Məhkəmə qərarları › İş №e-2-2(121)-129/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-129/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-129/2025 04.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 aprel 2018-ci il tarixli 17042018/231165 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 2419.53 (iki min dörd yüz on doqquz manat 53 qəpik) manat məbləğində borcun-bundan 953.61 (doqquz yüz əlli üç manat 61 qəpik) manat əsas, 1329.68 (bir min üç yüz iyirmi doqquz manat 68 qəpik) manat faiz borcunun və 136.24 (bir yüz otuz altı manat 24 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 44.20 (qırx dörd manat 20 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh3 arasında bağlanmış 17 aprel 2018-ci il tarixli 17042018/231165 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 36 ay müddətinə, illik 20 (iyirmi) faiz dərəcəsi ilə 4190 (dörd min yüz doxsan) manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən bank ilə Cavabdeh2 və Cavabdeh1 arasında 17 aprel 2018-ci il tarixli 17042018/231161 nömrəli Zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh3 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh3 17 aprel 2018-ci il tarixli 17042018/231165 nömrəli kredit müqaviləsi üzrə 15 mart 2024-cü il tarixə banka ödənilməmiş cəmi 2419.53 (iki min dörd yüz on doqquz manat 53 qəpik) manat məbləğində borcu vardır. Bundan 953.61 (doqquz yüz əlli üç manat 61 qəpik) manat əsas, 1329.68 (bir min üç yüz iyirmi doqquz manat 68 qəpik) manat faiz borcu və 136.24 (bir yüz otuz altı manat 24 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borc təşkil edir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi müraciət edilməsinə və 02 aprel 2024-cü il tarixli **********124 nömrəli bildirişlərlə isə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmiş və xx.xx.2023-cü il tarixdə isə banka 300 (üç yüz) manat məbləğində ödəniş etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışlar. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, tərəflərin izahatlarına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 17 aprel 2018-ci il tarixli, 17042018/231165 nömrəli krеdit müqaviləsinin: 1.1.-ci bəndinə əsasən, Bank Borcalana aşağıdakı şərtlərlə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verir, Borcalan isə üzərinə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və kreditə hesablanmış faziləri Banka ödəməyə dair pul öhdəliyi götürür, Bank Borcalana 36 ay müddətinə, illik 20 % ödənilməsi şərtilə, 4190 manat məbləğində kredit verir, hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğə kreditin cari faizi və əlavə olaraq illik 73 % cərimə hesablanacaq. 5.1-ci bəndinə əsasən, bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. 5.2-ci bəndinə əsasən, Borcalan kreditin aylıq ödənişini gecikdirdikdə Bank Borcalana qarşı kredit üzrə aylıq ödənişin əsas məbləğinə gecikdirildiyi hər təqvim günü üçün bu müqavilənin 1.1.1. bəndində göstərilmiş cərimə tətbiq edir. 7.1-ci bəndinə əsasən, bu Müqavilə tərəflərin onu imzaladığı andan qüvvəyə minir və tərəflərin bu Müqavilə üzrə öhdəiklərini tam yerinə yetirənədək qüvvədə qalır. İş materiallarında olan kreditin verilməsinə dair qəbzin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 bank hesabına xx.xx.2020-ci il tarixdə 4925 manat məbləğində pul (kredit) köçürülmüşdür. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, 17 aprel 2018-ci il tarixli, 17042018/231165 nömrəli krеdit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2021-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 17042018/231161 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh X2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ***-*******MK070220-01/ZM/2 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh3 17 aprel 2018-ci il tarixli, 17042018/231165 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə əsas borcu 953,61 manat, faiz borcu 1329,68 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği borcu 136,24 manat olmaqla, cəmi borc məbləği 2419,53 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 17 aprel 2018-ci il tarixli, 17042018/231165 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə yaranmış 953,61 manat əsas borc, 1329,68 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan 136,24 manat faiz məbləği olmaqla, ümumilikdə 2419,53 borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2-2(121)-2696/2024 nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsinə dair xx.xx.2025-ci il tarixli, 9/772 nömrəli ekspert rəyində İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 17 aprel 2018-ci il tarixli, 17042018/231165 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 xx.xx.2021-ci il tarixə əsas borc üzrə 3254,30 manat, faiz borcu üzrə 1408,39 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 952,29 manat, faiz borcu üzrə 48,40 manat, faiz borcu 5% ilə 258,03 manat borcunun olması qeyd olunmuşdur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə İddiaçı ASC Cavabdeh3 borc (kredit) verməyi, Cavabdeh3 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Məhkəmə hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh3 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının Cavabdeh3 kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin işdə olan “Maliyyə arayışın”da və hesabdan çıxarışda əksini tapan məlumatlardan müəyyən olunur ki, Cavabdeh3 əsas və faiz borcundən ibarət ödənilməmiş kredit borcu qalmışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, hesabdan çıxarışı, maliyyə arayışını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi Cavabdeh3 tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin vaxtında və lazımınca icra edilmədiyi aşkar olunur. Məhkəmə qeyd edir ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Cavabdehlər iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tələb olunan kredit müqaviləsi üzrə borcun cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh3 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, irəli sürülmüş iddia tələbini mahiyyəti üzrə qanuni hesab etməklə yanaşı, kredit müqaviləsi üzrə tələb olunan əsas və faiz borc məbləğləri ilə bağlı qeyd edir ki, məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 17 aprel 2018-ci il tarixli, 17042018/231165 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə əsas borc üzrə 3254,30 manat, faiz borcu üzrə 1408,39 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 952,29 manat, faiz borcu üzrə 48,40 manat, faiz borcu 5% ilə 258,03 manat borcunun olması müəyyən edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borc məbləği ilə iddia ərizəsində tələb olunan müvafiq borc məbləğləri arasında fərq olsa da, iddiaçı əsas və faiz borc məbləğlərinə aid hissədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verməmişdir. Buna görə də tələb olunan əsas və faiz borc məbləğləri ekspert rəyində qeyd olunan məbləğdə müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin kredit müqaviləsinin müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 136,24 manat məbləğində pulun tutulması hissəsini əsaslı hesab edərək qeyd edir ki, 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 43-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə, iş üzrə əsas borclu ilə yanaşı digər cavabdehlərin də iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 imzaladıqları zaminlik müqaviləsi ilə borclu Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliyin tamamı ilə icra etməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərlərinə götürmüşlər. Kredit müqaviləsi üzrə borclu Cavabdeh3 öhdəliyini pozduğuna görə zaminlərin də onunla birlikdə kreditor qarşısında birgə (solidar) məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia qismən təmin edildiyiniə görə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait cavabdehlərdən tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2018-ci il tarixli, 17042018/231165 nömrəli kredit müqaviləsi üzrə 952,29 manat məbləğində əsas borc, 48,40 manat məbləğində faiz borcu, 136,24 manat məbləğində gecikdirmə faizi və ödənilmiş 44,20 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1181,13 manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********1, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar