Məhkəmə qərarları › İş №e-2-2(121)-1335/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1335/2025

02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1335/2025 02.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 29271,11 manat əsas borc, 2843,69 manat faiz və 297,42 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 32412,22 manat məbləğində borcun və ödənilmiş 187,24 manat dövlət rüsumunun ödənilməsi, tutmanın Cavabdeh5 mülkiyyətindəki Bakı şəhəri, Xəzər raypnu, Şüvəlan qəsəbəsində 793r ünvanında yerləşən ümumi sahəsi 64,4 kv.m sahədən ibarət olan 3 otaqlı bağ evinin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə yönəldilməsi; Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı ASC-nin “4 saylı” filialından illik 30%-lə 120 ay müddətinə 200.000 manat məbləğində kredit limiti verilmişdir. xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC”dən illik 19%-lə 36 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh5 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 793r ünvanında yerləşən ümumi sahəsi 64,4 kv.m sahədən ibarət olan 3 otaqlı bağ evini 25 noyabr 2022-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü etmiş, Cavabdeh1 və Cavabdeh1 ilə 17 iyul 2021-ci il tarixli, Cavabdeh2 ilə 14 aprel 2022-ci il tarixli zaminlik müqavilələri bağlanılmışdır. İpoteka ilə yüklülük dövlət qeydiyyatına alınmışdır. 22 noyabr 2024-cü il tarixədək Cavabdeh3 25 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 29271,11 manat əsas, 2843,69 manat faiz və 1189,66 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 33304,46 manat borcu vardır. Cavabdeh3 banka 25 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1189,66 manat təşkil etməsinə baxmayaraq, 297,42 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh3 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutmaya yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafə edərək iddia ərizəsinə və təqdim edilən mülahizəyə uyğun izahat verdi, həmçinin əlavə olaraq bildirdi ki, cavabdehlər tərəfindən edilmiş və ekspert rəyində nəzərə alınmayan ödənişlər nəzərə alınaraq yeni maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Qeyd etdiklərini nəzərə alaraq, o, iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Qeyd olunanlara əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edilmişdir.

İddia ərizəsinə etiraz:

8. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 11-MCR-1- 1057-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən, Cavabdeh3 120 ay müddətinə, 200.000 manat məbləğində kredit limiti ayrılmışdır.

10. İddiaçı ASC-ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 11-MCR-1- 1057-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləsinə əlavə olaraq bağlanılmış xx.xx.2022-ci il tarixli,11-MCR-1-1057-21/5 razılaşmasının surətindən görünür ki, Cavabdeh3 36 ay müddətinə, kredit üzrə illik cərimə 20% olmaqla, 50000 manat məbləğində kredit verilmişdir.

11. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Z/04530/21 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 11-MCR-1-1057-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə əsasında bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

12. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Z/04531/21 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh4 xx.xx.2021-ci il tarixli, 11-MCR-1-1057-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə əsasında bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

13. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Z/04531/21 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 11-MCR-1-1057-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə əsasında bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

14. İş materiallarında olan “ödəniş cədvəli”nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, 11-MCR-1-1057-21/5 nömrəli kredit razılaşması üzrə son ödəniş tarixi xx.xx.2025-ci il kimi qeyd olunmuşdur.

15. İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DA/01733/22 nömrəli ipoteka müqaviləsinə görə Cavabdeh5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 793r ünvanında yerləşən ümumi sahəsi 64,4 kv.m sahədən ibarət olan 3 otaqlı bağ evi xx.xx.2021-ci il tarixli, 11-MCR-1-1057-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə öhdəliklərin icrasının təminatı məqsədilə ipoteka ilə yüklü edilmişdir.

16. xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh3 qeyd edilən tarixə onun kredit müqaviləsinə əsasən əsas borcu 29271,11 manat əsas, 2843,69 manat faiz və 1189,66 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 33304,46 manat təşkil edir.

17. xx.xx.2024-cü il tarixli Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, kredit 11-MCR-1-1057-21/5 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun məktub alındığı tarixdən 5 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 xəbərdarlıq edilmişdir.

18. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli rəyindən və müşayiət məktubundan görünür ki, Cavabdeh5 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 793r ünvanında yerləşən ümumi sahəsi 64,4 kv.m sahədən ibarət olan 3 otaqlı bağ evin xx.xx.2025-ci il vəziyyətinə bazar dəyəri 51,520 manat, likvid dəyəri 45,300 manat məbləğində müəyyən edilmişdir. Qiymətləndirmə xidmətinin haqqı 500 (beş yüz) manat təşkil edir. Həmin məbləğin 350 manatı iddiaçı tərəfindən ödənilmişdir.

19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş, xx.xx.2025-ci il tarixli, 9/2458 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, 11-MCR-1- 1057-21/5 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 xx.xx.2024-cü il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) İddiaçı ASC-yə olan borcu - 29271,11 manat əsas, 2173,70 manat faiz borcu müəyyən edilir. Eyni zamanda qeyd edilir ki, iş materiallarında hesabdan çıxarış məlumatlarından göründüyü kimi, X4 tərəfindən xx.xx.2024-cü il il tarixdə 1000 manat məbləğində ödəniş aparılmışdır. Lakin hesablamalar xx.xx.2024-cü il tarixədək aparıldığından 1000 məbləğində ödəniş nəzərə alınmamışdır.

20. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2025-cü il tarixli, 9/2458 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir.

21. xx.xx.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh3 qeyd edilən tarixə onun kredit müqaviləsinə əsasən əsas borcu 27671,11 manat əsas, 6511,7 manat faiz və 701857 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 41201,38 manat təşkil edir.

22. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən, 187,24 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

24. “İpoteka haqqında” Qanunun:

- 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. - 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 46. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. - 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. - 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

25. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

- 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. - 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadı:

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

29. Məhkəmə baxışının hədləri: Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

30. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

31. Məhkəmə əvvəla qeyd edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

32. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, İddiaçı ASC Cavabdeh3 borc (kredit) verməyi, Cavabdeh3 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

33. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehlərin üzərinə düşür.

34. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdehlər tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

35. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh3 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və o, müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qeyd edilən kredit müqaviləsi və onun əsasında bağlanmış kredit razılaşmaları üzrə üzrə iddiaçı qarşısında Cavabdeh3 ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürdüklərinə görə, onlar da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdırlar.

36. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və iş materiallarına əsasən hesab edir ki, Cavabdeh3 kredit razılaşması üzrə öhdəliklərini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməmiş, nəticədə isə ekspert rəyində göstərildiyi kimi onun xx.xx.2024-cü il tarixə (maliyyə arayışında qeyd olunan tarixə və xəbərdarlıq məktubunun göndərildiyi tarixə) İddiaçı ASC-yə olan borcu: əsas borc üzrə 29271,11 manat, faiz borcu üzrə 2173,70 manat təşkil edir.

37. Eyni zamanda ekspert rəyindən müəyyən edilir ki, cavabdeh X4 tərəfindən xx.xx.2024-cü il il tarixdə 1000 manat məbləğində ödəniş aparılmışdır. Lakin hesablamalar xx.xx.2024-cü il tarixədək aparıldığından 1000 məbləğində ödəniş nəzərə alınmamışdır. İşin məhkəmə icraatı dövründə iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışından və iddiaçının nümayəndəsinin izahatından görünür ki, cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmış və əsas onun borcundan silinmişdir. Hazırda cavabdehin əsas borcu 27671,11 manat təşkil edir.

38. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2458 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli, 11-MCR-1-1057-21/5 kredit razılaşmasında əsas borc və faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

38. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə 27671,11 manat hissədə əsaslıdır.

39. Məhkəmə faiz borcuna münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyindən çıxış edərək qeyd edir ki, 07 iyul 2024-cü il tarixdə müqavilə iddiaçı tərəfindən ləğv edildiyindən, həmin tarixdən sonra müqavilə üzrə faiz hesablana bilməz. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Ekspert rəyindən göründüyü kimi xəbərdarlıq məktubunun göndərildiyi tarixə cavabdehin (borcalan) İddiaçı ASC-yə olan faiz borcu üzrə 2173,70 manat təşkil edir. Ona görə də, məhkəmə iddianl faiz borcuna münasibətdə 2173,70 manat hissədə əsaslı hesab edir.

40. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsas və faiz borcuna münasibətdə qismən təmin edilməli və cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 27671,11 manat manat əsas borc və 2173,70 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

41. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 297,42 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

42. Məhkəmə kredit müqaviləsinə əsasən hesablanmış 297,42 manat cərimə borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Məhkəmə hesab edir ki, müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələradə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və hesablanmış cərimə tənasübsüz yüksək deyil, ona görə də iddia tələbi həmin hissədə təmin edilməlidir.

43. İddia ərizəsində eyni zamanda ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.

44. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, 11-MCR-1-1057-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh5 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 793r ünvanında yerləşən ümumi sahəsi 64,4 kv.m sahədən ibarət olan 3 otaqlı bağ evi iddiaçı qarşısında xx.xx.2022-ci il tarixdə etibarlı şəkildə bağlanmış ipoteka ilə yüklü edildiyindən və o özü borclu kimi kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən və risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, iddiaçı tələbin ipoteka predmeti əşyalara yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. 27671,11 manat əsas borc, 2173,70 manat faiz borcu, 297,42 manat cərimə

45. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2458 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspert baxışına təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 793r ünvanında yerləşən ümumi sahəsi 64,4 kv.m sahədən ibarət olan 3 otaqlı bağ evinin bazar dəyəri 51,520 manat, likvid dəyəri 45,300 manat məbləğində müəyyən edilmişdir.

46. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya 27671,11 manat əsas borc, 2173,70 manat faiz borcu, 297,42 manat cərimə borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissələrdə də əsaslı olduğu üçün təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına xx.xx.2022-ci il tarixli, 11-MCR-1-1057-21/5 kredit razılaşması üzrə yaranmış göstərilən borc məbləğləri tutularaq iddiaçıya ödənilməlidir.

47. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadındakı hüquqi mövqedən çıxış edərək hesab edir ki, hazırki iş üzrə ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti müəyyənləşdirilərkən likvid qiyməti əsas götürülməli, bu baxımdan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 793r ünvanında yerləşən ümumi sahəsi 64,4 kv.m sahədən ibarət olan 3 otaqlı bağ evin ilkin satış qiyməti 45,300 manat məbləğində müəyyən edilməlidir.

48. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Ona görə ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun İİİ və İV fəsillərində Məcburi İcra tədbirləri və onların tətbiqinin əsasları, həmçinin tələbin borclunun əmlakına yönəldilməsi qaydası nəzərdə tutulmuşdur. Belə ki, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Qeyd olunanlarla əlaqədar məhkəmə qeyd etməyi vacib hesab edir ki, qətnamə icra məmuru tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq tam icra edilməlidir. Məhkəmə hesab edir ki, qətnaməni tam icra etmək icra məmurunun onsuz da qanundan irəli gələn vəzifəsi olduğundan, qətnamənin məcburi icrası çərçivəsində icra məmurunun yerinə yetirməli olduğu hərəkətlərin məhkəmə qətnaməsində xüsusi vurğulanmasına lüzum yoxdur.

Məhkəmə xərcləri:

49. Məhəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə ödənilmiş 187,24 dövlət rüsumu cavabdehlərə aid edilməli və cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

50. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 50 (əlli) manat cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməli, həmçinin iş üzrə ipoteka predmeti əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğində pul vəsaitinin 250 manatının iddiaçı tərəfindən ödənilməsi nəzərə alınaraq, qalan 250 manatı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (Kod: 512275, Vöen: **********, MH Acc: AZ41NABZ********************, Swift: MUGAAZ22, Client Name: PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc: AZ37MUGA**********00274AZM70, Client Vöen: **********) ödənilməlidir.

Nəticə:

51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 27671,11 manat əsas borc, 2173,70 manat faiz borcu, 297,42 manat cərimə və 187,24 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 30329,47 (otuz min üç yüz iyirmi doqquz manat, qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 793r ünvanında yerləşən ümumi sahəsi 64,4 kv.m sahədən ibarət olan 3 otaqlı bağ evinə yönəldilsin. Cavabdeh5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 793r ünvanında yerləşən ümumi sahəsi 64,4 kv.m sahədən ibarət olan 3 otaqlı bağ evin ilkin satış qiyməti 45,300 manat məbləğində müəyyən edilsin, həmin ev açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan ümumilikdə 30329,47 (otuz min üç yüz iyirmi doqquz manat, qırx yeddi qəpik) manat məbləğində borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh5 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə ipoteka predmeti olan bağ evinin qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyərinin qalıq 250 manatı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (Kod: 512275, Vöen: **********, MH Acc: AZ41NABZ********************, Swift: MUGAAZ22, Client Name: PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc: AZ37MUGA**********00274AZM70, Client Vöen: **********) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar