Məhkəmə qərarları › İş №e-2-2(121)-135/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-135/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-135/2023 03.05.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı - kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barəsində iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı – 15212,6 manat əsas, 17217,28 manat faiz, 18187,74 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2105,78 manat faiz borcu, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiyaya dair xərcinin cavabdehlərdən müştərək qaydada tutulması, tutmanın girov predmeti - 1 ədəd 20,3 qram çəkidə kardinal sep, 1 ədəd 10.5 qram çəkidə kulonlu zəncir sep, 1 ədəd 34.6 qram çəkidə sep, 1 ədəd 19.30 qram çəkidə olan tross sep, 1 ədəd 32.30 qram çəkidə olan qolbaq, 1 dəst 2 qram çəkidə olan qırmızı qaşlı sırğa, 1 ədəd 4.4 qram çəkidə olan nişan üzüyü və 1 ədəd 9 qram çəkidə kulonlu sepdən ibarət olan qızıl-zinət əşyalarına yönəldilməsi və girov predmetinin satışından əldə olunan vəsait Cavabdeh3 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış KM035T11160032S01 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 20 baş xırda buynuzlu mal-qara alınması məqsədi ilə 24 ay müddətinə 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditorun borcalana verdiyi kreditin 8534,35 ABŞ dolları təşkil edən qalıq məbləği konvertasiya edilərək 15217,6 mannat təşkil etmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi və xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi üzrə əlavə saziş bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh3 xx.xx.2014cü il tarixli girov müqaviləsi bağlayaraq, mülkiyyətindəki 1 ədəd 20,3 qram çəkidə kardinal sep, 1 ədəd 10.5 qram çəkidə kulonlu zəncir sep, 1 ədəd 34.6 qram çəkidə sep, 1 ədəd 19.30 qram çəkidə olan tross sep, 1 ədəd 32.30 qram çəkidə olan qolbaq, 1 dəst 2 qram çəkidə olan qırmızı qaşlı sırğa, 1 ədəd 4.4 qram çəkidə olan nişan üzüyü və 1 ədəd 9 qram çəkidə kulonlu sepdən ibarət olan qızıl-ziynət əşyalarını banka girov qoymuşdur. LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh3 qarşı “bank tərəfindən verilmiş kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması” mübahisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu barədə “ilkin mediasiya prosesində iştirak edilməməsi” barədə MŞS/1/00533 nömrəli, xx.xx.2022-ci il tarixli arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********775 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 52723,40 manat təşkil edir. Bundan 15212,6 manat əsas, 17217,28 manat faiz, 18187,74 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 2105,78 manat faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 məhkəmə iclasında iddiaya etiraz edərək, göstərdi ki, onun borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsirinə düşməsə də, ona 6282,82 manat məbləğində kompensasiya ödənişi ödənilmiş, lakin o, həmin vəsaiti öz şəxsi ehtiyacı üçün xəricləmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə, cavabdehlərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında 2291-14- AYİB saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən cavabdehə illik 27 faiz ödəmək şərti ilə 24 ay müddətinə 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında 092291-14-AYİB saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq xx.xx.2014-cü il tarixdə Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan 2291-14-AYİB saylı, xx.xx.2014-cü il tarixli girov müqaviləsindən (saxlanc) görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında 092291-14- AYİB saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 1 ədəd 20,3 qram çəkidə kardinal sep, 1 ədəd 10.5 qram çəkidə kulonlu zəncir sep, 1 ədəd 34.6 qram çəkidə sep, 1 ədəd 19.30 qram çəkidə olan tross sep, 1 ədəd 32.30 qram çəkidə olan qolbaq, 1 dəst 2 qram çəkidə olan qırmızı qaşlı sırğa, 1 ədəd 4.4 qram çəkidə olan nişan üzüyü və 1 ədəd 9 qram çəkidə kulonlu sepdən ibarət olan qızıl-zinət əşyalarını İddiaçı ASC-yə girova (saxlanca) təhvil vermişdir. İş materiallarında olan 2291-14-AYİB saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə edilmiş 63 saylı, xx.xx.2016-ci il tarixli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı 7733,08 ABŞ təşkil etməklə, kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. İş materiallarında olan 2291-14-AYİB saylı, xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinə edilmiş 63 saylı, xx.xx.2016-ci il tarixli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı 7733,08 ABŞ təşkil etməklə, zaminlik müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. İş materiallarında olan 2291-14-AYİB saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə edilmiş 02 saylı, xx.xx.2016-ci il tarixli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı 8534,35 ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 15217,6 manat təşkil etməklə, kredit müqaviləsinin müddəti 3 ilədək uzadılmışdır. İş materiallarında olan 207729 saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə edilmiş 2 saylı, xx.xx.2016-ci il tarixli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı 8534,35 ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 15217,6 manat təşkil etməklə, kreditin müddəti 3 ilədək uzadılmışdır. İşdə olan arayışın surətindən görünür ki, Cavabdeh3nın KM035T11160032S01 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 15212,6 manat məbləğində əsas, 17217,28 manat məbləğində faiz, 18187,74 məbləğində cərimə olmaqla, 2105,78 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz, cəmi 52723,4 manat məbləğində kredit borcu vardır. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə bildirişlər göndərilmişdir. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet portalından çıxarışdan görünür ki, Cavabdeh3 6282,82 manat məbləğində kompensasiya ödənişin verilməsi müəyyən edilmiş, lakin, kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmamışdır. Yəni, cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsirinə düşməmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq, məhkəmə-xəttşünaslıq və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının 9/1031-4/202-9/1033 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 137-ci vərəqində xx.xx.2016-cı il tarixdə bağlanmış “2291-14-AYİB saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə 63 saylı əlavə sazişdə “Zamin Cavabdeh2” qrafasının altında olan imza və 140-cı vərəqində olan xx.xx.2016-cı il tarixdə bağlanmış 207729 saylı, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi üzrə 2 saylı əlavə sazişdə “Zamin Cavabdeh2” qrafasının altında olan imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 140-cı vərəqində olan xx.xx.2016-cı il tarixdə bağlanmış 207729 saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə 2 saylı əlavə sazişdə “Zamin Cavabdeh1" qrafasında olan imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. xx.xx.2014-cü il tarixdə bağlanmış 2291-14-AYİB saylı girov müqaviləsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 10592,0 manat, likvid qiyməti 9268,0 manat müəyyən edilir. Həmin qızıl-zinət əşyalarının ayrı-ayrılıqda çəkisi, əyarı, çeşidi cədvəldə göstərilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 2291-14AYİB saylı kredit müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 63 saylı, xx.xx.2016-cı il tarixli və 02 saylı, xx.xx.2016-cı il tarixli əlavə sazişlərin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh3 İddiaçı ASC-nə sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən edilir:- xx.xx.2019-cu il tarixə: əsas borc üzrə - 15212,6 manat, faiz borcu üzrə - 12323,21 manat, xx.xx.2022-ci il tarixə: əsas borc üzrə - 15212,6 manat, faiz borcu üzrə - 14402,26 manatdır. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi (razılaşması) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin kredit müqaviləsinə əsasən müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2019-cu il tarixə faiz borcu üzrə 12323,21 manat borcunun olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən göstərilən kredit müqaviləsi üzrə 12323,21 manat məbləğində faiz borcu (müqavilə müddətinə) tutulmalıdır. Məhkəmə iddianın “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın qeyd edilən hissəsi əsaslıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və işə əlavə edilmiş sənədlərdən aşkar surətdə göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixinə kimi müəyyənləşdirilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə yaranan münasibətlər müddətli münasibətlər olduğundan kreditin qaytarılma müddəti xx.xx.2019-cu il tarixədək müəyyənləşdirilmişdir. Göründüyü kimi, borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam etsə də, müqavilənin qüvvədə olma müddət xx.xx.2019cu il tarixdə bitmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilənin qüvvədə olma müddəti ərzində yəni, xx.xx.2019-cu il tarixinə kimi faizləri tələb etmək hüququna malik olsa da, müqavilənin qüvvədə olma müddəti bitəndən sonra bu hüququ itirmişdir. Lakin, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan, iddia “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması” hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 18187,74 manat məbləğində deyil, 1800 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə tələbin girov qoyulmuş dövriyyədəki mallara yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş göstərilən mallara yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş mallara yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən mallara yönəldilməsi girovla yüklü edilmiş göstərilən malların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Məhkəmə iddia tələbinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbi onlara aid hissədə rədd olunmalıdır. Məhkəmə həmçinin iddianın 400 manat (arayışda 60 manat göstərilmişdir) mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddia tələbi bu hissədə də qismən təmin edilərək Cavabdeh3 55 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddianın borc məbləği qismən təmin edildiyindən ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin 50 manatı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 150 manatı Cavabdeh3 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 248,17 manat dövlət rüsumunun 200 manatı Cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 15212,6 manat məbləğində əsas borc, 12323,21 manat məbləğində faiz borcu, 1800 manat məbləğində cərimə, 2105,78 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 31441,59 manat məbləğində kredit borcu və 55 manat məbləğində mediasiya xərci Cavabdeh3 alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tələb girov predmeti olan 1 ədəd 583 əyarlı 20,3 qram çəkidə olan (likvid qiyməti 1421 manat olan) kardinal sep, 1 ədəd 583 əyarlı 10,5 qram çəkidə olan (likvid qiyməti 735 manat olan) kulonlu zəncir sep, 1 ədəd 583 əyarlı 34,6 qram çəkidə olan (likvid qiyməti 2422 manat olan) sep, 1 ədəd 583 əyarlı 19,30 qram çəkidə olan (likvid qiyməti 1351 manat olan) tross sep, 1 ədəd 583 əyarlı 32,30 qram çəkidə olan (likvid qiyməti 2261 manat olan) qolbaq, 1 dəst 583 əyarlı 2 qram çəkidə olan (likvid qiyməti 140 manat olan) qırmızı qaşlı sırğa, 1 ədəd 583 əyarlı 4,4 qram çəkidə olan (likvid qiyməti 308 manat olan) nişan üzüyü və 1 ədəd 583 əyarlı 9 qram çəkidə (likvid qiyməti 630 manat olan) kulonlu sepdən ibarət olan (ümumi likvid dəyəri 9268 manat məbləğində olan) qızıl-zinət əşyalarına yönəldilsin. 1 ədəd 583 əyarlı 20,3 qram çəkidə olan (likvid qiyməti 1421 manat olan) kardinal sep, 1 ədəd 583 əyarlı 10,5 qram çəkidə olan (likvid qiyməti 735 manat olan) kulonlu zəncir sep, 1 ədəd 583 əyarlı 34,6 qram çəkidə olan (likvid qiyməti 2422 manat olan) sep, 1 ədəd 583 əyarlı 19,30 qram çəkidə olan (likvid qiyməti 1351 manat olan) tross sep, 1 ədəd 583 əyarlı 32,30 qram çəkidə olan (likvid qiyməti 2261 manat olan) qolbaq, 1 dəst 583 əyarlı 2 qram çəkidə olan (likvid qiyməti 140 manat olan) qırmızı qaşlı sırğa, 1 ədəd 583 əyarlı 4,4 qram çəkidə olan (likvid qiyməti 308 manat olan) nişan üzüyü və 1 ədəd 583 əyarlı 9 qram çəkidə (likvid qiyməti 630 manat olan) kulonlu sepdən ibarət olan (ümumi likvid dəyəri 9268 manat məbləğində olan) qızıl-zinət əşyaları açıq hərracdan satılsın və həmin qızıl-zinət əşyalarının satılmasından əldə edilən vəsaitdən cəmi 31441,59 manat məbləğində kredit borcu və 55 manat məbləğində mediasiya xərci ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə, o cümlədən Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin 50 manatı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 150 manatı Cavabdeh3 alınaraq dövlət büdcəsinə ödənilsin. 200 manat məbləğində dövlət rüsumu Cavabdeh3 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar