Məhkəmə qərarları › İş №e-2-2(121)-1311/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1311/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1311/2025 18.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbi” barədə iddia ərizəsini Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, kredit borcu - 13455,08 (on üç min dörd yüz əlli beş manat səkkiz qəpik) AZN, kredit üzrə hesablanmış faiz borcu 3587,90 (üç min beş yüz səksən yeddi manat doxsan qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 175,14 (bir yüz yetmiş beş manat on dörd qəpik) AZN olmaqla, cəmi 17218,12 (on yeddi min iki yüz on səkkiz manat on iki qəpik) AZN və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 141.66 (bir yüz qırx bir manat altmış altı qəpik) AZN məbləğdə dövlət rüsumunun, həmçinin ipotekaya tutma bildirişinin qeydiyyata alınması üçün çəkilən xərcin cavabdeh – Cavabdeh1 tutularaq iddiaçı - İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi; iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyü Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********52-10301, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə cavabdeh – Cavabdeh1 məxsus olan olan İmişli şəh, Alış Məmmədov küçəsi, 78 saylı fərdi yaşayış evinə 0.07 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi; İpoteka predmeti olan həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçı - İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi; İpoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh1 tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı - "MONETRİ BOKT” MMC ("xxxx" MMC) ilə Cavabdeh1 arasında 24 iyun 2023-cü il tarixli, 3841/2 nömrəli Kredit Müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh1 peşə fəaliyyəti üçün (ticarətçi) 36(otuz altı) ay müddətinə, illik 22 (iyirmi iki) % olmaqla,15.000 (on beş min) AZN məbləğində kredit verilib. 24 iyun 2023-cü il tarixli 3841/2 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi, iddiaçı - "xxxx" MMC (ipoteka saxlayan) ilə Cavabdeh2(ipoteka qoyan) arasında 24 iyun 2023-cü il tarixli, 3841/2 tarixli ipoteka müqaviləsi bağlanıb. Həmin Müqaviləyə əsasən, xüsusi mülkiyyət hüququ ilə cavabdeh - Cavabdeh2 məxsus olan İmişli şəh, Alış Məmmədov küçəsi, 78 saylı fərdi yaşayış evi 0.07 ha torpaq sahəsi ilə birlikdə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********52- 10301, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınıb. 24 iyun 2023-cü il tarixli 3841/2 nömrəli kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə №1) uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 (bir) % dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 44 (qırx dörd) % olmaqla faiz hesablana bilər. Həmin kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən, bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka predmetlərinə və ya Borcalanın digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. Bildirmək istəyirik ki, Cavabdeh1 uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini gecikdirib. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, Cavabdeh1 24 iyun 2023-cü il tarixli, 3841/2 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə əsas borc 13455,08 (on üç min dörd yüz əlli beş manat səkkiz qəpik) AZN, kredit üzrə hesablanmış faiz borcu 3587,90 (üç min beş yüz səksən yeddi manat doxsan qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 175,14 (bir yüz yetmiş beş manat on dörd qəpik) AZN olmaqla cəmi 17218,12 (on yeddi min iki yüz on səkkiz manat on iki qəpik) AZN təşkil edir. İddiaçı tərəfindən cavabdehə kredit öhdəliyinin icra edilməsinə dair pretenziya məktubu ünvanlanıb (pretenziya məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz iddia ərizəsinə əlavə edilir). Buna baxmayaraq cavabdeh hələ də öz öhdəliklərini icra etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ( PSG Finans BOKT MMC) ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, 3841/2 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən kredit verən kredit alana “istehlak” məqsədi ilə 36 ay müddətinə, illik 22 faiz olmaqla, 15.000 manat məbləğində kredit vermişdir. İşdə olan “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh1 ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyatdan keçmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, sözügedən müqavilənin tərəfləri hüquqi şəxs və fərdi sahibkar olmasına baxmayaraq hüquq münasibətinin xarakteri baxımından hazırki mübahisə kommersiya mübahisəsi hesab oluna bilməz. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah edilir ki, Mülki-Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar olan hüquq münasibətlərinin xarakteri hazırki işin kommersiya mübahisəsi kimi baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə 141,66 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalı və Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 141,66 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə hazırkı iddiaya məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Eyni zamanda ərizəçiyə izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1.şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; şikayətə əlavə edilən sənədlərin siyahısı. Qeyd edilən Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilən Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Yenə həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu və 284-3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətininnın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Şirvan Kommersiya Məhkəməsinə 141,66 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar