Məhkəmə qərarları › İş №e-2-2(121)-1166/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1166/2024

25.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1166/2024 25.06.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 işirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehə qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən 2023-ci ilin aprel ayı ərzində Cavabdeh göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 2.890,47 manat borc, 904,40 manat cərimə və 58 manat dövlət rüsumu, cəmi 3.852,87 manat pulun Cavabdeh alınaraq "xxxx" QSC-yə ödəniməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (ADY) ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 13-1/2-3730/2023 nömrəli stansiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən Müqaviləyə Əlavədə nəzərdə tutulduğu kimi İcraçı ona məxsus olan yük əməliyyatı həyata keçirilən dəmir yolu stansiyalarında (bundan sonra “Stansiya” adlanacaq) Sifarişçinin sifarişinə əsasən vaqon və konteynerlərlə təmin edilməsi və yük daşımaları üzrə digər əlavə xidmətləri göstərməyi, Sifarişçi isə göstərilmiş Xidmətlərin müqabilində bu Müqavilənin Əlavəsi ilə müəyyən edilən xidmət haqqını İcraçıya ödəməyi öhdəsinə götürür. Qeyd edilən müqavilə əsasında ADY tərəfindən Cavabdeh 2023-cü ilin aprel ayı üzrə stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, ADY-nin Keşlə stansiyasında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilib götürülməsi”, “dalan yolunda vaqondan istifadə”, “hər oxa görə yığım”) görə Cavabdeh 2 890,47 manat yığım hesablanmışdır. Müqavilənin 5-ci bəndinə əsasən Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin pozulmasına, vəzifələrini, habelə öhdəliklərini yerinə yetirməyə və ya lazımınca yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və Müqavilədən irəli gələn öhdəliklərin pozulmasına görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərərin əvəzini ödəyirlər. Müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə Sifarişçi hər gecikdirilmiş gün üçün İcraçıya gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) dəyərində cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği Xidmət haqqının ümumi dəyərinin 30%-dən (otuz faizindən) çox olmamalıdır. Cavabdeh tərəfindən Müqaviləyə əsasən Keşlə stansiyası üzrə yaranmış 2 890,47 (iki min səkkiz yüz doxsan manat 47 qəpik) manat borca və gecikmələrlə ödənilmiş 667,29 manat məbləğə münasibətdə öhdəliklərin vaxtında icra edilməməsi səbəbindən 904,40 manat əlavə olaraq penya hesablanmışdır. Bununla bağlı Cavabdeh xx.xx.2023-cü il tarixdə pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də ADY pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 13-1/2-3730/2023 saylı stansiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, Müqaviləyə Əlavədə nəzərdə tutulduğu kimi İcraçı ona məxsus olan yük əməliyyatı həyata keçirilən dəmir yolu stansiyalarında (bundan sonra “Stansiya” adlanacaq) Sifarişçinin sifarişinə əsasən vaqon və konteynerlərlə təmin edilməsi və yük daşımaları üzrə digər əlavə xidmətləri (bundan sonra “Xidmətlər” adlanacaq) göstərməyi, Sifarişçi isə göstərilmiş Xidmətlərin müqabilində bu Müqavilənin Əlavəsi ilə müəyyən edilən xidmət haqqını İcraçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulmuş xidmətlərin yerinə yetirilməsinə görə ödəniləcək xidmət haqqı (bundan sonra “Xidmət haqqı” adlanacaq) qanunvericilikdə nəzərdə tutulduğu hallarda əlavə dəyər vergisi (ƏDV) tətbiq edilməklə Müqavilənin ayrılmaz ərkib hissəsi olan əlavədə göstərilən qaydada hesablanır. Həmin müqavilənin 5-ci bəndinə əsasən, müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin pozulmasına, vəzifələrini, habelə öhdəliklərini yerinə yetirməyə və ya lazımınca yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və Müqavilədən irəli gələn öhdəliklərin pozulmasına görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərərin əvəzini ödəyirlər. Müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə Sifarişçi hər gecikdirilmiş gün üçün İcraçıya gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) dəyərində cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği Xidmət haqqının ümumi dəyərinin 30%-dən (otuz faizindən) çox olmamalıdır. İş materiallarında olan 2022-ci ilin 01/04 dövründən 30/04 dövrünədək əlavə yığımlar üçün yığım vərəqəsindən (Forma FDU-92) görünür ki, iddiaçı tərəfindən cavabdehə Keşlə stansiyasında göstərilmiş stansiya xidmətlərinin ümumi dəyəri 2.890,47 manat təşkil edir. İş materiallarında olan 2023-cü ilin aprel ayını əhatə edən qəbul-təhvilçinin yaddaş vərəqələrindən (Forma QU-45) görünür ki, iddiaçı tərəfindən cavabdehə stansiya xidmətləri göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesablaşma hesabından görünür ki, cavabdehə ümumilikdə 2.890,47 manat dəyərində stansiya xidmətləri göstərilmişdir. İş materiallarında olan EBDE seriyalı, 942970 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 2.890,46 manat məbləğində xidmətlər göstərilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən Keşlə stansiyasında konteyner, vaqon və digər d/y vasitələri ilə Cavabdeh ünvanına daxil olan yüklərin boşaldılmasında, həmçinin sənədləşdirilərək yola salınmasını təmin etmək üçün X1 verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.2023-xx.xx.2023-cü illər ərzində "xxxx" QSC tərəfindən Cavabdeh göstərilmiş vaqonların dalan yoluna verilib götürülməsinə, dalan yolunda vaqondan istifadə və hər oxa görə yığım xidmətlərinə görə yaranan debitor borc 2.890,47 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xidmət (tapşırıq) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçı tərəfindən cavabdehə 2023-cü aprel ayında Keşlə stansiyasında stansiya xidmətlərinin göstərilməsi işin mübahisəsiz halını təşkil edir. Belə ki, tərəflər arasında stansiya xidmətlərinin göstərilməsi ilə bağlı müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 2023cü ilin aprel ayı ərzində vaqon və konteynerlərlə təmin edilməsi və yük daşımaları üzrə xidmətlər göstərilmişdir. Cavabdehə göstərilmiş stansiya xidmətlərinin ümumi dəyəri 2.890,47 manat təşkil etmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı göstərdikləri stansiya xidmətlərininə görə yığımların cavabdeh tərəfindən ödənilmədiyini əsas göstərərək 2.890,47 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb edir. Eyni zamanda, müəyyən edildi ki, Azərbaycan Respublikasının “Təbii inhisarlar haqqında” Qanununun 5-ci maddəsinin 1.4-cü bəndinə əsasən magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aiddir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 19-cu qrafasında təbii inhisara aid edilən fəaliyyət növü kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin magistral və yerli dəmiryol xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmiryol stansiyaları və sərnişin vağzallarının xidmətləri göstərilmişdir. Göründüyü kimi stansiya xidmətlərinin göstərilməsi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin təbii inhisar fəaliyyətidir. Yuxarıda göstərilənlərə və aşağıdakı maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Qeyd edilən Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Göründüyü kimi, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək, razılaşdırılmış xidmətləri göstərmiş, bunun nəticəsində iddiaçının cavabdehdən göstərilmiş xidmətlərə görə şərtləşdirilmiş muzdu tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 2.890,47 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə, eyni zamanda qeyd edir ki, stansiya xidmətlərinin göstərilməsi üzrə ilkin sənədlər kimi “təhvilçinin yaddaş vərəqəsi” (QU-45) çıxış edir. QU-45 sənədləri Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixində təsdiq edilmiş 04/S nömrəli “Yük və baqaj qəbul-təhvilçisinin vəzifə Təlimatının” 3.1.2-ci bəndinə əsasən, vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərindən) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul təhvilçisinin vaqonların verilməsi və götürülməsinə dair QU45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Həmin Təlimatın 6 saylı əlavəsi ilə vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı yaddaş vərəqəsinin tərtib olunma qaydası göstərilmişdir. Göründüyü kimi, QU-45 sənədləri olmadan FDU-92, yəni yığım vərəqələri tərtib edilə bilməz. Hazırkı işdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə FDU-92 sənədləri ilə yanaşı QU-45 sənədləri də təqdim edilmişdir. Cavabdeh tərəfindən qeyd olunan borcun tam və ya qismən ödənilməsinə dair, həmçinin iddiaçı tərəfindən işlərin görülməsini təkzib edən hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, iddianın 904,40 manat cərimə ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Qeyd olunan Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericiliyin normalarını, işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 60 manat məbləğində cərimə (dəbbə pulu) tutulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 58 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin qismən əsaslıdır. Belə ki, iddia cərimə borcuna münasibətdə qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 45 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh göstərilmiş stansiya xidmətlərinə görə 2.890,47 manat məbləğində əsas borc, 60 manat cərimə borcu və 45 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.995,47 (iki min doqquz yüz doxsan beş manat, qırx yeddi qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia 844,40 manat cərimə borcunun və 13 manat dövlət rüsumunun cavabdehdən tutulması hissələrində təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar