Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-103/2021 27.01.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq, xx.xx.2020-ci il tarixli, R 026333 saylı aktın etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə cavabdeh təşkilatın nümayəndələri ona məxsus olan Şirvan şəhəri M.Füzuli adına Mədəniyyət və İstirahət parkında yerləşən Çınqıl Kafesinə gələrək, orada quraşdırılmış elektrik sayğacına baxış keçirərək, guya onun tərəfindən EEİQ-nın pozulması haqqında akt tərtib etmişlər. Bir neçə gün sonra enerji təchizatı müəssisəsinin nümayəndələri tərəfindən təqdim edilmiş icra vərəqəsinə əsasən ona məlum olmuşdur ki, sayğac keçən gücü düzgün qeyd etmir. Yoxlama zamanı aşkar olunmuşdur ki, sayğacın dövlət və alt qapaq möhürləri müdaxiləli, daxili sxemində c/t-nin İİ tərəf naqili kəsilib, hesablama blokunda şumtlama aparılıb, nəticədə sayğac 78.3% zəif işləyir. Bu barədə xx.xx.2020-ci il tarixli 187357 saylı protokol tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.34.-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Lakin, əfsuslar olsun ki, bu yoxlama aparılarkən ümumiyyətlə onların iştirakı təmin edilməmişdir. Təchizat müəssisənin göstərilən bəndin tələblərinə zidd olaraq, gəlib özləri yoxlama keçirmiş və özləri də akt yazıb çıxıb getmişlər. O, 30 ilə yaxındır ki, həmin çayçını işlədir. Heç vaxt təchizat müəssisələri ilə heç bir problemim olmamışdır. Hər ay nəzarətçi gəlib sayğaca baxış keçirmiş, onun sxemini yoxlamış və sayğac göstəricisini qeyd etmişdir. Çayçını işlətdiyi birinci gündən bu günədək eyni qaydada enerji sərfiyyatı olmuş və müvafiq ödənişlər də həyata keçirilmişdir. Yəni sayğac quraşdırıldığı gündən bu günədək hər ay demək olar ki, eyni sərfiyyat olmuşdur. Quraşdırılmış sayğaca hər ay nəzarətçi tərəfindən baxış keçirilir və sayğacın göstəriciləri nəzarətçi tərəfindən qeydə alınaraq daha sonra rəsmi olaraq onlara təqdim edilir. Sayğacda guya yaranan qüsurla əlaqədar onu bildirə bilər ki, ola bilər ki, obyektin divarlarına vurulmuş aliminium lövhələr oğurlanarkən hər hansı bir zədə yaranmışdır. Bu oğurluq hadisəsi ilə əlaqədar o, Şirvan Şəhər Polis Şöbəsinə müraciət etmişdir. Göstərilən lövhələr bilavasitə sayğac quraşdırılmış divar üzərində idi. Çayçı yerləşən parkda hal-hazırda təmir va yenidən qurma işləri aparılır. Ola bilər ki bu zaman kənar şəxslər düşmənçilik naminə onun sayğacına müdaxilə etmişlər. Sayğac çayçının çöl divarına quraşdırlıdığı üçün hər kəs gəlib ona müdaxilə edə bilər. Sonuncu dəfə aprel ayının sonunda sayğac nəzarətçi tərəfindən yoxlanılmış və heç bir nöqsan aşkar edilməmişdir. Fəaliyyətləri dövründə heç vaxt elektrik sayğacına hər hansı müdaxilə halı qeydə alınmamış və aylar üzrə kifayət qədər böyük məbləğdə X2yə görə pullar ödənilmişdir. Bütün bu qeyd etdikləri cavabdeh təşkilat tərəfindən obyektə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın və həmin akt əsasında hesablanmış əlavə cərimə borcunun tam əsassız olduğunu sübuta edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, abonent uzun müddətdir ki, X2 edir. Onlar abonentə elektrik enerjisini verir, abonent isə bunun əvəzində elektrik enerjisinin pulunu onlara ödəyir. 2019cu ildə Nazirlər Kabinentinin qərarına əsasən elektrik enerjisinin qiyməti 11 qəpik olmuşdur, buna görə də abonentlərin bir çoxunda müqavilə şərtləri dəyişmişdir. Bütün abonentlərin hər biri ilə yeni müqavilələr bağlanıb başa çatdırılmamışdır. Tərəflərindən hazırkı işlə bağlı köhnə müqavilə tapılmamışdır. xx xxx 2020-ci il tarixdə tərəflərindən yoxlama aparılmış və aparılmış yoxlama zamanı müəyyən olunmuşdur ki, sayğac keçən gücü düzgün qeyd etmir. X2 qaydalarına əsasən X1 707,85 qəpik itirilmiş elektrik enerjisinin bərpa olunması qərara alınmışdır. Sayğacın möhürlərinin müdaxiləli olduğu, daxili sxemində cərəyan transformatorunun kəsildiyi, şuntlandığı müəyyən olunub. Bu da sayğacın müdaxiləli olduğuna dəlalət etdiyinə görə tərəflərindən hesabat aparılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirəm. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, 04 saylı müqavilənin surətindən görünür ki, M.Füzuli adına Mədəniyyət və İstirahət Parkı ilə X5 arasında Mədəniyyət və İstirahət Parkının “Çınqıl” kafe-çayçısının istifadəsi üçün müqavilə bağlanmışdır. İş materiallarında olan xx xxx 2020-ci il tarixli, R 026333 saylı aktın təsdiq olunmuş surətində qeyd olunur ki, Şirvan şəhəri, Heydər Əliyev prospektində istehlakçı Mirzəyev Elşad tərəfindən istifadədə olan çayçıda “X2 Qaydaları”na uyğun yoxlama aparılan zaman məlum oldu ki, sayğac keçən yükü düzgün qeyd etmir. Akt onu tərtib edən şəxslər tərəfindən imzalanaraq təsdiq olunmuşdur. İş materiallarında olan **********9 saylı abunə kodu üzrə sayğacların və cərəyan tranformatorlarının yoxlanılması haqqında olan xx xxx 2020-ci il tarixli, 187357 saylı protokolun təsdiq olunmuş surətində qeyd olunur ki, sayğacın dövlət və alt qapaq möhürləri müdaxiləli, daxili sxemində c/t-nin İİ tərəf naqili kəsilib, hesablama blokunda şuntlama aparılıb, nəticədə sayğac 78,3% xəta ilə işləyir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli aktın təsdiq olunmuş surətində qeyd olunur ki, 026333 saylı akta əsasən istismarda olan elektrik sayğacının qutu möhürləri qırıldı, sayğac yenisi ilə əvəz olundu, yeni sayğac yoxlanıldı və möhürləndi. Çıxarılan sayğac laboratoriya şəraitində yoxlanılması üçün abonentin iştirakı ilə torbaya qoyuldu, torba ******* saylı möhürlə möhürlənərək laboratoriyaya gətirildi. İş materiallarında olan İddiaçı tərəfindən “xxxx” ASC-yə ünvanlanmış pretenziyadan görünür ki, xx.xx.2020-ci il tarixli, R ******* saylı aktın ləğv edilməsi və akt üzrə hesablanmış məbləğin İddiaçı şəxsi hesabından 5 gün ərzində silinməsi “xxxx” ASC-dən xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qeyri-əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdə sayğacın dövlət və alt qapaq möhürlərinin müdaxiləli, daxili sxemində c/t-nin İİ tərəf naqilinin kəsildiyi, hesablama blokunda şuntlama aparıldığı, nəticədə sayğacın 78,3% xəta ilə işlədiyi, sayğacın müdaxiləli olduğu və Elşad Mirzəyevə **********9 saylı abunə kodu üzrə 707,85 manat borcun hesablandığı qeyd edilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin abunə haqqında məlumatından görünür ki, X3 istifadəsində olan qeyri-yaşayış sahəsinə (çayçıya) R 026333 saylı akta əsasən abonentin hesabına xx.xx.2020-ci il tarixdə 707,85 manat əlavə edilmişdir. Beləliklə məhkəmə müəyyən etdi ki, M.Füzuli adına Mədəniyyət və İstirahət Parkı ilə X5 arasında Mədəniyyət və İstirahət Parkının “Çınqıl” kafe-çayçısının istifadəsi üçün müqavilə bağlanmışdır. Daha sonra Mirzəyev Elşad (Elşən) Ərəbxan oğlu barəsində xx xxx 2020-ci il tarixli, R 026333 saylı akt tərtib edilmiş və ona həmin akta əsasən 707,85 manat borc hesablanmışdır. İddiaçı hazırda həmin aktın etibarsız hesab edilməsini və onun nəticələrinin ləğv edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı müvafiq subyektiv hüquqa, yəni “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, R 026333 saylı aktın etibarsız hesab edilməsini və onun nəticələrinin ləğv edilməsini tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Belə ki, “Çınqıl” kafeçayçısının istifadəsi üçün onunla deyil, X5 ilə müqavilə bağlanılmış və hazırda mübahisələndirilən akt da iddiaçı barəsində deyil, Mirzəyev Elşad (Elşən) Ərəbxan oğlu barəsində tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə hesab edir ki, iddiaçı özünün əsl iddiaçı ilə əvəz edilməsinə razı olmadığından və hazırki iş üzrə iddia, tələb hüququ olmayan şəxs İddiaçı tərəfindən verildiyi üçün əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 121.1, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-103/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-103/2021
27.01.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver