Məhkəmə qərarları › İş №e-2-2(121)-1288/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1288/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1288/2025 30.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 11694,82 manat məbləğində əsas kredit borcunun, 1331,01 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 89 manat məbləğində cərimə borcunun, cəmi 13114,83 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 129,34 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2024-cü il tarixli, 21300***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşmaya əsasən Cavabdeh4 120 ay müddətinə, illik faiz dərəcəsi 30%-dən yuxarı olmamaq şərti ilə 30.000 (otuz min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limitinin açılmasına dair razılaşma üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ilə müvafiq olaraq xx.xx.2024-cü il tarixli, 21FİZAM167180904, 21FİZAM202327801 və 21FİZAM202328301saylı zaminlik müqavilələri bağlanmış və onlar kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdürlər. Kredit limitinin açılmasına dair razılaşmanın şərtlərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşmaya əsasən İddiaçı ASC tərəfindən Cavabdeh4 36 ay müddətinə illik 23% dərəcəsi ilə 13000 manat məbləğində kredit verilmişdir. Cavabdeh4 onunla bağlanmış kredit razılaşmasının şərtlərinə əməletmədiyindən, onun özünə,eləcədə öhdəlik üzrə zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit razılaşmasından irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit limitinin açılmasına dair razılaşma üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh4 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 11694,82 manat məbləğində əsas kredit borcu, 1331,01 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 89 manat kredit üzrə cərimə borcu olmaqla, cəmi 13114,83 manat məbləğində borcu qalmaqdadır.

Tərəflərin izahatları:

3. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdiyini bidirdi.

4. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh X1 iddianı qismən qəbul edərək bildirdi ki, o, 13000 manat kredit götürmüş, 3-4 ay ərzində hər ay 500 manat ödəniş etmiş, lakin sonradan maddi vəziyyəti ilə əlaqədar ödəniş edə bilməmişir. O, əsas və faiz borcunu qəbul etdiyini, cəriməni isə qəbul etməyərək azaldılmasını məhkəmədən xahiş etdi.

5. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasında iştirak etməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Ona görə də, məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

6. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

8. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

9. Qeyd olunanlara əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edilmişdir.

İddia ərizəsinə etiraz:

10. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

11. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 21300***-*******01L saylı, xx.xx.2024-cü il tarixli əsas “Kredit Limiti Razılaşması”na əsasən İddiaçı ASC 30.000 manat məbləğində 120 ay müddətinə kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində bu kredit razılaşmasının tərkib hissəsi olan kredit razılaşmaları imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “Borcalan” ona kredit verilməsi barədə “Kreditverən”ə müraciət etmək hüququna malikdir.

12. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 21300***-*******01L saylı, xx.xx.2024-cü il tarixli əsas “Kredit Limiti Razılaşması”nın ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli kredit razılaşmasının surətindən görünür ki, həmin razılaşmanın 2-ci və 4-cü bəndlərinə əsasən, bu razılaşmanın imzalanması ilə “Kreditverən” 21300***- *******01L saylı, xx.xx.2024-cü il tarixli əsas “kredit limiti razılaşması” çərçivəsində illik 23 faiz dərəcəsi ilə xx.xx.2027-ci il tarixinədək, 0 (sıfır) ay güzəşt olmaqla 13.000 manat məbləğində borc pul vəsaitini Dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədlə “Boracalan”a verir. Kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 24,1 %-dir.

13. 21300***-*******01L saylı, xx.xx.2024-cü il tarixli əsas “Kredit Limiti Razılaşması”nın ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli kredit razılaşmasına əlavə olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2027-ci il tarixədək 13.000 manat əsas, 5144,56 manat faiz borcu olmaqla, cəmi 18144,56 manat məbləğində ödəniş edilməlidir.

14. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21FİZAM202328301 saylı, xx.xx.2024-cü il tarixli, Cavabdeh3 arasında bağlanmış 21FİZAM202327801 saylı, xx.xx.2024-cü il tarixli Cavabdeh2 arasında bağlanmış 21FİZAM167180904 saylı, xx.xx.2024-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr əsasən, Borclunun Kreditor qarşısında müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminlərin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir və zaminlər faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyırlar.

15. xx.xx.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh4 xx.xx.2024-cü il tarixli kredit razılaşmasına əsasən əsas borc üzrə 11694,82 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 1331,01 manat, cərimə borcu 89 manat təşkil edir.

16. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit razılaşmasına əsasən yaranmış 11694,82 manat əsas borc, 1123,56 manat kreditdən istifadəyə görə faiz borcu, cərimə üzrə 49,32 manat olmaqla, cəmi 12867,7 manat məbləğində borcun məktub alındığı tarixdən 3 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, həmçinin cavabdehlər tərəfindən öhdəliyin pozulduğuna görə kredit müqaviləsinin bir tərəfli qaydada ləğv edildiyi qeyd olunmuş, borcun ödənilməyəcəyi təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq edilmişdir.

17. **********06 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 129,34 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən sonrakı redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 743.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. - 742.1- ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. - 742.5-ci maddəsinə əsasən Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) v axtından əvvəl qaytarılmasını tələb edə bilər: - 742.5.1-ci maddəsinə əsasən borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); - 742.5.3-cü maddəsinə əsasən borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.4-cü maddəsinə əsasən borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

21. Məhkəmə baxışının hədləri:

-Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

22. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

23. Məhkəmə əvvəla qeyd edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən sonrakı redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin kredit hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olan 743.1ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin qeyd olunan maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür.

24. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, İddiaçı ASC Cavabdeh4 borc (kredit) verməyi, Cavabdeh4 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

25. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehlərin üzərinə düşür.

26. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdehlər tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

27. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh4 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və o, müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zamin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qeyd edilən kredit müqaviləsi və onun əsasında bağlanmış kredit razılaşmaları üzrə üzrə iddiaçı qarşısında Cavabdeh4 ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürdüklərinə görə, onlar da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdırlar.

28. Məhkəmə yuxarıda göstərilənləri də nəzərə alaraq qeyd edir ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin cavabdehlər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaya qarşı etirazlarını bildirməmişlər, həmçinin iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutları məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə işin müəyyən edilmiş hallarını, iş materiallarında olan sənədləri və müqavilənin ləğv edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi əsas borca münasibətdə tam, faiz borcuna münasibətdə isə qismən əsaslı olmaqla, cavabdehlərin borc məbləğinin əsas borc üzrə 11694,82 manat, faiz borcu üzrə isə 1123,56 manat təşkil etməsi öz təsdiqini tapır. Bu halda məhkəmə, cavabdehlər tərəfindən öhdəliklərinin lazımınca icra edilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Məhkəmə faiz borcunu qismən təmin edərkən iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubunda xx.xx.2025-ci il tarixə faiz borcuna görə cavabdehlərdən 1123,56 manat tələb edilməsini nəzərə alır və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeydindən çıxış edərək qeyd edir ki, xəbərdarlıq məktubunun göndərildiyi tarixdən sonra müqavilə bir tərəfli qaydada ləğv edildiyindən müqavilə üzrə faizlər hesablana bilməz.

29. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində də qismən əsaslı hesab edərək qeyd edir ki, Maliyyə arayışında hesablanan cərimənin məbləği 89 manat qeyd olunsa da, cavabdehlərə ünvanlanmş xx.xx.2025-ci il tarixi məktubda bu məbləğ 49,32 manat olaraq qeyd olunmuşdur. Məhkəmə iddiaçı tərəfindən müqavilənin ləğv edilməsini və cavabdehlərin mənafeyini əsas götürərək hesab edir ki, cavabdehlərdən tutulmalı olan cərimənin məbləği 49,32 manat müəyyən olunmalıdır. Məhkəmə, həmçinin kreditorun fəaliyyətinin xarakterindən irəli gələn, verdiyi kreditləri faizləri ilə birlikdə vaxtında geri alması ilə bağlı əsaslı mənafeyini nəzərə alaraq cərimə məbləğinin 49,32 manat olaraq müəyyən edilməsini qanuni, ədalətli və mütənasib olduğu qənaətinə gəlir.

30. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 11694,82 manat əsas borc, 1123,56 manat faiz borcu 49,32 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

31. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 128,6 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qalan 0,74 manat isə iddiaçının özünə aid edilməlidir.

Nəticə:

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 11694,82 manat məbləğində əsas borc, 1123,56 manat məbləğində faiz borcu, 49,32 manat məbləğində cərimə olmaqla, cəmi 12867,7 (on iki min səkkiz yüz altmış yeddi manat, yetmiş qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 128,6 (bir yüz iyirmi səkkiz manat, altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissdə təmin edilməsin Ödənilmiş qalan 0,74 (yetmiş dörd qəpik) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar