Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-131/2022 19.04.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 15.09.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 199.000 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə cavabdehə məxsus 199.000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 15/09/2021 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 15/09/2021 tarixə yaranan 230680.54 manat borcuna görə 199.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 16/09/2021 tarixli **********5 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 21/09/2021 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 15/09/2021 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 199.000 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-ci maddələrə əsasən işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan vergi borcunun ödənilməsinə dair 03 sentyabr 2021-ci il tarixli, **********6 saylı bildirişdən görünür ki, Cavabdeh MMC-nin 03.09.2021-ci il tarixə dövlət büdcəsinə, ümumilikdə 230.680,55 manat (vergilər üzrə 208.654,73 manat, maliyyə sanksiyaları üzrə 140 manat, faizlər üzrə 21.885,82 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0,00 manat) məbləğində borcunun olması bildirilərək göstərilən borcun 5 gün müddətində ödənilməsi təklif olunmuşdur. İş materiallarında olan 13 sentyabr 2021-ci il tarixli, **********9 saylı sərəncamdan görünür ki, Cavabdeh MMC-nin (VÖEN: **********) Bank "xxxx" ASC-nin “Promo” filialında olan hesabından vergi borcunun dövlət büdcəsinə alınması üçün icra sənədi olan sərəncam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “əmlakının siyahıya alınması haqqında” 15.09.2021-ci il tarixli, **********5 saylı qərarından görünür ki, vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh MMC-nin əmlaklarının siyahıya alınmasının həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan “Əmlakın siyahıya alınması haqqında” 16 sentyabr 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş siyahıdan görünür ki, Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən Anbar Atcılıqda dəyəri 199.000 manat olan əmlaklar – 1 ədəd vahidinin dəyəri 45.000 manat olan avtomobil Porshe Cayenne-GTS minik (99AZ101); 1.400 ədəd vahidinin dəyəri 110 manat olan ağ Türkiyə mərməri (40x160x3) siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” 16 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak X2 məsul saxlanmaya verilmişdir. X3 aktı və protokolu imzalayaraq surətini almışdır. İş materiallarında olan Cavabdeh MMC-yə ünvanlanmış 21 sentyabr 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcları dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. İş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh MMC-nin 03 noyabr 2021-ci il tarixə vergi borcu 212.650,11 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən məhkəməyə göndərilən “PORSHE CAYENNE GTS” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların komputer çıxarışından görünür ki, Cavabdeh MMC-yə məxsus olan “PORSHE CAYENNE GTS” markalı “**-AZ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 18.03.2020-ci il tarixli alqısatqı müqaviləsi əsasında Cavabdeh MMC-nin qeydiyyatından çıxmışdır. İş materiallarında olan Cavabdeh MMC ilə X5 arasında bağlanılmış 17.03.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh MMC-yə məxsus “PORSHE CAYENNE GTS” markalı “**-AZ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan Cavabdeh MMC vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Belə ki, cavabdehin şəxsi hesab vərəqəsində 03 noyabr 2021-ci il tarixə cəmi ödənilməli olan vergi borcu 212.650,11 manat göstərilsə də, iddiaçı 15.09.2021-ci il tarixə dövlət büdcəsinə olan borc məbləğinin 199.00 manat olduğunu qeyd etmiş və həmin borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 199.000 manat dəyərində əmlak siyahıya alınmışdır. Araşdırma zamanı o da müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavabdehin əmlakı siyahıya alınarkən “PORSHE CAYENNE GTS” markalı “**-AZ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehin mülkiyyətində olmamış və həmin nəqliyyat vasitəsi 17.03.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən X1. Belə olduğu təqdirdə iddiaçı tərəfindən cavabdehin mülkiyyətində olmayan əmlak siyahıya alınmaqla qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdən sonrakı 3 ay ərzində yerinə yetirmədikdə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Həmin Məcəllənin 135-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər. Həmin Məcəllənin 166.1-ci maddəsinə görə daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3-cü maddəsinə görə öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən alnması əsaslarından biridir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarı əsasında həyata keçirilir. Bundan əlavə, “Hüquqi şəxslərdən vergilər üzrə borcların və faizlərin alınması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlət Kabinetinin 23.02.2001-ci il tarixli Qərarının 3.5-ci bəndinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-nin qanunla üzərinə düşən vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca həyata keçirmədiyindən vergi borcunun onun əmlakına yönəldilməsi barədə iddiaçının tələbi qismən əsaslıdır. Belə ki, siyahıya alınmış 45.000 manat dəyərində olan “PORSHE CAYENNE GTS” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh MMC-nin əmlakı olaraq göstərilsə də, məhkəmə araşdırılması zamanı həmin daşınar əmlakın 17.03.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında MMC-nin mülkiyyətindən çıxması faktı öz təsdiqini tapmışdır. Odur ki, iddia “1400 ədəd - vahidinin dəyəri 110 manat olan ağ Türkiyə mərmərinin (40x160x3) ixtisaslaşdırılmış açıq hərracda satılması hissəsində” təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə əsasən, vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-nin 15 sentyabr 2021-ci il tarixə dövlət büdcəsinə olan borc məbləğindən 199.000 manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 15 sentyabr 2021-ci il tarixli, **********5 saylı qərarına əsasən siyahıya alınmış 154.000 manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı, həmin əmlakın satılmasından əldə edilmiş məbləğdən 199.000 manat məbləğində vergi borcu və 489 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin 15 sentyabr 2021-ci il tarixə dövlət büdcəsinə olan borc məbləğindən 199.000 (bir yüz doxsan doqquz min) manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 15 sentyabr 2021-ci il tarixli, **********5 saylı qərarına əsasən siyahıya alınmış 154.000 (bir yüz əlli dörd min) manat məbləğində əmlakı (Türkiyə istehsalı olan 1.400 ədəd ağ mərmər) ixtisaslaşdırılmış açıq hərracda satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən 15 sentyabr 2021-ci il tarixə dövlət büdcəsinə olan 199.000 (bir yüz doxsan doqquz min) manat məbləğində vergi borcu və 489 (dörd yüz səksən doqquz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-131/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-131/2022
19.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver