Məhkəmə qərarları › İş №e-2-2(121)-1398/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1398/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-1398/2022 13.06.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu – iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbi barədə iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı - 4.362,10 (dörd min üç yüz altmış iki manat 10 qəpik) manat əsas, 503,41 (beş yüz üç manat 41 qəpik) manat faiz, 618,54 (altı yüz on səkkiz manat 54 qəpik) manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 712,08 (yeddi yüz on iki manat 08 qəpik) manat faiz borcu, ipoteka predmetlərinə tutmaların qeydiyyata alınması üçün istifadə olunan 30 (otuz) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Biləsuvar şəhəri, Səməd Vurğun küçəsində yerləşən 52A saylı fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi və torpaq sahəsi boşaldılaraq alıcıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh 23.02.2022-ci il tarixdə ölmüşdür. İş materiallarından isə görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə 13.06.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh iddiaçı məhkəməyə 13.06.2022-ci il tarixdə müraciət etməmişdən əvvəl, yəni 23.02.2022-ci il tarixdə vəfat etmişdir. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh ölmüş olduğundan, bununla da Cavabdeh hesab edilmədiyindən, iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya Cavabdeh vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cu maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 268-269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya Cavabdeh vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar