Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1245/2025 09.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pul tələbi”nə iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 2900 ABŞ dolları (ödənilən gün manat ekvivalenti ilə) və 32,471 manat, vəkilə ödənilmiş 1020 manat pul və dövlət rüsumuna görə ödənilmiş 206 manat pul alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1997-ci il tarixdə Göyçay rayonu, Bığır kəndində doğulmuş və həmin ünvanda yaşayır. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşqul olmuşdur. Adətən Göyçay rayonunda xurma və nar meyvəsinin fərdi şəxslərdən alaraq, çeşidləyib Rusiya Federasiyasına aparıb, orada satmaqla məşquldur. 2024-cü ilin oktyabr-noyabr aylarında fərdi qaydada müxtəlif kəndlərdən toplayaraq xurma məhsulunu Rusiya Federasiyasına göndərmək məqsədi ilə Göyçay rayonu Qızılağac kəndi ərazisində yerləşən, Gündüz adlı şəxsin talvarına yığmışdır. Bundan sonra Göyçay rayonu Çəyirli kənd sakini X7 vasitəsilə "xxxx" MMC-nin sürücüsü Cavabdeh2 ilə görüşüb xurma meyvəsini Rusiya Federasiyasına (Kazan şəhərinə) daşıması barədə razılığa gəlinmişdir. Şifahi müqaviləyə əsasən 300 ABŞ dollarını qabacadan ödəmiş, qalan 2700 ABŞ dollarını isə Kazan şəhərində ödəməli idi. Beləliklə 08 dekabr 2024-cü il tarixdə Cavabdeh2 göstərilən meyvələri avtomaşına yığaraq yola düşmüşdür. Göndərəcəyi xurma məhsulunun dəllal vasitəsi ilə tapılmasına 1524 manat, xurma məhsulunun dəyəri olaraq (bir yeşiyi 14 manat) 21336 manat, fəhlə pulu olaraq 2133 manat, fəhlələrin daşınmasına, onların nahar pulu və s. olaraq 1828 1524 ədəd yeşiklərin alınmasına 4115 manat, kəndlərdən daşınmasına 1535 manat, gömrük rüsumunun ödənilməsinə 1800 ABŞ dolları, qəza yerinə başqa avtomaşın aparılması və məhsulun tam yararsız halda olduğu üçün boş qayıtmasına görə 800 ABŞ dolları olmaqla ümumilikdə 2900 ABŞ dolları və 32,471 manat vəsait xərcləmişdir. Cavabdehlər "xxxx" MMC-nin sürücüsü Cavabdeh2 yük avtomobilini Rusiya Federasiyasında Saratov şəhəri ərazisində yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, avtomobilin yük yerində olan ona məxsus xurma məhsulu yararsız hala düşmüş, nəticədə İddiaçı 37400 manat məbləğində ziyan dəymişdir. Vurulmuş ziyanın ödənilməsi ilə bağlı cavabdehlər "xxxx" MMC-nin əməkdaşları və sürücü Cavabdeh2 ilə dəfələrlə əlaqə saxlasalar da, heç bir faydası olmamış, sonuncu dəfə telefonla Cavabdeh2 ilə danışdıqda “vermirəm, get nə bilirsən elə” deyərək, vurduğu ziyanın ödənilməsindən boyun qaçırmışdır. Bu səbəbdən o, teleqramla Daxili İşlər Nazirliyinə müraciət edərək, vurulmuş ziyanın cavabdehlər "xxxx" MMC dən və sürücü Cavabdeh2 alınaraq ona ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. Müraciətinin araşdırılması Göyçay rayon Polis Şöbəsinə həvalə edilmişdir. Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılmış, sürücü Cavabdeh2 izahatı alınmış, sürücü Cavabdeh2 izahat verərək, xx.xx.2024-cü il tarixdə onunla tanış olduğunu, ona məxsus xurma məhsulunu idarə etdiyi yük avtomobili ilə Rusiya Federasiyasına aparmaq barədə razılığa gəldiyini, xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası ərazisində idarə etdiyi avtomobil ilə qəza törətdiyini və ona məxsus xurma məhsullarını yararsız hala saldığını etiraf etmişdir. Göyçay rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında 03 fevral 2025-ci il tarixli qərar qəbul edilmişdir və ona məhkəməyə vermək tövsiyə olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə tərəflərdən biri hüquqi şəxs, digərləri isə fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşqul olan şəxslərdir. Mübahisə də sahibkarlıq münasibətlərindən doğan mübahisədir. Bu səbəbdən hesab edir ki, hazırki mübahisəyə kommersiya məhkəməsi tərəfindən baxılmalıdır.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, həmçinin verilmiş suallara cavab olaraq bildirdi ki, X6 gömrük orqanı əməkdaşı olduğu üçün gömrük rəsmiləşdirilməsi zamanı malları bəyan edən, malları göndərən şəxs qismində onun deyil, X4 adı qeyd olunmuşdur.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia tələbinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil4 iddia tələbinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir və hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, hazırkı işdən müəyyən edilir ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman diqqətdən qaçırmaq olmaz ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi kimi məsələləri araşdırmalıdır. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ: müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. ("M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarı) Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Həmin mövqeni hazırkı işə tətbiq etsək görərik ki, daşındığı iddia edilən yükə görə vurulan zərərin əvəzinin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün ilk növbədə iddia qaldıran tərəfin buna subyektiv hüququ olmalıdır. Hazırkı də isə İddiaçı mübahisəli yükün sahibi olması aşkar deyildir. Onun özünün məhkəməyə təqdim etdiyi CMR aktından və müqavilələrdən də görünür ki, malın sahibi Sevindik adlı şəxsdir. Odur ki, iddiaçı X2 bu cür iddiayla məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Qeyd olunanlara əsasən iddianın
7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə qarşı verdiyi etirazda qeyd olunanlara uyğun izahat verdi və əlavə olaraq iddiaçının subyektiv hüququnun olmadığını nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
10. Məhkəmə, qeyd olunanlara əsasən Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakı olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.
11. Şahid ifadələri:
- Məhkəmə iclasında şahid qismində iştirak edən X13 bildirdi ki, o, İddiaçı 1600 yeşik mal satmış, satılan mallar onların anbarından yığılmışdır. Malların ağacdan yığılma xərcini özü çəkmişdir. Malları daşıyan nəqliyyat vasitəsinin sürücüsünü görmüşdür. O, həmçinin verilmiş suallara cavabında qeyd etmişdir ki, malların Xəyal tərəfindən üçüncü bir şəxsə verililib verilməməsindən məlumatlı deyil. Xəyalın vəkili tərəfindən daha öncədən ondan izahat alınmışdır. -Məhkəmə iclasında şahid qismində iştirak edən X8 bildirdi ki, Cavabdeh2 onun tanışıdır. Zahidi təxminən 10 ildir ki, tanıyır. Lakin, Cavabdeh1 adında Şirkət tanımır. O, həmçinin verilmiş suallara cavabında qeyd etmişdir ki, malların Xəyal tərəfindən üçüncü bir şəxsə verilməsi barədə məlumatlı deyil. Xəyalın vəkili tərəfindən daha öncədən ondan izahat alınmışdır.
İddia ərizəsinə etiraz:
12. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qаrşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən 2900 ABŞ dolları (ödənilən gün manat ekvivalenti ilə) və 32.471 manat, vəkilə ödənilmiş 1020 manat pul və dövlət rüsumuna görə 206 manat pul alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu iddia tələbi sadəcə tələb xatirinə və əsaslandırılmadan tərtib edilərək məhkəməyə təqdim olunmuş iddiadır. Həmin iddia ərizəsində formal və uydurma olub qeyd edilənlərlə bağlı aşağıdakıları qeyd bildirilir: Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, fərdi təsərrüfatlardan Rusiya Federasiyasına göndərilməsi məqsədi 21336 manar məbləğində xurma həmin xurmanın toplanılması üçün dəllala 1524 manat, fəhlə pulu olaraq 2133 manat, fəhlələrin 1828 manat, 1524 ədəd yeşiklərin alınması üçün 4115 manat məhsulun kəndlərdən daşınması üçün 1535 manat gömrük rüsumunun ödənilməsinə görə 1800 ABŞ dolları, qəza yerinə başqa maşının aparılması üçün 800 ABŞ dolları, ümumilikdə 2900 ABŞ dolları və 32471 manat vəsait xərcləndiyini daşıyıcı şirkətin sürücüsünün yolnəqliyyat hadisəsi törətməsi ilə əlaqədar olaraq ona ümumilikdə 37400 manat məbləğində ziyan dəymişdir. Həmin məbləği cavabdehlər ona ödəmədiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin ziyan məbləğinə aid olan hissəsi ilə əlaqədar olaraq qeyd edirik ki, 1. Rusiya Federasiyası ərazisində dekabr ayında yollar buz bağladığından yol nəqliyyat dadisəsi baş verərkən yolda hər hansı digər yol iştirakçısı ilə toqquşma baş verməmiş, yolun buz bağlaması səbəbindən yük maşını sürüşmə nəticəsində qatlanmış və belə olan halda da avtomobildə olan yükün ağırlığı avtomobilin kabin hissəsində qayçı forması yaratdığından maşın aşmış və yükdə zədələnə baş vermişdir. Sürücü tərəfindən dərhal daşıyıcı şirkətə və yük sahibinə məlumat verilmiş, həmin vaxt yararsız hala salınmmamış yüklər yük sahibi tərəfindən qəbul edilmədiyindən məcbur qalıb yararsız hala düşməmiş məhsulu sataraq onun şəriki olan Azər adlı şəxsə 2100 ABŞ dolları pul ödənilmişdir.. 2. Avtomobilə ümumilikdə 1600 ədəd yeşikdə xurma yüklənmiş, həmin xurmanın çəkisi 17300 kiloqram, hər kiloqramının dəyəri 0.53 ABŞ dolları olmaqla ümumilikdə 9169 ABŞ dolları təşkil etmişdir. 3. İddiaçı 1524 manat dəllala, 2133 manat fəhlələrə, 1828 manat fəhlələrin naharına1535 manat ayrı-ayrı təsərrüfatlardan meyvənin bir ünvanda toplanılması üçün nəqliyyat xərcinə ödədiyi məbləğləri, eləcə də 1524 ədəd yeşiyin alınması üçün 4115 manat pul xərcləməklə, 800 ABŞ dolları guya başqa yükmaşınının qəza yerinə gəlib boş qayıtması ilə əlaqədar olaraq xərc çəkdiyini bildirsə də həmin xərclərin şəkildiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş və iddia ərizəsinə əlavə etməmişdir. Belə olan halda iddiaçının hazırki iddia tələbi ilə cavabdehə qarşı çıxış etməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. Beləlikdə işin faktiki hallarından da göründüyü kimi cavabdeh tərəflər arasında əvvəlcədən müəyyən edilmiş və üzərinə düşən öhdəly tam yerinə yetirmiş və bununla da müqavilə üzrə icra etməli olduğu hərəkətləri (sertifikatları) tam icra etmişdir. Mülki Məcəlləninin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. İddia tələbinin predmetindən də göründüyü kimi iddiaçı cavabdehdən icra edilmiş xidmət üzrə ödənilmiş xidmət haqqını geri tələb edir, bu da qanunvericiliklə yolverilməzdir. Mülki Məcəllənin 430.1 və 430.2-ci maddələrinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Belə ki tərəflər arasında bağlanılmış və şərtləri əvvəlcədən müəyyən edilmiş xidmət müqaviləsində müqavilədən birtərəfli qaydada imtina nəzərdə tutulmamışdır. Belə olan halda da iddiaçının müqavilə üzrə göstərilmiş xidmətdən imtina etməsi qanunsuz və əsassızdır. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan suiistifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını, işdə olan sübutları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edirəm ki, iddia tələbinin dəlilləri əsassız olmaqla, təmin oluna ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsində göstərilmişdir: «Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.» Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsində göstərilmişdir ki, «Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yarad» Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1; 9; 14 və 77-ci maddələrini rəhbər tutaraq, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qаrşı “pul tələbinə dair” iddiasının rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur.
13. Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
14. İş materiallarından görünür ki, Cavabdeh1 (VÖEN: **********) ilə xx.xx.2023-cü il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır.
15. Elektron Məhkəmə informasiya Sistemində olan “Vergi Məlumatları”ndan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi kimi (VÖEN:**********) qeydiyyata alınmışdır.
16. Elektron Məhkəmə informasiya Sistemində olan “Vergi Məlumatları”ndan görünür ki, Cavabdeh2 xx.xx.2007-ci il tarixdə vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyata alınmışdır.
17. Məhkəmənin sorğusu əsasında iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunudan görünür ki, 42CG351/42ZA651 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin “Samur” gömrük postundan ölkə ərazisindən kənara buraxılışı xx.xx.2024-cü il tarixində, saat 00:15 radələrində həyata keçirilmişdir.
18. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş yükdaşıma üzrə aparılan gömrük rəsmiləşdirilməsinə dair sənədlər: a. “Gömrük bəyannaməsi”ndən və qoşma vərəqdən görünür ki, rəsmiləşdirilən malları (təzə xurma) göndərən (ixracatçı), istehsalçısı X6, malı qəbul edən şəxs "xxxx" MMC, bəyannaməçi (təmsilçi) "xxxx" MMC, malı qəbul edən isə "xxxx" MMC-dir (Rusiya Federasıyasının hüquqi şəxsi). Malın çəkisi 17300,00 kq, malın invoys dəyəri 9169, manat, gömrük dəyəri 15587,30 manatdır. b. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, 000133 nömrəli beynəlxalq nümunəli əmtəənəqliyyat qaiməsinin (CMR) surətindən görünür ki, malı (təzə xurma) göndərən X6, alıcı "xxxx" MMC (Rusiya Federasiyası), daşıyıcı isə Cavabdeh1 MMC-dir.
19. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, 000133 nömrəli beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) surətindən görünür ki, malı (təzə xurma) göndərən X6, alıcı "xxxx" MMC (Rusiya Federasiyası), daşıyıcı isə Cavabdeh1 MMC-dir.
20. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə Cavabdeh2 əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
21. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1nə və Cavabdeh2 ünvanlanmış borcun 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışdır.
22. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən görünür ki, **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi nəticəsində aşaraq yararsız vəziyyətə düşmüşdür.
23. İş materiallarında olan İddiaçı nümayəndəsi və vəkili Vəkil4 məhkəməyə təqdim etdiyi Price Expert qiymətləndirici rəyindən görünür ki, dəymiş zərər: 30146,0 manat təşkil edir. Əldən çıxmış mənfəətlə birlikdə isə: 36175,2 manat təşkil edir.
24. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən ərizə ilə məhkəməyə müraciət etmək üçün 205,30 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 851-ci maddəsinə əsasən, yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. - 852.1 və 852.2-ci maddələrinə əsasən, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. - 854.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeydşərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ.
26. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin:
-1.0.1-ci maddəsinə əsasən, bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir; -1.0.2-ci maddəsinə əsasən, bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs; -1.0.19-cu maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi dedikdə bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər başa düşülür. -104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. -104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.
27. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun:
-40.6-cı maddəsinə əsasən, beynəlxalq avtomobil yük daşımaları yerinə yetirilərkən beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi tərtib olunur.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın:
-38.1-ci bəndinə əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi (bundan sonra — CMR) bu Qaydaların 22 nömrəli əlavəsində nəzərdə tutulmuş nümunəvi formaya uyğun üç nüsxədə tərtib edilir, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR üzrə yükgöndərən və daşıyıcının imzalarının rəsmiləşdirilməsi mətbəədə çap edilmə üsulu ilə və ya yükgöndərənin və daşıyıcının ştempelinin əvəz edilməsi yolu ilə aparıla bilər. CMR-in birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır. -38.6-cı bəndinə əsasən, daşıma bir neçə daşıyıcı tərəfindən yerinə yetirilərkən, CMR daşıma müqaviləsinin bağlanmasını təsdiq edən, mübahisə edilməyən sübutdur. -39.1-ci bəndinə əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarına görə ödənişin məbləği və hesablaşma qaydası sifarişçi və daşıyıcı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. -39.2-ci bəndinə əsasən, yük daşımalarının yerinə yetirilməsinə görə sifarişçi və daşıyıcı arasında hesablaşmalar müqavilə ilə hesablaşmanın başqa qaydası müəyyən edilmədikdə, yükgöndərən və yükalan tərəfindən müvafiq qeydin edildiyi CMR-in əlavə olunduğu daşıyıcının hesabatı əsasında həyata keçirilir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı:
Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi:
32. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.
33. Məhkəmə əvvəla qeyd edir ki, iddianın faktiki hüquqi əsasını cavabdehlər tərəfindən iddiaçı ilə aralarında bağlanmış xurma meyvəsinin Azərbaycan Respublikasından Rusiya Federasiyasına (Kazan şəhərinə) daşınmasına dair müqavilənin şərtlərinin pozularaq təyinat yerinə çatdırılmaması təşkil edir. Belə ki, iddia ərizəsində göstərilir ki, İddiaçı "xxxx" MMC-nin sürücüsü Cavabdeh2 ilə görüşüb xurma malların Rusiya Federasiyasına (Kazan şəhərinə) daşıması barədə razılığa gəlinmiş, şifahi müqaviləyə əsasən 300 ABŞ dollarını qabacadan ödənimiş, qalan 2700 ABŞ dollarını isə Kazan şəhərində ödəməli idi. Lakin, "xxxx" MMC-nin sürücüsü Cavabdeh2 yük avtomobilini Rusiya Federasiyasında Saratov şəhəri ərazisində yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində avtomobilin yük yerində olan malların yararsız hala düşməsi ilə əlaqədar İddiaçı maddi ziyan dəymişdir.
34. İş materiallarına və yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, hazırki mübahisə ilk növbədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi nəzərə alınmaqla və mülki qanunvericiliyin yük daşınması müqaviləsinə dair maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Baxılan işdə yük avtomobil nəqliyyatı vasitəsi ilə daşındığına görə mübahisəyə, həmçinin yüklərin avtomobil nəqliyyatı ilə daşınmasına dair münasibətləri tənzimləyən sahəvi normativ aktların tələbləri tətbiq edilməlidir.
35. Bu baxımdan məhkəmə hesab edir ki, iddianın əsasını və müvafiq subyektiv hüquqa malik olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə, yük daşınması müqaviləsinə uyğun olaraq yük daşınması xidmətinin lazımınca göstərildiyini, yaxud həmin öhdəliyin icrasından azad olduğunu sübut etmək vəzifəsi isə cavabdehlərin üzərinə düşür.
36. Baxılan işin müəyyən edilmiş faktiki hallarını qeyd olunan maddi hüquq normalarına əsasən təhlil edərək məhkəmə müəyyən edir ki, hazırki işdə “Gömrük bəyannaməsi”ndən və 000133 nömrəli beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) surətindən göründüyü kimi yük göndərən X6, yük alan cavabdeh "xxxx" MMC, daşıyıcı isə iddiaçı Cavabdeh1 MMC-dir. Mülki Məcəllənin 850.1-ci maddəsinin tələbinə əsasən, daşıyıcı yükü haqq müqabilində daşımağa dair, yük göndərən, yükü alan və onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyə dair öhdəliklərin daşıyıcılarıdırlar. Göründüyü kimi bu münasibətlərdə İddiaçı yer almır və hər hansı bir hüquq və ya vəzifənin daşıyıcısı deyildir.
37. Eyni zamanda, nəzərə alınmalıdır ki, iddiaçı qismində çıxış edən İddiaçı 000133 nömrəli beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) üzrə daşınan malların ona məxsusluğu və ya iddia edilən malların təyinat yerinə çatdırılmaması ilə bağlı cavabdehlərin onun qarşısında məsul olması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Belə ki, qeyd olunan mallar nə müvafiq bəyannamə üzrə İddiaçı tərəfindən bəyan edilmiş, nə də göndərilməsi həyata keçirilməmişdir. Beləliklə, hazırkı halda iddiaçının iddia predmeti ilə bağlı iddia qaldırmağa subyektiv hüququ müəyyən olunmur. Belə olan halda məhkəmə cavabdehlərin sübut etmə vəzifəsinə hüquqi qiymət verilməsinə lüzum görmür.
38. Məhkəmə, şahid ifadələrinə münasibətdə isə qeyd edir ki, iddiaçının vəkli tərəfindən daha öncədən dindirilmələri onların ifadələrinin mötəbərliyini şübhə altına alır, eyni zamanda nəzərə alınmalıdır ki, şahidlər malların Cavabdeh1 MMC tərəfindən daşınması həyata keçirilmədən öncə üçüncü bir şəxsə verilib verilməməsindən də məlumatsızdırlar. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı özü də Gömrük bəyannaməsi və 000133 nömrəli beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) mötəbərliyini mübahisələndirməmiş, əksinə iddiasını təsdiq edən sübut kimi 000133 nömrəli beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsini (CMR) iddia ərizəsinə əlavə etmişdir.
39. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
Məhkəmə xərcləri:
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 205,30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə
42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddiası rədd edilsin. Ödənilmiş 205,30 (iyi yüz beş manat, otuz qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev