Məhkəmə qərarları › İş №e-2-2(121)-1024/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1024/2021

05.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1024/2021 05.08.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı Nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Nümayəndə cavabdeh “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nümayəndə cavabdeh “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7.299,05 manat borcun, vurulmuş ziyana (əldən çıxmış faydaya) görə 7.590,96 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Nümayəndə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Nümayəndə iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 7.299,05 manat məbləğində borcun, əldən çıxmış faydaya görə 12.826 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, iddiaçı Nümayəndə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddianın dəyişdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, fiziki şəxs Nümayəndə ilə “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC arasında 01 yanvar 2019-cu il tarixli, 2 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə, “Satıcı” bu müqavilədə müəyyən olunmuş şərtlərlə ərzaq, sənaye və s. gündəlik tələbat mallarını müqavilənin 7.1-ci bəndində nəzərdə tutulmuş qaydada “Alıcıya” satmağı, “Alıcı” isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini müqavilənin 4.1-ci bəndində göstərilmiş formada “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq, “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC 08.02.2019-cu il tarixli, 078021 saylı təhvil-qəbul aktı ilə 2.880 manat dəyərində, 15.02.2019-cu il tarixli, 078190 saylı təhvil-qəbul aktı ilə 3.872 manat dəyərində, 28.02.2019-cu il tarixli, 078524 saylı təhvilqəbul aktı ilə 208,25 manat dəyərində, 21.10.2019-cu il tarixli, 894191 saylı təhvil-qəbul aktı ilə 287,12 manat dəyərində, ümumilikdə 7.299,05 manat dəyərində heyvan yemi məhsulunu Nümayəndə almışdır. Lakin “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC alqı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək, aldığı məhsulların pulunu bu günə qədər ödəməmişdir. Tərəflər arasında borcun ödənilməsi istiqamətində danışıqlar aparılsa da, cavabdeh borcunu ödəməkdən imtina etmişdir. Ərizəyə əlavə edilmiş 26.04.2021-ci il tarixli pretenziyadan da görünür ki, cavabdeh “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC borcunu hal-hazıradək ödəməmişdir və ödəməkdən imtina etmişdir. “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC üzərinə düşən öhdəliyini yerinə yetirməyərək müqavilə şərtlərini pozmuş, Nümayəndə olan 7.299,05 manat borcunu ödəməyərək, iddiaçının sahibkarlıq fəaliyyətinin inkişafına uzun müddət xələl gətirmiş, əldə olunacaq gəlirdən onu məhrum edərək zərər vurmuşdur. Belə ki, Nümayəndə ilə "xxxx" MMC arasında olan Beyləqan-Füzuli rayonları üzrə yem satışı barədə malların alqı-satqısı “Distribüter” müqaviləsinə əsasən, yem satışından əldə olunan vəsaitdən ümumilikdə 8% həcmində mükafat müəyyən edilmişdir. Odur ki, alıcı “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-nin 7.299,05 manat borc məbləğinin ay üzrə 8 faizi, yəni 583 manatı 22 ay hesablanmaqla 12.846 manat təşkil edir. İddiaçı Nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin və iddianın dəyişdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X5 izahat verərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nümayəndə (satıcı) ilə “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) arasında bağlanılmış 01.01.2019-cu il tarixli, 2 saylı alqı-satqı müqaviləsinə əsasən, satıcı bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə ərzaq, sənaye və s. gündəlik tələbat mallarını alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, satıcı malı qanunverciliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə və qarşılıqlı razılaşdırılmış miqdarda və çeşiddə alıcıya təhvil verməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olaraq, həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməlidir. İş materiallarında olan malların təhvil-qəbul aktlarından görünür ki, 08.02.2019-cu il tarixli, 078021 saylı akta əsasən 2.880 manat, 15.02.2019-cu il tarixli, 078190 saylı akta əsasən 3.872 manat, 28.02.2019-cu il tarixli, 078524 saylı akta əsasən 208,25 manat, 21.10.2019-cu il tarixli akta əsasən 338,80 manat dəyərində heyvan yemi Nümayəndə tərəfindən “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-yə ünvanlanmış və həmin mallar təhvil alınmışdır. İş materiallarında olan elektron qaimələrin surətlərindən görünür ki, 13.02.2019-cu il tarixdə 2.880 manat, 28.02.2019-cu il tarixdə 208,25 manat, 11.03.2019-cu il tarixdə 3.872 manat və 21.10.2019-cu il tarixdə 338,80 manat olmaqla, cəmi 7.299,05 manat həcmində heyvan yeminin dəyərinin ödənilməsi ilə bağlı Nümayəndə tərəfindən “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-yə elektron qaimələr göndərilmişdir. İş materiallarında olan kassa mədaxil orderlərindən görünür ki, “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC tərəfindən Nümayəndə müxtəlif vaxtlarda müxtəlif həcmdə pul vəsaitləri ödənilmişdir. İş materiallarında olan 05.05.2021-ci il tarixli pretenziyadan görünür ki, Nümayəndə tərəfindən “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-yə müraciət edilərək, 7.298,25 manat borcun 7 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Nümayəndə ilə “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC arasında 2019 və 2020-ci illərdə aparılmış alqı-satqı nəticəsində yaranmış borc qalığı barədə arayışda qeyd olunmuşdur ki, 29.01.2019-13.06.2020-ci il tarixlərdə baş vermiş alqı-satqılar nəticəsində “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-nin 7.299,64 manat borcu qalmışdır. İş materiallarında olan və cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş imzasız və möhürsüz topdan satış qaimələrindən (topdan satış faturaları) görünür ki, Nümayəndə ilə “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC (Şahbazov Xalıq) arasında müxtəlif vaxtlarda və müxtəlif dəyərlərdə heyvan yeminin alqı-satqıları həyata keçirilmişdir. İş materiallarında olan və iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimələrdən görünür ki, 31.01.2019-30.12.2020 tarixlərdə heyvan yeminin dəyərinin ödənilməsi ilə bağlı Nümayəndə tərəfindən “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-yə müxtəlif məbləğli çoxsaylı elektron qaimələr göndərilmişdir. İş materiallarında olan Füzuli Rayon Vergilər Şöbəsi tərəfindən “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-yə ünvanlanmış 24.09.2020-ci il tarixli, **********409100 saylı məktubda qeyd edilmişdir ki, heyvanların saxlanılması üçün istifadə edilən yem məhsullarının ƏDV-dən azad olunması ilə bağlı müraciətə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.43-cü və 164.1.46-cı maddələrinə əsasən kəpəyin istehsalı və satışı (2019-cu martın 1-dən 2 il müddətinə), heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr (2020-ci il yanvarın 1-dən 4 il müddətinə) əlavə dəyər vergisini ödəməkdən azad edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Nümayəndə arasında bağlanılmış 01.08.2019cu il tarixli malların alqı-satqısı (distribüter) müqaviləsinə əsasən, satıcı müxtəlif yem məhsullarını və digər malları distribüterə verməyi, distribüter isə onları qəbul etməyi, dəyərini ödəməyi və bu müqavilədə nəzərdə tutulmuş qaydada topdan satışını, paylaşdırılmasını təşkil etməyi və bununla əlaqədar bu müqavilədə nəzərdə tutulan iş və xidmətləri həyata keçirməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən, hər bir mal partiyası üzrə malların adı, çeşidi, qiyməti və kəmiyyəti distribüterin satıcı tərəfindən bu müqaviləyə uyğun şəkildə təsdiq edilmiş sifarişlərinə uyğun tərtib olunan və yazılı şəkildə təqdim edilən elektron qaiməfakturalarda qeyd edilir. Həmin müqaviləyə 01.08.2019-cu il tarixli 1 saylı əlavəyə əsasən, bütün heyvan yemlərinə görə 5,5% satış məbləğinə görə, 1,5% hədəfə görə və 1% nağd ödənişə görə olmaqla, toplam 8% güzəşt edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, əmək müqaviləsinə əsasən, 2019-cu ilin dekabr ayından “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-də mühasib, 2020-ci ilin noyabr ayından isə baş mühasib vəzifəsində işləmişdir. Müqavilə bağlamamışdan qabaq da, yəni 2019-cu ilin əvvəllərindən həmin müəssisədə qeyri-rəsmi fəaliyyət göstərmiş, işlərin aparılmasında kömək etmiş, rəhbərin köməkçisi işləmişdir. Ona bunun üçün etibarnamə də verilmişdir. Buna hüququ olduğu üçün bəzi sənədləri imzalamışdır. Lakin tərəflər arasında bağlanılmış müqavilədəki və 21.10.2019-cu il tarixli malların təhvil-qəbul aktındakı imzalar ona məxsus deyildir. “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-nin Nümayəndə ilə alış-verişləri olmuş, ən çox malı 2021-ci ilin aprel ayının ilk 10 günlüyündə qəbul etmişlər. Nümayəndə tərəfindən onlara mallar təqdim edilmiş, dəfələrlə rəsmi qaydada işləməyi ona təklif etmişlər, lakin o, buna razı olmamış, nağd qaydada işləmək istəmişdir. Təqdim olunan mallar onlara topdan satış faturaları ilə verilmişdir. Tərəflər arasında alış-veriş yalnız nağd qaydada aparılmışdır. İddiaçı tərəfindən təqdim olunmuş 4 ədəd elektron qaimədən xəbəri olmamışdır. İlk dəfə ona həmin elektron qaimələr barədə cavabdehin vəkili məlumat verilmişdir. İndiyədək iddiaçı tərəfindən “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-yə heç bir elektron qaimə təqdim edilməmişdir. Bu barədə onların heç bir xəbəri olmamışdır. Əgər olsaydı vergi portalında bu barədə məlumat görünərdi. Digər şəxslərlə elektron qaimələrə əsasən alış-veriş edirlər, lakin Nümayəndə ilə alış-veriş yalnız nağd qaydada aparılır. Tərəflərindən Nümayəndə ödənişlər qəbzlərə (kassa mədaxil orderlərinə) əsasən aparılmışdır. Bununla bağlı tərəflərindən ciddi hesabat blankı olmayan kassa məxaric orderləri də tərtib olunmuşdur. Ona təqdim olunmuş çoxsaylı elektron qaimələrdən məlumatlı olmalı olduğu halda, məlumatı yoxdur. Qanunvericiliyə əsasən, ödənişlər nağd şəkildə olmalı deyildi və nağd qaydada ödəniş aparılmaqla tərəflərindən qanunvericiliyin tələbləri pozulmuşdur. Nümayəndə tərəfindən mallar “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-də sürücülər vasitəsilə təhvil verilmiş, ödənişlər isə həm yerində, həm də süd zavodunda həyata keçirilmişdir. Razılaşmaları belə olmuşdur ki, mal verilən gün ödəniş aparılmalıdır. Mübahisədən son 6 ay ərzində məlumatı vardır. Vergi orqanına yazılmış sorğudan məlumatı yoxdur. Müraciət onun atası tərəfindən, hazırki mübahisə üzrə mal satışı ilə əlaqədar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, bu mübahisədən əvvəllər xəbəri olmamışdır. Bakıda işləyir. “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-nin onunla əlaqəsi yoxdur, sadəcə rəhbərinin qohumudur. Orada heç vaxt işləməmiş, yalnız qonaq getmişdir. Orada olanda fermada fiziki köməklik etmiş, ot daşımış, heyvanlara nəzarət etmişdir. Orada olanda müəssisəyə mal gətirilməsini görməmişdir. Mal alış-verişindən məlumatı olmamış, heç bir sənədə imza atmamış, təqdim olunan malların təhvil-qəbul aktlarındakı imzalar ona məxsus deyildir. O, həmin müəssisəyə 2017-ci ildən sonra ümumiyyətlə getməmişdir. Nümayəndə tanımır. Orada başqa Şahbazov Yavər adlı şəxs olmamışdır. Müəssisədə olan heyvanlar üçün yemin haradan alındığından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-nin qonşuluğunda fermada işləyir. Müəssisədə çoban olmayanda bir kəndçi kimi 2-3 dəfə onlara köməklik etmişdir. O, orada olan zaman heyvanlara yem gətirildiyini görmüş, lakin yemin kim tərəfindən gətirildiyini bilməmişdir. Nümayəndə tanımır. Təqdim olunan malların təhvil-qəbul aktındakı imzalar ona məxsus deyildir. İş materiallarında olan 10.05.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə müəyyən etdi ki, Nümayəndə ilə “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 01.01.2019-cu il tarixli, 2 saylı alqı-satqı müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən cavabdehə mallar təqdim edilmiş, cavabdeh tərəfindən isə iddiaçıya müxtəlif vaxtlarda və məbləğlərdə pul vəsaitləri ödənilmişdir. Hazırda iddiaçı qeyd olunan alqı-satqı müqaviləsi üzrə 7.299,05 manat məbləğində borcun qaldığını bildirir, həmin borcun, əldən çıxmış faydaya görə 12.826 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə iddiaçı tərəfindən onlara təqdim edilmiş malların dəyərinin ödənildiyini və 7.299,05 manat dəyərində malın onlara təqdim edilmədiyini bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyərək hesab edir ki, iddia qismən, yəni 7.299,05 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməli, əldən çıxmış faydaya görə 12.826 manat pulun cavabdehdən tutulması hissəsində isə təmin edilməməlidir. Belə ki, 7.299,05 manat məbləğində borcun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Nümayəndə ilə “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 01.01.2019-cu il tarixli, 2 saylı alqı-satqı müqaviləsinin bağlanılması və qeyd olunan müqavilə əsasında tərəflər arasında alqı-satqıların həyata keçirilməsi işin mübahisəsiz halları olmaqla hər iki tərəf tərəfindən qəbul edilir. Bu hissə ilə bağlı mübahisə ondan ibarətdir ki, iddiaçı baş tutmuş digər alqı-satqılar üzrə cavabdeh tərəfindən borcun ödənildiyini, lakin cavabdehə 4 dəfəyə ümumilikdə 7.299,05 manat dəyərində mal təqdim edildiyini və qeyd olunan təqdim olunmuş mallara görə borcun ödənilmədyini bildirir. Cavabdeh də öz növbəsində iddiaçı ilə alış-veriş etdiyini və qəbul etdiyi malların dəyərinin ödənildiyini, lakin onlardan tələb olunan 7.299,05 manat borcun yaranmasına əsas olmuş malların onlara təqdim edilmədyini bildirir. Həmçinin digər mübahisəli hal ondan ibarətdir ki, cavabdeh malların təhvil-qəbul aktlarının onların əməkdaşları tərəfindən imzalanmadığını bildirir. Məhkəmə qeyd olunan dəlillərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında 2019-cu ildən başlamış alqı-satqı münasibətləri tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələr, imzasız və möhürsüz topdan satış qaimələri (topdan satış faturaları) və kassa mədaxil orderlərinə əsasən həyata keçirilmişdir. Cavabdehin nümayəndəsi və vəkili, həmçinin iş üzrə şahid qismində dindirilmiş X2 onlara iddiaçı tərəfindən elektron qaimə fakturaları verilmədyini bildirsə də, qeyd olunan elektron qaimə fakturaların cavabdehə göndərildiyi iş materialları ilə öz təsdiqini tapır. Hazırki iş üzrə tələb edilən 7.299,05 manat əsas borcun yaranma əsası da məhz 13.02.2019-cu il, 28.02.2019-cu il, 11.03.2019-cu il və 21.10.2019-cu il tarixli elektron qaimələrdir. İş materialları ilə müəyyən olunur ki, “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC qeyd olunan elektron qaimələri qəbul etmiş və onlara dair hər hansı etirazını bildirməmişdir. İş materiallarından da görünür ki, həmin elektron qaimələr iddiaçıya qaytarılmamış, dolayısı ilə elektron qaimələr bəyənilməklə həmin dəyərdə malın təqdim edildiyi qəbul edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçı ona qeyd olunan elektron qaimələrdə əks olunmuş heç bir mal təqdim etməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir.Bundan başqa, cavabdeh tərəfindən iddiaçının pretenziyasına da cavab verilməmişdir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının təqdim edilmiş malların bəyənilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı həmin ödənişlərin həyata keçirilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia qeyd olunan hissədə əsaslıdır. Cavabdehin malların təhvil-qəbul aktlarının onların əməkdaşları tərəfindən imzalanmamasına dair dəlillərinə, həmçinin bununla bağlı şahid ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, hətta qeyd olunan təhvil-qəbul aktlarının onların əməkdaşları tərəfindən imzalanmadığı şərti olaraq qəbul olunsa belə, bu 7.299,05 manat əsas borcun ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Belə ki, qeyd olunan malların qəbul edilməsi yuxarıda qeyd edildiyi kimi elektron qaimələrə əsasən həyata keçirildiyi iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə bununla bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, 7.299,05 manat borcun yaranmasına əsas olan alqı-satqı münasibətlərindən başqa, digər malların da cavabdehə təqdim edilməsi də imzasız və möhürsüz topdan satış qaimələri (topdan satış faturaları) əsasında həyata keçirilmişdir. Başqa sözlə digər malların qəbulu zamanı da, cavabdehin səlahiyyətli şəxsləri hər-hansı sənədi (qaimə, təhvil-qəbul aktı və s.) imzalamamışlar. Belə bir sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin əldən çıxmış faydaya görə 12.826 manat pulun tutulması tələbinə münasibət bildirirərək qeyd edir ki, həmin tələb əsassız oldundan təmin edilməməlidir. İddiaçı qeyd olunan tələblə bağlı sübut qismində "xxxx" MMC ilə Nümayəndə arasında bağlanılmış 01.08.2019-cu il tarixli malların alqı-satqısı (distribüter) müqaviləsinə istinad etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, əvvəla 7.299,05 manat əsas borcun yaranmasına əsas olan mallar cavabdehə 13.02.2019-cu il, 28.02.2019-cu il, 11.03.2019-cu il və 21.10.2019-cu il tarixlərdə təqdim edilmişdir. Göründüyü kimi, yalnız 21.10.2019-cu il tarixdə 338,80 manat dəyərində malın təqdim edilməsi "xxxx" MMC ilə Nümayəndə arasında bağlanılmış 01.08.2019-cu il tarixli malların alqı-satqısı (distribüter) müqaviləsinin dövrünə düşür. Digər tərəfdən, "xxxx" MMC ilə Nümayəndə arasında bağlanılmış 01.08.2019-cu il tarixli malların alqı-satqısı (distribüter) müqaviləsi çərçivəsində Nümayəndə tərəfindən məhz "xxxx" MMC-dən alınmış malların “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-yə təqdim edildiyi müəyyən olunmur. Ümumiyyətlə Nümayəndə tərəfindən "xxxx" MMC-dən mal alındığına dair iş materiallarında hər-hansı sənəd yoxdur və "xxxx" MMC ilə bağlanılmış müqavilənin hazırki mübahisəyə aidiyyəti də müəyyən olunmur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia əldən çıxmış faydaya görə 12.826 manat pulun tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 19,12 manatı iddiaçıya aid edilməli, 10,88 manat hissəsi isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətindən 7.299,05 manat pul və 10,88 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7.309,93 manat məbləğində pul tutularaq iddiaçı Nümayəndə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “X6 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətindən 7.299,05 manat pul və 10,88 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7.309,93 (yeddi min üç yüz doqquz manat, doxsan üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı Nümayəndə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar