Məhkəmə qərarları › İş №e-2-2(121)-1152/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1152/2022

02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1152/2022 02.08.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və s. tələbi barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı – cavabdehlərdən müştərək qaydada 20.131,7 manat məbləğində əsas bоrc və 4.192,43 manat faiz borcu оlmaqla, cəmi 24.324,23 manat borcun və 200 manat məbləğində ödənilmiş mediasiyaya dair xərcin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış 28 noyabr 2019 il tariхli, 102842-812497/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 23% dərəcəsi ilə 30.000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdehlər – Cavabdeh1 arasında 28 noyabr 2019 il tariхli, 102842-812497/1 nömrəli və Cavabdeh2 arasında 28 noyabr 2019 il tariхli, 102842-812497/1/2 zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (bоrcalan tərəfindən 28 noyabr 2019 il tariхli, 102842-812497/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 05 yanvar 2022-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 20.131,70 manat məbləğində əsas bоrcu və 4192.43 manat faiz borcu оlmaqla, ümumilikdə 24.324,23 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasına gəlməmişdirlər, həmçinin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə "xxxx" ASCnin nümayəndəsinin iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsi və iş üzrə digər Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında iddia tələbini qəbul etdiyini bildirərək qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında Cavabdeh3 zamin durduğunu, hesablanmış əsas və faiz borcunu qəbul etdiyini bildirdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Odur ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında 102842- 812497/1 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaitlərinin alınması məqsədilə illik 23 faiz ödəmək şərti ilə 12 ay müddətinə 30.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 01 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən 29.820 manat məbləğində pul vəsaiti Cavabdeh3 müvafiq bank hesabına köçürülmüşdür. İşin materiallarında olan xx.xx.2019-cu il tarixli, 102842-812497/1/2 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 102842-812497/1 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. İşin materiallarında olan xx.xx.2019-cu il tarixli, 102842-812497/1 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 102842-812497/1 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. İşə əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı cavabdehlərə xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə 20.131,7 manat məbləğində əsas borc və 4.192,53 manat məbləğində faiz borcu, cəmi 24.324,23 manat məbləğində kredit borcu vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Bununla yanaşı, Cavabdeh3 izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə qeyd edir ki, öhdəlik zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqaviləsindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2020-ci il tarixdə başa çatmış, lakin iddiaçı yalnız xx.xx.2022-ci il tarixdə icra edilməmiş öhdəlik üzrə zaminlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə iddia tələbi əsassızdır. Məhkəmə, həmçinin iddianın “200 manat məbləğində mediasiyaya dair xərcin cavabdehdən alınmasına dair” hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh3 20.131,70 manat məbləğində əsas borc, 4.192,43 manat faiz borcu və 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 24.524,13 (iyirmi dörd min beş yüz iyirmi dörd manat, on üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar