Məhkəmə qərarları › İş №e-2-2(121)-1340/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1340/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1340/2024 25.06.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1635 (bir min altı yüz otuz beş) manat pulun və 37 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli, 211.21.11.017 saylı “Şəkər çuğunduru məhsulu üzrə xidmət və alqı-satqı müqaviləsi”nə əsasən Cavabdeh Beyləqan rayonunun Örənqala kəndi ərazisində yerləşən torpaq sahəsində şəkər çuğunduru bitkisini əkib-becərməyi və istehsal etdiyi məhsulu İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüşdür. xx.xx.2021-ci tarixli, 211.21.11.017 saylı Müqavilə əsas götürələrək, xx.xx.2022-ci il tarixdə Cavabdehlə "xxxx" ASC-nin Gəncə filialı arasında KM134420 saylı kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh şəkər çuğundurunun əkilməsi, becərilməsi və aqrotexniki işlərin görülməsi məqsədilə illik 13.91 faiz dərəcəsi olmaqla 12 aylıq 4100 (dörd min bir yüz) manat kredit ayrılmışdır. Kredit müqaviləsinin 4.1-cü bəndinə əsasən Cavabdeh 12 ay müddətində kredit məbləği və hesablanmış faizlərin qeyd-şərtsiz geri ödənilməsini öhdəsinə götürmüşdür. Kredit məbləğinin qaytarılması müqavilənin 7-ci bəndinə əsasən "xxxx" ASC-nin Gəncə filialı iləİddiaçı MMC arasında bağlanmış olan xx.xx.2022-ci il tarixli, ZM-134420-02 saylı Zaminlik müqaviləsi ilə təmin olunur. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş və kredit məbləğini vaxtında geri ödəməmişdir. Nəticədə yaranmış 1635 ( bir min altı yüz otuz beş ) manat borc zaminlik müqaviləsinin 2.3.1 bəndinə əsasən İddiaçı MMC-dən tələb edilmişdir. Zaminlik müqaviləsinə əsasən yaranmış 1635 (bir min altı yüz otuz beş) manat borc İddiaçı MMC tərəfindən banka tam ödənilmişdir. Ödənilmiş 1635 manat pul pretenziya qaydasında borclu Cavabdeh tələb edilmiş, lakin cavabdeh tərəfindən pretenziyaya cavab verilməmişdir. Buna görə də zaminlik müqaviləsi üzrə ödənilmiş 1635 manat pulun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etmədiyini, iddiaçı tərəfindən səhlənkarlığa yol verilərək ona lazımi aqrotexniki qulluq göstərilmədiyinə görə öhdəliyini yerinə yetirməkdə çətinlik çəkdiyini bildirdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, tərəflərin izahatlarına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli, 211.21.11.017 saylı “Şəkər çuğunduru məhsulu üzrə xidmət və alqısatqı müqaviləsi”nə əsasən Həsənov X1 rayonunun Örənqala kəndi ərazisində yerləşən torpaq sahəsində şəkər çuğunduru bitkisini əkib-becərməyi və istehsal etdiyi məhsulu İddiaçı MMC-yə satmağı öhdəsinə götürür. İş materiallarında olan "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM-134420 nömrəli kredit müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Bank Borcalana 4100 manat məbləğində kredit verir, Borcalan isə alınmış krediti qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən, kredit şəkər çuğundurunun əkilməsi, becərilməsi və aqrotexniki işlərin görülməsi məqsədləri üçün verilir; 7.1-ci bəndinə əsasən, hazırki müqavilə üzrə kreditin qaytarılması Bank ilə X3 arasında bağlanmış ZM-134420-01 saylı və İddiaçı MMC arasında bağlanmış ZM-134420- 02 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri ilə təmin olunur. İş materiallarında olan "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ZM-134420-02 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə Zamin, "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM-134420 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə Borcalanla birgə məsuliyyət daşımağı və həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı MMC-nə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh Bank qarşısında xx.xx.2022-ci il tarixli, KM-134420 nömrəli kredit müqaviləsi üzrə yerinə yetirilməyən öhdəliyinin xx.xx.2023-cü il tarixədək zamin İddiaçı MMC tərəfindən yerinə yetirilməsi tələb olunmuş, əks halda borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə İddiaçı MMC-nə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, KM-134420 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh verilmiş 1675,96 manat kreditin xx.xx.2022-ci il tarixli, ZM-134420-02 nömrəli zaminlik müqaviləsindən irəli gələn öhdəliyinin həyata keçirilməsi üçün İddiaçı MMC tərəfindən "xxxx" ASC-nə 1675,96 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Beləliklə, məhkəmə araşdırılması nəticəsində işin müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında zaminlik müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır və iddiaçı zamin olaraq cavabdehin yerinə yetirmədiyi öhdəliyinə görə kreditora ödədiyi pul məbləğini cavabdehdən geri tələb edir. Məhkəmə qeyd edir ki, "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM-134420 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh Bank qarşısında götürdüyü öhdəliyinin təminatı olaraq tərəflər arasında zamin-əsas borclu münasibətlərinin yarandığı, zaminin cavabdehin öhdəliyinə görə "xxxx" ASC-nə 1675,96 manat məbləğində pul vəsaiti köçürdüyü işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı zamin olaraq öz üzərinə düşən öhdəliyi yerinə yetirərərk cavabdehin əsas borclu olduğu kredit müqaviləsi üzrə öhdəliyini icra etdiyinə görə, onun cavabdehdən (əsas borcludan) ödədiyi məbləği geri almaq hüququ yaranmışdır. Buna görə də iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğu üçün iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 1635 manat məbləğində pul və ödənilmiş 37 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1672 manat pul tutularaq İddiaçı MMC-nə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar