Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1124/2025 18.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc 2640,38 manat, faiz borcu 239,94 manat olmaqla, cəmi borcu 2880,32 manat məbləğin və ödənilmiş 48,80 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Lənkəran filialı arasında bağlanmış 29 fevral 2024-cü il tarixli 10/24-LF saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 22%-lə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Lənkəran filialı ilə fiziki şəxs Cavabdeh1 arasında 29 fevral 2024-cü il tarixli 01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqavilənin şərtlərinə görə zamin borclu Cavabdeh1 Təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşlər. Cavabdeh2 ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə Cavabdeh2 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Borclu 359,62 manat əsas borcdan, 161,38 manat isə faiz borcundan ödəmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh2 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 2640,38 manat, faiz borcu 239,94 manat, cəmi borcu 2880,32 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh2 və onun zamininə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş pretenziya və xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh2 vermişdir. Amma Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi borcunu ödəməmişdir. Cavabdeh2 öz öhdəliyini icra etməməsi nəticəsində İddiaçı QSC BOKT-a zərər vurmuşdur. Bu isə həm Cavabdeh2 həm də zaminin Kredit Təşkilatı qarşısında müvafiq məsuliyyətinin yaranmasına əsas verir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin də iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
İddia ərizəsinə etiraz:
7. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
8. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 10/24-LF saylı “kredit müqaviləsi”nə əsasən 24 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla, süd məhsullarının istehsalı üçün avadanlıq alınması məqsədilə 3000 manat məbləğində kredit verilmişdir.
9. İş materiallarında olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 bank qarşısında götürdüyü öhdəlikləri tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq barədə öhdəliyi öz üzərinə götürür.
10. İş materiallarında olan “ödəniş cədvəli”nin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, 10/24-LF nömrəli kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2026-cı il kimi qeyd olunmuşdur.
11. Maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli, 10/24-LF saylı kredit razılaşması üzrə Cavabdeh2 xx.xx.2024-cü il tarixinə 2640,38 manat məbləğində əsas bоrcu və 239,94 manat məbləğində faiz bоrcu olmaqla, ümumilikdə 2880,32 manat borcu vardır. 12.Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə iş üzrə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər məlumatlandırılmışdır.
13. ********** ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 48,80 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 743.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. - 742.1- ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. - 742.5-ci maddəsinə əsasən Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) v axtından əvvəl qaytarılmasını tələb edə bilər: - 742.5.1-ci maddəsinə əsasən borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); - 742.5.3-cü maddəsinə əsasən borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.4-cü maddəsinə əsasən borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
17. Məhkəmə baxışının hədləri:
-218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
c) Məhkəmənin mövqeyi:
18. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
19. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2 borc (kredit) verməyi, Cavabdeh2 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
20. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.
21. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh2 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və o, müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zamin Cavabdeh1 qeyd edilən kredit müqaviləsi və onun əsasında bağlanmış kredit müqaviləsi üzrə üzrə iddiaçı qarşısında Cavabdeh2 ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürdüyünə görə, o da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdır.
22. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və plenum qərarına əsasən hesab edir ki, iddia tələbi əsas borca münasibətdə tam olaraq əsaslıdır. İş materiallarından göründüyü kimi Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 10/24-LF saylı kredit müqaviləsi üzrə 2640,38 manat məbləğində krеdit bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehlərdən göstərilən əsas borc müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
23. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 10/24-LF saylı kredit razılaşmasına əsasən hesablanmış 239,94 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulması tələbini də irəli sürmüşdür.
24. Məhkəmə iddiaçı tərəfindən hesablanmış və tələb olunan xx.xx.2024-cü il tarixli, 10/24-LF saylı kredit müqaviləsi üzrə 239,94 manat cərimə borcuna münasibətdə qeyd edir ki, iddiaçı cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini ona bildirməsi ilə müqaviləyə xitam vermiş sayılır. İş materiallarından göründüyü kimi Cavabdeh2 xx.xx.2024-cü il tarixə (pretenziyada göstərilən tarixə) xx.xx.2024-cü il tarixli, 10/24-LF saylı kredit müqaviləsi üzrə 193,63 manat məbləğində faiz borcunun yarandığı bildirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, kredi müqaviləsi üzrə hesablanmış faiz borcu 193,63 manat müəyyən edilməlidir.
25. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyləri öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 2640,38 manat əsas borc və 193,63 manat faiz borcu olmaqla, cəmi 2834,01 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri:
26. rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna görə 48,34 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməli, qalan 0,46 manat isə iddiaçının özünə aid edilməlidir.. Nəticə:
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2640,38 manat məbləğində əsas borc, 193,63 manat məbləğində faiz borcu olmaqla, cəmi 2834,01 (iki min səkkiz yüz otuz dörd manat, bir qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 48,34 (qırx səkkiz manat, otuz dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissdə təmin edilməsin. Ödənilmiş qalan 0,46 (qırx altı qəpik) manat dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev