Məhkəmə qərarları › İş №e-2-2(121)-1322/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1322/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1322/2024 17.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 7763.31 manat əsas borc, 785.8 manat faiz borcu və 97.41 manat cərimə borcu olmaqla cəmi 8646.52 manat borcun, 106.47 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmağa qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci və 284- 4.1.3-cü maddələrinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbini təsdiq edən sənədlər (mədaxil və ya köçürmə qəbzi) təqdim edilməmişdir. Buna görə də, təqdim olunmuş sənədlər əsasında iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxılmağa qəbul olunması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddia ərizəsində cavabdeh qismində göstərilmiş Cavabdeh1 “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış məlumata əsasən xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarından isə görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi Cavabdeh1 iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl vəfat etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı eyni əsas və məzmunlu iddia ərizəsinin Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)- 1162/2024 nömrəli qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmağa qəbul olunmasından imtina edilmişdir. Qəbul edilmiş məhkəmə aktına və həmin aktda şərh olunanlara baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən yenidən eyni nöqsanlara yol vermiş, həmçinin Cavabdeh1 xx.xx.2023-cü il tarixdə vəfat etməsinə baxmayaraq yenidən həmin şəxsi cavabdeh qismində qeyd etmişdir. Məhkəmə, eyni əsas və məzmunlu ərizənin qəbulundən imtina edilməsinə baxmayaraq, eyni məzmunlu nöqsanlara yol verilməklə tərtib olunmuş iddia ərizəsini məhkəməyə təkrar təqdim etməklə əsassız olaraq məhkəmənin iş yükünün artmasına səbəb olduğuna görə, eyni nöqsanlara yol verildiyi təqdirdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 174.5-ci maddəsinə əsasən 500 manatadək cərimə tətbiq edilə biləcəyi barədə iddiaçıya xəbərdarlıq edilməsini zəruri hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268, 284-4-1, 284-4.3, 284-4.2 və 284-4.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmağa qəbul olunmasından imtina edilsin. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar