Məhkəmə qərarları › İş №e-2-2(121)-141/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-141/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-141/2023 26.01.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı – kredit müqaviləsi üzrə borc tələbi barəsində iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – 022A********** saylı krеdit müqaviləsinin və 022A**********S saylı sazişin ləğv edilməsi, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 2493,85 manat məbləğində krеdit bоrcu, 433,18 manat məbləğində faiz bоrcu, 582,45 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3509,48 manat məbləğində kredit bоrcunun və ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin tutulması barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2020-ci il tarixdə bağladığı 022A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 022A**********S saylısazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 506.15 manat ödəniş etmiş və оnun iddiaçıya 2493.85 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 217 gün üçün hesablanmış faiz borcu 433.18 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 217 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 582.45 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdehlər iştirak etməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 70 manat haqq ödənilmişdir. Hazırda iddianın məbləğinə mütənasib dövlət rüsumunun məbləği 55.09 manat məbləğindədir. Lakin İddiaçı QSC tərəfindən 70 manat mediasiya xərci ödənildiyindən “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən İddiaçı QSC hazırda dövlət rüsumunu ödəməkdən azaddır. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, iddianı əsas və faiz borcunun ondan tutulması hissəsində qəbul etdiyini, cərimə hissəsinə etiraz etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 022A********** saylı kredit müqaviləsi əsasında 24 ay müddətinə, 2.0833 faizlə, 3000 manat məbləğində kredit verilmişdir. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 022A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərini icra etmək məqsədi Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixdə zaminlik müqaviləsi və xx.xx.2021-ci il tarixdə saziş bağlanmışdır. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 022A**********S saylı sazişin surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixdə bağlanmış 022A********** saylı kredit müqaviləsinin müddəti artırılmış və 22 ay təşkil etmişdir. Bank ilə kredit alan arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 022A********** saylı kredit müqaviləsi əsasında kredit alan, götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh1 qeyd edilən müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 2493,85 manat məbləğində əsas, 433,18 manat məbləğində faiz, 582,45 manat məbləğində cərimə olmaqla, cəmi 3509,48 manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubları göndərmişdir. İşə əlavə edilən Cavabdeh1 məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, iddianı əsas və faiz borcunun ondan tutulması hissəsində qəbul edir, cərimə hissəsinə etiraz edir. Məhkəmə iddianın müqavilənin ləğv (və sazişin) edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilələrin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdeh(lər)dən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilə(lər)in (və saziş(lər)in) ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi (razılaşması) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. İddia tələbi “əsas və faiz borcun tutulması” hissəsində həmçinin ona görə tam şəkildə təmin edilməlidir ki, iddia tələbi Cavabdeh1 özü tərəfindən həmin hissədə etiraf edilərək, iddia tələbi qeyd edilən hissədə qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının “əsas və faiz borcun tutulması” hissəsində iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, iddia həmin hissədə qəbul edildiyindən, iddiaçı qeyd edilən faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə həmçinin iddianın cərimə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 582,45 manat məbləğində deyil, 10 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər Cavabdeh2 kredit müqaviləsi (razılaşması) üzrə alınmış kreditə görə zamin olduğından, qeyd edilən məbləğin, həmin məbləğə hesablanmış faiz borcunun və cərimənin ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi (razılaşması) üzrə İddiaçı QSC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 Cavabdeh1 iddiaçıya olan kredit müqaviləsi (razılaşması) üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan Cavabdeh1 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür. Məhkəmə həmçinin iddianın 70 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdehlərdən 50 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 55,09 manat dövlət rüsumunun 30 manatı cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 022A********** nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi və 022A**********S nömrəli, xx.xx.2021-ci il tarixli saziş ləğv edilsin. 2493,85 manat məbləğində əsas borc, 433,18 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə, cəmi 2937,03 manat məbləğində kredit borcu, 50 manat məbləğində mediasiya xərci Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar