Məhkəmə qərarları › İş №e-2-2(121)-1190/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1190/2023

05.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1190/2023 05.09.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı – pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdеhdən 55000 (əlli beş min) manat əsas borcun, əldən çıxmış fayda olaraq 4400 (dörd min dörd yüz) manat pulun, vəkilə ödənilən 150 (yüz əlli) manat pulun, mediasiya xərci üçün ödənilmiş 400 (dörd yüz) manat pulun ümumilikdə 59.950 (əlli doqquz min doqquz yüz əlli) manat pul vəsaitinin alınaraq iddiaçının хеyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhərində yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdeh onun tələbə yoldaşıdır və aralarında səmimi münasibət olmuşdur. 2018-ci ilin əvvəllərində cavabdeh ona 28 May metro stansiyasının yaxınlığında icarəyə mağaza götürüb mobil telefonların alqı-satqısı ilə məşğul olmağı təklif etmişdir. Cavabdeh ona telefon satışında yaxşı qazanc olduğunu bildirərək ortaqlıq təklif etmiş və ortaq olaraq 10.000 (on min) manat pul istəmişdir ki, satmaq üçün əlavə telefonlar alıb mağazaya gətirsin. O, da Asifin səmimiyyətinə inanaraq 2018-ci ilin əvvəllərində 28 May metrostansiyasının yaxınlığında işlədiyi mağazada Asifə 7.000 (yeddi min) manat pul vermişdir. Həmin vaxtdan şərik kimi onun yanında olmuşdur. Asif ona işlərin yaxşı getdiyi üçün əlavə pul qoyub al-veri daha da böyütmək istədiyini bildirmişdir. O, Asifin sözlərinə inanaraq mağazada telefon və aksessuar çeşidinin çoxalması üçün iki ay ərzində Asifə ümumilikdə 60.000 (altmış min) manat pul verdikdən sonra Asif mağazaya müxtəlif çeşidli telefonlar gətirmişdir. Mağazada bütün satış işlərini Asif özü həyata keçirmişdir. Bundan sonra təxminən 6 ay ərzində ümumi qazancdan 2.000 (iki min) manat olmaqla təxminən 15.000 (on beş min) manat pul götürmüş və götürdüyü pulun hesabı da Asif tərəfindən aparılmış və öz hesabat kitabında tarixlərin qeydini aparmışdır. 2018-ci ilin iyul ayında cavabdeh kredit götürmüş və o da cavabdehə zamin kimi kreditin götürülməsində iştirak etmişdir. Krediti cavabdeh öz məqsədlərinə istifadə etmişdir. 2020ci ilin əvvəllərində Covid-19 pandemiyası ilə bağlı mağazada satış azalmış və o, Asifdən heç bir qazanc tələb etməmişdir. Asiflə şərikli iş fəaliyyətinin zəif olduğunu görüb özü müstəqil fəaliyyətlə məşğul olmuşdur. Özü üçün geyim əşyaları mağazası açmışdır. Asifin də bu barədə məlumatı olmuşdur. Asif şərik olmaq üçün verdiyi 60.000 (altmış min) manat pulu hissə-hissə qaytaracağını ona söz vermişdir. O, da Asifə inanaraq öz işi ilə məşğul olmuşdur. Asiflə iş birliyi təxminən 6 ay olmuşdur. Şəriklikdən ayrılarkən hər-hansı məbləğin Asifin ona qaytarması barədə danışığı olmamışdır və oturub haq- hesab etməmişlər. Lakin Asif 60.000 (altmış min) manat borcunu müxtəlif vaxtlarda qaytaracağına söz versə də, vədinə əməl etməmişdir. Nəticədə Asif aralarında yaranmış səmimi münasibətdən istifadə edərək onu aldatmış və pulu qaytarmaq fikrindən yayınmışdır. Bu məsələ ilə əlaqədar məcbur olaraq Bakı şəhəri Baş Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində onun ərizəsi əsasında araşdırma aparılmış, onların izahatları alınmışdır. Qeyd olunan məlumatların doğru olmasını Nəsimi Rayon Polis İdarəsinin 22-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Orxan Qurbanovun xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə sübut etmək olar. Cavabdeh izahatında iddiaçının dediklərini təsdiq edərək bildirmişdir ki, 2000-ci ildən Bakı şəhərində sahibkar kimi mobil telefonların satışı ilə məşğul olmuş, yaxın münasibətləri olduğu üçün o, Araza telefon satışında yaxşı qazanc olduğunu bildirmiş pul qoyaraq şərik kimi fəaliyyət göstərməyi təklif etmiş, İddiaçı da bununla razılaşaraq ilkin olaraq telefonların gətirilməsi üçün 7000 (yeddi min) manat pul vəsaiti vermiş,bir müddət sonra dövriyyə artsın deyə əlavə olaraq 48.000 manat olmaqla ümumilikdə ona 55000 manat pul vəsaiti vermişdir. İzahatda daha sonra qeyd edilmişdir ki, bir il ərzində hər biri 23000 (iyirmi üç min) manat qazanc əldə etsədə, Arazın ona verdiyi əsas borc yəni, 55000 (əlli beş min) manat yerində qalmış, 2020-ci ilin əvvəllərində pandemiya ilə əlaqədar ticarət azalmış və Araz şərikli fəaliyyət göstərməkdən imtina etmişdir. O da Araza bildirmişdir ki, ən yaxın zaman ərzində ona olan 55000 (əlli beş min) manat borcunu hissəhissə qaytarmağı söz versə də lakin, bu günə qədər həmin borcu qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Bakı şəhər Baş Polis İdarəsində yazdığı xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, İddiaçı 55.000 manat borcunun qaldığını və hissə-hissə ödəyəciyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Orxan Qubranov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 19 mart 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı X1 vətəndaş İddiaçı etibarından sui-istifadə edərək aldatma yolu ilə əmlakını ələ keçirib dələduzluq etməsi müəyyən edilməmişdir. Toplanmış materialdan görünür ki, tərəflər arasında bağlanmış şifahi razılaşmaya əsasən qazanc əldə etmək məqsədi ilə şərikli biznes fəaliyyəti ilə məşğul olmaları, birgə biznes fəaliyyətində qazanc əldə etmələri, daha sonra birgə biznes fəaliyyətlərin iflasa uğraması, bu səbəbdən İddiaçı şərikli qoyduğu pul vəsaitini geri tələb etməsi xüsusatı cinayət xarakterli deyil, mülki mübahisə predmeti olduğundan öz həllini mülki qaydada məhkəmədə tapmalıdır. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh mobil telefonların alqı-satqısı ilə məşğul olmaq üçün aralarında şifahi razılığa gəlmişlər. Bu məqsədlə iddiaçı cavabdehə ümumilikdə 55.000 manat məbləğində pul vəsaiti verərək birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları barədə razılığa gəlmişdirlər. Sonradan tərəflər arasında işgüzar münasibətlər alınmadığından iddiaçı cavabdehə verdiyi 55.000 manatı tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə qeyd olunan xüsusatlara əsasən hesab edir ki, cavabdeh tərəflər arasında olan şifahi razılaşma əsasında birgə sahibkarıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə iddiaçıdan pul alsa da, sonradan sözügedən ortaqlıq alınmamış və cavabdeh həmin pulu cavabdehə qaytarmamışdır. Cavabdeh qeyd olunan şifahi razılaşma əsasında iş görmək məqsədilə iddiaçıdan pul almasına dair hüququndan istifadə etmiş, lakin həmin pulu ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissədə təmin edilərək, 55.000 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bununla yanaşı, cavabdehin iddiaçıya 55.000 manat məbləğində borcunun olması Bakı şəhər Baş Polis İdarəsində aparılan araşdırma zamanı Cavabdeh verdiyi izahatı ilə də təsdiq olunur. Bundan əlavə, Bakı şəhər Baş Polis İdarəsinin 19 mart 2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslərin izahatları (izahatın mülki iş üzrə icraat zamanı və ya cinayət təqibi zamanı verilməsindən asılı olmayaraq) sübut növlərindən biridir. Mülki prosessual qanunvericilikdə tərəflərin tələb və etirazları ilə bağlı cinayət təqibi zamanı toplanmış sübutların mülki məhkəmə icraatı zamanı sübut kimi qəbul edilməsini, məhkəmə tərəfindən araşdırılmasını və həmin sübutlara mülki icraat çərçivəsində hüquqi qiymət verilməsini qadağan edən hər hansı norma yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə, iddianın “əldən çıxmış faydaya görə 4.400 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsassızdır. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə həmçinin, qeyd edir ki, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmaına dair” 09 iyul 2009-cu il tarixli plenumunun qərarında qeyd edilmişdir ki, Azərbaycan Resoublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı cavabdehin onun pul vəsaitini qanunsuz saxlamasını, onu qaytarmaqdan boyun qaçırmasını, onun ödənilməsini digər şəkildə gecikdirməsini və ya pul vəsaitini əsassız əldə etməsini və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etməsini sübut etməlidir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması iş materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Məhkəmə, eyni zamanda iddia tələbinin “400 manat məbləğində mediasiya xərcinin tutulması barədə” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, qeyd olunan qanunvericilik aktı normasına əsasən hesab edir ki, iddia tələbi bu hissədə təmin edilərək cavabdehdən 400 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 100 manat məbləğində cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 55.000 manat məbləğində əsas borc, 100 manat məbləğində vəkilə ödənilən pul və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat olmaqla, ümumilikdə 55.500 (əlli beş min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar