Məhkəmə qərarları › İş №e-2-2(121)-1323/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1323/2024

17.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1323/2024 17.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – İddiaçı2 MMC-nin və qeyrisinin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçılar İddiaçı2 MMC və İddiaçı1 Cavabdeh qarşı – 1839,98 manat pul vəsaitinin, 30 manat dövlət rüsumunun, borc məbləğinə hesablanmış 8,40 manat faiz məbləğinin, cəmi 1878,38 manat məbləğində pulun cavabdehdən alınaraq İddiaçı2 MMC-nin xeyrinə tutulması barəsində iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin forması və məzmunu Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilən iddia ərizəsindən görünür ki, iddiaçı mövcud iddia ərizəsinin elektron hissəsinə aid olan “giriş” hissəsində iş üzrə iddiaçı qismində 2 iddiaçını, yəni İddiaçı2 MMC və İddiaçı1 göstərdiyi (iddia ərizəsi üzrə tələb olunan pul vəsaitinin İddiaçı2 MMC-yə ödənilməsini xahiş etmişdir) halda, iddia ərizəsinin elektron hissəsinə aid olmayan hissəsində 1 iddiaçını, yəni İddiaçı2 MMC-ni göstərmişdir. Göründüyü kimi, iddia ərizəsi üzrə iddiaçının kim olması dəqiq göstərilməmişdir. Bundan əlavə, mövcud iddia ərizəsinin elektron aid olan hissəsində iddia ərizəsinin “əsaslandırıcı” hissəsi yoxdur. Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə də cavab vermir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıldığından, bununla da “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilən iddia ərizəsində iddiaçının kim olması dəqiq göstərilməli olduğundan və iddia ərizəsinin “əsaslandırıcı” hissəsi olmalı olduğundan, mövcud iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddia ərizəsi və pretenziya məktubunun cavabdeh tərəfindən alınmasına dair sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Qeyd edilən Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddia ərizəsini (və pretenziya məktubunu) cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərmədiyindən (cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmədiyi halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilmədiyindən) iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçılar İddiaçı2 MMC və İddiaçı1 Cavabdeh qarşı – pul tələbi barəsində iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 39 manat məbləğində dövlət rüsumu İddiaçı2 MMC-yə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar