Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-11/2020 17.06.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi ilə, İddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin cavabdeh “xxxx” X1 Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxs cavabdeh “xxxx” X1 Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.349.926,26 manat əsas, 27.159,77 manat faiz və 921.940,53 manat cərimə borcu olmaqla, cəmi 2.299.026,56 manat vəsaitin, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun və çəkilmiş məhkəmə xərclərinin borcludan tutularaq Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraqgüzəştli kreditlərin sahibkarlıq subyektlərinə çatdırılmasında müvəkkil kredit təşkilatı təşkilatı kimi fəaliyyət göstərilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə müvəkkil kredit təşkilatı “xxxx” MMC arasında xx.xx.2014-cü il tarixdə “Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında” müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq “xxxx” MMC-yə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 320 investisiya layihəsinin maliyyələşdirilməsinə müvafiq sifarişlər əsasında 1.600.000 manat güzəştli kredit ayrılmışdır. Ancaq ayrılmış güzəştli kreditlər üzrə vəsaitlərin geri qaytarılması istiqamətində ödənişlərin həyata keçirilməsində “xxxx” MMC xx.xx.2016-cı il tarixdən gecikmələrə yol vermiş və nəticədə müqavilənin müvafiq bəndləri pozulduğuna görə öhdəliklərin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə hesablanmasına başlanılmışdır. Müqavilə şərtlərinə əməl etmədiyi üçün “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixinə Fond qarşısında 1.349.926,26 manat əsas, 27.159,77 manat faiz və 921.940,53 manat cərimə borcu olmaqla, cəmi 2.299.026,56 manat borcu mövcuddur. Hal-hazırda qanunvericiliyin tələbləri və müqavilə şərtlərinə uyğun olaraq Fond tərəfindən faiz və cərimələrin hesablanması davam etdirilir. Fondla “xxxx” MMC arasında xx.xx.2018ci il tarixdə aparılmış və Kredit İttifaqının rəhbəri tərəfindən imzalanmış və möhürlənmış üzləşmə aktına əsasən borclunun Fond qarşısındakı öhdəlikləri onun tərəfindən hər hansı mübahisələndirmə aparılmadan təsdiq edilmişdir. Fond tərəfindən edilmiş çoxsaylı rəsmi xəbərdarlıqlara baxmayaraq kredit təşkilatı tərəfindən öhdəliklərin yerinə yetirilməsi təmin edilməmişdir.Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsinvə cavabdeh “xxxx” X1 Məsuliyyətli Cəmiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ilə müvəkkil kredit təşkilatı arasında vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ilə “xxxx” X1 Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 7 oktyabr tarixli, 162 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadə Qaydaları”nın 1.3-cü bəndinə müvafiq olaraq Fondun vəsaitlərinin istifadə edilməsinin şərtlərini nəzərdə tutan müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, Fond müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş əsas və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, müvəkkil kredit təşkilatı isə Qaydalara və bu müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin edir. Müqavilənin 3.3-cü bəndinə əsasən, müvəkkil kredit təşkilatları Fondun vəsaitlərini öz adlarından və öz riskləri hesabına yerləşdirirlər. Müqavilənin 3.4-cü bəndinə əsasən, Fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatı tərəfindən verilən kreditlərin hədləri, müddət və faizləri, habelə kreditlər üzrə güzəşt müddəti Qaydalara uyğun olaraq müəyyən edilir. Müqavilənin 3.5-ci bəndinə əsasən, kredit vəsaiti üzrə faizlərin hesablanması güzəştli kredit vəsaitinin Fondun xəzinə hesabından silindiyi tarixdən başlayır və əsas borc üzrə son ödənişin fondun xəzinə hesabına daxil olduğu tarixədək davam edir. Faizlər günlər üzrə hesablanır və hesablama zamanı 1 (bir) il 360 (üç yüz altmış) günə bərabər götürülür. Müqavilənin 3.6-cı bəndinə əsasən, sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarına güzəştli kreditləri, hesablanmış faizləri və digər ödənişləri ödəyibödəməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısındakı öhdəliklərini müqavilənin şərtlərinə uyğun olaraq vaxtında yerinə yetirməlidirlər. Müqavilənin 3.16-cı bəndinə əsasən Qaydalar və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin müvəkkil kredit təşkilatı tərəfindən pozulması aşkar edildikdə, müvəkkil kredit təşkilatı layihədən kənarlaşdırılır. Belə bir halda sahibkarlıq subyektləri tərəfindən öhdəliklərin yerinə yetirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı tərəfindən Fond qarşısında bütün öhdəliklər təxirə salınmadan icra edilir. Müqavilənin 5.8-ci bəndinə əsasən müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsaitlər üzrə əsas borc və hesablanmış faizləri hər ay üzrə növbəti ayın 3 bank günündən gec olmayaraq fondun müvafiq xəzinə hesabına ödəməlidirlər. Müqavilənin 6.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatının fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Ödəniş fondun hesabına daxil olduğu gün müvəkkil kredit təşkilatı öz öhdəliyini yerinə yetirmiş hesab edilir. Müvəkkil kredit təşkilatı fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün 0,1% cərimə ödəməlidirlər. Müvəkkil kredit təşkilatı 1 ay ərzində öhdəliklərini icra etmədikdə, fond vəsaitlərin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür. İş materiallarında olan “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin “xxxx” X1 Məsuliyyətli Cəmiyyətinə ünvanladığı xx.xx.2018-ci il tarixli, SİF-06/01-12/79 saylı və xx.xx.2018-ci il tarixli, SİF-06/01-12/209 saylı məktubların surətindən görünür ki, Azərbaycan Respublikasının Sahibkarkarlığın İnkişafı Fondu tərəfindən “xxxx” X1 Məsuliyyətli Cəmiyyətinə ayrılmış güzəştli kredit vəsaitləri üzrə 2018ci ilin 1 dekabr tarixinə əsasən kredit borcunun mövcud olması barədə cavabdeh məlumatlardırılmışdır və vaxtı keçmiş borcun Fondun bank hesabına təxirəsalınmadan ödənilməsinin təmin olunması barədə xəbərdar edilmişdir. İş materiallarında olan “xxxx” Kredit İttifaqı MMC-nin öhdəliklərinin yerinə yetirilməsi haqqında məlumatdan görünür ki, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ilə “xxxx” X1 Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən “xxxx” Kredit İttifaqı MMC-nin “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsinə xx.xx.2019-cu il tarixə 1.349.926,26 manat əsas, 27.159,77 manat faiz və 921.940,53 manat cərimə borcu olmaqla, cəmi 2.299.026,56 manat borcu yaranmışdır. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “xxxx” X1 Məsuliyyətli Cəmiyyətinin “xxxx” İKB ASC-nin Lənkəran filialında və “xxxx” BanK ASC-də olan bank hesablarına ümumilikdə 1.600.000 manat kredit məbləği köçürülmüşdür. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, 21511 saylı ekspert rəyində qeyd olunur ki, xx.xx.2014-cü il tarixli müqavilə üzə “xxxx” X2 Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilməli olan borc məbləğ 1.377.086,03 manat müəyyən edilir, o cümlədən əsas borc üzrə 1.349.926,26 manat, faiz borcu üzrə 27.159,77 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin, eləcə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə qiymətləndirilməlidir. Bu mənada öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə müəyyən etdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə “xxxx” X1 Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2014cü il tarixdə bağlanmış fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında müqaviləyə əsasən fond müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş əsas və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, müvəkkil kredit təşkilatı isə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydalarına və bu müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq Məhdud Məsuliyyətli “Yüksəliş” Kredit İttifaqına fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 320 investisiya layihəsinin maliyyələşdirilməsinə müvafiq sifarişlər əsasında 1.600.000 manat güzəştli kredit ayrılmışdır. Cavabdeh isə öz növbəsində iddiaçı tərəfindən ayrılmış güzəştli kredit vəsaitini Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydalarına və bu müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 1.349.926,26 manat əsas borc və 27.159,77 manat faiz borcunun “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin xeyrinə tutulması hissəsində təmin edilməlidir. İddiaçı əsas borc məbləği ilə yanaşı həmin borca görə hesablanmış dəbbə pulunun tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Tərəflər arasında bağlanılmış xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ilə müvəkkil kredit təşkilatı arasında vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında müqavilənin 6.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatının fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Ödəniş fondun hesabına daxil olduğu gün müvəkkil kredit təşkilatı öz öhdəliyini yerinə yetirmiş hesab edilir. Müvəkkil kredit təşkilatı fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün 0,1% cərimə ödəməlidirlər. Müvəkkil kredit təşkilatı 1 ay ərzində öhdəliklərini icra etmədikdə, fond vəsaitlərin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür. İddiaçı 921.940,53 manat dəbbə pulunu tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının pul tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehdən 25.000 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını və işin hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilməli, 20 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 145 (bir yüz qırx beş) manat cavabdeh “xxxx” X1 Məsuliyyətli Cəmiyyətindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 1.349.926,26 manat əsas borc, 27.159,77 manat hesablanmış faiz borcu, 25.000 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 1.402.106,03 manat pul cavabdeh “xxxx” X1 Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 145 (bir yüz qırx beş) manat cavabdeh “xxxx” X1 Məsuliyyətli Cəmiyyətindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-11/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-11/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver