Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1149/2024 01.10.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 70000 manat pul və ödənilmiş 300 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bu barədə vergi uçotuna dayanmış və müvafiq VÖEN-ə malikdir. İddiaçı sahibkar kimi mebel istehsalı və satışı ilə məşğul olur. Cavabdeh ilə aralarında müəyyən ticarət münasibətləri olmuşdur. İddiaçı istehsal etdiyi mebelləri Sabirabad rayonunda satmağı Cavabdeh həvalə etmişdir. Cavabdehlə aralarında bu barədə şifahi razılaşma olmuşdur. Bu məqsədlə Cavabdeh 17 may 2021-ci ildə Sabirabad rayonunda rəsmi icarə müqaviləsi ilə mağaza icarəyə götürərək iddiaçının göndərdiyi mebellərin satışını həyata keçirmişdir. İddiaçının sahibkar kimi həmin mağazaya göndərdiyi bütün malları satmaq və müştərilərdən pulları yığmaq işi ilə cavabdeh məşğul olmuşdur. Bir müddət sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh 2022-ci ilin sentyabr-oktyabr aylarında müştərilərə nağd qaydada satdığı malların pulunu öz şəxsi istifadəsi üçün xərcləmişdir. Ümumilikdə cavabdeh bu hərəkətləri ilə iddiaçıya 70000 manat dəyərində ziyan vurmuşdur. İddiaçı cavabdehdən pulunu istəmiş, lakin cavabdeh iddiaçıya olan pul borcunu hələ də qaytarmamışdır. Cavabdehdən dəfələrlə pulunu tələb etsə də o, buna məhəl qoymur, heç bir əsaslı səbəb göstərmir. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən də iddiaçı ağır maddi vəziyyətə düşmüş, ona maddi zərər dəymiş və onun hüquqları pozulmuşdur. Qeyd edilən məsələ ilə bağlı iddiaçı ilk öncə Cəlilabad rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin tələbin kommersiya aidiyyatı olması müəyyən edilmişdir. Cavabdehin iddiaçıya olan borcunu təsdiq edəcək izahatı da mövcuddur və həmin izahat iddia ərizəsinə əlavə edilir. Həmçinin Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında Cavabdeh iddiaçıya olan borcunu etiraf etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, borcun etirafına dair izahatın onun tərəfindən yazılmadığını, həmin izahatda, həmçinin icarə müqaviləsində və təhvil-təslim sənədlərində olan imzaların ona məxsus olmadığını, eləcə də vatsap yazışmalarının ona məxsus olmadığını, satılması üçün ona həvalə edilmiş mebellərin satışından əldə olunan vəsaitin onun tərəfindən mənimsənilməsi barədə iddiaçının tələbinin ona atılmış böhtan olduğunu bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 cavabdehin izahatına uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, işdə iştirak edən şəxslərin məhkəmə iclaslarında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı sahibkarlıq subyekti kimi xx.xx.2012-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2020-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli (02 ədəd), xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli (02 ədəd), xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli satış qaimələrinə əsasən, Cavabdeh ümumi dəyəri 55656 manat olan müxtəlif çeşiddə mebel təhvil verilmişdir. İş materiallarında olan X2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli icarə müqaviləsindən görünür ki, Sabirabad şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 845,5 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 3 il müddətinə Cavabdeh tərəfindən icarəyə götürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli izahatın məzmunundan görünür ki, Cavabdeh həmin izahatla satılması üçün ona verilmiş 65-70 min dəyərində olan mebelləri nağd şəkildə satdığını və kassaya mədaxil etmədən öz şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(121)-1149/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 4/965 nömrəli, xx.xx.2024-cü il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, işin 34-35-ci vərəqlərində olan 17 may 2021-ci İl tarixli 01 nömrəli icarə müqaviləsində sağ tərəfdəki “İcarəyə verən” qrafasında “Cavabdeh” əlyazmalarından aşağıda yerləşən “İmza” qrafasındakı imza; 37-ci vərəqində Cavabdeh adından olan xx.xx.2022-ci il tarixli İzahatdakı əlyazmalar və “İmza: Rza” əlyazmaları qarşısındakı imza; işin 49-67-ci, 69-72-ci, 74-75-ci,77-79-cu vərəqlərində olan: 03 dekabr 2021-ci il tarixli, 06 dekabr 2021-ci il tarixli, 27 dekabr 2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, 08 iyun 2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli (02 ədəd), xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli (02 ədəd), xx.xx.2021-ci il tarixli, 05 yanvar 2022-ci il tarixli, 24 yanvar 2022-ci il tarixli, 09 mart 2022-ci il tarixli, 01 aprel 2022-ci il tarixli, 23 mart 2022-ci il tarixli, 07 may 2022-ci il tarixli, 12 may 2022-ci il tarixli, 27 may 2022-ci il tarixli, 07 iyul 2022-ci il tarixli, 23 avqust 2022-ci il tarixli, 30 avqust 2022-ci il tarixli, 02 sentyabr 2022-ci il tarixli, 28 sentyabr 2022-ci il tarixli təhvil-təslim aktlarında “Təhvil aldı:” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin 68-ci vərəqində olan 23 aprel 2022-ci il tarixli, 73-cü vərəqlərində olan 31 may 2022-ci il tarixli, 76-cı vərəqində olan 26 avqust 2022-ci il tarixli təhvil-təslim aktlarında “Təhvil aldı:” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil edir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, mübahisə tərəflərinin hər ikisi sahibkarlıq subyektləridirlər, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüququnun bərpa edilməsinə dair tələbi təşkil edir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri onların həm birgə, həm də ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqəlidir. Buna görə də, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmeti və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakteri hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. Məhkəmə hesab edir ki, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün ilk növbədə tərəflər arasında mövcud olmuş münasibətlərin xarakterinin, həmin münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarının, həmçinin işin mübahisəsiz və mübahisəli hallarının aşkar edilməsi, mübahisəli halların kimin tərəfindən sübut edilməsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə əsasən müəyyən edilməsi zəruridir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı istehsal və ya tədarük etdiyi mebelləri (bundan sonra “malları”) müəyyən ərazidə satışının həyata keçirilməsi məqsədi ilə cavabdehə təhvil vermək, cavabdeh isə şərtləşdirilmiş muzd (haqq) müqabilində təhvil aldığı malların satışını təşkil etməklə satışdan əldə edilmiş pul vəsaitini iddiaçıya ödəmək barədə razılığa gələrək, bu barədə şifahi formada müqavilə bağlamışlar. İddiaçı satılması üçün təhvil verdiyi malların satışından əldə edilmiş vəsaitin bir hissəsinin cavabdeh tərəfindən şəxsi ehtiyacları üçün xərcləndiyini, bununla da cavabdehin təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Cavabdeh isə iddianı qəbul etməyərək ona təhvil verilmiş malların dəyərini iddiaçıya tam şəkildə ödədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını tapşırıq müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40-cı fəslində yer alan normalar təşkil edir. Belə ki, tərəflər arasında yaranmış münasibətin xarakterini müəyyən edən işin faktiki hallarına Mülki Məcəllənin 777-ci maddəsində nəzərdə tutulan tapşırıq müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə hesab edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə, tərəflərin izahatlarına və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında iddiaçıya məxsus mebellərin müəyyənləşdirilmiş ərazidə satışının həyata keçirilməsi barədə tapşırığın cavabdeh tərəfindən icra edilməsini nəzərdə tutan şifahi formada tapşırıq müqaviləsinin bağlandığı, tapşırığın icra edilməsi məqsədi ilə cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin icarəyə götürüldüyü, tərəflər arasında tapşırıq müqaviləsi üzrə münasibətlər yarandığı tarixdən etibarən iddiaçı tərəfindən cavabdehə müxtəlif çeşiddə mebellərin təhvil verildiyi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli hallarını iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş malların dəyərinin və cavabdeh tərəfindən təhvil aldığı malların satışından əldə edilmiş vəsaitin tam və qismən iddiaçıya ödənilməsinin müəyyən edilməsi təşkil edir. Belə ki, iddiaçı təhvil verdiyi mallara görə cavabdeh tərəfindən ödənilməmiş 70000 manat məbləğində borcun qaldığını, cavabdeh isə iddiaçıya borcunun olmadığını iddia edirlər. Məhkəmə qeyd edir ki, göründüyü kimi baxılan işin əsas mübahisəli məqamı tərəflər arasında mövcud olmuş tapşırıq müqaviləsi üzrə təhvil verilmiş malların dəyəri və həmin mallara görə həyata keçirilmiş ödənişlərin məbləğləri ilə bağlıdır. İddiaçı malların cavabdehə təhvil verilməsinə dair satış qaimələrinə və cavabdeh tərəfindən yazılaraq imzalanmış izahata istinad edərək hesab edir ki, işin yuxarıda qeyd olunan mübahisəli halının həlli üçün həmin sənədlər əsas götürülməlidir. Cavabdeh isə adı çəkilən sənədlərin onun tərəfindən yazılmadığını və imzalanmadığını bildirirək həmin sənədlərin saxta olduğuna istinad edir. Tərəflərin yuxarıda göstərilən istinadlarına və işin müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, baxılan iş üzrə mübahisənin həlli üçün əsas olaraq malların cavabdehə təhvil verilməsinə dair iş materiallarında olan satış qaimələrinə və cavabdeh tərəfindən yazılaraq imzalanmış izahata hüquqi qiymət verilməlidir. Məhkəmə, ilk növbədə cavabdeh tərəfindən yazılaraq imzalanmış izahatın hüquqi mahiyyətinə aydınlıq gətirilməsi məqsədi ilə qeyd edir ki, həmin sənəd mahiyyət etibarı ilə özündə borcun etirafına dair iradə ifadəsini ehtiva edir. Qeyd edilməlidir ki, işdə olan izahat adlandırılan sənəd onun məzmunu nəzərə alındıqda mahiyyət etibarı ilə əqddir və buna görə də mülki qanunvericilikdə əqdlərin etibarlı hesab edilməsi üçün nəzərdə tutulmuş bütün məcburi göstərişlər və normativ tələblər həmin sənədə də şamil edilməlidir. Mülki qanunvericilikdə əqdlərin etibarlılığı ilə əlaqədar nəzərdə tutulan subyekt, məzmun, sərbəst və həqiqi iradə ifadələrinin bəyanı və onların bir-birinə uyğunluğu kimi əsas tələblər borcun etirafına dair əqdin etibarlı şəkildə bağlanmış hesab edilməsi üçün zəruri tələblərdir. Lakin qeyd edilməlidir ki, borcun etirafına dair əqdin digər əqdlərdən əsas fərqləndirici əlaməti, onun özlüyündə yeni və müstəqil mülki hüquq və vəzifələr yaratması xüsusiyyətindən çox, həmin sənədi tərtib edənlər arasında artıq mövcud olan mülki hüquq münasibətlərindən yaranan öhdəliyin etirafı xarakterində olmasıdır. Məhkəmə qeyd edir ki, işdə olan və cavabdehin borcun etirafına dair iradə ifadəsini əks etdirən izahat cavabdeh tərəfindən o əsasla mübahisələndirilir ki, həmin izahat onun tərəfindən yazılmamış və imzalanmamışdır. Qeyd olunan xüsusatın aydınlaşdırılması məqsədi ilə təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının nəticəsinə dair rəylə cavabdehin həmin iddiası təsdiqini tapmamış, sözügedən izahatın mətninin onun tərəfindən yazıldığı və imzanın cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Bununla da, adı çəkilən sənədin etibarsızlığına dair cavabdehin etirazının əsası kimi gətirdiyi dəlilin əsassız olduğu aşkar edilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin olunmuş ekspertizanın nəticəsinə dair rəydə həm də işdə olan malların cavabdehə təhvil verilməsinə dair iş materiallarında olan satış qaimələrinin yalnız üçündə olan imzaların cavabdeh tərəfindən deyil başqa şəxs tərəfindən icra edildiyi, digər qaimələrdəki imzaların isə cavabdehə məxsus olması faktı müəyyən edilmişdir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, adı çəkilən izahatın və satış qaimələrinin məzmunları ilə müəyyən edilən xüsusatlar işin mübahisəsiz halları biri kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, cavabdeh xx.xx.2022-ci il tarixinə iddiaçıya 65-70 min manat məbləğində borcunun olmasını həmin tarixdə yazdığı və imzaladığı izahatla etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh borcunu etiraf etdiyinə və onun tərəfindən yazılaraq imzalanması sübut olunan, özündə borcun etirafına dair iradə ifadəsini ehtiva edən izahat mövcud olduğuna görə həmin hissədə iddiaçı sübutetmə vəzifəsindən azad olunmuşdur. Cavabdeh isə adı çəkilən izahatı onun tərəfindən yazılmaması və imzalanmaması əsası ilə mübahisələndirsə də, həmin xüsusat öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, qeyd olunan izahatla müəyyən edilmiş hal, yəni cavabdehin xx.xx.2022-ci il tarixə iddiaçıya 65-70 min manat məbləğində borcunun olması işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən izahatın mötəbərliliyi müəyyən edildikdən sonra, baxılan işin mübahisəli halları, yəni iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş malların dəyərinin və cavabdeh tərəfindən təhvil aldığı malların satışından əldə edilmiş vəsaitin tam və qismən iddiaçıya ödənilməsinin müəyyən edilməsi artıq işin mübahisəsiz halı kimi qəbul edilən cavabdeh tərəfindən tərtib olunmuş izahata əsasən müəyyən edildiyi kimi cavabdehin xx.xx.2022-ci il tarixə iddiaçıya 65-70 min manat məbləğində borcunun olması faktı nəzərə alınmaqla araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdən sonra borcun tam və ya qismən ödənilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, iddiaçının borcun tutulması tələbini əsaslı hesab etməklə yanaşı, tələb olunan borcun məbləği ilə bağlı qismən əsaslı olduğu qənaətinə gəlir. Belə ki, iddiaçı tələbinin həcmini 70000 manat məbləğində göstərsə də, bunu əsaslandıran dəlilləri təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, işdə olan izahatda cavabdeh borcunun 65-70 min manat məbləğində olduğunu etiraf etsə də, işin mübahisəsiz hallarından biri kimi qəbul edilən cavabdeh tərəfindən imzalanmış malların cavabdehə təhvil verilməsinə dair satış qaimələrinə əsasən aparılmış hesablama nəticəsində müəyyən olunur ki, həmin qaimələrə görə cavabdehə təhvil verilmiş malların ümumi dəyəri 55656 manat məbləğindədir. Məhkəmə qeyd edir ki, cavabdeh adı çəkilən satış qaimələrində olan imzaların ona məxsus olmasını mübahisələndirsə də, təyin olunmuş ekspertizanın nəticəsinə dair rəydə həmin qaimələrdən üç ədədi istisna olmaqla, digərlərində olan imzaların cavabdehə məxsus olması müəyyən edilmişdir. Məhkəmə yuxarıda şərh olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq borcun məbləği 55656 manat olaraq qət edilməlidir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı ona məxsus olan malları satışının təşkil edilməsi üçün cavabdehə təhvil versə də, cavabdeh ona verilmiş tapşırığı lazıminca icra etməmiş, ona təhvil verilmiş malların satışından əldə edilmiş vəsaiti iddiaçıya tam şəkildə ödəməmişdir. Buna görə də, iddiaçının tapşırıq müqaviləsi üzrə yaranmış əsas borcun tutulması tələbinə dair iddiası qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 782.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia qismən təmin edildiyinə görə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 138 manat məbləğində vəsait cavabdehdən tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119 və 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 55656 manat məbləğində borc və ödənilmiş 300 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 55956 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 138 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1149/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1149/2024
01.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver