Məhkəmə qərarları › İş №e-2-2(121)-1123/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1123/2023

31.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1123/2023 31.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.244 manat əsas borcun, 200 manat nümayəndə xərcinin və 45 manat rüsumun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2022-ci il tarixində Bakı şəhərində 14 saylı müqavilə imzalamışlar. Müqavilənin 1-ci maddəsində onun predmeti nəzərdə tutulmuşdur. Həmin maddənin 1.1-ci maddəsinə əsasən müqavilə əsasında “satıcı” “alıcıya” müxtəlif çeşidli yuyucu vasitələrin satışını təşkil edir. Müqavilənin 3 maddəsində malın çatdırılma şərtləri nəzərdə tutulmuşdur. 3.1 maddəsində malın çatdırılması Alıcı tərəfindən həyata keçirilməlidir. 3.2 malın məhv olma və zədələnmə riski ilə bağlı, mal Alıcıya təhvil verildiyi anadək Satıcı məsuliyyət daşıyır. 3.3 Satıcı, Alıcını təqdim etdiyi məhsulların qanunvericilikdə müəyyən edilmiş sertifikatlarla təmin etməlidir. 3.4 Satıcı müqaviləyə uyğun olaraq Alıcı tərəfindən sifariş olduqda sonra 7 (yeddi) təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 4-cü maddəsində ödəniş şərtləri də öz əksini tapmışdır. Həmin maddənin 4.1-ci maddəsində ödəniş satıcı malları alıcıya təhvil verdiyi gündən əvvəl və ya təhvil verdiyi 10 (on) iş günündən gec olmayaraq alıcı tərəfindən köçürülmə yolu ilə həll olunur. Lakin alıcı müqavilə şərtlərini kobud şəkildə pozaraq bu günə kimi götürdüyü mala heç bir ödəniş etməmişdir. Cavabdehə mübahisənin məhkəməyə qədər nizama salınmasına dair pretenziya göndərilmişdir. Lakin cavabdeh pretenziyaya münasibət bildirməmişdir. Məcburiyyət qarşısında qalaraq, "xxxx" MMC ilə 01 yanvar 2023-ci il tarixində ona hüquqi xidmət göstərmək üçün 01 nömrəli müqavilə imzalamışdır. X2 təmsil edib, iddia ərizəsi yazmış və sənədlərimi məhkəməyə elektron qaydada təqdim edilməsinə xidmət göstərmişdir. Göstərilən hüquqi xidmətə əsasən "xxxx" MMC-nin xəzinəsinə 200 (iki yüz) manat nəqd şəkildə pul ödəmişdir. Cavabdehə Mediasiya sessiyasında iştirak etmək üçün təklif göndərilmişdir. Lakin təklifi qəbul etsə də Mediasiya sessiyasında iştirak etməmiş və iştirak etməməsi barədə heç bir məlumat verilməmişdir. Elə buna görə də mülki iş Mediasiya sessiyasında həllini tapmamışdır. Bununla əlaqədar olaraq Salyan 1 saylı Mediasiya Təşkilatı tərəfindən İlkin Mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2023-ci il tarixində mediator X1 imza və möhürlə təsdiqlənmiş arayışı ona təqdim etmişdir. Arayışda pul tələbi olmaqla cəmi 2504 (iki min beş yüz dörd) manat öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli, 14 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında malların alqısatqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı alıcıya müxtəlif çeşidli yuyucu vasitələrin satışını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti tərəflərin razılığı ilə müəyyən edilir və satıcı tərəfindən təqdim edilmiş qaimədə öz əksini tapır. İşdən görünür ki, xx.xx.2022-ci il tarixli akt tərtib edilərək 2.244 manat məbləğində yuyucu vasitələr Cavabdeh təqdim edilmişdir. Həmin akt Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan EBCE seriyalı, 700610 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 2244 manat məbləğində yuyucu vasitələr təqdim edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında yuyucu vasitələrin satışı ilə bağlı alqı-satqı müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən cavabdehə 2.244 manat məbləğində yuyucu vasitələr satılmışdır. Həm qaimə fakturalara, həm də elektron qaiməyə əsasən satılan mallar cavabdeh tərəfindən təhvil alınsa da cavabdeh təhvil aldığı malların dəyərini ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaiməfakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaiməfaktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun təhvil verilmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə mallar göndərməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, razılaşdırılmış malların satışını icra edərək cavabdehə təhvil vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş pulu tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçı tərəfindən malların təhvil verildiyini təkzib edəcək və ya borcun tam və ya qismən ödənildiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia borcun tutulması hissəsində əsaslı olduğundan 2.244 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 200 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçının cavabdehə qarşı mediasiya prosesi üzrə hüquqi yardıma görə haqq 200 manat müəyyən olunmaqla "xxxx" MMC-nin hesabına ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 200 manat məbləğində nümayəndəyə ödənilmiş xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş və məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iş üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 45 manat olduğundan, iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 45 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2.244 manat məbləğində əsas borc, 200 manat məbləğində nümayəndəyə ödənilmiş xərc və 45 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 2.489 (iki min dörd yüz səksən doqquz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar