Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1178/2025 18.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 xx.xx.2021-ci il tarixli 10 saylı kredit müqaviləsinə əsasən Sahibkarlığın İnkişafı Milli Fondunun Layihəsi üzrə 7000,0 manat əsas borcun, 1410,86 manat faiz borcunun, cəmi 8410,86 manat borcun, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə 2500,0 manat əsas borcun, 1448,60 manat faiz borcunun, cəmi 3948,60 manat borcun, ümumilikdə cəmi 12359,46 manat borc məbləğinin tutulması, Cavabdeh3 məxsus olan ünvan 1 kəndində yerləşən fərdi yaşayış evi, habelə onun və ailə üzvləri Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olan 0,920002 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 18000,0 manat dəyərində müəyyən edilməsi; borc tələbinin ipoteka qoyulmuş Cavabdeh3 məxsus olan ünvan 1 kəndində yerləşən fərdi yaşayış evi, habelə onun və ailə üzvləri Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olan 0,920002 ha həyətyanı torpaq sahəsi ilə birlikdə yönəltməklə, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 12359,46 manat məbləğin və ödənilmiş 127,08 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 28 aprel 2021-ci il tarixli 10 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 X1 Layihəsi üzrə illik 5%-lə 36 ay müddətinə 7000,0 manat və Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə illik 20%-lə 36 ay müddətində 3000,0 manat, cəmi 10000,0 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh3 məxsus olan ünvan 1 kəndində yerləşən fərdi yaşayış evi, habelə onun və ailə üzvləri Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olan 0,920002 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının İmişli filialı ilə ipotekaqoyanlar arasında 30 aprel 2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Cavabdeh3 ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci və 7.2-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən tərəflər arasında tərtib olunmuş ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən əmlakının razılaşdırılmış dəyəri 18000,0 manat müəyyən edilir. Cavabdeh3 tərəfindən xx.xx.2021-ci il tarixli 10 saylı kredit müqaviləsinə əsasən Sahibkarlığın İnkişafı Milli Fondunun Layihəsi üzrə yalnız hesablanmış 229,04 manat faiz borcu, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə 500,0 manat əsas borc və ona hesablanmış 470,96 manat faiz borcu,cəmi 970,96 manat borcu, ümumilikdə 1200,0 manat borc ödənilməmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək bidirmişdir ki, məhkəməyə iddia verildikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə 2500,0 manat əsas borcdan, 300,0 manat faiz borcundan, cəmi 2800,0 (iki min səkkiz yüz) manat borc Cavabdeh3 tərəfindən İddiaçı QSC-yə ödənilmişdir. Bu səbəbdən “Aqrarkredit QSC-nin iddia tələbinə dəqiqləşmə verilməklə, iddia tələbi cavabdehdən Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə borcun tutulması hissəsində azaldılmalı, Cavabdeh3 1148,60 manat faiz borcu tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Cavabdeh3 xx.xx.2021-ci il tarixli 10 saylı kredit müqaviləsi üzrə Sahibkarlığın İnkişafı Milli Fondunun Layihəsi üzrə 7000,0 manat əsas borcun, 1410,86 manat faiz borcunun, cəmi 8410,86 (səkkiz min dörd yüz on manat səksən altı qəpik) manat borcun, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə isə 1148,60 (bir min bir yüz qırx səkkiz manat altmış qəpik) manat faiz borcun, ümumilikdə 9559,46 (doqquz min beş yüz əlli doqquz manat qırx altı qəpik) manat borc məbləğinin tutulması, borc tələbinin kreditin təminatı kimi ipoteka qoyulmuş Cavabdeh3 məxsus olan ünvan 1 kəndində yerləşən fərdi yaşayış evinə, habelə onun və ailə üzvləri Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olan 0,920002 hahəyətyanı torpaq sahəsinə yönəltməklə, həmin əmlakların açıq hərraca çıxarılaraq satılması hesabına 9559,46 (doqquz min beş yüz əlli doqquz manat qırx altı qəpik) manat məbləğin və ödənilmiş 127,08 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC BOKT ilə Cavabdeh3 arasında bağlanmış 28 aprel 2021-ci il tarixli 10 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 X1 Layihəsi üzrə illik 5%-lə 36 ay müddətinə, 7000 manat və Kənd yerlərinin Kreditləşdirilməsi Layihəsi üzrə illik 20%-lə 36 ay müddətinə 3000 manat olmaqla 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 28 aprel 2021-ci il tarixli 10 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, borc alan tərəfindən 2024-cü il iyul ayınadək 7000 manat əsas, 714,58 manat faiz borcu olmaqla, cəmi 7714,58 manat məbləğində ödəniş edilməlidir. İş materiallarında olan 28 aprel 2021-ci il tarixli 10 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, borc alan tərəfindən 2024-cü il may ayınadək 3000 manat əsas, 1050, manat faiz borcu olmaqla, cəmi 4050 manat məbləğində ödəniş edilməlidir. İş materiallarında olan İddiaçı QSC BOKT ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 10 nömrəli ipoteka müqaviləsindən görünür ki, ünvan 1 kəndi ünvanında yerləşən, ümumi sahəsi 149.6 kv/m yaşayış sahəsi 78 kv/m yardımçı sahəsi 71.6 kv/m 3 otaqlı fərdi yaşayış evinin 0,90002 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC BOKT ilə Cavabdeh3 arasında bağlanmış 28 aprel 2021-ci il tarixli 10 nömrəli kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 18000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”ndan görünür ki, 28 aprel 2021-ci il tarixli 10 saylı kredit razılaşması üzrə Cavabdeh3 Vilayyət qızının xx.xx.2024-cü il tarixə olan əsas məbləğ üzrə borcu 10000 manat, faiz üzrə borcu 3559,46 manat, ödənilmiş əsas borc 500 manat, ödənilmiş faiz borcu 700 manat, qalıq əsas borc 9500 manat və qalıq faiz borcu 2859,46 olmaqla, iddia məbləği 12359,46 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişinin surətindən görünür ki, İddiaçı QSC BOKT ilə Cavabdeh3 Vilayyət qızı arasında bağlanmış 28 aprel 2021-ci il tarixli 10 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə yaranmış borcun məktub alındığı tarixdən 20 gün ərzində tamamilə ödənilməsini xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş kredit borcunun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, ünvan 1 kəndi ünvanında yerləşən, ümumi sahəsi 149.6 kv/m yaşayış sahəsi 78 kv/m yardımçı sahəsi 71.6 kv/m 3 otaqlı fərdi yaşayış evinin xx.xx.2025-ci il tarixə bazar dəyərinin 26928 manat, likvid dəyərinin 20000 manat məbləğində olması müəyyən olunmuşdur. Beləliklə, müəyyən edilmiş işin faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə İddiaçı QSC Cavabdeh3 borc (kredit) verməyi, Cavabdeh3 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Məhkəmə hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 743.1ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə qeyd edir ki, müqavilə və ya onun ayrı-ayrı şərtləri onun işitrakçıları tərəfindən mübahisələndirilməmişdir, həmçinin müqavilənin etibarsızlığına dair hallar məhkəmə tərəfindən aşkar edilməmişdir. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh3 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının Cavabdeh3 kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə qeyd edir ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, həmçinin iddianın tam və ya qismən əsassızlığına dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tələb olunan kredit müqaviləsi üzrə borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iddianın “tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka tutmanın yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Mülki Məcəllənin əşyanın ipoteka ilə yüklü edilməsinə dair münasibətləri tənzimləyən normalarının tələblərinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1), girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın (269.7.), ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır (307.6), ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir (307.7.), daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır (309.1), borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (317.1), satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (317.2). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsində nəzərdə tutulmuşdur ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1), ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.3) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Məhkəmə, sadalanan maddi hüquq normalarının tələblərinə əsasən baxılan işin faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə cavabdehlər arasında etibarlı şəkildə ipoteka müqaviləsi bağlanmışdır və ipoteka hüququ daşınmaz əmlakın müvafiq rəsmi reyestrində qeydiyyata alınmışdır. İpoteka müqaviləsi ilə təminat verilmiş kredit müqaviləsindən irəli gələn əsas öhdəlik lazımınca icra edilmədiyinə görə, ipoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka saxlayan iddiaçının tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Buna görə də, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi, ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmə, ipoteka predmeti əşyanın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti məhkəmə tərəfindən 20000 manat məbləğində (qiymətləndirmə hesabatında nəzərdə tutulmuş məbləğdə) müəyyən edilməklə, qeyd edilən əmlak açıq hərracdan satılmalı və həmin əmlakların satışından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh3 xx.xx.2021-ci il tarixli 10 saylı kredit müqaviləsi üzrə Sahibkarlığın İnkişafı Milli Fondunun Layihəsi üzrə 7000 manat məbləğində əsas borc, 1410,86 manat məbləğində faiz borc, Kənd Yerlərinin Kreditləşdirilməsi Layihəsi üzrə 1448,60 manat məbləğində faiz borcu və 127,08 manat dövlət rüsumu olmaqla, ümumilikdə 9986,54 manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilsin. Tutma Cavabdeh3 məxsus olan ünvan 1 kəndində yerləşən fərdi yaşayış evinə, habelə onun və ailə üzvləri Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olan 0,920002 ha həyatyanı torpaq sahəsinə yönəldilsin. Həmin əmlakların ilkin satış qiyməti 20000 manat dəyərində müəyyən edilsin, əmlaklar açıq hərracdan satılsın və satışdan əldə edilən vəsaitdən 9986,54 manat məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1178/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1178/2025
18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver