Məhkəmə qərarları › İş №e-2-2(121)-103/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-103/2025

18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-103/2025 18.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 004R********** saylı krеdit razılaşması üzrə 7208,6 manat məbləğində krеdit bоrcu, 578,03 manat məbləğində faiz bоrcu və 191,75 manat məbləğində cərimə olmaqla, cəmi 7978,38 manat, 004R********** saylı krеdit razılaşması üzrə 15000,32 manat məbləğində krеdit bоrcu, 1336.35 manat məbləğində faiz bоrcu və 802,6 manat məbləğində cərimə borcu olmaqla, 17139,27 manat, ümumilikdə cəmi 25117 manat 65 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 165,35 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ”AccessBank” QSC ilə Cavabdeh1 və zamin Cavabdeh3, Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 004L**********79 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 ay müddətinə ******* manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli, 004R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 12791.4 manat ödəmiş, onun 7208.6 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 133 gün üçün hesablanmış faiz borcu 578.03 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 133 gün üçün hеsablanmış cərimə 191,75 manat təşkil edir. Bundan başqa, Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli, 004R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 18 ay müddətinə,aylıq faiz dərəcəsi 2% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17500 manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024- cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 2499,68 manat ödəmiş, onun 15000,32 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 118 gün üçün hesablanmış faiz borcu 1336,35 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 133 gün üçün hеsablanmış cərimə 8026 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.

Tərəflərin izahatları:

3. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi isə ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

5. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə qeyd olunanlara əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

7. İddiaçı ”AccessBank” Cavabdeh QSC ilə Cavabdeh1 və zaminlər Cavabdeh3 və Cavabdeh2 Məməd oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 004L**********79 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə ******* manat məbləğində krеdit хətti açılmışdır. Eyni zamanda, həmin müqavilənin 11.1-ci bəndinə müvafiq olaraq zaminlər Cavabdeh3, Cavabdeh2 qeyd edilən kredit limiti müqaviləsi üzrə borcalan Cavabdeh1 ilə birlikdə kreditin ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür.

8. İş materiallarından görünür ki, Cavabdeh1, İddiaçı QSC ilə Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında bağladığı xx.xx.2023-cü il tarixli, 004R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində kredit götürmüşdür.

9. İş matariallarında olan köçürmə sənədindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 bank hesabına xx.xx.2023-cü il tarixində 20000 manat məbləğində pul köçürülmüşdür.

10. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli 004R********** saylı kredit razılaşmasına əsasən xx.xx.2025-ci il tarixə əsas borcu 7208,6 manat, faiz borcu 578,03 manat, cərimə borcu 191,75 manat olmaqla cəmi borc məbləği 7978,38 manat təşkil edir.

11. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 004L**********79 nömrəli Uzunmüddətli Kredit və təminat müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli, 004R********** saylı kredit müqaviləsinə əsasən 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.360% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17500 manat, xx.xx.2023-cü il tarixli 004R********** saylı kredit razılaşmasına əsasən 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.360% olmaqla ödəniş plani üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində kredit verilmişdir.

12. İş matariallarında olan köçürmə sənədindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 bank hesabına 01.09.203-cü il tarixində 17500 manat məbləğində pul köçürülmüşdür.

13. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 004R********** saylı kredit razılaşmasına əsasən xx.xx.2025-ci il tarixə əsas borcu 15000,32 manat, faiz borcu 1336,35 manat, cərimə borcu 802,6 manat olmaqla, cəmi borc məbləği 17139,27 manat təşkil edir.

14. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər məlumatlandırılmışdır.

15. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, 9/1991 saylı ekspert rəyində qeyd edilmişdir: -"xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 004R********** saylı kredit razılaşmasına əsasən xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi və maliyyə arayışında qeyd olunan tarixə (əsas və faiz borcu ayrı-ayrılıqda aşağıdakı kimi müəyyən olunur, o cümlədən, xx.xx.2024-cü il tarixə əsas borcu üzrə 7175,09 manat, faiz borcu uzrə 540,52 manat, xx.xx.2024-cü il tarixə: əsas borcu üzrə 7175,09 manat, faiz borcu üzrə 746,21 manat təşkil edir. - "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 004R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas və faiz borcu ayrıayrılıqda aşağıdakı kimi müəyyən olunur, o cümlədən, əsas borcu üzrə 15504,24 manat, faiz borcu 919,92 manat təşkil edir.

16. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

17. ********** nömrəli qəbzən görünür ki, İddiaçı QSC tərəfindən məhkəməyə müraciət etmək üçün 165,35 manat dövlət rüsumu ödənilmişdir

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 15.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

21. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

23. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında etibarlı şəkildə bağlanılmış kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə görə İddiaçı QSC Cavabdeh1 borc (kredit) verməyi, Cavabdeh1 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər.

24. Məhkəmə qeyd edir ki, əvvəlcə tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi və onun əsasında bağlanmış kredit razılaşmalarının hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir. Bu baxımdan məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və plenum qərarına əsasən hesab edir ki, iddiaçı cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini ona bildirməsi ilə qeyd olunan kredit müqaviləsinə xitam vermiş sayılır.

25. Məhkəmə, həmçinin qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehlərin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdehlər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə borcun cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

26. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1991 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli, 004R********** saylı və xx.xx.2023-cü il tarixli, 004R********** saylı kredit razılaşmalarına əsasən əsas və faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

27. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh1 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zaminlər Cavabdeh2 və Cavabdeh3 etibarlı şəkildə bağlanmış zaminlik müqavilələri ilə qeyd edilən kredit razılaşmaları üzrə iddiaçı qarşısında Cavabdeh1 ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürdüklərinə görə, onlar da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdırlar.

28. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi xx.xx.2023cü il tarixli, 004R********** saylı kredit razılaşması üzrə əsas borca və faiz borcuna münasibətdə qismən təmin və xx.xx.2023-cü il tarixli, 004R********** saylı kredit razılaşması üzrə isə əsas borca münasibətdə təmin, faiz borcuna münasibətdə qismən təmin edilməlidir.

29. Ona görə ki, iş materiallarında olan ekspert rəyindən göründüyü kimi xx.xx.2023cü il tarixli, 004R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borcu 7175,09 manat, faiz borcu 540,52 manat, xx.xx.2024-cü il tarixə: əsas borc 7175,09 manat, faiz borcu 746,21 manat təşkil edir. Buna görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi xx.xx.2023-cü il tarixli, 004R********** saylı kredit razılaşması üzrə əsas borc üzrə 7175,09 manat hissədə, faiz borcu üzrə isə 540,52 manat hissədə əsaslıdır.

30. Məhkəmə, iddianın xx.xx.2023-cü il tarixli, 004R********** saylı kredit razılaşması üzrə əsas borca və faiz bоrcuna dair hissələrinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş ekspert rəyinə görə, xx.xx.2023-cü il tarixli, 004R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc 15504,24 manat, faiz borcu 919,92 manat təşkil edir. Hazırda iddiaçı cavabdehlərdən həmin kredit razılaşması əsasında əsas borc üzrə 15000,32 manat, faiz borcu üzrə 1336,35 manat tələb edir. Göründüyü kimi iddiaçının göstərilən tələbi ekspert rəyi ilə müəyyən edilmiş əsas borc məbləğindən azdır. AR MPM-nin tələbinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də, məhkəmə hesab edir ki, iddia təlıəbi xx.xx.2023-cü il tarixli, 004R********** saylı kredit razılaşması üzrə tələb edilən əsas borca aid hissədə iddiaçının tələbi daxilində təmin edilməlidir.

31. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alaraq, eyni zamanda hesab edir ki, iddia tələbi xx.xx.2023-cü il tarixli, 004R********** saylı və xx.xx.2023-cü il tarixli, 004R********** saylı kredit razılaşması faiz borcuna münasibətdə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ekspert rəyindən göründüyü kimi cavabdehin xx.xx.2023-cü il tarixli, 004R********** kredit razılaşması üzrə faiz borcu 919,92 manat təşkil edir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi xx.xx.2023-cü il tarixli, 004R********** kredit razılaşması üzrə faiz borcuna münasibətdə 919,92 manat hissədə təmin edilməlidir.

32. Məhkəmə, iddiaçı tərəfindən hesablanan və tələb edilən xx.xx.2023-cü il tarixli, 004R********** saylı kredit razılaşması üzrə 191,75 manat cərimə və xx.xx.2023-cü il tarixli, 004R********** saylı kredit razılaşması üzrə 802,6 manat məbləğində cəriməyə münasibətdə qeyd edir ki, iddiaçı və cavabdeh (borcalan) arasında bağlanmış uzunmüddətli kredit və təminat müqaviləsində kreditin ödənilməsi gecikdirildikdə, iddiaçının cərimə hesablamaq hüququ nəzərdə tutulduğundan və hazırda cavabdeh (borcalan) tərəfindən öhdəliyin icrası gecikdirildiyindən iddiaçı cərimə hesablamaqda və tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin hesab edir ki, cərimə tənasübsüz yüksək hesablana bilməz. Bu baxımdan məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli, 004R********** saylı kredit razılaşması üzrə tələb edilən 191,75 manat cərimə tənasübsüz yüksək deyil. Lakin xx.xx.2023-cü il tarixli, 004R********** saylı kredit razılaşması üzrə 802,6 manat məbləğində hesablanmış cərimə cavabdehlərin əmlak vəziyyətinə uyğun deyil. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, göstərilən cərimə məbləği azaldılaraq, 300 manat müəyyən edilməsi ədalətli olar.

33. Beləliklə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada xx.xx.2023-cü il tarixli, 004R********** saylı kredit razılaşması üzrə 7175,09 manat əsas, 540,52 manat faiz və 191,75 manat cərimə olmaqla, cəmi 7907,36 manat, xx.xx.2023-cü il tarixli, 004R********** saylı kredit razılaşması üzrə 15000,32 manat əsas, 919,92 manat faiz borcu və 300 manat cərimə olmaqla, cəmi 16220,24 manat, ümumilikdə 24127,6 manat məbləğində borc tutularaq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

34. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna görə 165,35 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, qalan 2,97 manat isə iddiaçının özünə aid edilməli, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 46 manatı cavabdehlərdən müştərək qaydada, 4 `manatı isə İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.

Nəticə:

35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 004R********** saylı kredit razılaşması üzrə 7175,09 manat əsas, 540,52 manat faiz və 191,75 manat cərimə olmaqla, cəmi 7907,36 manat, xx.xx.2023-cü il tarixli, 004R********** saylı kredit razılaşması üzrə 15000,32 manat əsas, 919,92 manat faiz borcu və 300 manat cərimə olmaqla, cəmi 16220,24 manat, ümumilikdə 24127,6 (iyirmi dörd min bir yüz iyirmi yeddi manat, altmış qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 162.38 (bir yüz altmış iki manat, otuz səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 2,97 (iki manat, doxsan yeddi qəpik) manat dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 46 (qırx altı) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 4 (dörd) manatı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar