Məhkəmə qərarları › İş №e-2-2(121)-117/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-117/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-117/2025 17.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X1 qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı – xx.xx.2022-ci il tarixli 350774-CNS-37678 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə banka borclu olduğu 1.094,07 manat məbləğində əsas borc, 110,36 manat məbləğində faiz borcu, 341,88 manat məbləğində cərimə borcu, ümumilikdə isə 1.546,31 manat məbləğində borcun və ödənilmiş 35,46 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 350774-CNS-37678 saylı kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaitlərinin artırılması üçün illik 22 faiz hesablanması şərti ilə 12 ay müddətinə 6.000 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Lakin borclu cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cüil tarixdən icra etməmiş və nəticədə cavabdehin banka, ümumilikdə isə 1.546,31 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o(onlar), məhkəmə iclasına gəlməmiş və gəlməməs(lər)inin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir(lər). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh(lər)in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 350774-CNS-37678 saylı kredit müqaviləsi (razılaşması) bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən illik 22 faiz ödəmək şərti ilə 12 ay müddətinə 6.000 manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktub(ları)u göndərmişdir. İşin materiallarında olan arayışın surətindən görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1.094,07 manat məbləğində əsas borc, 110,36 manat faiz borcu, 341,88 cərimə borcu olmaqla, cəmi 1.546.31 manat məbləğində kredit borcu vardır. İşdə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/9066 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 350774-CNS-37678 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən kredit vəsaiti üzrə Cavabdeh İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 628,06 manat məbləğində əsas, 19,57 manat məbləğində faiz borcu; xx.xx.2024-cü il tarixə 513,37 manat məbləğində əsas, 45,18 manat məbləğində faiz borcu; xx.xx.2024-cü il tarixə 513,37 manat məbləğində əsas, 122,35 manat məbləğində faiz borcu müəyyən edilir. İşdə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş təkrar məhkəməmühasibatlıq ekspertizasının 9/2277 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 350774-CNS- 37678 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən kredit vəsaiti üzrə Cavabdeh İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 788,20 manat məbləğində əsas, 24,57 manat məbləğində faiz borcu; xx.xx.2024-cü il tarixə 677,70 manat məbləğində əsas, 63,78 manat məbləğində faiz borcu; xx.xx.2025-ci il tarixə 677,70 manat məbləğində əsas, 229,03 manat məbləğində faiz borcu müəyyən edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilə(lər)si (razılaşma(lar)sı) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə(lər) əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqavilə(lər)si (razılaşma(lar)sı) əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borc və ona hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli 350774-CNS-37678 saylı kredit müqaviləsinə əsasən əsas borcunun 677,70 manat olması müəyyən edilir. Həmçinin, iddia ərizəsinin məzmunundan və işə əlavə edilmiş sənədlərdən aşkar surətdə göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixinə kimi müəyyənləşdirilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə yaranan münasibətlər müddətli münasibətlər olduğundan kreditin qaytarılma müddəti xx.xx.2023-cü il tarixədək müəyyənləşdirilmişdir. Göründüyü kimi, borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam etsə də, müqavilənin qüvvədə olma müddət xx.xx.2023cü il tarixdə bitmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilənin qüvvədə olma müddəti ərzində yəni, xx.xx.2023-cü il tarixinə kimi faizləri tələb etmək hüququna malik olsa da, müqavilənin qüvvədə olma müddəti bitəndən sonra bu hüququ itirmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən göstərilən kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 24,57 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 35,46 manat məbləğində dövlət rüsumunun 30 manatı (yəni, 757 manata münasibətdə) cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin 40 manatı iddiaçıdan, 160 manatı isə Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 677,70 manat əsas borc, 24,57 manat faiz borcu və 55 manat cərimə borcu olmaqla, cəmi 757,27 manat məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin 40 manatı İddiaçı ASC-dən, 160 manatı isə Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar