərpa olunması üçün “Salyan” RQİİ-nin Şirvan qaz xidmət sahəsinə ərizə ilə müraciət etmiş və qaz təchizatı bərpa olunmuşdur. Qeyd olunanlardan istixananın sözü gedən qazan və odluqla istismara buraxıldığı məlum olur. Belə ki, İddiaçı istixananın qazlaşması üçün etdiyi 101728 nömrəli 16.09.2017-ci il tarixli ərizədə 1 ədəd su qızdırıcı göstərmiş və Cavabdeh İB tərəfindən qazlaşdırılma üçün verilmiş 4887 nömrəli 16.10.2017-ci il tarixli texniki şərtin sorğu blankında 1 ədəd qaz sərfi 9.8 m3/saat olan su qızdırıcı qazan qeyd olunmuşdur. 12.01.2018-ci il tarixində istixananın qaz qurğularına Salyan RQİİ-nin nümayəndələri tərəfindən baxış keçirilmiş və istehlakçının qaz təsərrüfatının inventar aktı tərtib olunmuş, aktda qaz işlədici avadanlıq olaraq 1 ədəd, 9,9 m3/saat odluq göstərilmişdir. Həmçinin 12.01.2018-ci il tarixində Salyan RQİİ-nin nümayəndələri tərəfindən digər bir akt tərtib olunaraq istixananın qaz qurğularının qənaətbəxş və istismara yararlı olması barədə qeydlər aparılmışdır. Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında Qazın alqı-satqısı barədə 24.01.2018-ci il tarixli ASX- 1/569 nömrəli, eləcə də 04.12.2020-ci ildə yenilənmiş, AMX-5037/20 nömrəli müqavilədə qaz qurğusu olaraq gücü qeyd olunmayan odluq göstərilmişdir. İstixananın fərdi qaz hesabında da qaz qurğusu 1 ədəd odluq göstərilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib olunarkən, su qızdırıcı qazanın üzərində olan odluğun maksimum qaz sərfiyyatı 9.99 m3/saat olması, sayğacın xronometraj olunubolunmaması, olunubsa hansı ölçü cihazından istifadə olunması, prosesin hansı müddətə aparılması, qaz sayğacının maksimum sərfiyyatından nə qədər artıq qaz sərfinin qeydə alınması barədə aktda və digər təqdim olunmuş sənədlərdə qeydiyyat aparılmamışdır. Akt tərtib olunarkən sayğacın yenisi ilə əvəz olunaraq sayğacın dövlət yoxlamasına göndərilməsi tələbi qeyd olunsa da, hal-hazırkı vaxtadək bu iş icra olunmamışdır. Belə ki, aktda qeyd olunan 05518528 nömrəli plomb hal-hazırda sayğacın üzərində normal vəziyyətdədir və tərtib olunarkən sayğacın göstəricisi 7438 m3 olmuş, hal-hazırda isə 21144 m3 -dir. Abonent saldosu araşdırılaraq müəyyən olunur ki, istixanada ən çox qaz sərfiyyatı 2019-cu ilin yanvar ayında 3354 m3 qeydə alınmışdır və bu aylıq qaz sərfini ayın günlərinin sayına və qaz qurğusunun orta günlük iş saatına böldükdə (yəni, 3354:31:12=9,01 m3) qaz sərfi 9,01 m3/saat alınır ki, bu da sayğacın maksimum qaz sərfindən aşağıdır. Digər tərəfdən 19.12.2020-ci il tarixində vətəndaş yeni mövsümlə əlaqədar qaz təchizatının bərpa olunması üçün ərizə ilə müraciət etmiş və qaz təminatın bərpa edildikdən təqribən 22 gün sonra isə ******* nömrəli akt tərtib olunaraq 60 günə görə hesabat aparılmışdır. Digər tərəfdən, istixananın qaz qurğusu istismara icazə verildikdən sonra qaz sayğacı 23.05.2018-ci il tarixli ******* nömrəli akta əsasən açılaraq növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. Sayğac istismara yararlı olduğu üçün 17.12.2018-ci il tarixli ******* nömrəli akt tərtib olunaraq istixananın qaz xəttinin üzərinə bağlanmışdır. Qeyd olunanlara əsasən, sayğacın dövlət yoxlamasından keçirilməklə normal olduğu, saatlıq qaz sərfinin odluğun saatlıq qaz sərfinə uyğun olduğu, sayğacın maksimim qaz sərfindən əlavə qaz həcminin istifadə edilmədiyi, aktın düzgün tərtib olunmadığı və hesabatın əsassız aparıldığı məlum olur. Nəticə olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixi 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, hesablanmış 3240 manat məbləğinin abonent hesabından silinməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Şirvan filialının aparıcı müfəttişi X5 tərtib edilmiş mütəxəssis rəyinə uyğun izahat verərək göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixi 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, hesablanmış 3240 manat məbləğinin abonent hesabından silinməsi məqsədəuyğundur. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Salyan RQİİ-nin nümayəndələri tərəfindən 11.01.2019-cu il tarixində istixananın qaz təsərrüfatına baxış keçirilmiş və ******* saylı akt tərtib olunmuşdur. Aktda istixanada quraşdırılmış qaz qurğusunun saatlıq qaz sərfinə uyğun olmaması, yəni quraşdırılmış qaz sayğacının ölçmə həddinin 10 m3/saat olduğu, işlədicinin isə maksimum qaz sərfinin 25 m3/saat olduğu qeyd olunmuşdur. Akta əsasən 31.01.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə hesabat aparılmış və 16200 m3 itirilmiş qaz, dəyəri 3240 manat olmaqla borc hesablanaraq istixananın qaz hesabına daxil edilmişdir. Sayğacın xronometraj olunub-olunmaması, olunmuşdursa hansı ölçü cihazından istifadə olunması, prosesin hansı müddətə aparılması, qaz sayğacının maksimum sərfiyyatından nə qədər artıq qaz sərfinin qeydə alınması barədə ******* saylı aktda və digər sənədlərdə qeydiyyat aparılmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, akt tərtib olunarkən sayğacın yenisi ilə əvəz olunaraq sayğacın dövlət yoxlamasına göndərilməsi tələbi qeyd olunsa da, hal-hazırkı vaxtadək bu iş icra olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təqdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 3.4.11-ci bəndinə əsasən, qanunvericiliyə uyğun sertifikatlaşdırılmamış qaz qurğularından istifadə etmək istehlakçılara qadağandır. Qeyd edilən Qaydaların 6.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə istehlakçının qaz qurğusu AİBNDA müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə qazın verilməsini dayandıra bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan istixananın qaz təchizatında cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təqdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təqdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda müəyyən edilmiş anlayışlara görə sənaye qaz qurğusu - ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları). Həmin Qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqısatqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. Göstərilən Qaydaların 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Qeyd edilən Qaydaların 4.1-ci bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Yenə həmin Qaydaların 4.3 və 4.4-cü bəndlərinə əsasən, qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Göründüyü kimi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan qaz qurğuları sənaye qaz qurğusudur. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Həmin müqavilədə tərəflərin vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər göstərilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin sayğaclar müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Eyni zamanda, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına texniki baxış “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada keçirilir. İşin halları ilə müəyyən edilir ki, 04.12.2020-ci il tarixdə (əvvəlcə, 24.01.2018-ci il tarixdə) qaz paylayıcı ilə sanaye qaz qurğusu istifadəçisi, fərdi sahibkar İddiaçı arasında ona məxsus Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində quraşdırmış istixanaya məhz senaye qazın verilməsi barədə müqavilə bağlanmışdır. Bu müqavilə qazpaylayıcı ilə məişət yox, məhz sənaye qaz qurğusu istifadəçisi ilə bağlanmışdır. “Qazdan istifadə Qaydaları”na görə isə sənaye qaz qurğusu - ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan qurğulardır. Belə çıxır ki, layihəyə görə istehlakçı İddiaçı istifadə etdiyi qaz qurğuların maksimal saatlıq qaz sərfi 10 kubmetrdən artıq olmuşdur ki, onunla “Qaydalara” müvafiq olaraq qazın alqı-satqısına dair məişət deyil, məhz sənaye qaz qurğusu istifadəçisi kimi müqavilə bağlanmışdır. Belə olan halda qazpaylayıcı tərəfindən sözügedən istixanaya qaz qurğuların maksimal saatlıq qaz sərfi 10 kubmetrlik qaz həcmi üçün nəzərdə tutulmuş qaz sayğacının quraşdırılması “Qazdan istifadə Qaydaları”nın tələblərinə ziddir və pozuntudur. Qazpaylayıcı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş ******* saylı 11.01.2019-cu il tarixli aktda abonentin istixanasında quraşdırılmış cihaz(lar)ın sayğac sərfiyyatına uyğun olmadığı, sayğacın saatlıq qaz sərfinin 25 kubmetr olmasının aşkar edildiyi göstərilsə də, həmin cihazların istixananın qazlaşdırma layihəsində nəzərdə tutulmuş cihaz(lar) olub-olmadığı və ya layihədən kənar cihaz(lar)ın quraşdırılıb-quraşdırılmadığı, əgər əlavə cihaz(lar) quraşdırılmamışsa layihə uyğun qurğuların konstruksiyasına hansı dəyişikliyin edilibedilməməsi müəyyən olunmamışdır. Bundan əlavə, xronometraj müvafiq qaz sayğacı üzrə faktiki qaz sərfinin həcmini ölçülməsi məqsədilə müəyyən zaman kəsiyində aparılmış olduğundan, bunun nəticəsində qazdan istifadə qaydalarının pozuntusunun müəyyən oluna biləyəcəyi istisna edilmədiyindən və belə olan halda bu hərəkət müvafiq hüquqi məsuliyyətin yaranmasına əsas olmuş olacağından, həmin hərəkətin həyata keçirilməsi, o cümlədən xronometrajın hansı cihaz vasitəsi ilə aparılması, onun texniki göstəriciləri, xronometrajın başlandığı və bitdiyi zaman, həmin zamanlarda sayğacın göstəriciləri hər hansı bir formada rəsmləşdirilməlidir (protokolla və ya aktla). Qazpaylayıcı orqan tərəfindən “Qazdan istifadə qaydalarının pozulması barədə” ******* saylı 11.01.2019-cu il tarixli aktda, bu aktın tərtib olunması üçün sayğacın xronometraj olunub-olunmaması, olunubsa, həmin xronometrajın keçirilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, cavabdeh təşkilat tərəfindən istehlakçı İddiaçı istixanasına baxış aparılmasının (o cümlədən, quraşdırılmış sayğaca xronometraj keçirilibsə, onun keçirilməsinin) qanuni əsasına, o cümlədən yoxlamanın qaz sayğacının texniki pasportunda göstərilmiş müddətin çatması ilə bağlı və ya “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həyata keçirilməsinə dair hər hansı sübut təqdim etməmişdir ki, həmin sübutların da olmaması aparılmış yoxlamanın nəticələrinin və bunun rəsmləşdirməsi üçün tərtib edilmiş sənədlərin etibarsızlığına səbəb olur. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2.3-cü maddəsinə əsasən, yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod göstərilir. Azərbaycan Respublikası Prezidentinin 383 nömrəli 15.02.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bundan başqa, qeyd edilən akt tərtib olunarkən sayğacın yenisi ilə əvəz olunaraq sayğacın dövlət yoxlamasına göndərilməsi tələbi qeyd olunsa da, hal-hazırkı vaxtadək bu iş icra olunmamışdır. Belə ki, mütəxəssis rəyindən və işin materiallarından da aydın olur ki, aktda qeyd olunan 05518528 nömrəli plomb hal-hazırda sayğacın üzərində normal vəziyyətdədir və tərtib olunarkən sayğacın göstəricisi 7438 m3 olmuş, hal-hazırda isə 21144 m3-dir. Abonent saldosu araşdırılaraq müəyyən olunur ki, istixanada ən çox qaz sərfiyyatı 2019-cu ilin yanvar ayında 3354 m3 qeydə alınmışdır və bu aylıq qaz sərfini ayın günlərinin sayına və qaz qurğusunun orta günlük iş saatına böldükdə (yəni, 3354:31:12=9,01 m3) qaz sərfi 9,01 m3/saat alınır ki, bu da sayğacın maksimum qaz sərfindən aşağıdır. Bundan başqa, 19.12.2020-ci il tarixində vətəndaş yeni mövsümlə əlaqədar qaz təchizatının bərpa olunması üçün ərizə ilə müraciət etmiş və qaz təminatın bərpa edildikdən təqribən 22 gün sonra isə ******* nömrəli akt tərtib olunaraq 60 günə görə hesabat aparılmışdır. Digər tərəfdən, istixananın qaz qurğusu istismara icazə verildikdən sonra qaz sayğacı 23.05.2018-ci il tarixli ******* nömrəli akta əsasən açılaraq növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. Sayğac istismara yararlı olduğu üçün 17.12.2018-ci il tarixli ******* nömrəli akt tərtib olunaraq istixananın qaz xəttinin üzərinə bağlanmışdır. Qeyd olunanlara əsasən, sayğacın dövlət yoxlamasından keçirilməklə normal olduğu, saatlıq qaz sərfinin odluğun saatlıq qaz sərfinə uyğun olduğu, sayğacın maksimim qaz sərfindən əlavə qaz həcminin istifadə edilmədiyi, aktın düzgün tərtib olunmadığı və hesabatın əsassız aparıldığı məlum olur. Buna görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixi 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, hesablanmış 3240 manat məbləğinin abonent hesabından silinməsi məqsədəuyğundur. Belə ki, həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə göstərilən akt ləğv edilməli və istixana üzrə iddiaçıya hesablanmış 3240 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı 11 yanvar 2019-cu il tarixli akt ləğv edilsin. Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ünvanında yerləşən istixana üzrə İddiaçı (abonent kodu **********00096) hesablanmış 3240 manat məbləğində borc silinsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-102/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-102/2021
03.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver