Məhkəmə qərarları › İş №e-2-2(121)-1156/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1156/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1156/2025 12.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı – cavabdehlərdən müştərək qaydada iddiaçının хеyrinə 020R********** saylı krеdit razılaşması üzrə 641,31 manat məbləğində krеdit bоrcu, 255,95 manat məbləğində faiz bоrcu və 258,12 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1.155,38 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40 manat məbləğində mediasiya xərcinin tutulması barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qarayev Cəlal Həmzəxan oğluna iddiaçı ilə bağladığı xx.xx.2020-ci il tarixli 020L**********41 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300.000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Qarayev Cəlal Həmzəxan oğlu iddiaçı ilə bağladığı xx.xx.2020-ci il tarixli 020R********** saylı krеdit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində krеdit götürmüşdür. Qarayev Cəlal Həmzəxan oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Qarayev Cəlal Həmzəxan oğlu götürdüyü krеdit bоrcundan 1.358,69 manat ödəmiş, onun 641,31 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Qarayev Cəlal Həmzəxan oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-ci il tarixə 903 gün üçün hesablanmış faiz borcu 255,95 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-ci il tarixə 903 gün üçün hеsablanmış cərimə 258.12 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Qarayev Cəlal Həmzəxan oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Qarayev Cəlal Həmzəxan oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən borclu Qarayev Cəlal Həmzəxan oğlunun vəfat etdiyi iddiaçıya məlum olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********29 saylı məktubuna əsasən, Qarayev Cəlal Həmzəxan oğlunun adına Cəlilabad rayonu, Muğan kəndində ümumi birgə payda 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid JN-184 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Bununla bağlı, Cəlilabad rayon İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixində 185 saylı sorğu verilmiş, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad rayon Muğan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1177 saylı məktubuna əsasən məlum olmuşdur ki, mərhum Qarayev Cəlal Həmzəxan oğlunun mülkiyyətində olan Cəlilabad rayonu, Muğan kəndində ümumi birgə payda 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini hal-hazırda X3, Cavabdeh3 və Cavabdeh4 idarə edir. Belə ki, faktiki vərəsələr- X3, Cavabdeh3 və Cavabdeh4 qeyd olunan torpaq sahəsindən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.-2ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən - X3, Cavabdeh3 və Cavabdeh4 mərhum Qarayev Cəlal Həmzəxan oğlunın faktiki vərəsələri hesab edilir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı QSCnin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı – pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin, Cavabdeh1 aid hissədə yolverilməzliyə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı QSC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə cavabdeh Qarayev Cəlal Həmzəxan oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli 020L**********41 saylı uzunmüddətli kredit müqaviləsi əsasında 300.000 manat məbləğində 120 ay müddətinə kredit xətti açılmışdır. İş materiallarından görünür ki, İddiaçı QSC ilə cavabdeh Qarayev Cəlal Həmzəxan oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli 020R********** saylı kredit razılaşması bağlanmışdır. Həmin kredit razılaşması üzrə cavabdeh Qarayev Cəlal Həmzəxan oğluna 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla 2.000 manat məbləğində kredit verilmişdir. İşdən görünür ki, İddiaçı QSC ilə Qarayev Cəlal Həmzəxan oğlu arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 020L**********41 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərini icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və iddiaçı arasında xx.xx.2020-ci il tarixdə zaminlik müqaviləs(lər)i bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli köçürmə sənədinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən cavabdeh Qarayev Cəlal Həmzəxan oğluna 2.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan arayışın surətindən görünür ki, cavabdeh Qarayev Cəlal Həmzəxan oğlunun xx.xx.2020-ci il tarixli 020R********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 641,31 manat məbləğində əsas, 255,95 manat məbləğində faiz, 258,12 manat məbləğində cərimə olmaqla, cəmi 1.155,38 manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl ləğv edilməsi (xitam verilməsi) və borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları göndərmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh Qarayev Cəlal Həmzəxan oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. Portaldan çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, kreditin verildiyi tarixdən kredit razılaşmasının bitdiyi xx.xx.2021-ci il tarixə kimi kredit üzrə ödənişlər olmuşdur. Lakin, tam şəkildə ödənişlər olmadığından kredit razılaşması üzrə borc yaranmışdır. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyətinə Muğan Bələdiyyəsi tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli arayışa əsasən, Muğan kənd sakini mərhum Qarayev Cəlal Həmzəxan oğluna ailə üzvləri ilə birlikdə 0.95 ha pay torpağı ayrılmışdır. JN-184 nömrəli dövlət aktında aşağıda qeyd edilən şəxslərin adları göstərilmişdir: 1. Qarayev Cəlal Həmzəxan oğlu (vəfat edib), 2. X3, 3. Cavabdeh3, 4. Cavabdeh4. Həmin torpaq sahəsini mərhum Qarayev Cəlal Həmzəxan oğlunun ailə üzvləri istifadə edir və onlar nəzarət edirlər. İşə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan ünvanladığı xx.xx.2022-ci il tarixli “fiziki şəxsin adına daşınmaz əmlakın olub-olmaması haqqında” məktuba əsasən, xx.xx.1970-ci il təvəllüdlü Qarayev Cəlal Həmzəxan oğlunun adına Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hər hansı daşınmaz əmlakların olması ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Qarayev Cəlal Həmzəxan oğlunun adına Cəlilabad rayonu, Muğan kəndində ümumi birgə payda 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid JN-184 nömrəli xx.xx.1999-cu il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Qarayev Cəlal Həmzəxan oğlunun adına respublika üzrə qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. İşə əlavə edilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Cəlilabad rayon 1 saylı Notariat ofisinin məhkəmənin sorğusuna cavab məktublarına əsasən, Qarayev Cəlal Həmzəxan oğlunun adına vərəsəlik işinin açılmadığı bildirilmişdir. İşə əlavə edilən X1 Reyestr Xidmətinin xx.xx.2024-cü il tarixli məktublarına əsasən, xx.xx.1970-ci il təvəllüdlü Cəlal Qarayevin doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən atasının 1929-cu il təvəllüdlü Qarayev Həmzəxan Kəlbi oğlu (xx.xx.1997-ci ildə vəfat etmişdir), anasının isə 1931-ci il təvəllüdlü X5 (xx.xx.2021-ci ildə vəfat etmişdir) olduğu müəyyən edilmişdir. Qarayev Cəlal Həmzəxan oğlu xx.xx.1995-ci il tarixdə xx.xx.1975-ci il təvəllüdlü Niftalıyeva (nikaha daxil olduqdan sonrakı soyadı “Qarayeva”) Kəmalə Əvəz qızı ilə nikah bağlamış və bu nikahdan xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh4 və xx.xx.2000-ci il təvəllüdlü Qarayev Raqif adlı övladları doğulmuşdur. İşə əlavə edilən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli “müraciətə baxılması barədə” məktubuna əsasən, dövlət aktları Aqrar İslahat Komissiyasının qərarları əsasında verilir və Aqrar İslahat Komissiyasının qərarları 8 saylı Cəlilabad Ərazi İdarəsinin arxivində mövcud deyil. X9 Həmzəxan oğlunun adına hər hansı hüquqi qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Əlavə olaraq, sorğuda qeyd edilən “JN-184 nömrəli xx.xx.1999-cu il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktının verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri” üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat MMC-yə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/7556 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə xx.xx.2020-ci il tarixli, 020R********** saylı kredit müqaviləsinin şərtləri üzrə Qarayev Cəlal Həmzəxan oğlunun banka olan borcu xx.xx.2020-ci il tarixə əsas borc üzrə 1.998,11 manat, faiz borcu üzrə 23,09 manat; xx.xx.2021-ci il tarixədək əsas borc üzrə 657,48 manat, faiz borcu üzrə 0 manat; xx.xx.2024-cü il tarixədək əsas borc üzrə 628,14 manat, faiz borcu üzrə 260,07 manat müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Qarayev Cəlal Həmzəxan oğlu arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 020L**********41 nömrəli uzunmüddətli kredit müqaviləsi çərçivəsində 020R********** nömrəli kredit razılaşmasına əsasən bank Cəlal Qarayevə kredit vəsaiti vermişdir. Qeyd olunan kreditin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Qarayev Cəlal Həmzəxan oğlu xx.xx.2020-ci il tarixdə, Cavabdeh1 isə xx.xx.2022-ci il tarixdə ölmüşdürlər. Bundan başqa, araşdırma zamanı müəyyən olunmuşdur ki, Qarayev Cəlal Həmzəxan oğlu xx.xx.2020-ci il tarixdə ölmüş olsa da, kreditin verildiyi tarixdən kredit razılaşmasının bitdiyi xx.xx.2021-ci il tarixə kimi kredit üzrə ödənişlər olmuşdur. Lakin, tam şəkildə ödənişlər olmadığından kredit razılaşması üzrə borc yaranmışdır. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə öldüyündən, iddiaçı isə mövcud iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə qeyd edilən iddia ərizəsinin Cavabdeh1 aid hissədə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, Cəlal Qarayevin arvadı Cavabdeh2, oğlanları Cavabdeh3 və Cavabdeh4 öldüyü zaman Cəlal Qarayevin ümumi birgə paylı mülkiyyətində olmuş Cəlilabad rayonu, Muğan kəndində yerləşən torpaq sahəsindən sahiblik və istifadə etməklə vərəsəliyi faktiki qəbul etmişdir. Göründüyü kimi, qeyd edilən torpaq sahəsinin mülkiyyətçisi olmuş Cəlal Qarayevin xx.xx.2020-ci il tarixdə ölməsi ilə həmin torpaq sahəsinə dair vərəsəlik açılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi, miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cəlal Qarayevin arvadı və uşaqları mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmələri barədə ərizə verməmişlər, lakin, arvadı və oğlanları həmin torpaq sahəsindən istifadə və nəzarət edərək, əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktik başlamış, bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirməklə mirası qəbul etmişlər. Göründüyü kimi, cavabdehlər mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmələrinə dair hərəkətlər edərək, miras əmlakı qəbul etmişlər. Bununla da, miras qalmış əmlaka qanun üzrə birinсi növbəli vərəsədirlər. Belə ki, Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1159.1.1-сi maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı miras əmlak olan torpaq sahəsindən faktiki istifadə etməklə qəbul etmiş Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbi ilə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cəlal Qarayev kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Belə olan halda iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, Cəlal Qarayev öldüyündən, arvadı Cavabdeh2, oğlanları Cavabdeh3 və Cavabdeh4 onun vərəsələri olduğundan, bununla da, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduqlarından, kredit borcu qeyd edilən cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarının 1-ci hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vərəsə olduqlarından, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borc və hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iddia ərizəsinin məzmunundan və işə əlavə edilmiş sənədlərdən aşkar surətdə göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixinə kimi müəyyənləşdirilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə yaranan münasibətlər müddətli münasibətlər olduğundan kreditin qaytarılma müddəti xx.xx.2021-ci il tarixədək müəyyənləşdirilmişdir. Göründüyü kimi, borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam etsə də, müqavilənin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilənin qüvvədə olma müddəti ərzində yəni, xx.xx.2021-ci il tarixinə kimi faizləri tələb etmək hüququna malik olsa da, müqavilənin qüvvədə olma müddəti bitəndən sonra bu hüququ itirmişdir. Buna görə də, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə faiz borcunun 0 manat olması; xx.xx.2024-cü il tarixinə (pretenziya tarixinə) əsas borcun 628,14 manat olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdeh(lər)dən göstərilən kredit müqaviləsi üzrə 628,14 manat məbləğində əsas borc tutulmalı, müqavilə müddətinə faiz borcunun olmaması müəyyən edildiyindən, iddia həmin hissədə rədd edilməlidiri. Məhkəmə həmçinin iddianın cərimə borcunun ödənilməsinə dair hissələrini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə(lər) əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə kredit müqaviləsinə (razılaşmasına) əsasən cərimənin 258,12 manat məbləğində deyil, 18 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə eyni zamanda iddianın 40 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəmişdir. Odur ki, iddiaçının mediasiya xərci də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən 40 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 30 manatı (yəni, 646,14 manata münasibətdə) cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 20 manatı iddiaçıdan, 80 manatı isə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 020R********** saylı kredit razılaşması üzrə 628,14 manat əsas borc, 18 manat cərimə, cəmi 646,14 manat məbləğində pul vəsaiti və 40 manat məbləğində mediasiya xərci Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 20 manatı İddiaçı QSC-dən, 80 manatı isə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar