Məhkəmə qərarları › İş №e-2-2(121)-1186/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1186/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1186/2024 14.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, iddiaçı ləğv Prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı -09 oktyabr 2019-cu il tarixli ***-*******MK091019-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 1.596,39 manat məbləğində borcun-bundan 1.008,82 manat əsas, 445,33 manat faiz borcunun və 142,24 manat kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 35,96 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh2 arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli ***-*******MK091019- 01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 18 (on səkkiz) ay müddətinə, illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən bank ilə Cavabdeh1 arasında 09 oktyabr 2019-cu il tarixli ***- *******MK091019-01/ZM/1 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh2 09 oktyabr 2019cu il tarixli ***-*******MK091019-01 nömrəli kredit müqaviləsi üzrə 5 fevral 2023-cü il tarixə banka ödənilməmiş cəmi 1596.39 (bir min beş yüz doxsan altı manat 39 qəpik) manat məbləğində borcu vardır. Bundan 1008.82 (bir min səkkiz manat 82 qəpik) manat əsas, 445.33 (dörd yüz qırx beş manat 33 qəpik) manat faiz borcu və 142.24 (bir yüz qırx iki manat 24 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi müraciət edilməsinə və 26 dekabr 2023-cü il tarixli **********076 nömrəli və 06 fevral 2024-cü il tarixli **********462 nömrəli bildirişlərlə isə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmiş və xx.xx.2020-ci il tarixdə isə banka 100 (yüz) manat məbləğində ödəniş etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışlar. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, onların rəsmi qeydiyyat ünvanı üzrə xx.xx.2024-cü il tarixində bildirişlərin təqdim olunmasına baxmayaraq, cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******MK091019-01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 18 ay müddətinə illik 27 % olmaqla 1.500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixdə ***-*******MK091019-01/ZM/1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş arayışın surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***- *******MK091019-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 1.008 manat məbləğində əsas borc, 445 manat məbləğində faiz borcu, 142,24 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 1.596,39 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***- *******MK091019-01 saylı kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 və Cavabdeh1 məlumatlandırılmışlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 35,96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinə əsasən verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Bundan əlavə, cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə borcun tam və ya qismən ödənildiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər Cavabdeh1 münasibətdə qeyd edir ki, öhdəlik zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2021-ci il tarixdə başa çatmış, lakin iddiaçı xx.xx.2024-cü il tarixdə icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh1 qarşı iddia irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh1 münasibətdə iddia tələbi əsassızdır. Burada 1 (bir) illik müddətin müəyyən olunmasında qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 35,96 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsaslıdır. İddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 35,96 manat dövlət rüsumu Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2019-cu il tarixli, ***-*******MK091019-01 saylı kredit müqaviləsi üzrə 1.008,82 manat əsas borc, 445,33 manat faiz borcu, 142,24 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu və 35,96 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1.632,35 (bir min altı yüz otuz iki manat, otuz beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar