Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1272/2025 02.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12986.03 AZN əsas, 1758.19 AZN faiz, cəmi 14744.22 AZN pul vəsaitinin və 134.23 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx/xx/2023 KBSK4438148B252 saylı Kredit müqaviləsinə ona 24 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə 19300 AZN olan kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, vəsaitin cavabdehə verilməsini təsdiq edən Kassa Məxaric orderi,cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 12986.03 AZN əsas; 1758.19 AZN faizc; əmi 14744.22 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “müvafiq qaydada imzalanma” tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa sürətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimeldən, elektron imzadan istifadə etməklə imzalanmasıdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası qanununda əqdlərin elektron formada bağlanması da nəzərdə tutulmuşdur. Mülki Məcəllənin Məcəllənin 445.1-cimaddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-cimaddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsisayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Tərəflərin izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, idiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
4. Ona görə də, məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin də iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
İş materialları:
7. İş materiallarından görünür ki, Cavabdeh vergi ödəyicisi kimi xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır (VÖEN:**********).
8. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli, KBSK4438148B252 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik faiz dərəcəsi 21% olmaqla, təyinatı mikro kredit olan19300 manat məbləğində kredit verilmişdir.
9. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh hesabına 19300 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
10. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, KBSK4438148B252 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə əsas borcu 12986,03 manat, faiz borcu 1758,19 manat olmaqla, cəmi borc məbləği 14744,22 manat təşkil edir.
11. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc məbləğinin 12986,03 manat, faiz borcu 1758,19 manat olmaqla, cəmi 14744,22 manat kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə cavabdeh məlumatlandırılmışdır.
12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil omuş xx.xx.2025-ci il tarixli, 9/2429 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli, KBSK4438148B252 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə (pretenziya məktubunun göndərildiyi tarix) İddiaçı ASC-nə olan borcu - əsas borc üzrə 12986,03 manat, faiz borcu üzrə 1083 manat, xx.xx.2025-ci il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) əsas borc üzrə 12986,03 manat, faiz borcu üzrə 1431,46 manat müəyyən edilir. Eyni zamanda qeyd olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə ümumilikdə 24,97 manat məbləğində ödəniş aparılmışdır. Lakin hesablamalar xx.xx.2025-ci il tarixədək aparıldığından 24,97 manat məbləğində ödəniş nəzərə alınmamışdır.
13. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.
14. ********** nömrəli qəbzən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 134,23 manat dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 743.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. - 742.1- ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. - 742.5-ci maddəsinə əsasən Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) v axtından əvvəl qaytarılmasını tələb edə bilər: - 742.5.1-ci maddəsinə əsasən borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); - 742.5.3-cü maddəsinə əsasən borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.4-cü maddəsinə əsasən borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 15.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
18. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
20. Məhkəmə əvvəla qeyd edir ki, iddia tələbinin maddi hüquqi əsasını - 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin kredit hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir.
21. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə İddiaçı ASC Cavabdeh kredit verməyi, Cavabdeh isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər.
22. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, cavabdehin kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair öhdəliklərini lazımınca icra etmədiyi qənaətinə gəlir.
23. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2429 saylı ekspert rəyi ilə Cavabdeh xx.xx.2024-cü il tarixə (pretenziya məktubunun göndərildiyi tarix) İddiaçı ASC-nə olan borcu - əsas borc üzrə 12986,03 manat, faiz borcu üzrə 1083 manat, xx.xx.2025-ci il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) əsas borc üzrə 12986,03 manat, faiz borcu üzrə 1431,46 manat müəyyən edilir. Eyni zamanda qeyd olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə ümumilikdə 24,97 manat məbləğində ödəniş aparılmışdır. Lakin hesablamalar xx.xx.2025-ci il tarixədək aparıldığından 24,97 manat məbləğində ödəniş nəzərə alınmamışdır.
24. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2429 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli, KBSK4438148B252 saylı kredit müqaviləsinə əsasən əsas və faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
25. Məhkəmə qeyd olunan ekspert rəyinə əsasən hesab edir ki, iddia tələbi əsas borca münasibətdə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, ekspert rəyi ilə cavabdehin əsas borcunun 12986,03 manat olduğu müəyyən olunmuşdur.
26. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və plenum qərarına əsasən hesab edir ki, iddia tələbi faiz borcuna qismən əsaslıdır. Belə ki, məhkəmə, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyini əsaslanaraq qeyd edir ki, iddiaçı cavabdehə xəbərdarlıq məktubu göndərməklə kredit müqaviləsi ləğv edilmiş sayılır. Belə olan, halda məhkəmə hesab edir ki, müqavilə ləğv edildikdən sonra müqavilə üzrə faiz və cərimə hesablana bilməz. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
27. Yuxarıda qeyd olunan ekspert rəyindən göründüyü kimi kredit müqaviləsi üzrə xəbərdarlıq məktubunun göndərildiyi tarixə "xxxx" ASC-yə olan faiz borcu 1083 manat təşkil edir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi faiz borcuna münasibətdə 1083 manat hissədə əsaslıdır.
28. Məhkəmə, həmçinin hesab edir ki, Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə iddiaçıya edilmiş ümumilikdə 24,97 manat ödəniş nəzərə alınmalı və həmin məbləğ cavabdehin faiz borcundan çıxılmalı (1083-24,97=1058,03), qalan 1058,03 manat faiz borcucavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 12986,03 manat əsas borc və 1058,03 manat faiz borcu olmaqla, cəmi 14044,06 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir.
Məhkəmə xərcləri:
30. İddia ərizəsi verilərkən ödənilmiş 134,23 manat dövlət rüsumuna görə 132,14 manat pul vəsaiti cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qalan 2,09 manat isə iddiaçının özünə aid edilməli, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 47,62 (qırx yeddi manat, altmış iki qəpik) manatı Cavabdeh, 2,38 (iki manat, otuz səkkiz qəpik) manatı isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.
Nəticə:
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. Cavabdeh 12986,03 manat əsas borc və 1058,03 manat faiz borcu olmaqla, cəmi 14044,06 (on dörd min qırx dörd manat, altı qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 132,14 (bir yüz otuz iki manat, on dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 2,38 (iki manat, otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu iddaçı İddiaçı ASC-nin özünə aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 47,62 (qırx yeddi manat, altmış iki qəpik) manatı Cavabdeh 2,38 (iki manat, otuz səkkiz qəpik) manatı isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev