Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1050/2020 05.11.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MTK-nın cavabdeh “xxxx” ASC-yə qarşı sayğacların kodlaşdırılması, qeydiyyata alınma və kartın təhvil verilməsi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MTK cavabdeh “xxxx” ASC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən inşa edilmiş Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 33 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 11 qeyri-yaşayış obyektinə quraşdırılmış sayğacların kodlaşdırılması, istehlakçı kimi qeydiyyata alınması və kartlarının istehlakçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK tərəfindən ünvan 2 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının elektrik qurğularının elektirk enerjisi ilə təchizatı üçün “xxxx” ASC-dən 09/15/139 №-li xx.xx.2013-cü il tarixli “Texniki Şərt” alınmışdır. Bu texniki şərtin tələbləri onların müəssisəsi tərəfindən yerinə yetirilmiş və xx.xx.2015-ci il tarixli xx/xx-2043 saylı arayış alınmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyi Dövlət X2 tərəfindən YG-000887-18-4-15 nömrəli 2017-ci il tarixli “X1” alınmışdır. Müvafiq olaraq “xxxx” ASC-nin Şirvan RET və Sİ tərəfindən “Texniki Şərtin” müddəlarına uyğun olaraq 189 ədəd yaşayış sahəsi və 14 qeyri-yaşayış sahələrinin “Smart” tipli sayğacları kodlaşdırılmış, möhürlənmiş və kartları da onlara təhvil verilmişdir. Lakin, hal-hazıra kimi binada yeləşən 11 qeyri-yaşayış sahəsinin “smart” tipli sayğacları şəbəkəyə qoşulmamışdır. Bununla əlaqədar onlar tərəfindən “xxxx” ASC-yə müraciət edilmişdir. “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli, 11-xx/xx/1041 saylı cavab məktubu ilə bildirilmişdir ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində inşa edilmiş yaşayış binasında yerləşən qeyri-yaşayış sahələrinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün qeyriyaşayış sahələrinin sahibləri tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVT-a qədər (150 kVT-da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması qaydası”nın tələblərinə uyğun olaraq müvafiq sənədləri təqdim etməklə “ASAN Xidmət” və ya ASAN Kommunal mərkəzinə müraciət edilməlidir. Tələb olunan gücə görə qoşulma haqqı məbləğini “xxxx” ASC-nin bank hesabına ödədikdən sonra 20 gün müddətində texniki şərtlər və layihə sənədləri hazırlanaraq tikinti-quraşdırma işləri yerinə yetiriləcəkdir. Bu səbəbdən də hazrki mübahisə ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Əldə etdikləri şifahi məlumatlara, cavabdehin pretenziya məktubuna cavab məktubuna əsasən və cavabdeh müəssisənin istinad etdiyi xx.xx.2017ci il tarixli 1313 saylı Fərmanına görə 11 obyektin şəbəkəyə qoşulması üçün onlara yenidən texniki şərt almalı və mövcud şəbəkənin gücləndirilməsi adı ilə enerji təchizatı müəssisəsi tərəfindən qoyulacaq tələbləri yerinə yetirməlidir. Hesab edirlər ki, cavabdehin bu tələbi tamamilə qanunsuzdur. Belə ki, binanın elektrik təchizatı üçün enerjitəchizatı müəssisənin verdiyi texniki şərtin tələblərini kooperativ 2015-ci ildə icra etmişdir. O zaman, texniki şərtlə qoyulmuş bütün tələblər MTK tərəfindən icra edilmiş və bunun üçün küllü miqdarda vəsait xərcləmişlər. Bu zaman heç bir qanunsuzluğa yol verilməmişdir. Buna görə də binada olan 189 ədəd yaşayış sahəsi və 14 qeyri-yaşayış sahələrinin “smart” tipli sayğacları enerji təchizatı müəssisəsi tərəfindən kodlaşdırılmış və möhürlənmişdir. Digər 11 qeyri-yaşayış sahəsinə də sayğaclar MTK tərəfindən alınmış quraşdırılmışdır, lakin, enerji təchizatı müəssisəsi onları təhvil almaqdan imtina edir. Yəni, yaşayış binasının elektrik təchizatı məqsədi ilə verilmiş texniki şərt, onun icra edilməsi, orada göstərilən bütün tələblərin icrası cavabdeh müəssisənin istinad etdiyi xx.xx.2017-ci il tarixli 1313 saylı Fərmanınından 2 il əvvələ təsadüf etməsi “xxxx” ASC-nin 11 sayğacın qeydə almaqdan imtinasını əsassız olmasını sübut edir. Onu da qeyd etmək lazımdır ki, əgər onların münasibətlərinə xx.xx.2017-ci il tarixli 1313 saylı Fərmanın tələbləri tətbiq edilməli idirsə, belə olan halda cavabdeh hansı səbəbdən binada olan 189 ədəd yaşayış sahəsi və 14 qeyri-yaşayış sahələrinin “smart” tipli sayğaclarını qeydə almışdır. Bütün bunlar “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli, 11-xx/xx/1041 saylı cavab məktubunda göstərdiyi halların qanunsuz olmasını göstərir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxxx 2015-ci il tarixli qərarının 13-cü bəndində göstərilir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 14-cü bəndində isə göstərilir ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Qeyd edilən qərarın 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, mövcud iddia tələbi “xxxx” ASCninhərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə olduğundan, hazırki iddia ərizəsinə kommersiya məhkəməsi tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Buna görə də iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İPM-nin 2.2.2-2.2.4-cü maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) baxılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinə kommersiya məhkəməsi tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməli və iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MTK-nın cavabdeh “xxxx” ASC-yə qarşı sayağcların kodlaşdırılması, qeydiyyata alınma və kartın təhvil verilməsi barədəiddiası əsasında iş üzrə icraata xitam verilsin. İddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1050/2020
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1050/2020
05.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver