Məhkəmə qərarları › İş №e-2-2(121)-118/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-118/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-118/2021 10.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 42.232,4 manat icarə haqqının, 4.108,86 manat hesablanmış faizin, 5000 manat dəymiş mənəvi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 51.371,26 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 36.042,30 manat icarə haqqının, 4.108,86 manat hesablanmış faizin, 5000 manat dəymiş mənəvi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 45.181,16 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddianın dəyişdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında xx xxxxxxx 2016-cı il tarixli 16-AİS-064 saylı avtomobil və texnika icarəsi, xx xxxxxxx 2016-cı il tarixli 16-AİS-065 saylı avtomobil icarəsi müqavilələri bağlanmışdır. Həmin müqavilələrin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC (“İcarəyə verən”) bu müqavilələrin 2.1-ci bəndində göstərilən çeşiddə və miqdarda texnika və avtomobilləri (bundan sonra “icarəyə verilənlər”) “xxxx” MMC-yə (“İcarəçi”) icarəyə verməyi, icarəçi isə öz növbəsində icarəyə verənə bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxxx 2016-cı il tarixli, 16-AİS-064 saylı müqavilənin 2.2-ci maddəsinə əsasən, icarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün icarəyə verənə illik ƏDV daxil 28.320 manat icarə haqqı ödəməli və hər il üçün icarə haqqı qabaqcadan müqavilə imzalandıqdan sonra, icarə ilinin ilk 10 günü ərzində həyata keçirilməli idi. xx xxxxxxx 2016-cı il tarixli, 16- AİS-064 saylı müqaviləyə imzalanmış xx xxx 2018-ci il tarixli 1 saylı əlavəyə əsasən, icarə haqqı artırılaraq aylıq ƏDV daxil 3.070 manat müəyyən edilmişdir. xx xxxxxxx 2016-cı il tarixli, 16-AİS-065 saylı müqavilənin 2.2-ci maddəsinə əsasən, icarəçi bu müqavilənin 2.1ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün icarəyə verənə aylıq ƏDV xaric 500 manat icarə haqqı ödəməli və hər ay üçün icarə haqqı qabaqcadan həmin ayın ilk 10 günü ərzində həyata keçirilməli idi. xx xxxxxxx 2016-cı il tarixli, 16-AİS-065 saylı müqaviləyə imzalanmış xx xxxx 2017-ci il tarixli 1 saylı əlavəyə əsasən, icarə haqqı azaldılaraq aylıq ƏDV daxil 400 manat müəyyən edilmişdir. xx xxxxxxx 2016-cı il tarixli, 16-AİS-065 saylı müqaviləyə imzalanmış xx xxx 2018-ci il tarixli 1 saylı əlavəyə əsasən, icarə haqqı artırılaraq aylıq ƏDV daxil 520 manat müəyyən edilmişdir. xx xxxxxxx 2016-cı il tarixli, 16-AİS-065 saylı müqavilə üzrə icarəyə verilən avtomobil geri qaytarılmışdır. Tərəflər arasında imzalanmış xx xxxxxx 2019-cu il tarixli üzləşmə aktına əsasən, cavabdehin xx.xx.2019-cu il tarixə hər iki müqavilə üzrə 27.392,4 manat məbləğində borcun təşkil etdiyi müəyyən edilmişdir. “xxxx” MMC-yə İddiaçı MMC qarşısında yaranmış borcun ödənilməsi barədə dəfələrlə edilən şifahi xəbərdarlıqlara və güzəştlərin edilməsinə baxmayaraq, borc məbləğindən müəyyən ödənişlər aparılmış, lakin borcun tam şəkildə ödənilməsi təmin edilməmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixə icarə müqavilələri üzrə borcu 36.042,30 manat təşkil edir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayədəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli, 16-AİS-064 saylı avtomobil və texnika icarəsi müqaviləsindən görünür ki, İddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında texnika, avtomobil, qurğu, zavod və avadanlıqlarının icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, “İcarəyə verən” müqavilənin 2.1-ci maddəsində göstərilən çeşiddə və miqdarda texnika, avtomobil, qurğu, zavod və avadanlıqlarını icarəçiyə verir, icarəçi isə öz növbəsində icarəyə verənə bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqı ödəyir və icarə haqqından əlavə olaraq bu müqavilənin şərtlərinə uyğun olaraq üzərinə götürdüyü əlavə öhdəlikləri yerinə yetirir. Həmin müqaviləyə xx.xx.2018-ci il tarixli, 1 saylı əlavədən görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş “icarəyə verilənlər” üçün icarəyə verənə ödədiyi aylıq ƏDV daxil 2.360 manat icarə haqqının məbləği 30% artırılaraq, aylıq ƏDV daxil 3.070 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 16-AİS-065 saylı avtomobil icarəsi müqaviləsindən görünür ki, İddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında texnika, avtomobil, qurğu, zavod və avadanlıqlarının icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, “İcarəyə verən” müqavilənin 2.1-ci maddəsində göstərilən çeşiddə və miqdarda texnika, avtomobil, qurğu, zavod və avadanlıqlarını icarəçiyə verir, icarəçi isə öz növbəsində icarəyə verənə bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqı ödəyir və icarə haqqından əlavə olaraq bu müqavilənin şərtlərinə uyğun olaraq üzərinə götürdüyü əlavə öhdəlikləri yerinə yetirir. Həmin müqaviləyə xx.xx.2017-ci il tarixli, 1 saylı əlavədən görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş “icarəyə verilənlər” üçün icarəyə verənə aylıq ƏDV daxil 400 manat icarə haqqı ödəyəcək. Həmin müqaviləyə xx.xx.2018-ci il tarixli, 1 saylı əlavədən görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş “icarəyə verilənlər” üçün icarəyə verənə ödədiyi aylıq ƏDV daxil 400 manat icarə haqqının məbləği 30% artırılaraq, aylıq ƏDV daxil 520 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli üzləşmə aktından görünür ki, 16-AİS- 064 və 16-AİS-065 saylı müqavilələrə əsasən xx.xx.2019-cu il tarixə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə olan ümumi borcu 27.392,40 manat təşkil edir. İş materiallarında olan çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixli, 16-AİS-064 və 16-AİS-065 saylı müqavilələrə əsasən İddiaçı tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə çoxsaylı elektron qaimələr göndərilmiş, həmin qaimələr cavabdeh tərəfindən təsdiqlənmişdir. İş materiallarında olan İddiaçı tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 105 saylı pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 16-AİS-064 və 16-AİS-065 saylı müqavilələrə əsasən, İddiaçınə ödənilməmiş 42.232,40 manat məbləğində borcun ödənilməsinin, avtomobillərin və texnikanın qaytarılmasının 10 iş günü ərzində təmin edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məlumatlandırılmışdır. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə göndərilmiş xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur ki, ərizədə göstərilən 42.232,40 manat icarə borcunun 8.970 manat hissəsi iyun-iyul aylarında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmişdir. İcarə haqqının qalan hissəsinin qarşıdan gələn aylarda hissə-hissə ödənilməsi təmin olunacaqdır. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə göndərilmiş xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur ki, 2020-ci ilin mart ayından etibarən yolların təmiri və saxlanılması sahəsində işlərin aparılmasına xeyli məhdudiyyətlər qoyulmuş, yerinə yetirilən yol təmiri işlərinin iş həcmlərinin minimum səviyyəyə qədər azaldılması zərurəti yaranmışdır. Bu səbəbdən, bu ilin mart ayından halhazıra qədər icarələrində olan texnikalardan istifadə olunmur. Bu hal 27 sentyabr tarixdən Qarabağ uğrunda döyüşlər başlanan zamandan isə daha da kəskinləşmiş, təmas xəttinə çox yaxın olduqları üçün yol işləri tamamilə dayandırılmışdır. Lakin göstərilən çətinliklərə baxmayaraq, 2020-ci ildə 26.010 manat icarə haqqı ödənilmişdir. Göstərilən çətinlikləri və eyni zamanda həmin texnikaların təmiri, saxlanılması üçün hazırki şəraitdə lazım olan ehtiyat hissələri, elektron avadanlıqların onlar tərəfindən təmin olunmasını və bunun üçün xeyli xərc sərf olunmasını nəzərə alaraq, icarədə olan texnika və nəqliyyat vasitəsi üçün son aylar ərzində yaranmış icarə haqqının güzəşt olunmasına razılıq verilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Mitsubishi L200 markalı, 90AV130 qeydiyyat nişanlı avtomobil “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə təhvil verilmişdir (qaytarılmışdır). İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ilə imzalanmış son xx.xx.2019-cu il tarixli üzləşmə aktına əsasən, xx.xx.2019-cu il tarixə icarə haqqı üzrə ümumi qalıq borcu 27.392,40 manat təşkil etmişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 16- AİS-065 saylı müqavilə üzrə 5.720 manat və xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 16-AİS-064 saylı müqavilə üzrə 73.150 manat icarə haqqı hesablanmışdır. xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cəmi 70.220,10 manat icarə haqqı ödənişi edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixə icarə haqqı üzrə ümumi qalıq borcu 36.042,30 manat təşkil etmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2016-cı il tarixli, 16-AİS-064 saylı və 16-AİS-065 saylı avtomobil və texnikaların icarəsi müqavilələri bağlanılmış, həmçinin həmin texnikaların icarə haqları və icarə haqlarının dəyişməsi ilə bağlı əlavələr imzalanmışdır. xx.xx.2019-cu il tarixli üzləşmə aktına əsasən, həmin müqavilələrə əsasən, xx.xx.2019-cu il tarixə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə olan ümumi borcu 27.392,40 manat təşkil etmişdir. Tərəflər arasında müqavilə münasibətləri davam etdiyindən icarə haqqı üzrə borc artmış, İddiaçı tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2020-ci il tarixli, 105 saylı pretenziya məktubu göndərilərək, 42.232,40 manat məbləğində borcun ödənilməsi tələb edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə xx.xx.2020-ci il tarixli məktub göndərilərək, 42.232,40 manat icarə borcunun 8.970 manat hissəsi iyun-iyul aylarında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənildiyi bildirilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən, Mitsubishi L200 markalı, 90AV130 qeydiyyat nişanlı avtomobil “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə qaytarılmışdır. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 16-AİS-065 saylı müqavilə üzrə 5.720 manat və xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 16-AİS-064 saylı müqavilə üzrə 73.150 manat icarə haqqı hesablanmış, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cəmi 70.220,10 manat icarə haqqı ödənişi edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixə icarə haqqı üzrə ümumi qalıq borcu 36.042,30 manat təşkil etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (iddianın dəyişdirilməsinə dair ərizə nəzərə alınmaqla), aşağıdakı məbləğlərin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmasını xahiş etmişdir:

1. 36.042,30 manat icarə haqqı:

2. 4.108,86 manat hesablanmış faiz;

3. 5000 manat dəymiş mənəvi ziyan. Məhkəmə qeyd olunan tələblərə ayrı-ayrılıqda qiymət verilməsini məqsədəmüvafiq hesab edir. İddianın 36.042,30 manat icarə haqqının “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmasına münasibətdə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, həmin hissədə tərəflər arasında yaranan hüquq münasibətləri xx.xx.2016-cı il tarixli, 16-AİS-064 saylı və 16-AİS-065 saylı avtomobil və texnikaların icarəsi müqavilələrindən irəli gəlir. İş materiallarından müəyyən olunur ki, xx.xx.2019-cu il tarixə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə olan ümumi borcu 27.392,40 manat təşkil etmişdir. Tərəflər arasında müqavilə münasibətləri davam etdiyindən icarə haqqı üzrə borc artaraq xx.xx.2020-ci il tarixə 42.232,40 manat təşkil etmiş, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən borcun bir hissəsi ödənilmiş, daha sonra xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən, 16-AİS-065 saylı müqaviləyə əsasən, icarəyə verilmiş Mitsubishi L200 markalı, 90AV130 qeydiyyat nişanlı avtomobil “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə qaytarılmışdır. Həmin müqavilə üzrə üzləşmə aktının təsdiq edildiyi xx.xx.2019-cu il tarixdən avtomobilin təhvil verildiyi xx.xx.2019-cu il tarixədək 5.720 manat icarə haqqı hesablanmışdır. Həmçinin üzləşmə aktının təsdiq edildiyi xx.xx.2019-cu il tarixdən maliyyə arayışının təsdiq edildiyi xx.xx.2021-ci il tarixədək 16-AİS-064 saylı müqavilə üzrə 73.150 manat icarə haqqı hesablanmışdır. Üzləşmə aktının təsdiq edildiyi xx.xx.2019-cu il tarixdən maliyyə arayışının təsdiq edildiyi xx.xx.2021-ci il tarixədək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cəmi 70.220,10 manat icarə haqqı ödənişi edilmişdir ki, bu ödənişlər nəzərə alındıqdan sonra, cavabdehin xx.xx.2021-ci il tarixə icarə haqqı üzrə ümumi qalıq borcu 36.042,30 manat təşkil etmişdir. Beləliklə yuxarıda qeyd olunan hər iki müqavilə üzrə cavabdehin iddiaçıya icarə haqqı üzrə cəmi 36.042,30 manat borcunun mövcud olduğu iş materialları ilə tam təsdiq olunduğundan məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Həmin Məcəllənin 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İddianın 4.108,86 manat hesablanmış faiz borcunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmasına münasibətdə məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı həmin tələbini xx.xx.2019-cu il tarixli üzləşmə aktına əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə olan 27.392,40 manat ümumi borcunun illik 5% olmaqla 3 il üçün hesablamışdır (27.392 X 5% X 3 il). 3 illik müddət hesablanarkən, iddiaçı 2017, 2018 və 2019-cu illərin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı qeyd olunan normaya əsasən illik 5% faiz borcunu tələb etməsi zahirən əsaslı görünsə də, hesablama düzgün aparılmadığından və iddiaçı tərəfindən 2017-2019-cu illər üçün ödənişlər və borclarla bağlı dəqiq məlumatlar (məbləğlər) məhkəməyə təqdim edilmədiyi üçün, qeyd olunan faiz borcunun hesablanması mümkün olmadığından və beləliklə iddia həmin hissədə qeyri-müəyyən olduğundan iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, tərəflər arasında hazırki mübahisənin yaranmasına əsas olan münasibətlər xx.xx.2016-cı il tarixli müqavilələrin bağlanılmasından sonra yaranmışdır. xx.xx.2019-cu il tarixli üzləşmə aktı ilə cavabdehin iddiaçıya olan borcu 27.392,40 manat təşkil etmişdir. Lakin həmin borcun 2017-2019-cu illər ərzində hansı qaydada artıb-azalması, aylar və illər üzrə ayrı-ayrılıqda nə qədər təşkil etməsinə dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik beş faiz dövrlər üzrə ayrı-ayrılıqda müəyyən edilmiş məbləğlərə əsasən hesablanmalıdır. İddiaçı tərəfindən 2017-2018-ci illərdə cavabdehin borcuna dair ümumiyyətlə hər-hansı sübut təqdim etməmişdir ki, həmin məbləğin 5%-nin hesablanması mümkün olsun. Əksinə xx.xx.2019-cu il tarixli üzləşmə aktı ilə müəyyən olan 27.392,40 manat borcu bütövlükdə 2017-2019-cu illərə tətbiq etməyə çalışmışdır. Halbuki, tərəflər arasında davam edən münasibətlər olduğundan, hesablama borc məbləğlərinin artıbazalmasına münasibətdə hesablanmalıdır ki, bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilə bilməz. İddianın 5000 manat dəymiş mənəvi ziyanın “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmasına münasibətdə məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ilk növbədə məhkəmə hesab edir ki, mənəvi ziyan hüquqi şəxsə deyil, fiziki şəxsə vurula bilər. İddiaçı isə hüquqi şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2002-ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı,yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçı tərəfindən iş materiallarına ona ziyanın dəyməsi ilə bağlı hər hansı sübut əlavə edilmədiyindən, həmin ziyanın cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə ziyan arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri iş materialları ilə müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasını və işin hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 6 manatı iddiaçıya aid edilməli, 24 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 36.042,30 manat icarə haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 manat olmaqla, cəmi 36.066,30 (otuz altı min altmış altı manat, otuz qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar