Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1082/2025 26.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı – borcun ödənilməsi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı 6.601,10 manat məbləğində əsas borc, hüquqi xidmətə görə ödənilmiş 1.000 manat xidmət haqqı, məhkəməyə ödənilmiş 96,02 manat dövlət rüsumu olmaqla, cəmi 7.697,12 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında LSAZ-C090 nömrəli xx.xx.2023-cü il tarixli nəqliyyat-ekspedisiyası müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə görə, iddiaçı cavabdehə məxsus yükün Bakı şəhərindən Aberdin şəhərinə daşınmasını öhdəsinə götürür, cavabdeh bunun müqabilində iddiaçıya ödəniş edir. Müqavilənin 1.3-cü maddəsinə əsasən, ekspeditor tələb olunan xidmətləri razılaşdırılmış qiymət əsasında həyata keçirir. Uyğun olaraq, sifarişçi tərəfindən tələb olunan hər xidmət partiyası üçün qiymət çıxarılır, razılıq alınaraq qiymət vərəqəsinə təsdiq əldə olunur. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən, sifarişçi ekspeditorun xidmətlərinin qarşılığı olan ödəməni yükün sifarişçinin istədiyi ünvana çatdırılmasından sonra verilmiş hesaba uyğun olaraq ödəyir. Ekspeditor hesab-fakturanı xidmət göstərildikdən sonrakı 5 gün ərzində təqdim etməlidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən, müqavilə üzrə ödənişlər ekspeditorun təqdim edəcəyi hesab-fakturanın əsasında ekspeditorun bank hesabına hesab-faktura tarixindən sonraki 30 təqvim günü ərzində köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 2.3-cü maddəsinə əsasən müqavilədə qeyd olunan ödəmə şərtlərinin pozulması zamanı ekspeditor müvafiq ödənişin qəbul edildiyi tarixə qədər xidmətlərin icrasını dayandıra bilər. Bu müqavilədə qeyd olunan şərtlər daxilində hesab-fakturanın ödənilməsində hər hansı gecikmə baş verdikdə şifarişçi ekspeditora gecikmənin hər gününə görə ödənilməmiş hesab-fakturaların məbləğinin 0.1%-nə bərabər məbləğdə cərimə ödəyir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımı qaydada yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Müqaviəlnin 4.6-cı maddəsinə əsasən sifarişçi gömrük rəsmiləşdirilməsi, nəzarəti və bəyanatının düzgün vaxtda həyata keçirilməsini təmin etmə və idarəetmə və gömrük prosedurları zamanı nəqliyyat vasitəsinin boşdayanma vaxtını istisna etməlidir. Həmin müqavilənin 7.3-cü maddəsinə əsasən müqavilədən irəli gələn və ya onunla əlaqədar meydana çıxan mübahisələr iddia irəli sürməklə tənzimlənmədiyi halda həmin iddialara Azərbaycan Respublikasının müvafiq məhkəməsində baxılmalıdır. Sözügedən müqavilə və əlavələr tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Bundan başqa iddiaçı tərəfindən RFQAZ01778 nömrəli qiymət təklifi cavabdehə təqdim edilmişdir. Müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş, iddiaçı müqavilədə nəzərdə tutulan malları Azərbaycan Respublikasına daşıyıb gətirmiş, cavabdehə təhvil vermiş, gətirilən mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə iddiaçı tərəfindən elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş tam həyata keçirilməmişdir. Cavabdehə təqdim edilmiş elektron/hesab fakturada nəzərdə tutulmuş məbləğdən xx.xx.2024-cü il tarixinədək cəmi 30.832,90 manat məbləğində pul ödənilmiş, cavabdehin iddiaçıya 6.601,10 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə EBDV №217504 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə vurulmuşdur, həmin elektron qaimə cavabdeh tərəfindən təsdiq edilmişdir. EBDV №217504 saylı xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən cavabdeh müqaviləyə əsasən ümumi 37.434 manat pulu iddiaçıya ödəməli idi. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 13.047,50 manat, xx.xx.2023-cü il tarixdə 10.693 manat, xx.xx.2024-cü il tarixdə 3.500 manat, xx.xx.2024-cü il tarixdə 1.500 manat, xx.xx.2024-cü il tarixdə 2.092,40 manat, cəmi 30.832,90 manat pul ödənilmiş, geri qalan 6.601,10 manat isə bugünədək ödənilməmişdir. Göründüyü kimi 6.601,10 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış LSAZ-C-090 nömrəli xx.xx.2023-cü il tarixli nəqliyyat-ekspedisiyası müqaviləsi əsasında görülmüş daşıma xidmətinin dəyəri 37.434 manat olmuşdur. Bu məbləğin 30.832,90 manat hissəsi cavabdeh tərəfindən ödənmişdir, lakin 6.601,10 manat məbləği isə hələ də iddiaçıya ödəməmişdir. İddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirmiş, cavabdeh görülmüş daşıma xidmətinə görə, müqaviləyə uyğun olaraq elektron qaimə-fakturalar təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən daşıma xidmətinə görə olan ödəniş hələ də tam ödənilməmiş qalır. İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərərək 3-7 iş günü müddətində 6.601,10 manat borcu ödəməyi tələb etmişdir. Lakin cavabdeh borcu ödəməkdən yayınmış, pretenziya məktubuna heç bir cavab verməmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1082/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli LSAZ-C-090 saylı “yükdaşınması xidmətlərinə dair” müqavilə bağlanmışdır. İş materiallarında olan sənədlərdən (LSAZ-C-090 müqaviləyə 1 və 3 nömrəli əlavələr, elektron qaimə-fakturanın surətlərindən, e-mail yazışmalrından çıxarışlar və digər sənədlərdən) görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yük daşınması xidmətlər göstərilmişdir. Cavabdehin 6.601,1 manat məbləğində borcu qalmışdır. İş materialında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, bağlanmış müqaviləyə əsasən cavabdehə borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunan cavabdehin xx.xx.2025-ci il tarixli etiraz ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehə qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” məhkəməyə müraciət edərək 6.601,10 manat məbləğində əsas borcun eləcədə hüquqi yardıma görə xərclərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddiası aşağıdakı əsaslara görə əsassızdır və təmin edilməməlidir, eləcə də iş üzrə ədalətin bərqərar olması və işin faktiki hallarına dair aşağıda qeyd edilən izahları və iddia tələbində irəli sürülmüş sübutların araşdırılması məqsədilə, hazırkı iddia ərizəsinə “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” deyil, mübahisəli məsələyə tərəflərin iştirakı ilə “iddia icraatı qaydasında” baxılmalıdır. İddiaçı ərizəsində göstərmişdir ki, cavabdehə LSAZ-C-090 saylı nəqliyyatekspedisiya müqaviləsi əsasında, cavabdehə məxsus yükün Bakı şəhərindən Şotlandiyanın Aberdin şəhərində yerləşən X5 and Gas Services, UK şirkətinə (sonradan qısa olaraq adı "ALOS" adlandırlacaq) daşınması xidmətlərini öhdəsinə götürmüş və müqavilə iddiaçı tərəfindən icra edilmiş və nəticədə cavabdeh tərəfindən tam ödəniş aparılmamışdır. İddia ərizəsində qeyd olunan faktlar tamamilə yanlışdır və işin faktiki hallarına uyğun deyildir. Hesab edilir ki, iddiaçı bununla işin doğru istiqamətini dəyişdirməyə və məhkəmənin diqqətini yalnız ödənişin tam şəkildə ödənilməməsi məsələsinə yönəltməyə çalışmaqdadır. İddia ərizəsi ilə tanış olduqda ilk növbədə belə təsəvvür yaranır ki, sanki yük həqiqətən də iddaçı tərəfindən razılaşdırılmış ünvana çatdırılmış (ALOS şirkətinə) və cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam həcmdə yerinə yetirilməmişdir. İddia ərizəsi tərtib edilərkən, müqavilənin əsasını təşkil edən ən mühüm nüansın, yəni iddiaçı tərəfindən yükün çatdırılma müddətinin, eləcə də kimə təhvil verilməsinin iddia ərizəsində qeyd edilməməsi iddiaçının dəlillərinin işin faktlarına uyğun olmamasının göstəricisidir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, iddiaçı, iddia ərizəsində yalandan da olsa, yükün müəyyən bir tarixdə Şotlandiyanın Aberdeen şəhərində yük alana (ALOS şirkəti) təhvil verildiyini qeyd etmək əvəzinə, sadəcə olaraq aydın olmayan səbəbdən “mallar Azərbaycan Respublikasına gətirilərək cavabdehə təhvil verilmişdir” sözlərini yazmaqla kifayətlənmişdir. İddia ərizəsi ilə tanış olduqda ilk növbədə elə təsəvvür yaranır ki, iddia ərizəsini tərtib edən şəxsin ümumiyyətlə bu xidmətin icra olunub olunmamasından məlumatı yoxdur, əks təqdirdə yükün Şotlandiyaya çatdırılmasını qeyd etmək əvəzinə, ən azında Azərbaycan Respublikasına çatdırılmışdır ifadəsini qeyd etməzdi. Cavabdehlə iddiaçı arasında yüklərin Şotlandiyanın Aberdeen şəhərinə daşınması ilə bağlı xx.xx.2023-cü il tarixli LSAZ-C-090 saylı nəqliyyat-ekspedisiya müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən yüklər, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində Aberdeen şəhərinə çatdırılmış, lakin konteynerlərdən birinin dərhal boşaldılması mümkün (yəni, boşaldılma üçün əlavə avadanlıq lazım olduğu üçün) olmadığı əsas gətirilərək, cavabdehin razılığı alınmadan konteynerlərin Motherwell şəhərinə aparılmasına iddiaçı tərəfindən qərar verilmişdir. Yükün geri qaytarılmasının səbəbi kimi, iddiaçının əməkdaşı Ceyhun bəy tərəfindən cavabdehə e-mail vasitəsilə bildirmişdir ki, X5 and Gas Services, UK şirkəti tərəfindən yüklər qəbul edilməmiş və muqavilənin şərtlərinə əsasən yük maşınlarının 1 saatının gözləmə xərcinin 150 USD olmasını, terminalda isə xərclərin bundan dəfələrlə az olduğu nəzərə alınaraq yüklərin təkrar olaraq İngiltərədə yerləşən Felixstowe dəniz limanına (terminal) göndərilməsinə dair qərara gəlmişlər. Sonradan xx.xx.2023-cü il tarixində konteyner nömrəsi əsasında aparılmış araşdırımalar nəticəsində məlum olmuşdur ki, yüklər əslində iddiaçının əməkdaşı Ceyhun bəyin dediyi kimi Felixstowe limanına qaytarılmamış, əksinə xx.xx.2023-cü il tarixdən Aberdeen şəhərinə, yəni yükün alıcısına (qısa adı ALOS şirkəti) yaxın məsafədə yerləşən Motherwell şəhərindəki dəmiryol terminalında saxlanılmışdır. Hansıkı iddiaçının əməkdaşları təkidlə bildiridilər ki, yük İngiltərədə yerləşən Felixstowe dəniz limanındadır. Təəssüf ki, yüklərin Motherwell şəhərindəki dəmiryol terminalında olması haqqında məlumat onlara vaxtında təqdim edilmədiyi üçün cavabdeh özü yüklərin yerini araşdıraraq müəyyən etməli olmuşdur. Əgər yüklərin dəqiq yeri haqqında cavabdehə vaxtında məlumat verilmiş olsa idi, həm yaranmış əlavə xərclərdən, eləcədə vaxt itkisindən yayınmaq mümkün olardı. Belə ki, Şotlandiyada yerləşən Aberdeen şəhəri (çatdırılma ünvanı) ilə Motherwell şəhəri arasındakı məsafə, təxmini olaraq İngiltərədəki Felixstowe dəniz limanından 2.5 dəfə yaxınlıqda yerləşir. Beləliklə, yüklərin alıcıya yaxın məsafədə (Motherwell şəhəri) olduğunu öyrəndikdən sonra, cavabdeh məcburiyyət qarşısında qalaraq başqa bir nəqliyyatçı ilə əməkdaşlığa davam etməyə məcbur olmuşdur. Buna səbəb iddiaçının artıq yaranmış bütün xərclərin 100% əvvəlcədən ödənilməsinin istənilməsi oldu. İddiaçının əməkdaşı Ceyhun bəy cavabdehə e-mail vasitəsilə bildirmişdir ki, yalnız terminal və yaranmış digər xərclərin ödənildiyi halda, yeni nəqliyyatçıya (ACE Forwarding şirkətinə) iddiaçı tərəfindən etibarnamə veriləcək və bu yolla sonradan yükün başqa nəqliyyatçı vasitəsilə daşınması mümkün olacaqdır. Artıq yaranmış və hər gün artmaqda davam edən terminal xərclərini nəzərə alaraq xx.xx.2023-cü il tarixə qədər iddiaçı tərəfindən hesablanaraq, ödənilməsi tələb edilən bütün terminal xərclərini (10693 manat) məcburiyyət qarşısında qalaraq cavabdeh iddiaçıya ödəməli olmuşdur, bu şərtlə ki, iddiaçı tərəfindən qeyd olunan ödənişin təyinatı ilə bağlı sonradan cavabdehə rəsmi sənədlərin təqdim ediləcəyi vəd edilmişdir. Lakin, qeyd olunan 10693 manat treminal xərclərinin xx.xx.2023-cü il tarixində ödənilməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixinə qədər yüklər cavabdehin yeni nəqliyyat şirkətinə təhvil verilmədi. Bu müddət ərzində dəfələrlə yazılı və şifahi müraciətlər edilməsinə baxmayaraq, yüklərin yeni nəqliyyatçıya gec verilmə səbəbləri ilə bağlı dəqiq cavab alınmamışdır. Sonradan iddiaçının əməkdaşı Ceyhun bəy xx.xx.2023-cü il tarixində terminaldan vaxtında cavab ala bilmədiyini bildirməklə kifayətlənmişdir. İddiaçının əməkdaşı Ceyhun bəyin bu cavabı problemi həll etmədi, əksinə malın harada və kimin nəzarətində olmasından asılı olmayaraq hər gün hətta hər saat xərclər artmaqda davam etdi. Cavabdeh tərəfindən seçilmiş yeni nəqliyyatçı ilə Motherwell şəhərindəki dəmiryol terminalından ALOS ünvanına daşınıma qiyməti 30 günə ödəniş şərti ilə 5.367 ABŞ dolları olaraq razılaşdırıldı. Bu məbləğ, yüklərin Motherwell şəhərindəki dəmiryol terminalından götürülərək alıcıya (ALOS şirkətinə) təhvil verilməsini əhatə edirdi. Lakin daşınma prosesində əlavə tələblər və maneələr yaranaraq xərclərin artmasına səbəb oldu. Yeni nəqliyyatçıya terminaldan yük təhvil alarkən bildirilmişdir ki, iddiaçının dediyi kimi, yüklər birbaşa Motherwell şəhərindəki terminaldan təhvil alına bilməz, yəni yüklər öncə Aberdeen şəhərinə terminalın müəyyən etdiyi dəmiryol xətti ilə daşınmalı və daşınma qiyməti cavabdeh tərəfindən ödənilməlidir. Hansı ki, yeni nəqliyyatçı artıq yük maşını və işçi ayıraraq yüklərin təhvil alınması üçün Motherwell şəhərinə gedərək, yüklərin təhvil verilməsini gözləyirdi. Daha sonra, yüklər deyildiyi kimi iddiaçının agentləri tərəfindən Aberdeen şəhərinə aparıldı və bu daşınıma ilə bağlı xərclər yenə də həmişə olduğu kimi cavabdehin üzərinə qoyuldu, hansı ki, yüklər təhvil alınarkən yaranmış (terminalda konteynerlərin xx.xx.2023-xx.xx.2023-cü il tarixinədək saxlanc xərci, konteynerlərin Motherwell vük maşınlarının Aberden şəhərinə yola düşməsi) əlavə xərclər (sonradan cavabdeh tərəfindən 30 gün ərzində qaytarılması şərtilə) tam həcmdə olmaqla yeni nəqliyyatçı tərəfindən ödənildi. Beləliklə Motherwell şəhərindəki dəmiryol terminaldan yükün alıcısının (ALOS şirkəti) ünvanına yükün daşınması üçün yeni nəqliyyatçı ilə əvvəlcədən razılaşdırılmış 5367 ABŞ dollarının əvəzinə yuxarıda qeyd olunan xərclər də əlavə olunmaqla cavabdeh ümumilikdə 9520 ABŞ dolları ödəniş etməli olmuşdur. Bu, əvvəlcədən razılaşdırılmış məbləğdən 3.883 ABŞ dolları artıq xərc deməkdir ki, bunun səbəbi də iddiaçının əməkdaşlarının səhlənkarlığı olmuşdur. Hansı ki, bu fakt (3883 ABŞ dolları artıq xərc) iddiaçının əməkdaşı Ceyhun bəyin cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli üzürxahlıq e-mailində də öz təsdiqini tapmışdır. Sözü gedən e-mailində qeyd edilmişdir ki, “konteynerlərin cari yeri ilə bağlı yaranan narahatlıq üçün üzr istəyirlər və bununla bağlı məsuliyyəti öz üzrlərinə götürərək bildirirlər ki, xx.xx.2023-cü il tarixdə yüklərin Motherwell şəhərində olduğunu bilməmişlər, agentləri tərəfindən yanlış məlumatlandırılmışlar. Həmçinin zərərin azaldılması, yəni itirilmiş vaxt üçün məsuliyyət daşıdıqlarını və bu səbəblə gözləmə və dayanma haqqı xərclərini azaltmaq niyyətində olduqlarını bildirmişdirlər”. Sonda bir daha, məhkəmənin nəzərinə çatdırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış LSAZ-C-090 saylı nəqliyyat-ekspedisiya müqaviləsinə və ona əlavələrdə razılaşdırılmış şərtlərə əsasən, iddiaçı xx.xx.2023-cü il tarixdə yükü Şotlandiyanın Aberdin şəhərində yerləşən X5 and Gas Services, UK şirkətinə çatdırdıqdan sonra, yükün boşaldılmasında çətinliklə üzləşdiyi təqdirdə, yükü cavabdehlə razılaşdırmadan terminala aparmalı deyil, ilk növbədə yaranmış çətinliklə bağlı alıcının yükü boşaltmaq imkanında olmamasını bizə xəbər verməli və cavabdehin qərarını gözləməli olduğu halda, müqavilənin şərtlərini pozaraq məsələyə düzgün yanaşmamışdır. Yuxarıda qeyd olunan müqavilənin və ona əlavənin şərtlərinə əsasən iddiaçı yükün boşaldılmasının cavabdeh tərəfindən təşkil edilməsi üçün ona şərait yaratmalı idi, hansı ki müqaviləyə əlavədə bununla bağlı şərt (hər əlavə saat üçün 150 USD) nəzərdə tutulmuşdur. Bunu etməməklə, iddiaçı ilə ilkin olaraq razılaşdırılmış 15350 USD dən əlavə olaraq, 10693.00 manat terminal xərci, həmçinin 16184.00 manat yeni nəqliyyatçıya ödənilmiş, yəni terminal ödənişləri cavabdeh tərəfindən vaxtında həyata keçirilsə də, yüklərin yeni nəqliyyatçıya təhvil verilmə yerinin dəyişdirilməsi və vaxtının uzadılması nəticəsindəsi, şirkətə ümumilikdə azı iddiaçının daşınma xərcindən əlavə 26.877 manat həcmində ciddi maliyyə zərəri dəymişdir. İş materiallarına əlavə edilən İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli etiraza dair yazılı mülahizəsindən aydın olur ki, cavabdeh məhkəməyə iddiaçının iddiasına etiraz təqdim etmişdir. Cavabdehin etirazının dəlilləri əsassızdır, boş, absurd mülahizələrə əsaslanılmışdır və təmin edilməməlidir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd olunduğu kimi, iş üzrə tərəflər arasında malların daşınması ilə bağlı xx.xx.2023-cü il tarixli N№LSAZ- C-090 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə idddiaçı üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh öz öhdəliklərini lazımınca icra etməmiş, iddiaçının yerinə yetirdiyi işin razılaşdırılmış haqqını ödəməmişdir. Məhkəməyə təqdim edilmiş iddiaçı tərəfindən cavabdehə görülən xidmətlərə görə EBDV N№217504 saylı xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, həmin elektron qaimə cavabdeh tərəfindən təsdiq edilmişdir. EBDV №217504 saylı xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən cavabdeh müqaviləyə əsasən ümumi 37.434 manat pulu iddiaçıya ödəməli idi. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 13.047,50 manat, xx.xx.2023-cü il tarixdə 10.693 manat, xx.xx.2024-cü il tarixdə 3500 manat, xx.xx.2024-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 2092,40 manat, cəmisi 30.832,90 manat pul ödənilmiş, geri qalan 6.601,10 manat isə bugünədək ödənilməmişdir. Əgər cavabdeh etirazında bildiriyi kimi iddiaçı tərəfindən tələb olunan borc məbləğinin əsassız olduğunu, əksinə guya cavdehin əlavə ciddi şəkildə maliyyə xərcinə düşdüyünü bildirirsə, o zaman niyə 30.047,50 manatı iddiaçının hesabına köçürürdü? İddiaçı tərəfindən cavabdehə göndərilmiş eqaimədən, sonuncu tərəfindən tam və ya qismən imtina olunmamış, hətta həmin qaimə üzrə qismən ödənişlər aparılmışdır. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə də, eqaimə 5 gün müddətində borclu olan cavabdeh tərəfindən təsdiq edildiyinə görə, cavabdeh həmin daşımanı lazımi qaydada həyata keçirildiyini təsdiq etmişdir. Cavabdeh iddiaya qarşı etirazda borcunun olmamasını bildirsə də, onun tərəfindən qəbul edilmiş eqaimə üzrə hesablanmış 37.434 manat məbləğində borcun tam həcmdə ödənilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini təsmdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşıyır. Hazırki halda cavabdehin iddiaçıya 6.601,10 manat məbləğində borcunun olmasını sübut edən sənədlər təqdim olunmuşdur. Bunun əksini iddia edən cavabdeh isə dəlilləri ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, cavabdehin borcunun olmaması barədə dəlilləri əsassızdır. Bundan başqa, iddiaçı, onunla cavabdeh arasında bağlanmış müqavilə şərtlərinə uyğun malların təhvil verilməsini təmin etmişdir. Müqavilədə nəzərdə tutulmayan öhdəliklərin isə iddiaçının üzərinə qoyulması əsassızdır. Cavabdeh belə etiraz yazmaqla məhkəmə tərəfindən iddia tələbinin əsaslı olması barədə qətnamə çıxarılmasına maneçilik törədib, borcu ödəməkdən yayınır. Bundan başqa, cavabdehin təqdim etdiyi etiraza münasibətdə, əvvəla yükün göndərmə ünvanı ilkin sorğu zamanı cavabdeh tərəfindən təqdim edilib. İddiaçı bu ünvana əsaslanaraq uyğun qiymət təklifi hazırlayıb. Həmin ünvan cavabdehin tələbi əsasında hər iki şirkət tərəfindən imzalanmış qiymət razılaşmasında öz əksini tapıb. Qiymət razılaşmasının şərtlərinə əsasən, iddiaçı yükü göstərilən ünvana çatdırdığı andan etibarən öhdəliyini yerinə yetirmiş hesab olunur və yükün boşaldılması və həmçinin, həmin ölkədə yarana biləcək hər hansı bir xərc və problemə görə cavabdeh deyildir. Alıcıya lazımi boşaltma avadanlığının hazırlaması üçün təlimat verilməsi məqsədilə yükün çatma tarixi barədə iddiaçı tərəfindən əvvəlcədən cavabdehə müvafiq konum sistematik şəkildə təqdim edilib və bu yazışmada öz əksini tapır. xx.xx.2023-cü il tarixdə yük alıcıya təhvil üçün əvvəlcədən razılaşdırılmış adresə göndərilir və alıcı tərəfindən geri qaytarılır. Bu barədə iddiaçı lazımı məlumatı cavabdehə ötürmüşdür. Cavabdeh öz tərəfindən alıcıdan yazılı şəkildə təsdiq alır ki, ALOS (alıcı) yükü qəbul etməkdən imtina edib və onun porta geri qaytarılması barədə təlimat vermişdir. Alıcı bu məlumatı e-mail üzəri təsdiqləyib: “Yükü təhvil almaq üçün xüsusi qurğum yoxdur. Mən (yəni ALOS) göstəriş vermişəm ki, yükü geri qaytarın.” xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən gəmi xətdində yaranan əlavə cərimələrin iddiaçı tərəfindən dəqiqləşdirilməsi üçün göstəriş verilibdir. Əlavə xərclər gəmi xətti müəyyənləşdirir və iddiaçıdan asılı deyil, belə halda isə prosesin normal və ayrılmaz hissəsi olaraq gəmi xətti tərəfindən xərclər alınmış və cavabdehə müvafiq qaydada xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Bu prosesin bir həftə ərzində tamamlanmasının səbəbləri Aberdin və Azərbaycan arasındakı saat fərqi, araya düşən altı-bazar qeyri-iş günləri və ən əsası gəmi xəttinin daxili prosedur qaydalarıdır; iddiaçının işinə məsuliyyətsiz yanaşması ilə əlaqəli deyil. Gəmi xəttindən alınan bütün xərclərin hesab fakturaları cavabdehə göndərilmişdir. Cəriməsi ödənilməyən konteyneri gəmi xətti təhvil verməyə icazə vermədiyi üçün, müvafiq ödəniş müştəridən alınıb və bu vəsait ilə liman ödənişləri və gəmi xəttinin ödənişləri həyata keçirilmişdir. Normal olaraq, yerli hesabdan digər hesaba pul köçürülərkən və sonradan bu vəsait xaricə göndərilərkən, pulun lazımi hesaba oturması müəyyən vaxt tələb edir. xx.xx.2023-cü il tarixində yükün konumunu və yeni təyin olunmuş adresə ölkə daxili daşımanı etmək məqsədi ilə yükün faktiki yerinin Şotlandiya olduğu müəyyən edilmişdir. Konteyner gəmi xəttinə məxsus olduğundan, yükün Felixstowe limanına deyil, Motherwellə göndərilməsini lazım biliblər (daha yaxın olduğu üçün). Buna uyğun olaraq, Ceyhun bəy e-mail yazaraq üzr istəyib ki, bu detalı qeyd etməmişlər. Ancaq yükün götürülməsi barədə heç kim danışmayıb, çünki yükü götürmək üçün ödəniş edilməli idi. Ödəniş isə xx.xx.2023-cü il tarixində həyata keçirilib və qeyd edilib ki, limandan yükü artıq yeni ünvana başqa bir agent daşıyacaqdır. Yükün bu qədər uzun müddət saxlanılmasının səbəbləri: 1. Portdan yükü çıxarmaq üçün lazımi vəsaitin olmaması və ödənişin yalnız xx.xx.2023-cü il tarixində həyata keçirilməsi. Yükün yerinin fərqi yoxdur, fakt bu yükü götürmək mümkün olub xx.xx.2023-cü il; 2. Yükün hara aparılacağını cavabdehin bilməməsi (xx.xx.2023-cü il tarixdə biliblər ki, hara təhvil verilməlidir), çünki alıcı yükü qəbul etməkdən imtina etmişdir. Bundan başqa, cavabdeh etiraz ərizəsində qeyd edib ki, guya iddiaçı iddia ərizəsini tərtib edərkən ümumiyyətlə bu xidmətin icra olunub olunmamasından ümumiyyətlə məlumatı olmayıb, əks təqdirdə yükün Şotlandiyaya çatdırılmasını qeyd etmək əvəzinə ən azından Azərbaycan Respublikası ərazisinə çatdırılmasını qeyd etməzdi. Yəqin ki, cavabdeh iddia ərizəsi ilə tam tanış olmamışdır. İddia ərizəsi ilə tanış olsaydı bilərdi ki, ərizənin birinci səhifəsinin ikinci abzasında elə qeyd olunub ki, “Həmin müqavilənin predmetinə görə, iddiaçı cavabdehə məxsus yükün Bakı şəhərindən Aberdin şəhərinə daşınmasını öhdəsinə götürür, cavabdeh bunun müqabilində iddiaçıya ödəniş edir”. Sonradan olan qramatik və ya texniki səhvlərə görə fikir bildirmək absurddur və gülünc doğuran bir haldır. Göründüyü kimi cavabdeh tərəfindən məhkəməyə təqdim edilən etiraz tamamilə əsassızdır. Heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən, iddiaya qarşı cavabdehin verdiyi etirazın dəlilləri əsassızdır və iddianın rədd edilməsi üçün əsas deyil. Odur ki, həmin etirazın nəzərə alınmamasını, iddiaçının iddia tələblərinin isə tam təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə yük daşınması xidmətləri göstərilmişdir. Lakin, cavabdehin borcu yaranmış və borcunu ödəməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda həmin xidmətlərin dəyərini ödəməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia qeyd edilən hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 1.000 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 600 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, məhkəmə xərcinə daxil olan 96,02 manat dövlət rüsumunun 86,01 manatı (yəni, 6.601,1 manata münasibətdə) cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin dəlillərini araşdıraraq hesab edir ki, iddiaya etirazın dəlilləri əsassızdır. Belə ki, cavabdehin dəlillərindən də aydın olur ki, o, iddiaya etirazını zərərə məruz qalması ilə əsaslandırmışdır. Lakin, buna dair iddiaçı tərəfə qarşı hər hansı bir tələb irəli sürməmişdir. Əksinə, iddiaçı tərəfindən cavabdehə gönrədilmiş elektron qaimə-fakturalardan sonra hər hansı bir etiraz olmadan ödəniləcək məbləğin xeyli hissəsini iddiaçıya ödəmişdir. Odur ki, iddiaya etirazın dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 6.601,1 manat məbləğində əsas borc, 600 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş xərc və 86,01 manat mələğində dövlət rüsumu "xxxx" MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1082/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1082/2025
26.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver