Məhkəmə qərarları › İş №e-2-2(121)-1177/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1177/2023

12.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1177/2023 12.09.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı – pul tələbi barəsində iddiasına dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı – 9056 manat məbləğində pulun, 200 manat nümayəndə xərcinin və 113 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2022-ci il tarixdə Bakı şəhərində 13 saylı müqavilə imzalamışlar. Müqavilənin 1-ci maddəsində onun predmeti nəzərdə tutulmuşdur. Həmin maddənin 1.1-ci maddəsinə əsasən müqavilə əsasında “satıcı” “alıcıya” müxtəlif çeşidli yuyucu vasitələrin satışını təşkil edir. Lakin alıcı müqavilə şərtlərini kobud şəkildə pozaraq bu günə kimi götürdüyü mala heç bir ödəniş etməmişdir. Məcburiyyət qarşısında qalaraq, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixində ona hüquqi xidmət göstərmək üçün 52 nömrəli müqavilə imzalamışdır. Onu mediasıya şurasında təmsil etmiş, iddia ərizəsi yazmış və sənədlərimi məhkəməyə elektron qaydada təqdim edilməsinə xidmət göstərmişdir. Göstərilən hüquqi xidmətə əsasən "xxxx" MMC-nin xəzinəsinə 200 manat nağd şəkildə pul ödəmişdir. Cavabdehə mediasiya sessiyasında iştirak etmək üçün təklif göndərilmişdir. Lakin təklifi qəbul etsə də, mediasiya sessiyasında iştirak etməmiş və iştirak etməməsi barədə heç bir məlumat verilməmişdir. Elə buna görə də iş mediasiya sessiyasında həllini tapmamışdır. Bununla əlaqədar olaraq Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2023-ci il tarixində mediator X1 imza və möhürlə təsdiqlənmiş arayışı təqdim etmişdir. Arayışda pul tələbi olmaqla cəmi 9367 manat öz əksini tapmışdır. Beləliklə cavabdehdən 9056 manat pul, 200 manat nümayəndə xərci və 113 manat dövlət rüsumu, ümumilikdə 9367 manat pul tutularaq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 13 saylı, xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, “satıcı” “alıcı”ya müxtəlif çeşidli yuyucu vasitələrin satışını təşkil edir. İş materiallarına əlavə olunan elektron qaimələrin surətlərindən görünür ki, “Alıcı” ilə “Satıcı” arasında bağlanmış 13 saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə EBCD seriyalı, 924357 saylı, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 3115,43 manat, EBCG seriyalı, 365214 saylı, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 5941 manatlıq mal(lar) cavabdehə göndərilmişdir. İş materiallarına əlavə olunan qəbzlərdən (təhvil-təslimə dair) görünür ki, iddiaçı 3115,43 manat və 5941 manat dəyərində olan mal(lar)ı cavabdehə təhvil vermişdir. İşdən görünür ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya göndərmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqavilə(lər)si bağlanmış, cavabdeh isə müqavilə(lər) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “nümayəndəyə etdiyi kömək üçün xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia isə qismən təmin edilməli olduğundan, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 150 manat məbləğində cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın 113 manat dövlət rüsumunun cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Lakin dövlət rüsumu 112,56 manat təşkil etsə də, iddiaçı tərəfindən 9 manat məbləğindən dövlət rüsumu ödənilmişdir. Belə ki, 105 manatı mediasiya xərcidir. Belə olan halda, iddiaçının dövlət rüsumu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər olan 9 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, 9 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun ödənilməyən qalan hissəsi (iddianın qismən təmin edilməsi nəzərə alınmaqla), yəni, 100 manatı cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 9056 manat məbləğində borc, 150 manat məbləğində nümayəndəyə etdiyi kömək üçün xərc, 9 manat məbləğində dövlət rüsumu, cəmi 9215 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 100 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar