Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-12/2023 16.01.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi və vəkili X5 iştirakı ilə İddiaçı QSC BOKT-un Cavabdeh1 və qeyrisinə qarşı - kredit borcunun qaytarılması barəsində iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 86 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 5464,35 manat, faiz borcu üzrə 9758,18 manat, cəmi 15222,53 manat, xx.xx.2014-cü il tarixli 85 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 13660,88 manat, faiz borcu üzrə 7902,77 manat, cəmi 21563,65 manat və xx.xx.2014-cü il tarixli 101 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 11839,43 manat, faiz borcu üzrə 8151,76 manat, cəmi 19991,19 manat, ümumilikdə hər 3 müqavilə üzrə 56777,37 manat borc məbləğinin tutularaq iddiaçının xeyrinə ödənilməsi; borc tələbinin Cavabdeh1 məxsus, ipoteka qoyulmuş Saatlı rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evinə, 0,61 ha torpaq sahəsi ilə birlikdə, Sabirabad rayonu, Qalağayın kəndində yerləşən fərdi yaşayış evinə, 0,19 ha torpaq sahəsi ilə birlikdə, habelə Cavabdeh2 məxsus, ipoteka qoyulmuş Saatlı rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evinə, 0,59 ha torpaq sahəsi ilə birlikdə yönəltməklə həmin əmlakların açıq hərraca çıxarılaraq satılması hesabına cəmi 56777,37 manat borcun və ödənilmiş 400 manat mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının İmişli filialı ilə Cavabdeh1 arasında bağlanmış 86 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 heyvandarlığın inkişafı məqsədi ilə 24 ay müddətinə illik 21%-lə 20000 manat, 85 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən heyvandarlığın inkişafı məqsədi ilə 36 ay müddətinə illik 6%-lə 15000 manat və 101 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən heyvandarlığın inkişafı məqsədi ilə 36 ay müddətinə illik 6%-lə 15000 manat, cəmi 50000 manat məbləğində kredit verilmişdir. 86 saylı, xx.xx.2013-cü il tarixli və 85 saylı, xx.xx.2014-cü il tarixli kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh1 məxsus Saatlı rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evi, 0,61 ha torpaq sahəsi ilə birlikdə və Sabirabad rayonu, Qalağayın kəndində yerləşən fərdi yaşayış evi, 0,19 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının İmişli filialı ilə ipotekaqoyan arasında 86 saylı, xx.xx.2013-cü il tarixli, 89 saylı, xx.xx.2013-cü il tarixli və 85 və 85/1 saylı, xx.xx.2014-cü il tarixli ipoteka müqavilələri, eləcədə 101 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipotekaqoyan Cavabdeh2 məxsus Saatlı rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evi, 0,59 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC BOKT-nun İmişli filialı ilə ipotekaqoyan arasında 101 saylı, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqavilələri notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın İmişli filialının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 ilə bağlanmış kredit müqavilələrin 6.5-ci və 7.2-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Cavabdeh1 86 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu 5464,35 manat, faiz borcu 9758,18 manat, cəmi borcu 15222,53 manat, 85 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu 13660,88 manat, faiz borcu 7902,77 manat, cəmi borcu 21563,65 manat və 101 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu 11839,43 manat, faiz borcu 8151,76 manat, cəmi borcu 19991,19 manat, ümumilikdə hər 3 müqavilə üzrə borcu 56777,37 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehlərə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. Cavabdeh tərəfindən hər üç kredit müqaviləsi üzrə son ödənişlər 2019-cu ilin aprel ayında aparılmışdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq İddiaçı QSC tərəfindən Mediasiya Şurasına ərizə ilə müraciət olunmuşdur. X1 tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 2021-09058 nömrəli, xx.xx.2021-ci il tarixli arayış verilmişdir. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddiaya etiraz edərək, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia müddəti ötürüldüyündən, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 86 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 21 faiz ödəmək şərti ilə 24 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. İşdən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 85 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 101 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 86 saylı, xx.xx.2013-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, Sabirabad rayonu, Qalağayın kəndində yerləşən fərdi yaşayış evi həyətyanı sahəsi ilə birlikdə kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 85 saylı, xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, Saatlı rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evi həyətyanı sahəsi ilə birlikdə kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 101 saylı, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin təminatı olaraq, Cavabdeh2 məxsus Saatlı rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evi həyətyanı sahəsi ilə birlikdə kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Sabirabad rayonu, Qalağayın kəndində 0,19 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı SKT İmişli filalının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşə əlavə olunan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Saatlı rayonu, Azadkənd kəndində 0,61 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı SKT İmişli filalının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Saatlı rayonu, Azadkənd kəndində 0,59 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı SKT İmişli filalının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli bildiriş(lər) göndərilmişdir. İşdən görünür ki, iddiaçı cavabdeh Kərimov X3 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş(lər)in qeydə alınmasına dair ərizə(lər) ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışlarının surətlərindən görünür ki, cavabdehin xx.xx.2013-cü il tarixli 86 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 5464,35 manat, faiz borcu üzrə 9758,18 manat, cəmi 15222,53 manat, xx.xx.2014-cü il tarixli 85 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 13660,88 manat, faiz borcu üzrə 7902,77 manat, cəmi 21563,65 manat və xx.xx.2014-cü il tarixli 101 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 11839,43 manat, faiz borcu üzrə 8151,76 manat, cəmi 19991,19 manat məbləğində kredit borcu vardır. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3253 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 86 saylı saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2015-ci il tarixə əsas borc üzrə 9894,88 manat, faiz borcu üzrə 2031,75 manat, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 9894,88 manat, faiz borcu 7589,91 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın likvid qiyməti ilə qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və lakin cavabdehlər tərəfindən qərardadın icrasına şəriat yaradılmadığından qərardad icra olunmadığından geri qaytarılmışdır. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 9/7123 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 86 saylı saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2015-ci il tarixə əsas borc üzrə 9894,88 manat, faiz borcu üzrə 2031,75 manat, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 9894,88 manat, faiz borcu 7589,91 manat, xx.xx.2021-ci il tarixinədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən 5% hesablandığı halda əsas borc üzrə 7973,12 manat, faiz borcu üzrə 795,1 manat, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 85 saylı saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2017-ci il tarixə əsas borc üzrə 15000 manat, faiz borcu üzrə 1897,5 manat, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 13660,88 manat, faiz borcu 4809,75 manat, xx.xx.2021-ci il tarixinədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən 5% hesablandığı halda əsas borc üzrə 13660,88 manat, faiz borcu üzrə 4324,38 manat, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 101 saylı saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2017-ci il tarixə əsas borc üzrə 13632,5 manat, faiz borcu üzrə 1231,47 manat, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 12471,5 manat, faiz borcu 3805,4 manat, xx.xx.2021-ci il tarixinədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən 5% hesablandığı halda əsas borc üzrə 12471,5 manat, faiz borcu üzrə 3376,42 manat, borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. İş materiallarına əlavə edilən “nağd pul mədaxil üçün” 15 saylı qəbzin surətindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı QSC-nin İmişli filialının hesabına xx.xx.2018-ci il tarixdə 5000 manat məbləğində ödəniş edilmişdir. İşin materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı QSC BOKT-a xx.xx.2018-ci il tarixdə (sonuncu ödəniş) 5000 manat məbləğində ödəniş edilmişdir. Hesabdan çıxarışdan həmçinin aydın olur ki, İdarə Heyətinin 45 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən cavabdehin borcundan 3035,34 manat məbləğində pul vəsaiti xx.xx.2019-cu il tarixdə kompensasiya hesabına silinmişdir. İşə əlavə edilən cavabdehlərin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixli ərizələrdən və xx.xx.2022-ci il tarixli teleqramdan görünür ki, iddia müddətini tətbiq etməklə iddiadan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən, iddia rədd edilməlidir. Ona görə ki, iddiaçının mövcud iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Lakin, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Belə ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Digər tərəfdən, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Eyni zamanda, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 ilə İddiaçı QSC BOKT arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2015-ci il tarixdə, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2017-ci il tarixdə və xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Lakin Cavabdeh1 xx.xx.2018-ci il tarixdə kredit müqavilələri üzrə öhdəliklərindən 5000 manat məbləğində ödəniş etmiş, bununla da, kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2018-ci il tarixdə bitərək, iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdən başladığından, iddia müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Cavabdehin borcundan xx.xx.2019-cu il tarixdə silinmiş 3035,34 manat məbləğində pul vəsaiti isə kompensasiya hesabına silinmişdir. Yəni, həmin tarixdə cavabdeh(lər) tərəfindən hər hansı ödəniş edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh(lər) iddia müddətinin tətbiqinə dair ərizə verdiy(klər)indən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Digər tərəfdən, əsas tələb üzrə iddia müddətinin keçməsi əsasa görə iddia rədd edilməli olduğundan, məhkəmə hesab edir ki, Mülki Məcəllənin 376-cı maddəsinin tələbi baxımından, iddia tələbi “ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərrac yolu ilə satılması”nə dair hissədə də rədd edilməlidir. Məhkəmə eyni zamanda iddianın 400 manat mediasiya xərcinin cavabdehlərdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, 400 manat məbləğində mediasiya xərci iddiaçıya aid edilməlidir. Buna görə də iddianın mediasiya xərcinin cavabdehlərdən alınmasına dair hissəsi də rədd edilməlidir. Məhkəmə hesab edir ki, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti də İddiaçı QSC BOKT-dan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia müddəti ötürülmüş və mübahisə tərəfinin müddətin tətbiqinə dair ərizə verdiyi iddia təmin edilə bilməz. Odur ki, iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı QSC BOKT-un Cavabdeh1 və Cavabdeh2 qarşı – iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 86 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 5464,35 manat, faiz borcu üzrə 9758,18 manat, cəmi 15222,53 manat, xx.xx.2014-cü il tarixli 85 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 13660,88 manat, faiz borcu üzrə 7902,77 manat, cəmi 21563,65 manat və xx.xx.2014-cü il tarixli 101 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 11839,43 manat, faiz borcu üzrə 8151,76 manat, cəmi 19991,19 manat, ümumilikdə hər 3 müqavilə üzrə 56777,37 manat borc məbləğinin tutularaq iddiaçının xeyrinə ödənilməsi; borc tələbinin Cavabdeh1 məxsus, ipoteka qoyulmuş Saatlı rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evinə, 0,61 ha torpaq sahəsi ilə birlikdə, Sabirabad rayonu, Qalağayın kəndində yerləşən fərdi yaşayış evinə, 0,19 ha torpaq sahəsi ilə birlikdə, habelə Cavabdeh2 məxsus, ipoteka qoyulmuş Saatlı rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evinə, 0,59 ha torpaq sahəsi ilə birlikdə yönəltməklə həmin əmlakların açıq hərraca çıxarılaraq satılması hesabına cəmi 56777,37 manat borcun və ödənilmiş 400 manat mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barəsində iddiası rədd edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti İddiaçı QSC BOKT-dan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-12/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-12/2023
16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver