Məhkəmə qərarları › İş №e-2-2(121)-117/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-117/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-117/2021 04.02.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı – müqavilə üzrə icarə haqqının, gecikdirilmiş vaxt üçün illik faiz məbləğinin və mənəvi ziyanın ödənilməsi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh “xxxx” MMC-yə qarşı – 49158,13 manat məbləğində icarə haqqı, 7373,71 manat məbləğində faiz, 5000 manat məbləğində dəymiş mənəvi ziyan və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61561,84 manat məbləğində cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında xx xxxxxx 2016-cı il tarixli 16-AİS-080 saylı texnika icarəsi və xx xxxxxxxx 2016-cı il tarixli 16- AİS-059 saylı avtomobil icarəsi barədə müqavilələr imzalanmışdır. Həmin müqavilələrin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC (“İcarəyə verən”) bu müqavilələrin 2.1-ci bəndində göstərilən çeşiddə və miqdarda texnika, avtomobil (bundan sonra “icarəyə verilənlər”) “xxxx” MMC-yə (“İcarəçi”) icarəyə verməyi, icarəçi isə öz növbəsində icarəyə verənə bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2016-cı il tarixli 16-AİS-080 saylı müqavilənin 2.2-ci maddəsinə əsasən, İcarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün İcarəyə verənə illik ƏDV daxil 37760 (otuz yeddi min yeddi yüz altmış) manat icarə haqqı ödəməli idi. xx xxxxxx 2016-cı il tarixli 16-AİS-080 saylı müqaviləyə imzalanmış xx xxx 2018-ci il tarixli Əlavə N 1 əsasən icarə haqqı 30% artırılaraq aylıq ƏDV daxil 4090 (dörd min dosan) manat müəyyən edilmişdir. xx xxxxxxxx 2016-cı il tarixli 16-AİS-059 saylı müqavilənin 2.2-ci maddəsinə əsasən, İcarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün İcarəyə verənə aylıq ƏDV daxil 600 (altı yüz) manat icarə haqqı ödəməli və hər ay üçün icarə haqqı qabaqcadan həmin ayın ilk 10 günü ərzində həyata keçirilməli idi. xx xxxxxxxx 2016-cı il tarixli 16-AİS-059 saylı müqaviləyə imzalanmış xx xxx 2018-ci il tarixli Əlavə N 1 əsasən icarə haqqı 30% artırılaraq aylıq ƏDV daxil 780 (yeddi yüz səksən) manat müəyyən edilmişdir. İddiaçı MMC sözügedən müqavillər çərçivəsində icarəyə verilənləri “xxxx” MMC-yə icarəyə verməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Tərəflər arasında imzalanmış xx xxxxxx 2019-cu il tarixli üzləşmə aktına əsasən cavabdehin xx.xx.2019-cu il tarixə 41128,67 (qırx bir min bir yüz iyirmi səkkiz manat altmış yeddi qəpik) manat məbləğində borcun təşkil etdiyi müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixdə icarəyə verilmiş texnikalar, xx.xx.2019-cu il tarixdə isə icarəyə verilmiş avtomobil cəmiyyətiə qaytarılmasına baxmayaraq müqavilələr üzrə icarə haqqı ödənilməmişdir. Nəticədə “xxxx” MMC-nin Cəmiyyətimizə xx xxxx 2020-ci il tarixə hər iki müqavilə üzrə 49.158,13 (qırx doqquz min bir yüz əlli səkkiz manat on üç qəpik ) manat məbləğində borcu yaranmışdır. İddiaçı sonradan iddia tələbini “icarə haqqı” hissəsində azaldaraq, 43158,13 manat məbləğində icarə haqqının (qalan hissələrdə iddia tələbinin dəyişdirilmədən qaldığını göstərmişdir) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə “iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə cavabdeh “xxxx” MMC arasında 16-AİS-059 saylı xx.xx.2016-cı il tarixli İddiaçı MMC-yə məxsus “Toyota Prado” markalı “**-PD-***” dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi barədə müqavilə bağlanmış və müqaviləyə əsasən icarəçi icarəyə verənə aylıq ƏDV daxil 600 manat məbləğində icarə haqqını hər ay üçün həmin ayın ilk 10 günü ərzində ödəyəcəyini öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixdə 16-AİS-059 №-li müqaviləyə 1 №-li əlavə bağlanmış və müqaviləyə əlavədə icarəçi icarəyə verənə aylıq ƏDV daxil 780 manat məbləğində icarə haqqını hər təqvim ayının ilk 5 günü ərzində qabaqcadan ödəyəcəyini öhdəsinə götümüşdür. Həmçinin, iş materiallarından görünür ki, İddiaçı MMC ilə cavabdeh “xxxx” MMC arasında 16-AİS-080 saylı xx.xx.2016-cı il tarixli İddiaçı MMC-yə məxsus “Silindir Bomag BW 202AD-4” markalı “10-A-510” dövlət qeydiyyat nişanlı və “Finişer Volvo ABG-7820” markalı “10-L-163” dövlət qeydiyyat nişanlı texnikaların icarəsi barədə müqavilə bağlanmış və müqaviləyə əsasən, icarəçi icarəyə verənə illik ƏDV daxil 37760 manat məbləğində icarə haqqını aylıq olaraq illik icarə haqqının 1/12-i nisbətində hər təqvim ayının ilk 5 günü ərzində qabaqcadan ödəyəcəyini öhdəsinə götümüşdür. xx.xx.2018-ci il tarixdə 16-AİS-080 №-li müqaviləyə 1 №-li əlavə bağlanmış və müqaviləyə əlavədə icarəçi icarəyə verənə aylıq ƏDV daxil 4090 manat məbləğində icarə haqqını hər təqvim ayının ilk 5 günü ərzində qabaqcadan ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli üzləşmə aktının surətindən görünür ki, İddiaçı MMC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 16-AİS-059(1) və 16-AİS- 080(1) saylı icarə müqavilələrinə uyğun olaraq xx.xx.2019-cu il tarixinə “xxxx” MMC-nin “xxxx” MMC-yə ümumi borcu 41128,67 manat məbləğində təşkil edir. İş materiallarında olan cavabdeh “xxxx” MMC-nin İddiaçı MMC-yə ünvanladığı 31 №li xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, 16-AİS-080 saylı xx.xx.2016-cı il tarixli icarə müqaviləsi əsasında icarəyə götürülmüş “Silindir Bomag BW 202AD-4” markalı “10- A-510” dövlət qeydiyyat nişanlı və “Finişer Volvo ABG-7820” markalı “10-L-163” dövlət qeydiyyat nişanlı texnikanın təmir işləri üçün 4920 manat məbləğində ehtiyyat hissələri alınaraq istifadə edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli təhvil təslim aktından görünür ki, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Yalçın Ağayev, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Tofiq Cəfərova 16-AİS-059 saylı, xx.xx.2016-cı il tarixli müqavilə üzrə icarəyə götürdüyü “Toyota Prado” markalı “**-PD-***” dövlət qeydiyyat nişanlı avtomobili təhvil vermişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2020-ci pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ödənilməmiş 49158.13 manat məbləğində borcun ödənilməsini 10 iş günü ərzində təmin edilməsini “xxxx” MMC-dən tələb etmişdir. İddiaçı MMC qeyd olunan müddət ərzində tələb yerinə yetirilməzsə, bununla bağlı məhkəmədə yaranmış icarə haqqı borcunun qaytarılması və müəssisəyə vurulmuş ziyanın, əldən çıxmış faydanın tələbi ilə bağlı iddia qaldırılacağı barədə “xxxx” MMC-ni xəbərdarlıq etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli Ref №:140OPXO201910004, xx.xx.2020-ci il tarixli Ref №:140OPXO202200502 və xx.xx.2020-ci il tarixli Ref №:140OPXO202520006 sənədlərdən görünür ki, cavabdeh “xxxx” MMC İddiaçı MMC-nin bank hesabına cəmi 6000 manat məbləğində pul vəsaiti köçürmüşdür. İş materiallarında olan xx.xx.2010-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, İddiaçı MMC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 16-AİS-059(1) və 16-AİS- 080(1) saylı icarə müqavilələrinə uyğun olaraq xx.xx.2020-ci il tarixinə “xxxx” MMC-nin İddiaçı MMC-yə ümumi borcu 45158,13 manat məbləğində təşkil edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh icarə müqavilə(lər)si əsasında icarə obyekt(lər)ini icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş pul məbləğini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı icarə haqqının ödənilməsi tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddia tələbinin “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qeyd edilən Məcəllənin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yəni, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin, sözügedən norma Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. İddia tələbindən görünür ki, iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləği, yəni mənəvi ziyanı tələb edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləği, yəni mənəvi ziyanı tələb etdiyindən, iddianın qeyd edilən hissəsi əsassızdır. Belə ki, müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi konstitusiya dəyərləri arasında balansı gözləyərək, işlə əlaqədar hər hansı qərar qəbul etməmişdən əvvəl qərarın iqtisadi və sosial nəticələrini qabaqcadan görərək məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən faizin hesablanması müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfin, yəni borclunun vəziyyətini daha da ağırlaşdırmaqla yanaşı, bərabərlik prinsipinin kobud surətdə pozulmasına gətirib çıxarar. Odur ki, iddianın qeyd edilən hissəsi əsassızdır. Buna görə də, iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə, iddianın “mənəvi zərərin ödənilməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddia tələbi iddiaçıya mənəvi zərər dəyməsi ilə əsaslandırılmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi, dəymiş mənəvi zərərin 5000 manat olması barəsində tələbi üzrə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilmədi. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, qanunvericilikdə hüquqi şəxsə mənəvi zərərin dəyməsi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.6-cı maddəsinə əsasən, bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Məhkəmə hesab edir ki, iddiaçı hüquqi şəxs olduğundan, bununla da, onun mənəvi zərərin ödənilməsini tələb etmək hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. İddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərin ödənilməsinə dair tələb irəli sürmüş olsa da, iddia ərizəsində göstərilən hallara dair hər hansı sübutu məhkəmə iclasında təqdim edə bilmədi, həmin hallar işin hər hansı faktı və sübutu ilə sübuta yetirilmədi. Buna görə də məhkəmə hesab edir ki, iddia bu hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, icarə haqqı borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia isə qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 25 manata cavabdehə, 5 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 43158,13 manat məbləğində icarə haqqı və 25 manat ödənilmiş dövlət rüsumu, cəmi 43183,13 manat məbləğində pul vəsaiti “xxxx” MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar