Məhkəmə qərarları › İş №e-2-2(121)-1195/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1195/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1195/2025 04.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 oğıuna və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələb:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 8134,62 manat məbləğində əsas borcun, 1076,32 manat məbləğində faiz borcunun, 218,97 manat məbləğində cərimə borcunun cəmi 9429,91 manat borcun və 115 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 24% olmaqla 9500 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir.

Tərəflərin izahatları:

3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

4. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin də iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

İddia ərizəsinə etiraz:

7. Cavabdeh2 iş üzrə xx.xx.2025-ci il tarixli etirazla məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 26 avqust 2023-cü İl tarixdə 36 ay müddətinə illik 24% olmaqla 9500 manat kredit götürmüşdür. Həmin kredit məbləği üzrə aylıq ödənilməli olan 373 manatı ödəniş cədvəlinə uyğun olaraq 2024-cü ilin fevral ayınadək hər ay ödəmişdir. Mart ayında ödəniş edə bilməmiş, buna səbəb ailəsində yaranmış xəstəliklər olmuş, ödəmədiyi gecikən günlər üçün bank faizi də hesablanmışdır. Lakin sonradan 2024-cü ilin aprel ayında banka 1000 manat məbləğlə yaxınlaşıb ki ödəniş cədvəlini qaydasına qoysun, lakin ona bildirmişlər ki, cərimə borcunu ödəməsə ödəniş cədvəli üzrə mart ayında olan 373 manat və aprel ayı üzrə olan 373 manat məbləği ödəyə bilməz. O, buna etiraz etdikdən sonra onlar baş ofislərinə müraciət etmişlər və uzun sürən, çəkişmədən sonra onlar yaranmış cərimə məbləğindən bir qismini silmişlər. Həmin vaxt da onlara, ödəniş etməkdə maddi sıxıntıyla əlaqədar olaraq çətinlik yaranacağını bildirərək kredit məbləğini restruktisaziya etmələrini və kredit məbləğinin ödənilmə müddətinin uzadılmasını xahiş etmiş. Lakin onlar bunun mümükünsüzlüyünü ona bildirmişlər. Bundan sonra yenidən çətinlik yarandığından may ayı üçün ödənişdə 5-10 günlük gecikmə yaranmış və o, 2024-cü ilin iyun ayında "xxxx" ASC-nin Lənkəran filialının qarşısında quraşdırılmış banka məxsus ödəmə terminalına yaxınlaşmış və 500 manat məbləğlə banka ödəniş etmişdir. Ödənişdən sonra mobil telefona quraşdırılmış İddiaçı ASC-nin dostbank proqramına giriş edərək baxdıqda yenidən faiz və cərimə borcundan silinib lakin əsas məbləğ üzrə ödəniş cədvəlindən silinmədiyni görmüşdür. Həmən, banka daxil olub bunun səbəbini soruşduqda bank əməkdaşı yenə gecikməyə görə cərimə və faizi əllərində əsas tutmuşlar. Bundan başqa bank əməkdaşı ona zəng edərək 100 manat ödəniş edəyəcəyi təqdirdə ödəniş cədvəlinin qaydasına düşməsini bildirdikdə, o həmin vaxt bankın ödəniş terminalına 100 manatı ödəmiş, ödənişdən 2 dəq sonra yenidən ona bankdan zəng edilərək “100 manat nədir? Sən 600 manat gecikmiş günləri tam ödəməiiydin?” - bildirirmişər. Bundan bir müddət sonra 23.12,2024-cü il tarixdə saat 16;31də banka məxsus 012-310- 12-27 nömrəli telefon vasitəsi ilə bankın xanım əməkdaşı, hətta özünü, adını belə təqdim etmədən atası X3 oğlunu, həmçinin həmin gün eyni nömrə ilə ona məxsus olan mobil nömrəmə zəng edib kreditin ödənilməsini tələb edərək, kreditin ödənilməməsinin səbəbini öyrəndikdə isə “sən necə kişisən ki, bankın pulunu ödəyə bilmirsən?” sözünü ifadə edərək kobud və təhqir edici sözlərlə hədələmişdir. Atası X3 oğlu kredit götürdüyü müqavilədə belə zamin deyil. Onu niyə narahat edirlər? Bu hadisə ilə əlaqədar olaraq 24 12.2024-cü il tarixdə İddiaçı ASC-nin baş ofisinə rəsmi qaydada şikayət ərizəsi ilə də müraciət etmiş və həmin müraciətin də İddiaçı ASC tərəfindən rəsmi qaydada da cavabsız qalmışdır. Maddi vəziyyətinin aşağı olmasına görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq kredit borcuna görə yaranmış 1076.32 manat faiz borcunun və 218.97 manat cərimə borcunun silinməsinə köməklik göstərməsini və “Bank of Baku" ASC-nin mənə qarşı iddia ərizəsini qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

8. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, MK/57607/93/16 saylı Kredit Sazişi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 24 faiz ödəmək şərti ilə 36 ay müddətinə 9500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, həmin müqaviləyə zamin Cavabdeh1 qeyd edilən kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditin ödənilməsi ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür.

9. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC-yə 8134,62 manat əsas, 1076,32 manat faiz, 218,97 manat məbləğində cərimə borcu vardır.

10. İş materiallarında olan “Ödəniş cədvəli”nin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli kredit sazişi üzrə son ödəniş tarixi xx.xx.2026-cı il kimi qeyd olunmuşdur.

11. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli “kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair” bildirişin surətindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 (əsas borclu), Cavabdeh1 (zamin) arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit sazişinə əsasən yaranmış 8134,62 manat məbləğində əsas, 837,4 manat məbləğində faiz, 218,97 manat cərimə borcunun dərhal ödənilməsi tələb olunmaqla yanaşı, kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi və borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir.

12. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 115 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

a) Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 743.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. - 742.1- ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. - 742.5-ci maddəsinə əsasən Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) v axtından əvvəl qaytarılmasını tələb edə bilər: - 742.5.1-ci maddəsinə əsasən borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); - 742.5.3-cü maddəsinə əsasən borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.4-cü maddəsinə əsasən borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

16. Məhkəmə baxışının hədləri:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

18. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləsinin şərtlərinə görə, İddiaçı ASC Cavabdeh2 borc (kredit) verməyi, Cavabdeh2 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

19. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddianın əsassızlığına dair dəlilləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

20. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh2 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və o, müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zamin Cavabdeh1 qeyd edilən kredit müqaviləsi və onun əsasında bağlanmış kredit razılaşması üzrə üzrə iddiaçı qarşısında Cavabdeh2 ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürdüklərinə görə, o da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdır.

21. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və plenum qərarına əsasən hesab edir ki, iddia tələbi əsas borc tam olaraq əsaslıdır. Belə ki, iddiaçı cavabdehə xəbərdarlıq məktubu göndərərkən artıq müqavilələrdən imtina barədə iradə ifadəsini ona bildirməsi ilə müqaviləyə xitam vermiş sayılır. İş materiallarından göründüyü kimi Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 8134,62 manat məbləğində krеdit bоrcu məbləğində əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehlərdən göstərilən borc müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

22. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə göndərilən xəbərdarlıq məktubunda faiz borcuna görə cavabdehlərdən 837,4 manat tələb edilməsini nəzərə alır və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeydindən çıxış edərək qeyd edir ki, xəbərdarlıq məktubunun göndərildiyi tarixdən sonra müqavilə bir tərəfli qaydada ləğv edildiyindən müqavilə üzrə faizlər hesablana bilməz.

23. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində eyni zamanda borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, kredit müqaviləsinə əsasən hesablanmış 218,97 manat cərimə borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

24. Məhkəmə iddiaçı tərəfindən hesablanan və tələb olunan 789,73 manat cəriməyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Tərəflər arasında bağlanmış İddiaçı ASC-nin Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri Müqaviləsinin 2.3cü bəndinə əsasən cavabdeh kreditin ödənilməsini gecikdirdikdə gecikdirilmiş hər gün üçün əsas borc məbləğinin 1% miqdarında cərimə ödəyir. Məhkəmə hesab edir ki, qeyd olunan kredit razılaşmaları üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələradə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və tərəflər arasında bağlanmış kredit razılaşmaları üzrə hesablanmış cərimələr tənasübsüz yüksək deyil, ona görə də iddia tələbi həmin hissələrdə də əsaslıdır.

25. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 8134,62 manat əsas borc, 837,40 manat faiz borcu, 218,97 manat cərimə olmaqla, cəmi cəmi 9190,99 manat məblğində borc tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

26. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 111,91 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qalan 3,09 manat isə iddiaçının özünə aid edilməlidir.

Nəticə:

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8134,62 manat məbləğində əsas borc, 837,40 manat məbləğində faiz borcu, 218,97 manat məbləğində cərimə olmaqla, cəmi 9190,99 (doqquz min bir yüz doxsan manat, doxsan doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 111,91 (bir on bir manat, doxsan bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissdə təmin edilməsin. Ödənilmiş qalan 3,09 (üç manat, doqquz qəpik) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar