Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-119/2021 06.10.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh2 11.725,08 manat əsas borc, 1.122,63 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 1.750,62 manat məbəğində faiz borcu, 1.254,68 manat cərimə borcu olmaqla, cəmi 15.853,01 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan Cəlilabad rayonu, Maşlıq kəndində olan 0,02738 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 07.11.2014-cü il tarixli, 3916 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 6 faiz ödənilmək şərtilə, 15.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 ilə 27.11.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan Cəlilabad rayonu, Maşlıq kəndində olan 0,02738 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən, borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq, borclu Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 11.725,08 manat əsas borc, 1.122,63 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 1.750,62 manat məbəğində faiz borcu, 1.254,68 cərimə borcu olmaqla, ümumilikdə 15.853,01 manat məbləğində borcu mövcuddur. Borc ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh2 arasında bağlanmış 07 noyabr 2014-cü il tarixli, 3916 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə kartofçuluq məqsədilə 15.000 (on beş min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 27.11.2014-cü il tarixli, 09 saylı kassa məxaric orderindən görünür ki, Cavabdeh2 15.000 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış 27 noyabr 2014-cü il tarixli, 3916 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, 07 noyabr 2014-cü il tarixli, 3916 saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh1 məxsus, Cəlilabad rayonu, Maşlıq kəndində, 0,02738 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin Cəlilabad filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 27.11.2014-cü il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən fərdi yaşayış evi Ləğv prosesində olan İddiaçı ASC-nin Cəlilabad filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin 22.10.2020-ci il tarixli, **********012 saylı arayışından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 07 noyabr 2014-cü il tarixli, 3916 saylı kredit müqaviləsi üzrə cavabdehin 16.10.2020-ci il tarixə banka 11.725,08 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 1.122,63 manat faiz borcu, 1.254,68 manat cərimə borcu, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 1.750,62 manat faiz borcu olmaqla, ümumi borcu 15.853,01 manat təşkil edir. İş materialında olan, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” 26.10.2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış 07 noyabr 2014-cü il tarixli, 3916 saylı kredit müqaviləsi əsasında aldığı 15.000 manat kreditə görə cəmi 15.853,01 manat borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışdır. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə ünvanlanmış 27 oktyabr 2020-ci il tarixli, **********255 saylı ərizədən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən Ləğv prosesində olan İddiaçı ASC-ə ünvanlanmış 13.11.2020-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlak üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş 04 noyabr 2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə ünvanladığı müraciətindən və portaldan çıxarışdan görünür ki, cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 may 2021-ci il tarixli, 09/940 saylı ekspert rəyində qeyd olunur ki, iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 07 noyabr 2014-cü il tarixli, 3916 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə, Cavabdeh2 07.11.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 11.726,86 manat, faiz borcu 306,85 manat, 16.10.2020-ci il tarixə (maliyyə arayışı tarixinə) əsas kredit borcu 11.726,86 manat, faiz borcu 2.031,68 manat müəyyən edilir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 avqust 2021-ci il tarixli, 274/ZB/21 saylı torpaq sahəsinin qiymətləndirilməsi rəyindən görünür ki, İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış 27 noyabr 2014-cü il tarixli, 3916 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 məxsus Cəlilabad rayonu, Maşlıq kəndində olan 0,02738 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 36.000 manat təşkil edir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 07 noyabr 2014-cü il tarixli, 3916 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh2 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh1 arasında 27 noyabr 2014-cü il tarixli, 3916 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh1 məxsus Cəlilabad rayonu, Maşlıq kəndində olan 0.02738 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi sözügedən kredit müqaviləsinin təminatı kimi, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən, tərəflər arasında bağlanmış 07 noyabr 2014-cü il tarixli, 3916 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 əsas kredit borcu 11.726,86 manat, faiz borcu 306,85 manat və kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu 1.724,83 (2.031,68-306,85) manat müəyyən edildiyindən, bu hissələrdə iddia qismən təmin edilməli, Cavabdeh2 11.725,08 manat (iddiaçı qeyd olunan həcmdə əsas borc tələb etmişdir) əsas borc, 306,85 manat faiz borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 1.724,83 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qanunvericiliyin qeyd olunan normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh Ağayev Yalçın Əli oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh Ağayev Yalçın Əli oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə, hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 56% ödəyir. İddiaçı 1.254,68 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının cərimə borcu hissəsində tələbi qismən təmin edilməli, cavabdehdən 70 manat dəbbə pulu (cərimə) tutulmalıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında 27 noyabr 2014-cü il tarixli, 3916 saylı sonrakı ipoteka müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 avqust 2021-ci il tarixli, 274/ZB/21 saylı torpaq sahəsinin qiymətləndirilməsi rəyi ilə Cavabdeh1 məxsus İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Cəlilabad rayonu, Maşlıq kəndində olan 0.02738 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 36.000 manat müəyyən edilmişdir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin, yəni Cavabdeh1 məxsus İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, Cəlilabad rayonu, Maşlıq kəndində olan 0,02738 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 36.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 3,84 manatı iddiaçıya aid edilməli, 26,16 manatı isə Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 87 manat hissəsi Cavabdeh2, 23 manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manatın 190 (bir yüz doxsan) manat hissəsi Cavabdeh1, 60 (altmış) manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 11.725,08 manat əsas borc, 306,85 manat faiz borcu, 70 manat cərimə (dəbbə pulu) borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 1.724,83 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26,16 manat olmaqla, cəmi 13.852,72 (on üç min səkkiz yüz əlli iki manat, yetmiş iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, ipoteka predmetinin ilkin satış qiyməti 36.000 (otuz altı min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh1 məxsus Cəlilabad rayonu, Maşlıq kəndində 0,02738 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 68 m2 yaşayış, 78,4 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilsin, həmin torpaq sahəsi açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilməli, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh1 qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 11.725,08 manat əsas borc, 306,85 manat faiz borcu, 70 manat cərimə (dəbbə pulu) borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 1.724,83 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26,16 manat olmaqla, cəmi 13.852,72 (on üç min səkkiz yüz əlli iki manat, yetmiş iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 36.000 (otuz altı min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh1 məxsus Cəlilabad rayonu, Maşlıq kəndində 0,02738 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 68 m2 yaşayış, 78,4 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh1 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 87 (səksən yeddi) manat hissəsi Cavabdeh2, 23 (iyirmi üç) manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manatın 190 (bir yüz doxsan) manat hissəsi Cavabdeh1, 60 (altmış) manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-119/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-119/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver