Məhkəmə qərarları › İş №e-2-2(121)-102/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-102/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-102/2023 08.02.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “X7” MMC-yə və qeyrisinə qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barəsində iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “iddiaçı”, ləğv prosesində olan İddiaçı ASC və ya İddiaçı ASC) cavabdehlər “X7” MMC-yə və Cavabdeh2 qarşı – 4560,04 manat əsas və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2258,55 manat faiz borcu, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 50 manat məbləğində xərci və 39 manat məhkəmədə iddia qaldırılması üçün ödənilən dövlət rusumunun cavabdeh “X7” MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 116 saylı evin 4 otaqlı 112 nömrəli mənzilə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin “X7” MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, alıcıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə “X7” MMC arasında bağlanmış xx.xx.2006-ci il tarixli 375 saylı kredit müqaviləsinə əsasən “X7” MMC 60 ay müddətinə illik 7 faiz dərəcəsi ilə 55000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 116 saylı evin 4 otaqlı 112 nömrəli mənzili ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə bank ilə Cavabdeh2 arasında xx.xx.2006-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********846 saylı xx.xx.2021-ci il tarixli, **********092 saylı xx.xx.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idilər, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehə 375 saylı, xx.xx.2006-ci il tarixli kredit müqaviləsi üzrə borcu üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdehlərə təklifə cavab vermədiyi üçün Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiya dəvət məktubu göndərilmişdir. xx.xx.2021-ci il tarixinə “X7” MMC-nin kredit üzrə cəmi borcu 6818,59 manat təşkil edir. Bundan 4560,04 manat əsas və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2258,55 manat faiz borcu təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış ipoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən hüquq normalarının tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinin tələblərinə uyğun olaraq ipoteka qoyanlara bildiriş göndərilmiş və həmin bildirişlərin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Eyni zamanda izahatında göstərdi ki, cavabdeh “X7” MMC-nin borcu mövcuddur. Borcun ödənilməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə ünvanlanan 04/K-515 saylı, xx.xx.2014-cü il tarixli məktub ilə bağlı bankın arxiv materiallarında heç bir məlumat mövcud deyildir. İddiaçı ASC-nin bir neçə məsul əməkdaşları barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunda cinayət işi açılmışdır. Hazırki iş üzrə də, xüsusi qərardadın çıxarılması zəruridir. Çünki, bankın həmin zaman məsul əməkdaşları tərəfindən cavabdehin borcu ödənilmədiyi halda, qanunsuz olaraq məktub ünvanlanaraq cavabdehin əmlakı ipotekadan azad olunmasına razılıq verilmiş, əmlak ipotekadan azad olunaraq, digər şəxslərə satılmışdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini, həmçinin iş üzrə xüsusi qərardad çıxarılaraq, prokurora məlumat verilməsini xahiş etdi. Cavabdeh “X7” MMC və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan və iddia müddəti ötürüldüyündən, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh “X7” MMC arasında xx.xx.2006-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 7 faiz ödəmək şərti ilə 60 ay müddətinə 55000 manat məbləğində kredit verilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə X7” MMC arasında 375/01 saylı, xx.xx.2006-cı il tarixli ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində 0,22818 ha torpaq sahəsində, 116 nömrəli, 9-cu mərtəbəbəli binada yerləşən, 112 nömrəli mənzili kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 nömrəli evin, 112 nömrəli mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli bildiriş göndərmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli bildiriş göndərmişdir. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə 4560,04 manat məbləğində əsas borc və 2258,55 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 6818,59 manat məbləğində kredit borcu vardır. İşə əlavə olan Azərbaycan Respublikası Ədliyyə Naziliyi Dövlət Notariat Arxivinin xx/xx-8439/11 nömrəli, xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı ASC Dövlət Notariat Arxivinə 04/K-515 nömrəli, xx.xx.2014-cü il tarixli məktubla (İddiaçı ASC-nin İdarə Heyətinin sədri Z.Quliyeva tərəfindən imzalanmış və bankın möhürü ilə təsdiq edilmiş məktubla) müraciət edərək, Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş, bankla hüquqi şəxs “X7” MMC arasında bağlanmış 375 saylı, xx.xx.2006-cı tarixli kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirildiyi üçün həmin müqaviləyə əsasən bağlanmış 375/01 saylı, xx.xx.2006-cı il tarixli əmlak ipoteka müqaviləsində göstərilən Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 saylı evin, 112 saylı mənzilinə dair verilmiş MH seriyalı, xx.xx.2006-ci il tarixli çıxarışın Cavabdeh2 qaytarılmasına etiraz etmirlər. İşə əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən Cavabdeh2 ünvanlanmış 05/01-R-13/13 saylı, xx.xx.2014-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı ASC-nin İdarə Heyətinin 04/K-515 saylı, xx.xx.2014-cü il tarixli məktubuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli çıxarış ona göndərilir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin **********83 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publık hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 saylı evin, 112 saylı mənzili xx.xx.1998-ci ıl tarixində X5 adına ilkin qeydiyyatdan keçmişdir Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontorunun xx.xx.1998-ci il tarixli, 3/M-Aİ-59 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 adına Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontorunun 04 06 2002-cı ıl tarixli 4-Ə-2-148 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən Cavabdeh2 adına, Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunun 02.04 2014-cü il tarixli 4Ə1-142 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6 adına, Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunun xx.xx.2014-cü il tarixli 4Ə-330 reyestr nömrəli alqı-satqı müqaviləsininə əsasən X4 adına, Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunun xx.xx.2020-ci il tarixli 46/1872 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmişdir və hazırda sonuncunun mülkiyyətindədir. İşə əlavə edilən cavabdeh “X7” MMC-nin nümayəndəsi, eyni zamanda Cavabdeh2 məhkəməyə ünvanladığı ərizədən görünür ki, məhkəmə iclasları barədə məhkəmə bildirişləri onlara gec çatdırıldığından iddia ilə tanış olmaqları gec olmuşdur. İddiaçı tələbini iddia müddətini ötürməklə vermişdir. Buna görə iddia iddiaya iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə qəbul edilməlidir. Eyni zamanda iddiaçıya olan borc tamamilə ödənilmişdir. İddiaçının xx.xx.2014-cü il tarixli məktubu ilə borcun ödənilməsi təsdiq olunur. İddiaçı tələbinin əsaslandıran sübutları məhkəməyə təqdim edə bilmir və “X7” MMC və Cavabdeh2 əsassız iddia üzrə də iddia müddətini ötürmüşdür. 3 ildən artıq müddətdə müqavilədən əmələ gələn iddialar üzrə iddia müddətini ötürmüşdür. Bu səbəbdən də, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərlə qeyd edilən kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərini tam şəkildə yerinə yetirməsi və borcunun olmaması müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını tam şəkildə yerinə yetirməklə, pul öhdəliyini yerinə yetirmişdir. Odur ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı qeyd edilən tələb irəli sürmüş olsa da, göstərilən tələbinin əsası kimi hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, habelə bu məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, iddia əsassızdır. Odur ki, iddia rədd edilməlidir. Bundan əlavə, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə “X7” MMC arasında xx.xx.2006-cı il tarixində bağlanmış kredit müqaviləsinə əsasən ona 5 il müddətinə (yəni, xx.xx.2011-ci il tarixədək) qaytarılması şərtilə, illik 7 faiz hesablanmaqla 55000 manat məbləğində kredit verilmişdir. Belə olan halda, iddiaçı üçün iddia müddəti axımı həmin vaxtdan başlamışdır. İşin materiallarından isə görünür ki, iddiaçının mövcud iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Lakin, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Belə ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Digər tərəfdən, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Eyni zamanda, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh “X7” MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2011ci il tarixdə bitərək iddia müddətinin axımı başladığından, iddia müddəti xx.xx.2014-cü il tarixdə bitmişdir. Odur ki, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Cavabdeh(lər) işin materiallarına əlavə edilmiş ərizəsindən görünür ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müddətin ötürülməsi ilə verildiyindən iddianın rədd edilməsini xahiş edir(lər). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh(lər) iddia müddətinin tətbiqinə dair ərizə verdiy(klər)indən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir. Məhkəmə iddia tələbinin “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qeyd edilən Məcəllənin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yəni, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin, sözügedən norma Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Cavabdeh(lər)in isə borcu olmadığı təqdirdə iddiaçı mövcud tələblə çıxış edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyi qalmadığından, o cümlədən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia tələbi digər hissələrdə rədd edilməli olduğundan, iddianın qeyd edilən hissəsi də əsassızdır. Buna görə də, iddia bu hissədə də rədd edilməlidir. Məhkəmə eyni zamanda iddianın 39 manat dövlət rüsumunun cavabdeh(lər)dən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Buna görə də iddianın dövlət rüsumunun cavabdeh(lər)dən alınmasına dair hissəsi də rədd edilməlidir. Məhkəmə eyni zamanda iddianın 50 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, 50 manat məbləğində mediasiya xərci iddiaçıya aid edilməlidir. Buna görə də iddianın mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsi də rədd edilməlidir. Digər tərəfdən, əsas tələb üzrə iddia müddətinin keçməsi əsasa görə iddia rədd edilməli olduğundan, Mülki Məcəllənin 376-cı maddəsinin tələbi baxımından, iddia tələbi “tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka qoyulmuş əmlakın açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılaraq, alıcıya təhvil verilməsi”nə dair hissələrdə də rədd edilməlidir. Həmçinin qeyd edilən əmlak sonradan alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirilmiş və hazırda Cavabdeh2 deyil, başqa şəxsin mülkiyyətindədir. Belə olan halda, iddia göstərilən hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin “X7” MMC-dən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Həmçinin, iddia tələbi digər hissələrdə rədd edilmişdir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia müddəti ötürülmüş və mübahisə tərəfinin müddətin tətbiqinə dair ərizə verdiyi iddia təmin edilə bilməz. Odur ki, iddia müddəti ötürüldüyündən və iddia əsasız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “X7” MMC-yə və Cavabdeh2 qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barəsində iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar