Məhkəmə qərarları › İş №e-2-2(121)-1273/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1273/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1273/2021 14.09.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 fevral 2014-cü il tarixli 122299-1-10429/1 saylı “Kommersiya krediti müqaviləsi”ndən irəli gələn və məhkəmə qərarı ilə müəyyən edilən pul öhdəliyinin vaxtında icra edilməməsi səbəbindən həmin müqavilənin şərtlərinə əsasən hesablanmış 2.694,10 manat məbləğində faiz borcu və 1.357,50 manat məbləğində cərimə olmaqla, ümumilikdə 4.051,60 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN **********) Cavabdeh1 arasında bağlanmış 27 fevral 2014-cü il tarixli 122299-1-10429 saylı “Baş kredit razılaşması”na əsasən, bank Cavabdeh1 120 ay müddətinə 1.000.000 manat və ya ABŞ dolları ekvivalenti məbləğində kredit xətti açılmışdır. Bank ilə Cavabdeh2 arasında bağlanmış 27 fevral 2014-cü il tarixli, 122300-NEDVİJ-2444 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən, “Baş kredit razılaşması” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsində yerləşən, 12 saylı fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda, “Baş kredit razılaşması” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 27 fevral 2014-cü il tarixli, 122304-7-6892 saylı və X4 27 fevral 2014-cü il tarixli, 122304-7-6893 saylı zaminlik müqavilələri əsasında Cavabdeh1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşdülər. Bank ilə Cavabdeh1 arasında bağlanmış 28 fevral 2014-cü il tarixli, 122299-1-10429/1 saylı “Kommersiya krediti müqaviləsi”nə əsasən, Cavabdeh1 investisiya məqsədi üçün illik 16 faiz hesablanması şərti ilə, 36 ay müddətinə, 200.000 manat məbləğində kredit verilmişdir. Lakin borclu Cavabdeh1 üzərinə götürdüyü kredit öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə, cavabdehin banka kredit borcu yaranmışdır. Bununla əlaqədar olaraq, bank cavabdehlər Cavabdeh1, S.İ.Səmədov, Cavabdeh2 və A.Ş.Eynalovaya qarşı kommersiya krediti müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli 2(007)-412/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və S.Səmədovdan müştərək qaydada əsas kredit borcu 142.947,80 manat, faiz borcu 25.755,02 manat və cərimə borcu 1.357,50 manat, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat, dövlət rüsumunun əvəzinin bir qismi 24 manat, cəmi 170.114,32 manat iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsi, 12 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və evin ilkin satış qiymətinin 300.000 manat məbləğində müəyyən edilməsi, cavabdehlər Cavabdeh2 və A.Eynalovanın evdən istifadə hüquqları itirilmiklə fərdi yaşayış evi satıldıqdan sonra 1 ay müddətində evdən istifadə hüquqlarına xitam verilməsi və evin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 30 iyun 2017-ci il tarixli 2(103)-3885/2017 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qətnaməsi ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, 12 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 300.000 manat müəyyən edilməsi hissəsində, Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 sentyabr 2018-ci il tarixli 2(103)-5879/2018 saylı qətnaməsi ilə cavabdeh S.İ.Səmədovun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-412/2016 saylı mülki iş üzrə qəbul edilmiş 11 oktyabr 2016-cı il tarixli qətnaməsi cavabdeh S.İ.Səmədova aid hissədə ləğv edilmiş və həmin cavabdehə aid hissədə iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiysasının 16 yanvar 2019-cu il tarixli 2(102)-339/2019 saylı qərarı ilə kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 sentyabr 2018-ci il tarixli 2(103)-5879/2018 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22 aprel 2019-cu il tarixli 2(103)-4110/2019 saylı qətnaməsi ilə cavabdeh S.İ.Səmədovun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-412/2016 saylı mülki iş üzrə qəbul edilmiş 11 oktyabr 2016-cı il tarixli qətnaməsi cavabdeh S.İ.Səmədova aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 S.İ.Səmədov və A.Ş.Eynalovaya qarşı kredit müqaviləsi üzrə borcun tutulması və sair tələbə dair iddiası cavabdeh S.İ.Səmədova münasibətdə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 17 sentyabr 2019-cu il tarixli 2(102)-6273/2019 saylı qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22 aprel 2019-cu il tarixli 2(103)-4110/2019 saylı qətnaməsinin qismən – iddia tələbinin S.İ.Səmədova münasibətdə təmin edilməməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 noyabr 2019-cu il tarixli 2(103)- 13860/2019 saylı qətnaməsi ilə cavabdeh S.İ.Səmədovun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli 2(007)- 412/2016 saylı qətnaməsi cavabdeh S.İ.Səmədova aid hissədə ləğv edilmiş, iddia tələbi S.İ.Səmədova aid hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 20 avqust 2020-ci il tarixli 2(102)-3022/2020 saylı qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 noyabr 2019-cu il tarixli 2(103)-13860/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 20 avqust 2020-ci il tarixli 2(102)-3022/2020 saylı qərardadı ilə kollegiyanın hazırki iş üzrə 31 may 2020-ci il tarixli qərardadının Cavabdeh2 kassasiya şikayətinin icraata qəbul edilməsi hissəsində ləğv edilməsi, həmin şikayətin icraata qəbulundan imtina edilməsi, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 noyabr 2019-cu il tarixli 2(103)-13860/2019 saylı qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinin geri qaytarılması üçün mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 dekabr 2020-ci il tarixli 13(102)-320/2020 saylı qərardadı ilə İddiaçı ASC-nin əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmaması qərara alınmışdır. Məhkəmə qərarı qanuni qüvvəyə minmiş və icra sənədi icra olunması üçün Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar tələb ipoteka predmetinə yönəldilmiş və hərracın nəticələri barədə protokola əsasən ipoteka predmeti olan fərdi yaşayış evi 19 sentyabr 2019-cu il tarixdə bankın balansına keçirilmiş, daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışına əsasən ipoteka predmeti olan fərdi yaşayış evi üzərində bankın mülkiyyət hüquqları tanınmışdır. Bundan sonra, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(005)-3516/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" MMC və mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı ASC-nə qarşı hərrac protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmiş və məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Göründüyü kimi, cavabdehlərin məqsədli hərəkətləri nəticəsində pul öhdəlikləri 11 oktyabr 2016-cı il tarixdən (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11.10.2016-cı il tarixli 2(007)-412/2016 saylı qətnaməsi) icra olunmamış və yalnız 19 sentyabr 2019-cu il tarixdə ipoteka predmeti olan fərdi yaşayış evi hərracın nəticələri barədə protokola əsasən bankın balansına keçirilmiş, həmin müddət ərzində kommersiya krediti müqaviləsinin şərtlərinə əsasən faizlər yığılmışdır. Belə ki, tərəflər arasında bağlanmış 28 fevral 2014-cü il tarixli 122299-1- 10429/1 saylı “Kommersiya krediti müqaviləsi”nin 2.1-ci bəndinə əsasən, “kredit alan” kreditdən istifadəyə görə “Bank”a illik 16 faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən, bu Müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və “kredit alan” tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin “Bank”a tam icra olunduğu andan qüvvədən düşür. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, kredit müqaviləsindən irəli gələn və məhkəmə qərarı ilə müəyyən edilən pul öhdəlikləri vaxtında icra olunmadığı üçün yaranmış 2.694,10 manat məbləğində faiz borcu, 1.357,50 manat məbləğində cərimə, ümumilikdə isə 4.051,60 manat məbləğində pul cavabdehlərdən Bankın xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X5 iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddələrinə əsasən, işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2014-cü il tarixli, 122299-1-10429 saylı baş kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 1.000.000 manat və ya ABŞ dolları ekvivalenti məbləğində kredit xəttinin açılması barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28 fevral 2014-cü il tarixli, 122299-1-10429/1 saylı kommersiya krediti müqaviləsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 illik 16 faizlə, 36 ay müddətinə 200.000 manat məbləğində kredit verilməsi öhdəliyi götürülmüşdür. İş materiallarında olan, baş kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 27 fevral 2014-cü il tarixli, 122304-7-6892 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh1 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(007)-412/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 142.947,80 manat əsas borc, 25.755,02 manat faiz borcu, 1.357,50 manat cərimə borcu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat, dövlət rüsumunun əvəzinin bir qismi 24 manat, cəmi 170.114,32 manat pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsi, 12 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 300.000 manat məbləğində müəyyən edilməsi və açıq hərracdan satılması, əldə edilmiş vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, cavabdehlər Cavabdeh2 və A.Eynalovanın evdən istifadə hüquqları itirilmiklə fərdi yaşayış evi satıldıqdan sonra 1 ay müddətində evdən istifadə hüquqlarına xitam verilməsi və evin boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 30 iyun 2017-ci il tarixli 2(103)-3885/2017 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qətnaməsi ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, 12 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 300.000 manat müəyyən edilməsi hissəsində, Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 sentyabr 2018-ci il tarixli 2(103)-5879/2018 saylı qətnaməsi ilə cavabdeh S.İ.Səmədovun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)- 412/2016 saylı mülki iş üzrə qəbul edilmiş 11 oktyabr 2016-cı il tarixli qətnaməsi cavabdeh S.İ.Səmədova aid hissədə ləğv edilmiş və həmin cavabdehə aid hissədə iddianın təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2(102)-339/2019 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 sentyabr 2018-ci il tarixli, 2(103)- 5879/2018 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22 aprel 2019-cu il tarixli, 2(103)-4110/2019 saylı qətnaməsi ilə cavabdeh S.İ.Səmədovun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)- 412/2016 saylı mülki iş üzrə qəbul edilmiş 11 oktyabr 2016-cı il tarixli qətnaməsi cavabdeh S.İ.Səmədova aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 S.İ.Səmədov və A.Ş.Eynalovaya qarşı kredit müqaviləsi üzrə borcun tutulması və sair tələbə dair iddiası cavabdeh S.İ.Səmədova münasibətdə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiysasının 17 sentyabr 2019-cu il tarixli, 2(102)-6273/2019 saylı qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22 aprel 2019-cu il tarixli 2(103)-4110/2019 saylı qətnaməsinin qismən, iddia tələbinin cavabdeh X3 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 noyabr 2019-cu il tarixli, 2(103)-13860/2019 saylı qətnaməsi ilə cavabdeh S.İ.Səmədovun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(007)-412/2016 saylı qətnaməsi cavabdeh S.İ.Səmədova aid hissədə ləğv edilmiş, iddia tələbi S.İ.Səmədova aid hissədə rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 20 avqust 2020-ci il tarixli 2(102)-3022/2020 saylı qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 noyabr 2019-cu il tarixli 2(103)-13860/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan hərracın yekunları barədə 03 sentyabr 2018-ci il tarixli, 50/05 nömrəli protokoldan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsi, 12 saylı fərdi yaşayış evi tələbkar "xxxx" ASC tərəfindən 191.250 manata əldə edilmişdir. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 03.09.2018-ci il tarixli müqaviləyə əsasən, “sifarişçi” (borc tələbinin tam ödənilməsinə) daşınmaz əmlakı “alıcı”nın tam mülkiyyətinə (təsdiq olunmuş hərracın yekun protokoluna əsasən) verməyi, “alıcı” isə həmin daşınmaz əmlakı qəbul edib onun dəyərini olan 191.250 manat pulu tam ödəmək öhdəliyi götürülmüşdür. İş materiallarında olan 16.09.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsində yerləşən 12 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətindədir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş arayışda qeyd olunmuşdur ki, Cavabdeh1 İddiaçı ASC-yə 122299-1-10429/1 saylı, 28.02.2014-cü il tarixli “Kommersiya krediti müqaviləsi” üzrə 25.05.2021-ci il tarixinə 2.694,10 manat faiz borcu və 1.357,50 manat cərimə borcu olmaqla, cəmi 4.051,60 manat borcu vardır. İş materialında olan 26.05.2021-ci il və 04.06.2021-ci il tarixli xəbərdarlıq məktublarında qeyd olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN **********) Cavabdeh1 arasında bağlanmış 27 fevral 2014-cü il tarixli, 122299-1-10429 saylı baş kredit razılaşmasına əsasən, bank Cavabdeh1 120 ay müddətinə, 1.000.000 manat və ya ABŞ dolları ekvivalenti məbləğində kredit xətti açılmışdır. Həmin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 27 fevral 2014-cü il tarixli, 122304-7-6892 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh1 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşdür. Bank ilə Cavabdeh1 arasında bağlanmış 28 fevral 2014-cü il tarixli, 122299-1-10429/1 saylı kommersiya krediti müqaviləsinə əsasən, Cavabdeh1 investisiya məqsədi üçün illik 16 faiz hesablanması şərti ilə, 36 ay müddətinə, 200.000 manat məbləğində kredit verilmişdir. Müqavilə şərtlərini nəzərə alaraq, kredit müqaviləsindən irəli gələn və məhkəmə qərarı ilə müəyyən edilən pul öhdəlikləri vaxtında icra olunmadığı üçün yaranmış 2.694,10 manat məbləğində faiz borcu və 1.357,50 manat məbləğində cərimə olmaqla, ümumilikdə 4.051,60 manat məbləğində borcunun olması barədə cavabdehlər xəbərdar edilmiş, qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən, borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışlar. Məhkəmə müəyyən etdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 120 ay müddətinə, 1.000.000 manat və ya ABŞ dolları ekvivalenti məbləğində kredit xəttinin açılması barədə müqavilə bağlanılmışdır. Daha sonra tərəflər arasında bank tərəfindən Cavabdeh1 illik 16 faizlə, 36 ay müddətinə 200.000 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanılmışdır. Həmçinin qeyd olunan kreditin təminatı kimi, bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmışdır. Öhdəliklər yerinə yetirilmədiyindən İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı Bakı şəhəri, Nizami Rayon Məhkəməsində iddia qaldırılmış, məhkəmənin 11 oktyabr 2016-cı il tarixli 2(007)-412/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, bundan sonra bir neçə apellyasiya və kassasiya şikayətlərinə əsasən məhkəmə qərarları qəbul olunmuş, daha sonra qanuni qüvvəsini almış məhkəmə qərarının icrası zamanı "xxxx" ASC Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsi, 12 saylı fərdi yaşayış evini hərrac vasitəsilə 191.250 manata əldə edilmiş, bundan sonra həmin fərdi yaşayış evinə dair banka 16.09.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda bank cavabdehlərin öhdəliklərinin 11 oktyabr 2016-cı il tarixdən (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11.10.2016-cı il tarixli, 2(007)-412/2016 saylı qətnaməsi) icra olunmadığını və yalnız 19 sentyabr 2019-cu il tarixdə ipoteka predmeti olan fərdi yaşayış evinin hərracın nəticələri barədə protokola əsasən bankın balansına keçirildiyini, həmin müddət ərzində kommersiya krediti müqaviləsinin şərtlərinə əsasən faizlər yığıldığını bildirirərək, cavabdehlərdən 2.694,10 manat məbləğində faiz borcu və 1.357,50 manat məbləğində cərimə borcu tələb edir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən isə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Mübahisə yarandığı halda, məsələ məhkəmə qaydasında həll olunarkən, tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasından əvvəl borc məbləği ödənilibsə, məhkəmə öz qərarında faiz və maliyyə sanksiyası məbləğini dəqiq göstərməlidir. Həmçinin, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bu hal, Məcəllənin 449.4-cü maddəsində öz əksini tapmışdır. Belə ki, həmin normaya əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici Mülki Məcəllənin 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir”. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında uzun müddət məhkəmə mübahisəsi olmuş, hərracın yekunları barədə 03 sentyabr 2018-ci il tarixli, 50/05 nömrəli protokoluna və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 03.09.2018-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh2 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsi, 12 saylı fərdi yaşayış evi tələbkar "xxxx" ASC tərəfindən 191.250 manata əldə edilmiş, bundan sonra həmin əmlaka dair bankın mülkiyyət hüquqları qeydiyyata alınaraq, bu barədə 16.09.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi cavabdehlər müvafiq məhkəmə qərarının icrası ilə bağlı əmlakların açıq hərracdan satışına və onun tələbkara verilməsinə hər hansı maneə törətməmiş, nəticədə İddiaçı ASC ona təklif olunan əmlakları təhvil götürməklə müvafiq icra proseduru başa çatdırılmış və qətnamə tam icra olunmuşdur. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə almaqla hesab edir ki, ipoteka predmetlərinin satışı hesabına borcun ödənilməsinə şərait yaradan cavabdehlər, sonradan qətnamənin onların təqsiri olmadan gec icra edilməsinə istinadən Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının hazırkı tələbi Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(007)-412/2016 saylı qətnaməsindən cavabdehlərin verdiyi apellyasiya və kassasiya şikayətlərinə baxıldığı dövr üçün hesabladığı faizlərlə və cərimələrlə bağlıdır. Hansı ki, cavabdehlərin birinci instansiya məhkəməsinin qərarlarından yuxarı və kassasiya instansiyası məhkəmələrinə şikayət vermək onların konstitusion hüququdur və heç kəs məhkəmə müdafiəsi hüququndan məhrum edilə bilməz. Bu isə o deməkdir ki, cavabdehlər Mülki Məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulan mülki-hüquqi məsuliyyət tədbirinə məruz qala bilməzlər. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı madəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 402.-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanununun 4-cü maddəsinin birinci hissəsinə görə, məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır. Bu qanunla belə qaydanın müəyyənləşdirilməsi ədalət mühakiməsində iştirak edən şəxslərin birinci instansiya məhkəmələrinin aktlarından şikayət vermək hüququnu təmin etməklə yanaşı, onların qanuniliyi və əsaslığının apelyasiya və kassasiya instansiyaları vasitəsilə yoxlanılmasına yönəlmişdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının, onun ərazisində yaşayan xarici vətəndaşların, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunlarda nəzərdə tutulmuş hüquq və azadlıqlarının, hüquqi şəxslərin qanuni mənafelərinin hər cür qəsdlərdən və qanun pozuntularından məhkəmə icraatının istənilən mərhələsində məhkəmə müdafiəsi hüququ təmin olunur. Heç kəs məhkəmə müdafiəsi hüququndan məhrum edilə bilməz. Bundan əlavə, məhkəmə qeyd edir ki, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə və başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və toplama kimi bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Həmçinin vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24.12.2014-cü il tarixli qərarında göstərilir ki, Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09.07.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının pul vəsaitindən faydalanması, gəlir, artım, bəhər və ya sair maddi xeyir qazanması iş materialları ilə sübuta yetirilmədiyindən, iddia tələbi bu əsasla da təmin edilməməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-yə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 2.694,10 manat məbləğində faiz borcu və 1.357,50 manat məbləğində cərimə olmaqla, ümumilikdə 4.051,60 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar