Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1121/2023 12.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Niftiyev Vüsal Nəbi oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi borcu 7.893,11 manat, bundan 2.483,14 manat əsas, 1.756,34 manat faiz, 3.300,71 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 352,92 manat faiz borcunun və iş üzrə mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 105 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “Dövriyyə vəsaiti” məqsədi ilə 24 ay müddətinə illik 31 faiz dərəcəsi ilə 3820 (üç min səkkiz yüz iyirmi) USD məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 190006153/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli Razılaşmaya əsasən 0747 saylı xx.xx.2015 və 4112 saylı xx.xx.2014 tarixli Kredit kartların verilməsinə dair Kredit xətti müqavilələr üzrə öhdəliklərin 1122.74 AZN məbləğindəki qalıq borcu ********* saylı xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə əsas borc üzrə 3701.73 AZN məbləğindəki borcuna birləşdirilərək cəmi borcu 4824.47 AZN (bundan sonra “restrukturizasiya edilmiş kredit”) təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 18% ödənilməli idi. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mübahisə ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinə əsasən “İlkin Mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə MŞL/MT014/2023- 00909 nömrəli xx.xx.2023-cü il tarixli Arayış verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********749 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2018-ci il tarixdə 200 (iki yüz) AZN məbləğində ödəniş etmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 7893.11 (yeddi min səkkiz yüz doxsan üç manat 11 qəpik) manat təşkil edir. Bundan 2483.14 (iki min dörd yüz səksən üç manat 14 qəpik) manat əsas, 1756.34 (bir min yeddi yüz əlli altı manat 34 qəpik) manat faiz, 3300.71 (üç min üç yüz manat 71 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 352.92 manat faiz borcu təşkil edir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1121/2023 saylı, 22 iyun 2023-cü il tarixli qərardadına əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə işə iddia icraatı qaydasında baxılıması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Həmçinin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəməyə xx.xx.2023-cü il tarixində teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, növbəti məhkəmə iclasında sübutlar təqdim edəcəyini bildirərək iddia müddətini tətbiq etməklə iddianın rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, həmin Məcəllənin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini iş üzrə təqdim olunmuş sənədlərlə birgə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Lənkəran filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 31 faiz dərəcəsi ilə 24 ay müddətinə, dövriyyə vəsaiti məqsədilə 3.820 ABŞ dolları məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014cü il tarixli, 190006153/ZM zaminlik müqaviləsindən görünür ki, ********* saylı, xx.xx.2014cü il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Cavabdeh1 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. İşdə olan 0747 saylı xx.xx.2015 və 4112 saylı xx.xx.2014 tarixli Kredit karltarın verilməsinə dair Kredit xətti müqavilələr üzrə öhdəliklərin ********** saylı, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinə birləşdirilməsinə dair xx.xx.2017-ci il tarixli razılşamadan görünür ki, 0747 saylı xx.xx.2015 və 4112 saylı xx.xx.2014 tarixli Kredit karltarın verilməsinə dair Kredit xətti müqavilələr üzrə öhdəliklərin 1122.74 AZN məbləğindəki qalıq borcu ********** saylı, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə əsas borc üzrə 3701.73 AZN məbləğindəki borcuna birləşdirilərək cəmi borcunun 4824.47 manat olmasına dair razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə cədvəlindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin 30 yanvar 2023-cü il tarixə ümumi borcu 7.893,11 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında aldığı kreditə görə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışdır. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı ASC-nin nümayəndəsi tərəfindən ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 105 manat məbləğində mediasiyaya dair xidmət haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7462 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan əsas borcu 2.48524 manat, faiz borcu üzrə 813,54 manat, xx.xx.2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə illik 5% dərəcəsi ilə hesablanmaqla) banka olan əsas borcu 2.485,24 manat, 5 % ilə hesablanmış faiz borcu üzrə 352,77 manat, ümumilikdə faiz borcu üzrə 1.166,31 manat müəyyən edilir. İş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsirinə düşmür, ona hazırki iş üzrə kreditin restrukturizasiya olunması təklif olunmamışdır. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, İddiaçı ASC-nin Lənkəran filialı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 kredit verilmişdir. İddiaçı ASC-nin Lənkəran filialı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmış, göstərilən zaminlik müqaviləsinə əsasən zamin bankla borcalan arasında xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin, 0747 saylı xx.xx.2015 və 4112 saylı xx.xx.2014 tarixli kredit kartların verilməsinə dair Kredit xətti müqavilələr üzrə öhdəliklərin ********** saylı, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinə birləşdirilməsinə dair xx.xx.2017-ci il tarixli razılşamaya əsasən 0747 saylı xx.xx.2015 və 4112 saylı xx.xx.2014 tarixli Kredit karltarın verilməsinə dair Kredit xətti müqavilələr üzrə öhdəliklərin 1122.74 AZN məbləğindəki qalıq borcu ********** saylı, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə əsas borc üzrə 3701.73 AZN məbləğindəki borcuna birləşdirilərək cəmi borcunun 4824.47 manat olmasına dair razılığa gəlmişlər. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə eyni zamanda müəyyən etdi ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh1 kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə və ona edilmiş əlavə saziş üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Bununla yanaşı, məhkəmə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7462 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəməmühasibatlıq ekspertizasının rəyi kifayət qədər əsaslandırıldığından, məhkəmə ekspert rəyini sübut növü kimi qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əsas və faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilərək, cavabdehdən xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 2.483,14 manat əsas borc, 813,54 manat faiz borcu və müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 352,77 manat məbləğində faiz borcu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunu tələb etməkdə haqlıdır. Belə ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit alsa da göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmamışdır. Məhkəmə digər Cavabdeh2 mülki hüquq məsuliyyətinə münasibət bildirərək qeyd edir ki, öhdəlik zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən, o cümlədən həmin müqavilələrə edilmiş Əlavə Sazişlərdən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2020-ci il tarixdə başa çatmış, lakin iddiaçı xx.xx.2023-cü il tarixdə icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh2 qarşı iddia irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh2 münasibətdə iddia tələbi əsassızdır. Məhkəmə qeyd edir ki, 1 (bir) illik müddətin müəyyən olunmasında qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Məhkəmə, iddianın 3.300,71 manat cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 350 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə, eyni zamanda mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Çünki, Cavabdeh1 məhkəməyə xx.xx.2023-cü il tarixində teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, növbəti məhkəmə iclasında sübutlar təqdim edəcəyini bildirərək iddia müddətini tətbiq etməklə iddianın rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü ki, Cavabdeh1 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Yəni, cavabdeh ərizə ilə deyil, məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə teleqramda iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan da göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair məhkəməyə konkret və əsaslandırılmış xahişi ehtiva edən ayrıca yazılı formada ərizə təqdim etmədiyindən, iddia, iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Həmçinin, məhkəmə hesab edir ki, 105 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı Cavabdeh1, 50 manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 2.483,14 manat məbləğində əsas borc, 813,54 manat məbləğində faiz borcu, 350 manat məbləğində cərimə borcu, illik 5 faizlə hesablanmış 352,77 manat məbləğində faiz borcu və 105 manat mediasiya xərci olmaqla, ümumilikdə 4.104,45 (dörd min yüz dörd manat, qırx beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manatı Cavabdeh1, 50 (əlli) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1121/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1121/2023
12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver