Məhkəmə qərarları › İş №e-2-2(121)-113/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-113/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-113/2022 30.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı – kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “iddiaçı”, ləğv prosesində olan İddiaçı ASC və ya İddiaçı ASC) cavabdehlər Məhərrəmov Vüsal Nadir oğluna və Cavabdeh1 qarşı – 9199,64 manat əsas borc, 1088,49 manat faiz borcu, 562,93 manat cərimə və Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1301,76 manat faiz borcu, ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə olunan 30 manat, mediasiya prosesinin tətbiqi üçün çəkilən 200 manat xərc və iş üzrə ödənilmiş 27,40 manat dövlət rüsumunun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus İmişli şəhəri, S.Şirəliyev küçəsində yerləşən 14A saylı fərdi yaşayış evinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq alıcıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh2 arasında bağlanmış 14.08.2015-ci il tarixli 567SF saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 12000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17.06.2008-ci il tarixli, MH seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus İmişli şəhəri, S.Şirəliyev küçəsində yerləşən 14A saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə bank ilə Cavabdeh1 arasında 18.08.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 14.06.2021-ci il tarixli və 24.06.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idilər, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehə 14.08.2015-ci il tarixli, 567SF saylı kredit müqaviləsi üzrə borcu üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdehlər təklifə cavab vermədiyi üçün Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehlərə mediasiya dəvət məktubu göndərilmişdir. Cavabdeh2 və Cavabdeh1 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki yaşadığı ünvana məktub göndərilmişdir. 20.09.2021-ci il tarixdə nəzərdə tutulan ilkin mediasiya sessiyasına Cavabdeh2 və Cavabdeh1 gəlməmişdilər. İlkin mediasiya sessiyasına iştirak edilmişdir, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödənilmişdir və bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir. 18.06.2021-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 12.152,82 manat təşkil edir. Bundan 9199,64 manat əsas borc, 1088,49 manat faiz borcu, 562,93 manat cərimə və Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1301,76 manat faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiyini bildirmiş, işə iştirakları olmadan baxılaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Məhərrəmov Vüsal Nadir oğlu və X2 məhkəməyə ərizə ilə müraciət edərək, iddianın əsas və faiz borcu hissəsində qismən qəbul etdiklərini, iddianın qalan hissəsini qəbul etmədiklərini bildirməklə, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh Məhərrəmov Vüsal Nadir oğlu arasında 576SF saylı, 14.08.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 36 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə X2 arasında bağlanmış 18.08.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, İmişli şəhəri, S.Şirəliyev küçəsi, ev 14A saylı ünvanda yerləşən fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 17.06.2008-ci il tarixdə verilmiş MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İmişli şəhəri, S.Şirəliyev küçəsi, ev 14A yerləşən fərdi yaşayış evi ilə bağlı Məhərrəmov Anar Nadir oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29.08.2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X2 mülkiyyətində olan İmişli şəhəri, S.Şirəliyev küçəsi, ev 14A yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdeh Məhərrəmov Vüsal Nadir oğluna kredit borcunun ödənilməsi ilə bağlı 14.06.2021-ci il tarixli bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh(lər)ə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə 24.06.2021-ci il tarixli bildiriş göndərmişdir. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşin materiallarında olan 18.06.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə 9199,64 manat məbləğində əsas borc, 1088,49 manat məbləğində faiz borcu, 562,93 manat məbləğində cərimə borcu, 1301,76 manat məbləğində müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 12152,82 manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün G-02/22-026 saylı, 14.02.2022-ci il tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə X1 mülkiyyətində olan İmişli şəhəri, S.Şirəliyev küçəsi, ev 14A saylı ünvanda yerləşən fərdi yaşayış evinin likvid dəyəri 60000 manat məbləğində olması müəyyən olunmuşdur. Hesabata (rəyə) əlavə edilən “hesab faktura”dan görünür ki, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 300 manat məbləğində təşkil edir. İş materiallarından aydın olur ki, cavabdehin qeyd edilən kredit borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddianın “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın qeyd edilən hissəsi əsaslıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və işə əlavə edilmiş sənədlərdən aşkar surətdə göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 14.08.2018-ci il tarixinə kimi müəyyənləşdirilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə yaranan münasibətlər müddətli münasibətlər olduğundan kreditin qaytarılma müddəti 14.08.2018-ci il tarixədək müəyyənləşdirilmişdir. Göründüyü kimi, borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam etsə də, müqavilənin qüvvədə olma müddəti 14.08.2018ci il tarixdə bitmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilənin qüvvədə olma müddəti ərzində yəni, 14.08.2018-ci il tarixinə kimi faizləri tələb etmək hüququna malik olsa da, müqavilənin qüvvədə olma müddəti bitəndən sonra bu hüququ itirmişdir. Lakin, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan, iddia “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması” hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 562,93 manat məbləğində deyil, 50 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 27,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, dövlət rüsumunun məbləği 127,40 manat deyil, 127,15 manat olması müəyyən edildiyindən, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 27,15 manatı cavabdehə, artıq ödənilmiş 0,25 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 27,15 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə eyni zamanda iddianın 200 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdehdən 150 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın “ipoteka predmetinə tutmanın qeydiyyata alınması məqsədi ilə çəkilmiş 30 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: 6.1.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: 6.1.2. Vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması; 6.1.4. ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması üçün 20 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 10 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, iddia bu hissədə də qismən təmin edilməklə, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlak(lar)a yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, 20.07.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra fərdi yaşayış evinin boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi, həmin əmlakın mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, fərdi yaşayış evinin təhvil verilməsi üçün həmin əmlaka tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, alqı-satqıdan sonrakı 1 ay ərzində cavabdeh torpaq sahəsini könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi torpaq sahəsinin ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş fərdi yaşayış evi satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin yeni mülkiyyətçi qarşısında fərdi yaşayış evini 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən, fərdi yaşayış evi satıldıqdan sonra fərdi yaşayış evinin mülkiyyətçi iddiaçı olmaya da bilər. Buna görə də iddiaçı fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsini tələb etməsi əsassızdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi” hissəsi rədd edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə daşınmaz əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri də tərəflərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar məsrəflər də – əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaitindən 250 manatı cavabdehdən, 50 manatı ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 9199,64 manat əsas borc, 1088,49 manat faiz borcu, 50 manat cərimə və 1301,76 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 11639,89 manat məbləğində kredit borcu, 30 manat məbləğində ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün ödənilmiş xidmət haqqı, 27,15 manat məbləğində məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu və 150 manat mediasiya xərci Məhərrəmov Vüsal Nadir oğlundan alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh1 mülkiyyətində olan İmişli şəhəri, S.Şirəliyev küçəsində yerləşən 14A saylı fərdi yaşayış evinə yönəldilsin. İmişli şəhəri, S.Şirəliyev küçəsində yerləşən 14A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 60000 manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 11639,89 manat məbləğində kredit borcu, 30 manat məbləğində ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün ödənilmiş xidmət haqqı, 27,15 manat məbləğində məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu və 150 manat mediasiya xərci ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İmişli şəhəri, S.Şirəliyev küçəsində yerləşən 14A saylı fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaitinin 250 manatı Məhərrəmov Vüsal Nadir oğlundan və Cavabdeh1 müştərək qaydada, 50 manatı isə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar