Məhkəmə qərarları › İş №e-2-2(121)-1084/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1084/2024

12.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1084/2024 12.03.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə dəymiş ziyan 1950 manat, əldən cıxmış fayda kimi 25000 manat, ümumilikdə 26.950 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmağa qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddianın qiyməti 26950 manat təşkil edir. Bu məbləğdə iddia tələbinə isə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən, verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəmə hazırki iddia tələbinə sadələşdirilmiş qaydada baxılmağa yol verilməməsini təsbit etməklə yanaşı qeyd edir ki, ərizə həm də ərazi aidiyyəti qaydaları pozulmaqla məhkəməyə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə və 35.2-ci maddəsinin birinci cümləsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış hüquqi şəxs haqqında məlumatlardan görünür ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, şəhər şossesi (Sabunçu) ünvanıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhəri, Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Buna görə də məhkəmə hesab edir ki, iddia cavabdeh hüquqi şəxslərin ünvanının olduğu yer üzrə məhkəməyə verilmədiyinə görə, ərazi aidiyyəti qaydaları pozulmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268, 284-4-1, 284-4.3, 284-4.2 və 284-4.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmağa qəbul olunmasından imtina edilsin. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında aidiyyəti məhkəməyə iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar