Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1092/2022 01.11.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh1 qarşı – kredit müqaviləsi üzrə borc tələbi barəsində iddiasına dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı – 002R********** saylı krеdit razılaşması üzrə 16790,99 manat məbləğində krеdit bоrcu, 3412,77 manat məbləğində faiz bоrcu və 6615,64 manat məbləğində cərimə borcu olmaqla, cəmi 26819,40 manat məbləğində bоrcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 1-ci keçiddə yerləşən 0,0095 ha torpaq sahəsi və onun üzərində yerləşən 24B saylı fərdi yaşayış evinin açıq hərracdan satılması, 26819,40 manat məbləğində borcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi qaydada tutulması, Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 1-ci keçiddə yerləşən 0.0095 hatorpaq sahəsi və onun üzərində yerləşən 24B saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 002L**********62 saylı, xx.xx.2018-ci il tarixli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 002R********** saylı, xx.xx.2019-cu il tarixli krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 002R**********S saylı, xx.xx.2020-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu vəfaiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 13209,01 manat ödəmiş, onun 16790,99 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022ci il tarixə 342 gün üçün hesablanmış faiz borcu 3412,77 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 342 gün üçün hеsablanmış cərimə 6615,64 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka verən Cavabdeh2 ilə bank arasında bağlanılmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi (Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu H.Z.Hacıyev tərəfindən təsdiq edilib) əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 1-ci keçiddə yerləşən 0.0095 hatorpaq sahəsi və onun üzərində yerləşən 24B saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 1-ci keçiddə yerləşən 0.0095 ha torpaq sahəsi və onun üzərində yerləşən 24B saylı fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 mаnаt dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 002L**********62 saylı uzunmüddətli kredit müqaviləsi əsasında 120 ay müddətinə 500000 ABŞ dolları məbləği olmaqla kredit xətti açılmışdır. İş materiallarından görünür ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 002R********** saylı kredit razılaşmasından görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh1 30000 manat məbləğində kredit vəsaiti aylıq 1,9167 faiz olmaqla, 24 ay müddətinə verilmişdir. İşdən görünür ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 002L**********62 saylı uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərini icra etmək məqsədi Cavabdeh2 ilə xx.xx.2018-ci il tarixdə, Cavabdeh3 ilə xx.xx.2019-cu il tarixdə zaminlik müqavilələri bağlanmışdır. İş materiallarından görünür ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 002R**********S saylı sazişin surətindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 002L**********62 saylı uzun müddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə bağlanmış 002R********** sarlı kredit razılaşması əsasında kredit alan, götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2018-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 1-ci keçiddə yerləşən 0.0095 hatorpaq sahəsi və onun üzərində yerləşən 24B saylı fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 1-ci keçiddə yerləşən 0.0095 hatorpaq sahəsi və onun üzərində yerləşən 24B saylı fərdi yaşayış evi yaşayış evi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə borcun ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubları göndərmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşin materiallarında olan arayışdan görünür ki, Cavabdeh1 qeyd edilən müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 16790,99 manat məbləğində əsas, 3412,77 manat məbləğində faiz, 6615,64 manat məbləğində cərimə olmaqla, cəmi 26819,40 manat məbləğində kredit borcu vardır. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/4196 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 müqavilənin bitdiyi xx.xx.2022-ci il tarixə əsas borc üzrə 16790,99 manat, faiz borcu üzrə 4584,11 manat; xx.xx.2022-ci il tarixə əsas borc üzrə 16790,99 manat, faiz borcu üzrə 4669,94 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və "xxxx" MMC xx.xx.2022-ci il tarixli məktubla müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)-1092/2022 saylı qərardadının icrasına Cavabdeh1 etiraz etməsini, qərardadın icrasına maneçilik törətməsini, buna görə də, qərardadın icrasının təmin olunmamasını bildirmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia qeyd edilən hissələrdə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 6615,64 manat məbləğində deyil, 600 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdehdən 150 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələb ipoteka qoyulmuş daşınmaz əmlak(lar)a yönəldilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, məhkəmə tərəfindən müstəqil qiymətləndirici təyin edilmiş, cavabdeh(lər) isə əmlakın qiymətləndirilməsinə şərait yaratmamış (yəni, ipoteka predmet(lər)ini predmet(lər)ini qiymətləndiriciyə təqdim etməmiş(lər) və s.) və bununla da qiymətləndirilmənin keçirilməsində iştirak etməkdən imtina edərək, qiymətləndirilmənin keçirilməsinə mane olmuşdur(lar). Halbuki, Azərbaycan Respublikası MPM-nin 13.4-cümaddəinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən, xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. Qeyd edilən Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Göstərilən Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh(lər) əmlakın qiymətləndirilməsinə şərait yaratmamas(lar)ı, bununla da qiymətləndirmə keçirilməsində iştirak etməkdən imtina etməs(lər)i işin mötəbər sübutu kimi nəzərə alınaraq ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti tərəflər arasında bağlanmış ipoteka müqaviləs(lər)ində razılaşdırılmış ipoteka predmet(lər)inin qiyməti əsas götürülməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və cavabdehlər Cavabdeh2 və Cavabdeh4 əmlakdan çıxarılmaları”na dair hissələrini araşdıraraq hesab edir ki, qeyd edilən əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissələrdə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli əmlak, həmin əmlakın mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissələrdə də təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “cavabdehlər Cavabdeh2 və Cavabdeh4 istifadə hüququnun itirilməsi və əmlakın alıcıya təhvil verilməsi”nə dair hissələrini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, əmlakın təhvil verilməsi üçün həmin əmlaka tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, əmlakda olan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində əmlakı könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi (əmlakın cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi və) əmlakın ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş əmlak satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçi və orada olan şəxslər yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun (və ya başqa şəxsin) baş verməmiş və ümumiyyətlə baş veribverməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “cavabdehlər Cavabdeh2 və Cavabdeh4 istifadə hüququnun itirilməsi və əmlakın alıcıya təhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehlər Cavabdeh2 və Cavabdeh4 istifadə hüququnun itirilməsi və əmlakın alıcıya təhvil verilməsi” hissəsi rədd edilməlidir. Məhkəmə iddianın “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: 6.1.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: 6.1.2. Vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması; 6.1.4. ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması üçün 20 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 10 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar dövlət rüsumunu və xidmət haqqını ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, iddia bu hissədə də qismən təmin edilməklə, iddiaçının dövlət rüsumunu və xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Lakin, iddia qismən təmin olduğundan, iddia bu hissədə qismən təmin edilərək, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 8 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, 2 manatı iddiaçıya, xidmət haqqının 25 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, 5 manatı iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 8 manatı və xidmət haqqının 25 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddianın borc məbləği qismən təmin edildiyindən ekspertiza tədqiqatlarının dəyəri olaraq 50 manatı "xxxx" QSC-dən, 100 manatı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 16790,99 manat məbləğində əsas borc, 3412,77 manat məbləğində faiz, 600 manat məbləğində cərimə, cəmi 20803,76 manat məbləğində kredit borcu, 150 manat məbləğində mediasiya xərci, 8 manat məbləğində ipoteka predmetinə tutmanın yönəldilməsi bildirişinin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu, 25 manat məbləğində xidmət haqqı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq "xxxx" QSC-yə ödənilsin. Tələb Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 1-ci keçiddə yerləşən 0,0095 ha torpaq sahəsi və onun üzərində yerləşən 24 B saylı fərdi yaşayış evinə yönəldilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 1-ci keçiddə yerləşən 0,0095 ha torpaq sahəsi və onun üzərində yerləşən 24 B saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 18000 manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 20803,76 manat məbləğində kredit borcu, 150 manat məbləğində mediasiya xərci, 8 manat məbləğində ipoteka predmetinə tutmanın yönəldilməsi bildirişinin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu, 25 manat məbləğində xidmət haqqı "xxxx" QSC-yə ödənilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 1-ci keçiddə yerləşən 0,0095 ha torpaq sahəsi və onun üzərində yerləşən 24 B saylı fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evi boşaldılmaqla Cavabdeh2 və Cavabdeh4 fərdi yaşayış evindən çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaitinin 50 manatı "xxxx" QSC-dən, 100 manatı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1092/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1092/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver