Məhkəmə qərarları › İş №e-2-2(121)-1369/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1369/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1369/2025 10.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh3 Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 13-MCR-1-1935-23/1 saylı kredit müqaviləsi üzrə 18174,93 manat əsas borc, 1429,04 manat faiz borcu, 7,32 manat cərimə borcu fayda olmaqla, ümumilikdə cəmi 19611,29 manat borcun tutulması və Cavabdeh3 İddiaçı ASC-in xeyrinə xx.xx.2023-cü il tarixli 13-AKK-2-3784-23 saylı kredit müqaviləsi üzrə 489,39 manat əsas borc, 29,22 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 518,61 manat məbləğində borcun və 150,39 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-dən 120 ay müddətinə 40000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh3 xx.xx.2023-cü il tarixli, 13-MCR-1-1935-23/1 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 20% faizlə 36 ay müddətinə 22000 AZN kredit götürmüşdür. Cavabdeh3 xx.xx.2023-cü il tarixli, 13-AKK-2-3784-23 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25% faizlə 24 ay müddətinə 500 AZN kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü ilin dekabrın 16-dək Cavabdeh3 banka xx.xx.2023-cü il tarixli 13- MCR-1-1935-23/1 saylı kredit müqaviləsi üzrə 18174,93 manat əsas borc, 1429,04 manat faiz borcu, 29,28 manat cərimə borcu fayda olmaqla, ümumilikdə cəmi 19633,25 manat borcu vardır. Cavabdeh3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 29,28 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 7,32 AZN məbləğində tələb olunur. 2024-cü ilin dekabrın 16-dək Cavabdeh3 banka xx.xx.2023-cü il tarixli 13-AKK-2-3784-23 saylı kredit müqaviləsi üzrə 489,39 manat əsas borc, 29,22 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 518,61 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq cavabdeh tərəfindən edilmiş ödənişlərin olduğunu nəzərə alaraq, iddiaçı tərəfindən tərtib edilmiş yeni maliyyə arayışının iş materiallarına əlavə edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə qeyd olunanlara əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № 13- MCR-1-1935-23 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh3 120 ay müddətinə 40000 manat məbləğində krеdit хətti açılmışdır.

9. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 13-MCR-1- 1935-23/1 saylı kredit razılaşmasına əsasən biznes məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,67% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdehə 22000 manat məbləğində kredit verilmişdir.

10. ”Yelo Bank” ASC ilə zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli tarixli zaminlik müqavilələrindən görünür ki, zamin duran cavabdehlər xx.xx.2023-cü il tarixli, № 13-MCR-1-1935-23 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalan Cavabdeh3 İddiaçı ASC qarşısında götürdüyü öhdəliklərini tamamilə və ya lazımınca icra etməsi üçün borcalanla birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşdürlər.

11. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Maliyyə arayışının surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, 13-MCR-1-1935-23/1 saylı kredit razılaşması üzrə əsas borcu 18174,93 manat, faiz borcu 1429,04 cərimə borcu 29,28 manat olmaqla, cəmi borc məbləği 19633,25 manat təşkil edir.

12. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli, 13-MCR-1-1935-23/1 saylı kredit razılaşması üzrə əsas borcu 17378,93 manat, faiz borcu 4011,7 manat, cərimə borcu 265,24 manat olmaqla, cəmi borc məbləği 21655,87 manat təşkil edir.

13. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, kredit ayrılmasına dair 5 nömrəli (13-AKK-2-3784-23 saylı) əlavə razılaşmadan görünür ki, həmin razılaşmaya əsasən cavabdehə biznes məqsədilə 24 ay müddətinə, illik faiz dərəcəsi 24% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 500 manat məbləğində kredit verilmişdir.

14. İş materiallarında olan Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli, kredit xəttinin ayrılmasına dair 5 nömrəli əlavə razılaşma üzrə əsasən əsas borcu 489,39 manat, faiz borcu 29,22 manat olmaqla, cəmi borc məbləği 518,61 manat təşkil edir.

15. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər məlumatlandırılmışdır.

16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-cİ il tarixdə məhkəməyə daxil omuş xx.xx.2025-ci il tarixli, 9/2314 saylı ekspert rəyində qeyd edilmişdir: - Birinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № 13-MCR-1-1935-23 saylı kredit limitinin ayrılmasına dair müqavilə əsasında bağlanmış xx.xx.2023-cü il tarixli, 13-MCR-1- 1935-23/1 saylı kredit əlavə razılaşmaya əsasən, Cavabdeh3 xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi tarixə (xx.xx.2024-cü il) əsas və faiz borcu ayrı-ayrılıqda aşağıdakı kimi, müəyyən olunur, o cümlədən: əsas borcu üzrə 18199,48 manat, faiz borcu üzrə 1415,51 manat təşkil edir.

17. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

18. ********** nömrəli qəbzən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 150,39 manat dövlət rüsumu ödənilmişdir

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 743.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. - 742.1- ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. - 742.5-ci maddəsinə əsasən Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: - 742.5.1-ci maddəsinə əsasən borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); - 742.5.3-cü maddəsinə əsasən borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.4-cü maddəsinə əsasən borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 15.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

22. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

24. Məhkəmə əvvəla qeyd edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin kredit müqaviləsini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, AR Mülki Məcəlləsinin 743.1-ci maddəsinə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

25. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında etibarlı şəkildə bağlanılmış kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə görə İddiaçı ASC Cavabdeh3 borc (kredit) verməyi, Cavabdeh3 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər.

26. Məhkəmə qeyd edir ki, əvvəlcə tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi və onun əsasında bağlanmış kredit razılaşmalarının hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir. Bu baxımdan məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və plenum qərarına əsasən hesab edir ki, iddiaçı cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini ona bildirməsi ilə qeyd olunan kredit müqaviləsinə xitam vermiş sayılır.

27. Məhkəmə, həmçinin qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehlərin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdehlər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə borcun cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

28. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2314 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli № 13-MCR-1-1935-23 saylı kredit limitinin ayrılmasına dair kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2023-cü il tarixli, 13-MCR-1- 1935-23/1 saylı əlavə müqaviləyə əsasən əsas və faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

29. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh3 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 etibarlı şəkildə bağlanmış zaminlik müqavilələri ilə qeyd edilən kredit razılaşmaları üzrə iddiaçı qarşısında Cavabdeh3 ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürdüklərinə görə, onlar da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdırlar.

30. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, işin məhkəmə icraatı dövründə cavabdeh tərəfindən ödənişlər edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2025ci il tarixli Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli, 13- MCR-1-1935-23/1 saylı kredit razılaşması üzrə əsas borcu 17378,93 manat, faiz borcu 4011,7 manat, cərimə borcu 265,24 manat olmaqla, cəmi borc məbləği 21655,87 manat təşkil edir. İddiaçı isə cavabdehlərdən müştərək qaydada xx.xx.2023-cü il tarixli 13-MCR- 1-1935-23/1 saylı kredit müqaviləsi üzrə 18174,93 manat əsas borc, 1429,04 manat faiz borcu, 7,32 manat cərimə borcu fayda olmaqla, ümumilikdə cəmi 19611,29 manat borcun tutulmasını məhkəmədən xahiş edir.

31. Məhkəmə, qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borca münasibətdə 17378,93 manat hissədə əsaslıdır.

32. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, 13-MCR-1-1935-23/1 saylı kredit razılaşması üzrə tələb edilən faiz bоrcuna aid hissədə isə, məhkəmə qeyd edir ki, ekspert rəyində faiz borcunun 1415,51 manat müəyyən edilməsi nəzərə alınaraq, iddia tələbi xx.xx.2023-cü il tarixli, 13-MCR-1-1935-23/1 saylı kredit razılaşması üzrə faiz bоrcuna aid hissədə 1415,51 manat hissədə əsaslıdır.

33. Məhkəmə iddiaçı tərəfindən hesablanan və tələb olunan xx.xx.2023-cü il tarixli 13-MCR-1-1935-23/1 saylı kredit razılaşmasına əsasən hesablanmış 7,32 manat, cərimə borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə tənasübsüz yüksək deyil, ona görə də iddia tələbi həmin hissədə də əsaslıdır.

34. Eyni zamanda məhkəmə iş materiallarına əsasən hesab edir ki, iddia tələbi xx.xx.2023-cü il tarixli, kredit ayrılmasına dair 5 nömrəli (13-AKK-2-3784-23 saylı) əlavə razılaşma üzrə əsas və faiz borcuna münasibətdə də əsaslıdır. Belə ki, iş materiallarında olan maliyyə arayışından göründüyü kimi qeyd olunan razılaşma üzrə əsas borc 489,39 manat, faiz borcu isə 29,22 manat təşkil edir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh3 İddiaçı ASC-in xeyrinə kredit ayrılmasına dair 5 nömrəli (13-AKK-2-3784-23 saylı) əlavə razılaşma üzrə 489,39 manat əsas borc, 29,22 manat faiz borcu olmaqla, cəmi 518,61 manat məbləğində borc tutulmalıdır.

Məhkəmə xərcləri:

35. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna görə 150,39 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.

Nəticə:

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli 13-MCR-1-1935-23/1 saylı kredit müqaviləsi üzrə 17378,93 manat məbləğində əsas borc, 1415,51 manat məbləğində faiz borcu, 7,32 manat məbləğində cərimə olmaqla, cəmi 18801,76 (on səkkiz min səkkiz bir manat, yetmiş altı qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 150,39 (bir yüz əlli manat, otuz doqquz qəpik) manat məbləğində pul vəsaiti və Cavabdeh3 xx.xx.2023-cü il tarixli, kredit ayrılmasına dair 5 nömrəli (13-AKK-2-3784-23 saylı) əlavə razılaşma üzrə 489,39 manat məbləğində əsas borc, 29,22 manat məbləğində faiz borcu olmaqla, cəmi 518,61 (beş yüz on səkkiz manat, altmış bir qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar