Məhkəmə qərarları › İş №e-2-2(121)-124/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-124/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-124/2025 10.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı MMMC QBKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı MMMC QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 əsas borc üzrə 7222,26 manat, faiz borcuna görə 2266,00 manat, cərimə borcuna görə 378,76 manat, cəmi 9867,02 manat məbləğində borcun və 118.68 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMMC QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMMC QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-ci il tarixli **********0929 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədi ilə illik 27.00% faiz dərəcəsi olmaqla 30 ay müddətinə 8000 (səkkiz min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 372 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində “Fincard” adı qeyd edilmiş,kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddianı qismən etiraf edərək, özünün hesablamalarına görə iddiaçıya cəmi 9500 manat məbləğində borcunun qaldığını bildirdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, işdə iştirak edən cavabdehin izahatına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-ci il tarixli, **********0929 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh1 30 ay müddətinə, kredit üzrə illik faiz 27% olmaqla, 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “Ödəniş cədvəli”nin surətindən görünür ki, xx.xx.2023-ci il tarixli, **********0929 nömrəli krеdit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2026-cı il kimi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2023-ci il tarixli müqavilə üzrə Cavabdeh1 əsas borcu 7222,26 manat, faiz borcu 2266 manat, cərimə borcu 378,76 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC QBKT ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli (zaminlik) müqavilələrindən görünür ki, həmin müqavilələrə əsasən, borclunun xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərlərinə götürürlər. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı MMC QBKT ilə Cavabdeh1 arasında bağlanmış kredit müqavilələri üzrə borcun qısa müddət ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC QBKT-na ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(121)-2648/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/10297 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı MMC QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-ci il tarixli, **********0929 nömrəli kredit razılaşmasına əsasən Cavabdeh1 xx.xx.2024-ci il tarixə əsas borc üzrə 6866,95 manat, faiz borcu üzrə 545,92 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, İddiaçı MMC QBKT ilə Cavabdeh1 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə İddiaçı MMC QBKT Cavabdeh1 borc (kredit) verməyi, Cavabdeh1 isə aldığı borcu (krediti) faizi ilə birgə hissəhissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Məhkəmə hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə qeyd edir ki, müqavilə və ya onun ayrı-ayrı şərtləri onun işitrakçıları tərəfindən mübahisələndirilməmişdir, həmçinin müqavilənin etibarsızlığına dair hallar məhkəmə tərəfindən aşkar edilməmişdir. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının Cavabdeh1 kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin işdə olan “Maliyyə arayışı”nda və hesabdan çıxarışda əksini tapan məlumatlardan müəyyən olunur ki, Cavabdeh1 əsas və faiz borcundən ibarət ödənilməmiş kredit borcu qalmışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, hesabdan çıxarışı, maliyyə arayışını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin vaxtında və lazımınca icra edilmədiyi aşkar olunur. Məhkəmə qeyd edir ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddianı qismən qəbul edərək, özünün hesablamalarına görə iddiaçıya cəmi 9500 manat məbləğində borcunun qaldığını etiraf etmişdir. Digər cavabdehlər məhkəmə iclaslarında iştirak etməmişlər, həmçinin onlar tərəfindən iddiaya qarşı etiraz verilməmiş, iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə borcun cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi mahiyyət etibarı ilə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.3-cü maddəsinə əsasən, Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 740.1-ci maddəsinə əsasən, Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 741.1-ci maddəsinə əsasən, Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 742.1-ci maddəsinə əsasən, Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci və 742.5.2-ci maddələrinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında borcverən müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Məhkəmə, irəli sürülmüş iddia tələbini mahiyyəti üzrə qanuni hesab etməklə yanaşı, kredit müqaviləsi üzrə tələb olunan əsas və faiz borc məbləğləri ilə bağlı qeyd edir ki, məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, İddiaçı MMC QBKT ilə Cavabdeh1 arasında bağlanmış, xx.xx.2023-ci il tarixli, **********0929 nömrəli kredit razılaşmasına əsasən Cavabdeh1 xx.xx.2024-ci il tarixə əsas borc üzrə 6866,95 manat, faiz borcu üzrə 545,92 manat borcunun olması müəyyən edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borc məbləği ilə iddia ərizəsində tələb olunan müvafiq borc məbləğləri arasında fərq olsa da, iddiaçı əsas və faiz borc məbləğlərinə aid hissədə ekspert rəyini mübahisələndirməmiş, bununla da ekspertiza rəyində qeyd olunan məbləğlərlə razılaşdığını ifadə etmişdir. Buna görə də məhkəmə hesab edir ki, əsas və faiz borc məbləğləri məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilən həddə müəyyən edilməlidir. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış kredit razılaşmalarının şərtlərinə görə, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün cərimə ödəmək öhdəliyini Cavabdeh1 öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh1 tərəfindən kreditin və ona hesablanmış faizin ödənilməsini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən kredit müqavilələrinə əsasən müvafiq olaraq 378,76 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehlərdən tutulacaq cərimə məbləğinin azaldılaraq müvafiq olaraq 20 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, iş üzrə əsas borclu ilə yanaşı digər cavabdehlərin də iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 imzaladıqları zaminlik müqavilələri ilə borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyin tamamı ilə icra etməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərlərinə götürmüşlər. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliyini pozduğuna görə zaminlərin də onunla birlikdə kreditor qarşısında birgə (solidar) məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia qismən təmin edildiyiniə görə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait cavabdehlərdən tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 6866,95 manat məbləğində əsas borc, 545,92 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə borcu və ödənilmiş 94,33 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7527,2 manat məbləğində pul tutularaq İddiaçı MMMC QBKT-na ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən artıq ödənilmiş 24,35 manat məbləğində dövlət rüsumu məbləği iddiaçıya geri qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar