Məhkəmə qərarları › İş №e-2-2(121)-1305/2021

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1305/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1305/2021 05.07.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh 18.500 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınması müəyyən edilmir. İddia ərizəsinə əlavə olunmuş 07 iyun 2021-ci il tarixli, HŞ-626 saylı pretenziya məktubunun sonunda “Qoşma: iddia ərizəsi 01 nüsxədə” qeydi vardır. Lakin məhkəmə bunu iddiaçı tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə riayət edilməsi halı kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, hazırki iş üzrə iddiaçı tərəfindən yalnız iddia ərizəsi deyil, həmçinin ona əlavə olunmuş sənədlərin də cavabdehə göndərilməli olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Digər tərəfdən, iddia ərizəsinin surətinin pretenziya məktubu ilə birlikdə cavabdehə göndərilməsi mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsi tələbini formal etmiş olur. Belə ki, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması tələbi formal olaraq deyil, real olaraq həyata keçirilməlidir. Məsələn, iddiaçı cavabdehə müvafiq tələblə (təkliflə) müraciət edə, cavabdehə müəyyən işlərin görülməsi və ya müraciətə cavab verilməsi və s. üçün müəyyən vaxt verə, yalnız bundan sonra (cavabdeh tərəfindən verilmiş cavab iddiaçını qane etmədikdə, cavabdeh hərəkətsizlik göstərərək, pretenziyaya cavab vermədikdə və s.) iddia ərizəinin surətini və ona əlavə olunmuş sənədləri cavabdehə təqdim edilməklə, məkəməyə müraciət edə bilər. Lakin iddiaçı pretenziyanı və iddia ərizəsinin surətini eyni bir müraciətlə cavabdehə göndərməklə, pretenziya qaydasını formal və əhəmiyyətsiz etmiş, cavabdehin qeyd olunan mübahisəyə münasibət bildirməsini gözləməyərək dərhal məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci, 10-1.3-cü və 135.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar